"Onun bütün qohumlarını öldürdülər..." - Vahid Məmmədli

"Onun bütün qohumlarını öldürdülər..." - Vahid Məmmədli
16 sentyabr 2023
# 10:00

Kulis.az Vahid Məmmədlinin yeni hekayəsini təqdim edir.

Keçən ilin payızından o, anasında dəyişiklik hiss etməyə başlamışdı. Amma bu barədə nə anasından, nə də atasındn soruşmağa cürət etmişdi. Sanki bunun naməhrəm mövzu olduğunu bilirdi. Amma onlara tez-tez gələn və onunla arası açıq olan ata nənəsi Gülnisə demişdi ki, inşallah yazda hacıleylək ona dünya gözəli bir bacı gətirəcək...

Hacıleylək hər il yazın ortalarında evlərinin qarşısında, yol qırağında çinarın budaqları arasında iri yuva qurardı. Həmin hacıleyləyin özünün də çox gözəl balaları olardı. Amma indi nənəsi deyəndə ki, hacıleylək ona bacı gətirəcək, sevincindən az qalmışdı ki, həmin leyləklər kimi pərvazlanıb havaya qalxsın.

Onun ən çox sevdiyi fənn riyaziyyat idi. Riyaziyyatdan dərs deyən Samvel müəllim onlara toplama, çıxma, vurma və bölmə əməllərini öyrətmişdi.

Gülnisə nənəsi deyəndə ki, yazda hacıleylək ona bacı gətirəcək o da tez beynində hesablama aparmışdı: "Demək, mən, anam, atam - üç nəfərik, hacıleylək də mənə bir bacı gətirəcək. Üstəgəlsək, olur dörd. Hə, nə gözəl, biz dörd nəfər olacağıq".

Atası həmişə deyərdi ki, yaxşı ailə bölünməz bir yumruğa bənzəyir:

4:1=4

"Ay can-ay can... Demək, heç nə bizi ayıra bilməz!".

Sonra qərara gəlmişdi ki, iki nənəsini və babasını da toplasın:

4+3=7

Nə gözəldi? Gör nə qədər oldular.

Heç kim, heç nə onları ayıra bilməz. Hesab dərsi gözəldir, riyaziyyat çox maraqlıdır...

***

İndi Şuşa türməsinin solğun divarlarına baxa-baxa uşaq ağlı ilə fikirləşirdi ki, riyaziyyatı yaxşı mənimsəməyibmiş. Samvel müəllim bəlkə də qəsdən ona bu elmin sirlərini daha dərindən öyrətməyib. Bax bir də hesablayaq: Biz üç nəfər idik, üstəgəl bacı, üstəgəl iki nənələr, üstəgəl baba:

3+1+2+1=7

Samvel və onun dəstəsi əvvəlcə atasını, sonra anasını və hələ doğulmamış bacısını öldürdülər, ondan sonra da kənddə olan hər kəsi nənələri Gülnisə və Mədinəni, babası Qılıncxanı yandırdılar. Demək, neçə oldu:

7-1-1-1-3=1

Və... o, tək qaldı.

Onun üç ən əzizi vardı. Üçü də öldü:

3-3=0

İndi heç kimi yoxdur.

Şipşirin nənələri və mehriban babası vardı:

3-3=0

İndi heç biri yoxdur.

Atası deyərdi ki, ailə bir yumruqdur. Heç kim bata bilməz onlara. Sən demə, atası səhv edirmiş. Demək, o yumruq yox imiş:

4:0=0

Bir anlıq duruxdu. Axı deyəsən, dərsdə keçmişdilər ki, sıfıra bölmək olmaz. Axı sıfır heç nədir, heç nəyə necə bölmək olar? Amma onları böldülər axı, elə öldülər ki, heç nə qalmadı! Təkcə o qalıb... Onda belə yazmaq lazımdır:

4:4=1

İndi bu həbsxanada ona əziz olan bir şey vardısa o da bu divardakı rəqəmlər idi. Hələ uşaqlıqdan bəri sevdiyi rəqəmlər. Samvel müəlliminin öyrətdiyi rəqəmlər. Ah! Samvel müəllim...

Axı niyə belə etdin, müəllim. O qədər çoxlu rəqəm yazırdın yazı taxtasına, hətta o biri dərsə zəng vurulana qədər heç kimi qoymazdım silsin o rəqəmləri yazı taxtasından. Amma sən özün sildin onları. Yandırdın evimizi, atamın meyitini, kəndimizə vurduğun odla yandırdın o rəqəmləri də birdəfəlik. Yox, mən bir daha o rəqəmləri öyrənməyəcəyəm. Bir daha riyaziyyat adlı dərsə getməyəcəyəm. Heç vaxt toplama, çıxma, vurma, bölmə aparmayacağam.

- Heç vaxt! - qəflətən bağırdı.

