Ötüb keçən əhvalatlar - Sabir Əhmədlinin 94 illiyinə

Ötüb keçən əhvalatlar - Sabir Əhmədlinin 94 illiyinə
10 iyul 2024
# 10:30

Bu gün Xalq yazıçısı Sabir Əhmədlinin doğum günüdür. Kulis.az bu münasibətlə yazıçının qızı Yaqut Sabirqızının atasının 94 illiyinə həsr etdiyi "Ötüb keçən əhvalatlar" adlı xatirə hekayəsini təqdim edir.

Doğrusu, bu yazının janrı nədir? Onu özüm də bilmirəm, amma yazılmasına ehtiyac duydum. Uşaqlıq xatirələri, ötən illərin nisgili, valideyn həsrəti, qohumluq, dostluq münasibətlərinin nostaljisi nə desək, yeri var. Hərdən elə şeylər adamın yadına düşür, deyirsən, necə olur, uzun illər əvvəl olub-ötən bir əhvalatı incəliklərinə kimi xatırlayırsan...

Atam hər adamla dostluq etməzdi. Edəndə də biz ailəvi yaxınlaşardıq. Bizim gəzinti dostumuz Teymur Bünyadovla Zivər Hüseynovanın (Xalq yazıçısı Mehdi Hüseynin qızı) ailəsi idi. Onların iki qızları var idi – Teliş, Şirin. Biz də onda bir bacı-qardaş idik – Etiş və mən. Etiş Telişlə yaşıd idi. Etiş Etibar, Teliş Qaratel, Sevda. Bir sinifdə oxuyurdular, mən də Şirinlə eyni sinifdə oxuyurdum. Onlar həm də bizim Yasamalda qonşumuz idilər. Valideynlərimiz bizi bir yerdə məktəbə aparırdılar. Valideynlər deyəndə, analarımız. Kiçik tətillərdə, bayram günlərində bir yerdə Yasamaldakı “Sevil” kinoteatrına, dənizkənarı parka, o zamankı Dağüstü parka gedərdik. Amma yay tətillərində atalarımız da bizə qoşulardı. Onlar əvvəlcədən bilet alardılar Bakı-Minvod qatarına. Yanaşı kupelərə. Analarımız yol yeməkləri hazırlayardılar. Əvvəlcədən zəngləşərdilər, kimin nə bişirəcəyi barədə bir-birləri ilə uzlaşardılar. Biz də yol çantamızı hazırlayardıq. Və çox sevinərdik ki, bir sutka yarım yanaşı kupelərdə yol gedəcəyik. Əslində, qatara yerləşib rahatlanandan sonra biz uşaqlar bir kupeyə keçirdik, böyüklər də o biri kupedə gedirdilər. Qatar sürət götürəndən sonra çıxırdıq dəhlizə, oranın pəncərəsini çox açmaq olurdu. Çıxırdıq orda balaca səkinin üstünə, onda pəncərədən boylana bilirdik. Telişlə Etiş bir pəncərəyə, Şirinlə mən qonşu pəncərəyə. Beləcə, macəralarla dolu yay səfərimiz başlayırdı. Nalçik, Yesentuki, Pyatiqorski, Kislavodski, hamısını beləcə bir yerdə gəzirdik. Bu gəzintilər zamanı tutduğumuz evlər də bir-birinə yaxınlıqda yerləşirdi. Atam çalışırdı ki, bir-iki həftəyə qədər yurd salacağımız ev çox abad yerdə yerləşsin, yaxınlığında stadion, park olsun. Səhərlər o, bizi yuxudan oyadıb stadiona idman etməyə aparırdı. Ümumiyyətlə, o zaman belə səfərləri orta dolanışığı olan bir çox sovet ailələri edirdilər. Həm valideynlər dincəlirdi, həm də uşaqlara yaxşı baxmaq, əsasən də, məqsəd kurortdan qayıdanda sısqa uşaqlarını qohumların kökəlmiş görməkləri idi. Anam mənim və qardaşımın qollarımızı tez-tez yoxlayırdı. Biz elə necə gedirdiksə, eləcə də qayıdırdıq. Qafqazın ərzaqlarına söz ola bilməzdi. Biz o zaman uşaq idik və yadıma gəlir ki, anam və atam yüz dil tökürdülər ki, biz o təamlardan doyunca yeyək. Zülümlə yedizdirirdilər bizi. Yemək dəstgahından sonra qaçırdıq, oppanıb-düşürdük, badminton oynayırdıq. Anam hirslənirdi bizə ki, yediyinizi canınıza sindirməmiş başladınız qaçmağa. Dəmir halqanı belimizdə oynadırdıq saya-saya. Yüzə çatmamış dayanmırdıq. Günorta yeməyindən sonra mütləq axşamüstü parka gəzməyə getməli idik. Onda parkda boş skamya tapsa idik valideynlərimiz əyləşər, biz də yaxınlıqda oynayıb yorulanda onların yanına gələrdik. Atam adi iş günlərində nə qədər qaradinməz, ciddi idisə, gəzintilər zamanı elə bil onu dəyişirdilər, tamamilə başqa bir ataya, biz istədiyimiz ataya çevrilirdi. Onlar Teymur müəllimlə zarafatlaşırdılar, Zivər xala atası haqqında, o zamankı yazıçılar barədə maraqlı və gülməli əhvalatlar danışardı. Parkda stolüstü tennis oyunu oynayardılar. Valideynlərimiz də öz aralarında tennis yarışı keçirərdilər. Parkda gəzinti zamanı tanış-biliş çox çıxırdı qarşımıza. Əlbəttə ki, valideynlərimizin tanışları. O zaman yazıçı və şairlərin çoxu ailələri ilə birgə Qafqaz kurortlarında dincələrdilər. Parkda gəzdiyimiz yerdə görərdin ki, atam Teymur müəllimə deyir:

- Teymur, bu qarşıdan gələn filankəs deyil?

Teymur müəllim deyirdi:

- Hə, odur.

Teymur müəllim atamdan fərqli olaraq, hamı ilə görüşər, münasibət saxlayardı. Atam deyirdi:

- Teymur, mən bura gəlmişəm ki, bunların üzünü bir az görmüyüm, biz buruluruq parkın bu tərəfinə, bilirəm, sən görüşəssən, get görüş, sonra gəl qoşul bizə.

Və biz dönərdik böyük parkın başqa bir səmtinə. Sonra Teymur müəllim gəlib yenə bizə qoşulardı. O zamanlar uşaqların yanında hər söhbəti danışmazdılar. Böyüklər olan otağa biz gəlməzdik. Öz otağımızda dərslərimizi hazırlayar və yaxud da kitab oxuyardıq, rəsm çəkərdik. Amma bu gəzintilərin bir işi yaxşıydı ki, biz azdan-çoxdan atalarımızın nə işlə məşğul olduqları, hansı mühitdə işlədikləri, başlarına gələn hadisələr barədə məlumatlanırdıq. Və onda artıq bilirdik ki, yazıçılar və alimlər necə işləyir, hansı maneələrlə üzləşirlər, hansı intriqalarla rastlaşırlar. Necə pul qazanırlar. Hər iki ailə eyni mühitin insanları olduğu üçün tanıdıqları insanlar da demək olar ki, eyni idi. İmtiyazlı yazıçılar barədə hekayətlərdən, qonorar yazılanda onlarla ordensiz, medalsız yazıçılar arasında necə fərqlər qoyulduğundan, nəşriyyatlarda plana düşməyin çətinliklərindən, redaktorların əsərləri necə pis günə qoyduqlarından - bu barədə atam çox yanıqlı danışardı – agah olurduq. Atamın əsərlərinin ictimai-siyasi mündəricəsi bir yana, həm də dilini nəşriyyatlarda kitab və yaxud roman, povest çıxanda çox cilalamaq istəyirdilər. Bu da onun xoşuna gəlmirdi. Bədii əsər müəllifinə icazə verilirdi müəyyən dilçilik qanunlarını pozsun, dialekt, şivə sözlərindən istifadə etsin, əsər müəllifi qadağa olunan fikirlərini gizli örtüyə bürüyüb oxucuya çatdırmaq üçün müəyyən dil priyomlarından istifadə edə bilərdi. Yazıçı Sabir Əhmədlinin də xoşu gəlmirdi redaktor əsərə çox müdaxilə edəndə, deyirdi, bədii əsərin dilini bu qədər cilalamazlar. Əsərin şirəsi gedər, yazıçının nəfəsi hiss edilməz, kəsilər. Bir xalqın dilini dilçilik kitablarından deyil, həmin xalqın bədii əsərlərinin dilindən öyrənmək olar. Yazıçı xalq dilində, üslubunda yazmalıdır və s. və s. Bu və digər söhbətləri istər-istəməz biz də eşidirdik və agah olurduq...