Bir il idi ki, burda, Şuşa türməsində idi. Özü də tək-tənha. Tək qaldıqca da məhv olurdu.

Əllərini göyə açdı:

- Allahım, - deyə pıçıldadı, - dünyada tək olan yalnız Sənsən. Məni tək qoyma!

***

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Cənubi Qafqaz üzrə nümayəndəsi Admirale Ankora İrəvanın "Zvartnots" hava limanında təyyarədən enər-enməz cəmiyyətin yerli nümayəndəsinə təcili Xankəndinə getməli olduğunu bəyan etdi. Ermənistan və Azərbaycan arasında Qarabağ müharibəsi başlayandan bəri İrəvana bir neçə dəfə səfər etmiş Admiraleni yerli nümayəndə bu qədər narahat və qayğılı görməmişdi.

- Xanım Ankora, məncə, cəbhə bölgəsinə sabah sübh tezdən yollanmaq daha yaxşı olar. Həm yol gəlmisiniz, bir qədər dincələrsiniz, - sözünün ardını gətirməyərək yaxınlıqda dayanmış "Mersedes"in arxa qapısını açdı. - Buyurun, əyləşin. - Özü də əyləşib üzünü sürücüyə tutdu: - Aşot, mehmanxanaya sür.

Onun bu hərəkəti Admiraleni lap hövsələdən çıxartdı:

- Cənab Miqranyan, Şuşa həbsxanasında on yaşlı azərbaycanlı oğlan ölüm ayağındadır. Mən əsirlərlə aparılan işə cavabdehlik daşıyıram. Biz münaqişəyə neytral münasibət bəsləsək də, mən öz vəzifə borcumu yerinə yetirməliyəm.

- Narahat olmayın, xanım Ankora. Düzdür, oğlanın bir ayağı və üç qabırğası sınmışdı, amma o, tam həkim nəzarətindədir. Əminəm ki, səhərə kimi də sağ-salamat qalacaq. Bir də ki, Stepanakertə biz yalnız sabah səhər helikopterlə gedə bilərik. Bu günə başqa heç bir reys yoxdur, - deyə hiyləgərcəsinə gülümsəyib, bayaqkı fikrini tamamladı.

Hirsini boğan Admirale razılaşmaqdan başqa çarəsi qalmadığını görüb başını buladı.

***

Şuşa həbsxanasına atıldığı gündən cəmi iki dəfə onun yanına həkim gəlmişdi. Birinci dəfə sınmış ayağına gips qoyanda, qabırğasını sarıyanda, ikinci dəfə isə Beynəlxaq Qırmızı Xaç Komitəsinin baş ofisindən olan nümayəndə ilə birlikdə gələn həkim gipsi götürəndə.

Onu tez-tez gözdən uzaq kameraların birində gizlədirdilər. Artıq anlamışdı ki, onu beynəlxalq təşkilatların nümayəndələri gələndə gizlədirlər. Uşağın məsum çöhrəsi həbsxana divarlarının soyuq üzü kimi saralıb-solmuşdu. Heç kəs bu yaşda uşağın əsir olmasını, həbsxanada saxlanılmasını qəbul etməzdi. O ki qala Avropanın və Amerikanın nüfuzlu beynəlxalq təşkilatlarının nümayəndələri ola.

Amma o, bir şeyi bilmirdi. Ara-sıra həbsxanaya gələn xaricilərə onu göstərməyə məcbur olan həbsxana rəhbərliyi onun buraya düşməsi barədə nağıl uydurmuşdu. Həmin nağıla görə, əsgərlər onu meşədən ayağı və qabırğaları sınmış halda tapmışdılar. Guya valideynləri öz doğma kəndlərini tərk edib qaçarkən uşaq yolu azıb yüksək təpəlikdən yıxılmış, ayağı və qabırğası sınmışdı. Onu əsgərlər tapıb Xankəndinə gətirmiş, xəstəxanada müalicə edəndən sonra elə onun öz təhlükəsizliyi baxımından Şuşa həbsxanasına yerləşdirmişdilər. Oğlan Azərbaycan dilindən başqa heç bir dil bilmirdi. Az-çox erməni dilini başa düşə bilirdi. Çünki uşaqlıqdan ermənilərlə təmasda yaşamışdılar. Əsl həqiqəti burada hər kəs bilsə də, hamısı həbsxana rəisinin uydurduğu əfsanəni əzbərləmişdi və lazım olanda tutuquşu kimi təkrar edirdi.

İndi cansız bir müqəvva kimi kameradakı dəmir çarpayıda uzanıb baş verən dəhşətli hadisələrdən hələ də özünə gələ bilməyən on yaşlı İlkinin yalnız kirpikləri tez-tez tərpənirdi. Əlbəttə, onun psixikası pozulmuşdu. Burda gördükləri və buna qədər baş vermiş hadisələr bir an belə gözlərinin önündən getmir, səhərdən gecəyə kimi beynini qarışdırıb başına, bədəninə müdhiş ağrılarla əzab verirdi.