Bu gəzintilər zamanı çox maraqlı əhvalatlar da baş verirdi. Bir dəfə Yesentuki parkında bir azərbaycanlı gəlin anasıyla rus dilində danışırdı. Atamgil üçün bu çox xoşagəlməz hal idi. Atam hirslənirdi ki, gürcülər də, ermənilər də öz aralarında ana dillərində danışırlar. Bizimkilər niyə rus dilində danışırlar bir-birlərilə? Bu hal bizim valideynlərin heç birinin xoşuna gəlmirdi. Nə isə, Teymur müəllim Qazaxlıydı, biz də Cəbrayıldan, Qarabağdan. Atam Teymur əmiyə dedi:

- Teymur, gəl mərc gələk, bunlar qazaxlıdırlar.

Teymur əmi də dedi:

- Gəl mərc eliyək, qarabağlı çıxacaqlar.

Biz də maraqla izləyirdik ki, görək bu xanım haralı çıxacaq. Biz uşaqlar heç birimiz bu yaltağın öz yerlisi olmasını istəmirdik... Gəzintilər zamanı belə məzəli əhvalatlar çox olurdu. Teymur müəllim çox mehriban və sadə insan idi. Bir də görürdün parkın ortasında skamyada papağını başından götürüb qoyurdu qulağının dibinə, başlayırdı muğamat oxumağa, hətta zəngulələr də vururdu. Onda qızlar atalarını susdurmağa çalışırdılar. Atam da deyirdi Teymur, Qazaxdan muğamat oxuyan çıxmaz, özünü yorma, sizinki sazdı. Belə səmimi zarafatlar onların hər ikisinin xoşuna gələrdi, biz də gülüşərdik. Məncə elə onların da məqsədi ağır cəmiyyət münasibətlərindən sonra yeknəsəq iş günləri vaxtı ailələrinə çox zaman ayıra bilmədikləri üçün indi əllərinə girəvə düşmüşkən onları əyləndirmək idi.

70-ci illərdə səfərə çıxanda artıq bizim bir ailə üzvümüz də artmışdı. Mənim balaca qardaşım Məhəmməd anadan olmuşdu, təbii ki, o da bizimlə səfərlərə gedirdi. Teymur müəllimlə Zivər xala ona oğlum deyirdilər. Teymur müəllim deyirdi:

- Sabir, Məhəmməd mənimdir.

Parkda gəzəndə Məhəmmədin əlindən tuturdu. Bir dəfə yenə də bir tanış şair çıxdı bizim qarşımıza. Tanınmış şairlərdən idi. Teymur əmi də Məhəmmədlə qabaqda gedirdi. Şair çox təəccüblə baxdı, Teymur əmi özünü itirmədən ona dedi ki, hə, mənim oğlumdur. Atam onun çox həvəsli olduğunu görəndən sonra Teymur əmini Məhəmmədə kirvə tutdu. O vaxtı Teymur əmi Zivər xalayla kirvəlik vəzifələrini yaxşı yerinə yetirmək üçün Moskvaya getmişdilər bazarlıq etməyə. Məhəmmədə çoxlu kostyumlar, oyuncaqlar alıb gətirmişdilər. Bizim qohumlar da ondan sonra onları qohum kimi qəbul etdilər.