Bir dəfə yanına azərbaycanca danışan bir şəxs gəlmişdi. Əvvəlcə onun kefini, halını xəbər alandan sonra buradan getmək istəyib-istəmədiyini soruşdu. İlkin tezliklə azərbaycanlıların gəlib onu buradan azad edəcəklərini, həbsxanada ona işgəncə verənləri isə cəzalandıracaqlarını deyəndə onunla ana dilində danışan şəxs şaqqanaq çəkib gülmüş, sonra isə onu var gücü ilə təpikləyib döymüşdü.

Həmin gün onun qəlbi, ruhu, damarlarında axan qan ətrafa nifrət fışqırırdı. Onun və ailəsinin başına gətirilən müdhiş müsibətləri unuda bilmir, nifrət, qisas hissi onun qəlbini, bütün vücudunu darmadağın edirdi. İndi onu yalnız və yalnız bir şey düşündürürdü. Nəyin bahasına olur-olsun, sağ qalmalı və ailəsini qətlə yetirəndən öz qisasını almalı idi.

Orta yaşlarında olan həmin yekəpər, çopur sifətli şəxs tez-tez kameraya girir, ürəkbulandırıcı söhbətlər edir, onu qane etməyən cavablar alanda İlkinin başına yumruqla zərbələr endirirdi. Hər şeydən çox İlkini qabırğalarının və ayağının yenidən sınacağı, cəhənnəm əzabı verən ağrıların bir də başlayacağı qorxudurdu. Buna görə də yazıq uşaq qeyri-ixtiyari olaraq başını irəli uzadırdı ki, həmin mənfur insan onun başına vursun.

***

Kameranın qapısı şaqqıldayıb açıldı. Səsdən səksənən İlkin Allaha yalvarırdı ki, gələn həmin çopur sifət yekəpər olmasın. Yarıqaranlıq kameraya daxil olan çopurun əyri, donqar burnu sanki bir qədər də böyümüş, şeytan qulaqlarını xatırladan sivri uclu qulaqları yuxarıya dartılıb uzanmışdı. Kəndlərində gecə meşəyə getmək istəyəndə həmişə nənəsi ona deyərdi ki, bu vaxt meşəyə getməzlər, xortdan sizi yeyər. İlkin xortdanı heç vaxt görməsə də onun çox əcaib və qorxunc olduğunu düşünmüşdü. Uşaq marağı ilə uzaqdan da olsa xortdanı görmək istəyirdi. İndi yarıqaranlıq kameranın qapısında dayanıb qıpqırmızı gözləri ilə onu süzən məxluq elə xortdanın özü idi. Bilirdi ki, bir neçə saniyə sonra bu mənfur məxluq onun bütün varlığını sarsıdan sözlər deyib yenə də leş qoxusu verən əlləri, ayaqları ilə bədəninin hər yerinə zərbələr yağdıracaqdır. Amma çopur yekəpər irəli addım atanda kameranın qapısı yenə açıldı. Gələn həbsxananın rəis müavini Qriqoryan idi. O, üzünü yekəpər çopura tutub:

- Bu gün onunla işin olmasın, - dedi, - o həyasız Ankora bu gün bura gələcək. Kameranı tərk elə. Admirale heç nədən şübhələnməməlidir.

Həbsxana rəisinin müavini çopur sifətli xortdanı kameradan çıxardıb qapını çəkib örtdü.

Admirale Ankoranı gətirən helikopter Xocalı hava limanında yerə endi. Bu dəfə onunla birlikdə Qırmızı Xaç Komitəsinin yerli nümayəndəsi Miqranyanla yanaşı, ABŞ-ın İrəvandakı səfirinin müşaviri Ceyms Allen də gəlmişdi. Hava limanında ayaqüstü bir fincan qəhvə içəndən sonra "Nissan Patrol"a əyləşib Allen və Ankoranın təkidi ilə birbaşa Şuşaya yollandılar.

May ayının sonları olduğundan Qarabağın ən gözəl çağları idi. Hər tərəf yamyaşıl geyinmiş, dağların yamacları gül-çiçəyə qərq olmuşdu. Uzaqdan Şuşa qalası göründü. Yolçuları aparan avtomaşın uçurumlu dağ yolu ilə irəlilədikcə nə vaxtsa gözəl olmuş bir şəhərin bədbin və solğun silueti cızılırdı.

Admirale heyrətlə şəhərə baxaraq, sanki üşüdü. Gödəkcəsinin zəncirbəndini boğazına qədər çəkib büzüşdü.

İndi Admiralenin fikri bir qədər sonra görəcəkləri uşağın yanında idi. Məsələ burasındadır ki, həmin azərbaycanlı uşağın Şuşa həbsxanasında hansı müsibətlərə düçar olduğunu hər şeydən məlumatı olan Ceyms Allen çox gözəl bilirdi. Sonuncu dəfə həbsxanada olarkən İlkini görən Allen on yaşlı uşağın həbsxanada əsir kimi saxlanılmasını heç cür qəbul edə bilmirdi. Hələ Amerikada kollecdə oxuduğu vaxtlardan yaxın dostluq münasibətində olduğu Admiraleni də İrəvana o çağırmışdı. İndi nəyin bahasına olur-olsun, uşağın həbsxanadan çıxarılıb ölkəsinə təhvil verilməsi onu ən çox narahat edən məsələ idi. Allen bu yaşa kimi dünyanın hər üzünü görmüş, Afrikada, Kambocada və İraqda diplomatik missiyalarda çalışmışdı.

İndi onunla bir maşında Şuşa həbsxanasına gedən, təxminən elə özü yaşda olan Admirale Ankora onun gözündə Tereza ananı xatırladırdı. Çünki onun həmin uşağı əsirlikdən qurtarıb ölkəsinə təhvil vermək cəhdi böyük çətinliklərə, hətta diplomatik qalmaqala səbəb ola bilərdi. Bu işə hər nə qədər yardım edə biləcək bir şəxs vardısa da o da Admirale idi. Ceyms artıq yaşlaşmağa doğru gedən gənclik dostu Admiraleyə minnətdarlıq hissi ilə baxdı. Admirale gözlərinin işarəsi ilə sanki Ceymsi sakitləşdirdi: narahat olma, o oğlanı xilas edəcəyik.

Şuşa həbsxanasının rəisi qonaqları giriş qapısında qarşıladı. Onları xidməti otağına dəvət edərək çaya qonaq etdi və göstəriş verdi ki, əsir oğlanı gətirsinlər.

Keşikçilər İlkini dəhlizə çıxartdılar. O, hiss etdi ki, keşikçilər bu dəfə hansı səbəbdənsə onunla çox nəzakətli davranırlar. Bir neçə addım atmışdı ki, yenə də başı gicəlləndi. Beynindəki ağrılar, qarmaqarışıq hallusinasiyalar yeriməyə imkan vermirdi. Üzüüstə yerə yıxıldı. Burnundan açılan qan damlaları dəhlizin döşəməsinə sıçradı. Keşikçilərdən biri onu ayağa qaldırmağa çalışaraq digərinə bağırdı:

- Tez həkimi bura çağır! Onu bu vəziyyətdə rəisin otağına apara bilmərik.

İlkini arxası üstə çevirdilər. Üz-gözü qana bulaşmışdı. Qırıq-qırıq nə isə deyirdi.

...Yaşıllıqlara qərq olmuş həyətin ortasında hər zaman çay-çörək yedikləri stolun üzərində qarnı yarılmış hamilə qadın meyiti vardı. Yerdə, torpağın üstündə isə anasının yarılmış qarnından çıxarılan körpə meyiti qan içində idi. Bir nəfər yaraqlı əlindəki bellə həyat əlamətləri qalmayan qadının başına vururdu. Hər dəfə o bel qadın meyitinin başına dəydikcə İlkin diksinib döşəmədən başını yuxarı qaldırır, sonra başı yenidən tappıltı ilə döşəməyə dəyirdi. Hər dəfə yaraqlı bellə qadının başına vurduqca, sanki o bel İlkinin başına dəyir, hər dəfə sanki o belin sivri uclu taxta sapını onun ürəyinə soxurdular...

Həkim özünü yetirib keşikçilərə göstəriş verdi:

- Tez onu kameraya aparın. Bu vəziyyətdə onsuz da onu heç yerə apara bilməyəcəyik.

İlkini çarpayıya uzatdılar. Həkim ona iynə vurdu, üz-gözünə, burun dəliklərinin ətrafına yayılmış qanı bintlə silib, yanını çarpayıya qoydu. Bu vaxt kameranın qapısı aralandı, xortdanın donqar burnu göründü:

- Rəis sizi gözləyir! - dedi.

- Çölə çaxardan kimi huşunu itirib yıxıldı, - keşikçilərdən biri dedi. - Burnundan da qan gəlir. -Sonra üzünü həkimə tutdu: - Nə edək?

Həkim İlkinin nəbzini yoxlayıb:

- Apara bilərsiniz, - dedi.

Həbsxana rəisinin otağına girər-girməz İlkin yenə də yerində səndirlədi. Ona tanış olmayan qadın və sarışın kişi İlkini maraqla süzürdülər. Amma o, yenidən müvazinətini itirib yıxıldı.