Nalçikdə biz bir ailənin evində qalırdıq. Onda biz yenə finski evlərdən tutmuşduq, amma Teymur əmigil bu dəfə nədənsə bina evində mənzil kirayələmişdilər. Bizim ev sahibləri bizi çox istəyirdilər. Çünki biz hər Nalçikə gedəndə eyni evdə qalırdıq. Bedeneyev 9 ünvanında. Ev sahibləri indiki kimi yadımdadır: Sonya xala, Bəşir əmi. Qızları İra, Marina, oğlanları Tolik. O ailəylə də atam çox yaxın idi. Atam onları çox istəyirdi. Ümumiyyətlə, atamın zəhmətlə yaşayan insanlara böyük hörməti var idi. O səmimiyyət başqa idi. İndi o duyğular yoxdur. Yadımdadır, Tolik əsgərlikdə idi. Səhər-səhər hələ biz yatağımızdan qalxmamış Sonya xala hamımızı muştuluqladı, Tolik əsgərlikdən gəlmişdi. Kabardin-balkarlar çox mehriban xalqdır, bizi də çox istəyirdilər. Kökləri türklərə gedib çıxırdı. Yesentukidə qreklər yaşayırdı, təmiz azərbaycanca danışırdılar. O zaman türk sözünü heç kim işlətmirdi, onlar bizə turçanki deyirdilər. Biz özümüzü azərbaycanlı bilirdik.

Anamla Zivər xala Yesentukidə olanda oranın mineral sularından yararlanırdılar. Buravaya 2 var idi. Lax yumurta iyi verirdi. Bizə də içirdirdilər. Onun yanından keçmək olmurdu. Pis qoxu gəlirdi. Amma bu mineral suların çox böyük müalicəvi əhəmiyyətləri var idi. Ordan gələndən sonra anam deyirdi, bütün ağrılarım getdi. Öd, öd yolları, qara ciyər, mədə və s. orqanlara çox xeyir edirdi bu sular. Ona görə müalicə ocaqlarında uzun növbələr olurdu. Anam deyirdi, ermənilər həmişə bizi çağırıb növbədə qabağa salırlar. Çox qəribədir. Doğrudan da çox rastlaşırdıq onlarla, istiqanlılıq göstərirdilər. Deyərdim, SSRİ-nin ən yaxşı vaxtı elə 60, 70-ci illər olub. Bir az da 80-dən 85ə qədər. Sonra başlandı...

Demək olar ki, biz uşaqlar parkda nə qədər yelləncək var idi, hamısından istifadə edirdik. Yelləncəkləri lap yuxarı qaldırırdıq. İstirahət başlanmazdan atam bizə pul verərdi, yelləncək və dondurma pulu. Deyirdi, özünüz xərcləyin. Bununla o bizi əsla korlamırdı. Çünki biz bizə verilən puldan qənaətlə istifadə edirdik və beləliklə, pul xərcləməyi öyrənirdik. Telişlə Etiş bizdən böyük idilər, həm məktəbdə əlaçı idilər, həm də lider idilər. Şirinlə mən də onlardan öyrənirdik.

Pyatiqorskiyə elektriçka ilə getmişdik. Atam dedi, Pyatiqorskiyə gələsən Maşuk dağına çıxmayasan. Kanatla Maşuka çıxdıq. Ordan Pyatiqorski əl içi kimi görsənir və şəhərin adından da göründüyü kimi, Beşdağ deyirdilər, həmin beş dağın zirvələri ucalırdı. Və burda biz valideynlərimizdən bu yerlərin toponimikasının türk mənşəli olduğunu, bu sözlərin etimologiyasını öyrəndik. Lermontovun sürgün illəri, əsərləri, Pyatiqorskidəki həyatı barədə qiymətli məlumatlar alandan sonra Lermontovun ev muzeyinə getdik. Atam çalışırdı bizi piyada çox gəzdirsin. Ümumiyyətlə, bizi bərkdən-boşdan çıxartmağı xoşlayırdı.