Ceyms tez qalxıb İlkini dikəltdi. Amma oğlanın vəziyyətinin ürəkaçan olmadığını görüb, əyilib onu qolları üstünə aldı. Həbsxana rəisinə doğru baxıb amiranə səslə dedi:

- Onu "Amerikan Hospital"a aparmaq lazımdır.

Həbsxana rəisi çiyinlərini çəkib tərəddüdlə dedi:

- Cənab Allen, mən belə bir qərar vermək iqtidarında deyiləm. İcazə verin nazirə məruzə edim.

Admirale tərs-tərs həbsxana rəisinin üzünə baxıb, Ceymsin qolları üstündə inləyən qara gözlü oğlanın pırtlaşıq saçlarını oxşayaraq:

- Gedək, Ceyms, artıq onu burada saxlamaq olmaz! - dedi.

Həbsxana rəisi qapının ağzına kimi gəlib artıq getməkdə olan Ceyms və Admiraleni dayandırmağa çalışdı:

- Bir daha deyirəm, mən buna müstəqil qərar verə bilmərəm. İnanın mənə, buna icazə vermək mənim səlahiyyətimdə deyil, - yenidən telefona tərəf addımladı.

Admirale və Ceyms qucağında olan İlkinlə birlikdə artıq kabineti tərk etmişdilər.

Həbsxana rəisi çıxış qapısına zəng vuraraq növbətçini xəbərdar etdi:

- Çalışın, onları bir qədər gecikdirin. Amma nəzakətlə, hiss etdirmədən.

Sonra isə tələsik kiməsə zəng vurub baş verənləri məruzə elədi. Xəttin o başından gələn səs onu təlimatlandırdı:

- Qoy hansı xəstəxanaya aparırlar aparsınlar. Onsuz da oğlanı ölkədən çıxarda bilməyəcəklər. Onları tam nəzarətdə saxlayarıq.

Həbsxana rəisi buraxılış məntəqəsinə gələrək Allen və Admiraleyə yaxınlaşdı. Üzünü Ceymsə tutub dedi:

- Cənab Ceyms, nazirimizin göstərişinə əsasən indi biz özümüz onu xəstəxanaya aparacağıq. Buna əmin ola bilərsiniz.

Admirale əsəblərini cilovlaya bilməyib həbsxana rəisinin sifətinə bağırdı:

- Siz bu lənətə gəlmiş qapıları açacaqsınız, ya yox?

Admiralenin vahiməli səsi həbsxana rəisinin sifətinə sillə kimi dəydi. Özünü itirmiş rəis işarə ilə qapıların açılmasına əmr verdi.

Helikopter Xocalı hava limanından havaya qalxar-qalxmaz Admirale Ceymsin qulağına pıçıldadı:

- Mən belə görürəm ki, bunlar oğlanın ölkədən çıxarılmasına imkan verməyəcəklər. Ona görə də ağlıma bir fikir gəlib.

Ceyms helikopterdə onlarla birlikdə uçan Miqranyana gözucu baxıb, Admiralenin qulağına güclə eşidəcəyi səslə dedi:

- Mən təxmin etmişəm, sən nə planlaşdırmısan. Mənim də qərarım qətidir!

***

Parisin "Latın kvartalı" adlanan məhəlləsindəki üçmərtəbəli binanın sonuncu mərtəbəsindəki üçotaqlı mənzilin eyvanından on yaşlı qarayanız bir oğlan baxırdı.

Qarabağın Meşəli kəndində dünyaya göz açmış bu oğlan şəhərin gözəlliyinə, küçənin səliqə-sahmanına, insanların həyatsevərliyinə heyranlıqla baxsa da qəlbində nisgil və qorxu vardı. Müalicəsi ilə Fransanın güclü psixoloqları, həkimləri məşğul olan İlkinin ağrıları, qorxulu yuxuları, başgicəllənmələri və hallusinasiyaları xeyli azalsa da, ara-sıra tutmaları olurdu. Qorxu hissi əsasən onu səhər tezdən yuxudan oyadır, bəzən də alatoran vaxtı bütün vücudunu bürüyürdü. Ona elə gəlirdi ki, diri-diri qarnını yarırlar, başına, gözünə zərbələr endirirlər. Belə olanda İlkin özünə yer tapmır, həyəcanla qışqırır, ağrıların təsirindən inildəyirdi. Dərmanlar nə qədər müsbət təsir etsə də, uzun müddət tək qalanda qorxu hissi daha da güclənirdi.

İndi Latın məhəlləsindəki üçmərtəbəli binanın eyvanında durub gözünü küçənin başına zilləməsinin səbəbi ona ana qədər əziz olan, bəlkə də indi ən doğma insanı sayılan Admiralenin yolunu gözləməsi idi.

Hiss edirdi ki, Admirale bir qədər də gec gəlsə o müdhiş ağrılar, başgicəlləndirən hallar təkrar oluna bilər. Admirale yanında olanda bu mehriban qadına qısılır, qorxu hissi bir xeyli azalırdı.

Gözünü küçənin başından çəkib, yolla şütüyən bahalı avtomaşınlara, xoşbəxt simalı insanlara baxmağa çalışsa da nigaranlıq onu rahat buraxmır, yenidən başını küçənin Admiralenin görünəcəyi tərəfinə döndərirdi.

Artıq ürəyi də daha sürətlə vurmağa başlamışdı: bir, iki, üç...

Saymağa başladı, səbri tükənirdi. Amma üzü güldü, bədəni rahatlıqla boşaldı. Xəsarət alacağından qorxmasaydı elə eyvandan aşağı tullanar və Admiralenin qabağına yüyürərdi.

Küçənin başında görünən Admirale bir neçə addım atıb, ona baxaraq gülümsəyib əl elədi. O, Admiraleni iki əllərini də yuxarı qaldıraraq salamladı. Dəhlizlə qaçıb mənzilin giriş qapısını açdı. Elə qapının ağzındakı dəhlizdəcə bir-birinə sarıldılar.

Admirale paltarını dəyişib mətbəxə keçdi. Kofe dəmləyib isti-isti alıb gətirdiyi ləzzətli kruassanları paketdən çıxardıb stolun üstündəki böyük nimçəyə qoydu. Admirale bilirdi ki, İlkini Parisə gətirdiyi gündən onun ən çox sevdiyi şey Parisin bu dadlı, içi cemli kruassanlarıdır.

Admirale kofe süzüb İlkinin qarşısına qoydu:

- Buyur, iç, kruassanlardan da ye. Bir az sonra səninlə mərkəzə, kafeyə gedəcəyik. Saat səkkizin yarısında sənin həmvətənin Elvira xanım bizi gözləyəcək.

İlkin Elvira adlı qadının onun vətənindən, Azərbaycandan olduğunu eşidib çox sevindi. Admiraleyə məhəbbətlə, əsl övlad sevgisiylə baxdı. Onun məhəbbət dolu baxışlarından təsirlənən Admirale bir az da nəvazişlə davam etdi:

- O çox istəyir ki, səninlə tanış olsun. Mən sənin haqqında bildiklərimi ona danışmışam. Özü də ona demişəm ki, sən gələcəyin dahi riyaziyyatçısısan.

- Mən artıq riyaziyyatçı olmaq istəmirəm, - İlkin birdən-birə ciddiləşdi, sanki bir az da tutuldu. - Mənim topladığım, vurduğum rəqəmləri heç kim görmür. Dünyada erməni riyaziyyatı mövcuddur. İki vur ikinin dörd olmadığını qəbul edən riyaziyyat. Ədalətsiz, məntiqsiz rəqəm və söz yığnağı. Mən hərbiçi olmaq istəyirəm. Özü də xüsusi təyinatlı... Mən riyaziyyatın hesabına artıq inanmıram. Riyaziyyatın texnologiyasını dünyaya bəyan edəcəyəm, torpağıma qayıdacağam! Mən yurdumu azad edəcəyəm!

Admirale bu on yaşlı uşağın yaşına uyuşmayan, ciddiliklə dediyi sözlərin qarşısında sanki sarsıldı, kövrəldi. Bir addım qabağa atıb bir dizini yerə qoydu, İlkini sinəsinə sıxıb, başını onun başına söykədi:

- Sən bütün arzularına çatacaqsan, - deyə pıçıldadı. - Sən qalib gələcəksən! Sən azad və xoşbəxt olacaqsan.

Kövrəldiyini uşağa hiss elətdirməmək üçün tez qalxdı, İlkinə yeni aldığı paltarları gətirib oğlanın otağındakı çarpayının üstünə qoydu:

- Paltarını dəyiş, qoy görsünlər ki, mənim oğlum necə yaraşıqlıdır! - deyib qapını örtdü.

Bir qədər sonra İlkinlə dəhlizdən çıxıb binanın girişinə doğru addımladılar.

Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəliyinin əməkdaşı Elvira Axundova ilə Admirale təxminən dörd il idi tanış olmuşdular. Dörd il əvvəl Elvira Azərbaycanın Parisdəki diplomatik missiyasında çalışırdı. Elə o vaxtdan da onların arasında yaxın dostluq münasibətləri yaranmış, rəfiqə kimi ara-sıra görüşüb söhbətləşirdilər.

Elvira Admirale və İlkinlə görüşə vaxtından bir qədər əvvəl gəlib Muftar küçəsindəki qədim binanın birinci mərtəbəsində yerləşən kafenin qarşısında səliqə ilə düzülmüş stollardan birinin arxasında oturmuşdu.