Bizim belə bir qaydamız var idi. Ailələr gəzintilərdə bir dəfə bir-birlərinə qonaqlıq verməli idilər. Belə qonaqlıqlardan biri Kislavodskidə Xram-vozduxda oldu. Biz uşaqlar kafelərə çox gedirdik, amma birinci dəfə idi restoranda qonaqlıqda olurduq. O zaman uşaqların restoranlara getməyi adət sayılmırdı. Axırıncı birgə səfərimiz Etibar BDU-nun tarix fakültəsinin I kurs, Teliş isə BDU-nun şərqşünaslıq fakültəsinin I kurs tələbəsi olana təsadüf etmişdi. Ondan əvvəlki yay hər ikisi qəbul imtahanlarına hazırlaşdıqları üçün hər iki ailə şəhərdə qalmışdı və indi artıq onlar I kursu bitirib II kursa, Şirinlə mən isə 10-cu sinfə keçirdik. Qarşıdakı yayda bizi qəbul imtahanları gözləyəcəyi üçün Yesentukiyə getmişdik. Hər səfərdə ana nənəm anama deyirdi:

- Gedib ora pul tökməkdənsə, gəl, rayondakı torpağında ev tik. Hamı evini tikib, bir səndən başqa.

Anam da deyirdi ki, uşaqları ora aparanda xəstələnmirlər, sağlam olurlar. Nənəm bizi, arıq, sısqa qardaşımla məni göstərib uğunub gedirdi ki, bunların nə üzlərində, nə gözlərində var. Onda anam deyirdi ki, Sabir dincəlməlidir...

Bir də qaldığımız evin sahibinə gəlməyimizə 1-2 gün qalmış qonaqlıq verirdik. Anam da, Zivər xala da çox dadlı yeməklər bişirərdilər. Bakıda da bir-birimizin evlərinə çox gedərdik, onda da anamgil cürbəcür yeməklər bişirərdilər. Amma burda ancaq milli plovumuzdan qonaqlıq verərdilər. Anam Cəbrayıllılar kimi döşəmə plov edərdi toyuqla. Ev sahibləri çox tərifləyərdilər və iştahla yeyərdilər. Beləcə, evimizə, doğma şəhərimizə qayıdardıq. Gələndə də anamgil bazarlıq edərdilər. Ordan toyuq, bal, yağ alıb gətirərdilər. Qafqaz çox səfalı, məhsuldar yerdir. Biz də özümüzə qeyri-adi qələmlər, dəftərlər alardıq. Yolboyu yenə də vaqonun dəhlizindəki pəncərələrdən boylanardıq, kiçik dayanacaqların adını kim tez görüb oxuyar, neçə dayanacaq keçmişik, qarşıdan neçə qatar gəlib keçdi, onları sayardıq, pəncərədən çıxartdığımız başımızı külək oxşayar, sərindən ləzzət alardıq...

İndi nə atalarımız var, nə analarımız. Amma onların xoş xatirələri, zarafatları bütün xırdalıqlarına qədər xatirimizdə qalıb. Böyüyəndən sonra atamın o dövrlər ən ağır yaradıcılıq böhranı keçirtdiyini, əsərlərinin çapına qadağa qoyulduğunu, elə indiki kimi... öyrənəndən sonra bunları ailəsinə yansıtmadığını, anamın necə ağır, təlatümlü həyat keçirtdiyini, dövr üçün istənilməyən bir yazıçının həyat yoldaşı olduğunu, amma bunu övladlarına hiss etdirmədiyini öyrəndikdən sonra, bütün bunları onların necə bacardıqlarına indi də heyrət edirəm...

# 1350 dəfə oxunub

Oxşar xəbərlər

İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

15:00 17 noyabr 2024
Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

13:05 16 noyabr 2024
"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

09:00 16 noyabr 2024
Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

16:30 15 noyabr 2024
# # #