Admirale taksinin pulunu ödəyib, İlkinə işarə etdi ki, maşından düşmək lazımdır, artıq çatmışıq. Onlar "Pejo"dan düşüb Elviragilin stoluna yaxınlaşdılar. Salamlaşıb görüşəndən sonra Admirale İlkini Elviraya və qarşısındakı qarayanız şəxsə təqdim edib:

- Tanış olun, Elvira xanım, - dedi. - Sizə haqqında danışdığım Qarabağdan olan bax bu oğlandır.

Elvira gülümsəyib İlkinin əlini sıxdı.

- Hə, yaraşıqlı uşaqdır. Parisli yaşıdlarından heç də seçilmir. Onu Bakıya qaytarmalıyıq. Çünki Qarabağı onlar geri alacaqlar. İlkin və onun yaşında olan bütün azərbaycanlılar. Onların öz hesabları var.

***

Mədəsinin ağrısı bir qədər də güclənsəydi, beyninin içi yenə də kəllə qapağını döyəcləyəcəkdi. Bax onda halı tamamilə pisləşə, təzyiqi qalxa, hüşunu itirmək dərəcəsinə çata bilərdi. Dərman qutusundan bir həb götürüb ağzına qoydu. Üstündən su içib bir qədər toxdadı. Fikrə dalmaqdan da qorxurdu. O müdhiş hadisələr yenə də gözlərinin önünə gələ bilərdi. Son vaxtlar o dəhşətli gecəni az da olsa unuda bilmişdi. O günləri yenidən yaşamaq istəmirdi.

Amma yox, nə illah etsə də o müdhiş gecə gözlərinin önündən getmədi.

...Qorxulu mərmi səsləri, avtomat şaqqıltısı, vahiməli qışqırıqlar onu yuxudan oyatdı. Çarpayısına qədər alov içində olduğunu gördü. Yerindən dik atılıb pillələrə doğru qaçmaq istədi. Ayağının altında yanmış döşəmə taxtaları parçalanıb aşağı töküldü. Artıq üstündə yatdığı çarpayı da üzüaşağı əyilmişdi. Bir neçə andan sonra çarpayının da yanıb kül olmuş birinci mərtəbəyə yuvarlanacağı qaçılmaz idi. Ağlına gələn yeganə fikir pəncərədən evin arxasına atılmaq oldu. Topuğundakı dözülməz ağrı ayağının sınmasından xəbər verirdi.

- Ana, ay ana! - deyə çığıraraq evlərinin qarşısına doğru sürünməyə başladı. Evin küncünə çatıb anasını bir də səsləmək istəyəndə gördüklərindən gözləri böyüyüb hədəqəsindən çıxdı. Su quyusunun yanında yanıb külə dönmüş cəsəd vardı. Yalnız bambazı köynəyin yanmamış qalığından bu cəsədin atasına məxsus olduğunu anladı. "Ana!", - deyə qışqırmaq istədi. Nə qədər bağırsa da səsi çıxmadı.

Həmişə ailəlikcə oturub çörək yedikləri stolun üstünə bir qadın cəsədi uzadılmışdı. Qadının qarnı yarılmışdı. Bir qədər aralıda qalanmış tonqalın yanındakı yaraqlı əlindəki bellə tonqaldan bir neçə yanar kösöv və daş parçaları götürüb həmin qadın cəsədinə doğru gəlirdi. Bu ki onun riyaziyyat müəllimi Samvel idi. Bəs o qadın cəsədi kimindir. Samvel belin ağzına yığıb gətirdiyi yanar kösöv və daş parçalarını qadın cəsədinin qarnına doldurdu. Bellə daş parçalarının üstündən vurduqda qadın cəsədinin başı yuxarı qalxırdı. O, yalnız indi həmin cəsədinin anasına məxsus olduğunu aydın gördü. Anası hamilə idi... Nənəsi hacıleyləyin ona gözəl bir bacı gətirəcəyini demişdi... Artıq huşunu itirməkdə olsa da var gücü ilə ayağa qalxdı. İrəli tullanmaq istədi. Ancaq başından dəyən güclü zərbə onu yerə çırpdı...

Gözlərini açanda "KamAZ"ın kuzovunda kəndin on səkkiz yaşından tutmuş otuz yaşınadək olan cavanlarının hara aparıldıqlarını bilmədən çaşqınlıqla bir-birinin üzünə baxdıqlarını gördü. O ayaq üstə dura bilmədiyindən kuzovun döşəməsinə uzadılmışdı. Kuzova yığılıb aparılan kənd cavanlarının arasında onun tay-tuşu yox idi.

Uzanılı olduğuna görə indi harada olduqlarını, avtomaşının hansı istiqamətdə getdiyini bilmirdi. Gözlərindən axan yaş dayanmırdı. Maşının atılıb-düşməsindən bilirdi ki, daha kənddən çıxıblar. Bir xeyli də gedəndən sonra maşın dayandı. İki yaraqlı kuzovun arxa qapısını açıb onların yerə düşmələrini əmr etdi.

Bura Bəylik meşəsi idi. Köhnə silos quyusunu traktorla qazırdılar. Kəndin cavanlarından çoban Şəfinin oğlu Altayla qonşuları Bədrəddin onun da qollarından tutub maşından düşürtmək istədilər. Yaraqlılara başçılıq edən Samvel bağırdı:

- Özünüz düşün, o qalsın. Ağıllı çıxıblar. Onsuz da bir azdan gəbərəcək.

Kuzovun bumbuz dəmir döşəməsi onu nə qədər üşütsə də Samvelin "onsuz da gəbərəcək" sözləri daha da buza döndərdi. Huşunu yenidən itirmək üzrə idi. Get-gedə hər yer qaranlığa qərq olurdu. O, qanadları və ayaqları sınmış sərçə kimi üzüqoylu sərildiyi dəmir döşəmədən yalnız köhnə silos quyusunu qazan traktoru və həmin silos quyusunun ətrafına sıra ilə düzülmüş kənd cavanlarını görürdü. Kəndin əlliyə qədər gəncini silos quyusunun ətrafına düzmüşdülər. Traktor geriyə çəkilib bir qədər aralıda dayandı. Yenidən riyaziyyat müəllimi Samvel göründü. Onun arxasınca daha bir neçə yaraqlı cavanlara yaxınlaşıb avtomatları onlara tuşladılar. Dayanmadan açdıqları aramsız atəşlə cavanları sinələrindən güllələyib silos quyularına yuvarlatdılar.

Samvel artıq son nəfərinədək silos quyusuna sərilmiş cavanların cəsədlərini bir daha atəşə tutub, əli ilə traktora işarə etdi. Traktor silos quyusundan çıxarılıb təpələnmiş torpağı yenidən geriyə basıb güllələnmiş cavan həmkəndlilərinin üstünü örtdü. Silos quyusunu ağızbaağız torpaqla doldurub geri çəkildi.

Bu vaxt göy üzü şaqqıldadı. Güclü yağış yağmağa başladı. Göy üzünün göz yaşları cavanların basdırıldığı silos quyusunu və onun yanaqlarını isladırdı. Güclü külək Bəylik meşəsinin ağaclarını titrədirdi. Sanki titrəyən ağaclar o müqəddəs yağışın altında ağı deyirdilər. Onun yanağından süzülüb ağzına dolan yağış suyu göz yaşlarıtək duzlu və isti idi...

...Gözlərini açanda harada olduğunu əvvəlcə bilmədi. Sonra onunla eyni kamerada olan digər azərbaycanlı girovlar Xankəndi türməsində kamerada olduqlarını dedilər. O, azərbaycanlı əsir və girovlar arasında ən kiçiyi idi. Sonradan onu nəyə görəsə hamıdan ayırıb Şuşa türməsinə apardılar. Görünür, onu gizlətmək istəyirmişlər. Bir il sonra Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının səyləri nəticəsində onun yerini öyrənmək mümkün oldu. Daha sonra isə artıq tanıdığımız Admirale Ankora və Ceyms Allen onu əsirlikdən azad etdilər.

...Telefon zəng çaldı. Katibəsi dostu Ayxanın gəldiyini dedi.

- Hə, qoy gəlsin, - deyib dəstəyi asdı.

Ayxan içəri girib hərbi qaydada salam verdi. Sonra zarafata keçdi:

- Niyə oturmusan burda? - dedi. - Sənə demişdim ki, gəl mənimlə gedək Kislovodska.

- Hə, danış görək istirahətin necə keçdi, oralar xoşuna gəldimi? - İlkin onun atmacasını cavabsız buraxıb sual verdi.

- İlkin, oralar çox gözlədi, havası, suyu lap bizim kəndin havasına, suyuna oxşayır. Düzünü deyim ki, kəndimiz işğal olunanda mən çox kiçik olsam da, gül-çiçəyinin ətri burnumdan, suyunun dadı ağzımdan getmir.

İlkin əlini ağrıyan mədəsinin üstünə qoyub dilləndi:

- Sən mənə de görüm, oradakı sanatoriyalarda müalicə necədir? Sənə bir xeyri oldumu?

- Hər şey əladır! Ora da Qafqazdır də. Hətta orada deyirdilər ki, Yessentikidə, Kislovodskda olan müalicə Karlovı Varıdan da yaxşıdır. Məsləhətdir ki, sən elə günü bu gün putyovka alıb oraya yollanasan. Hətta sənə bir sürprizim də olacaq. Sən xüsusi təyinatlıların tağım komandirisən. Bunu sənə demək istəmirdim. Amma çoxdan axtardığın adamı da orda tapa bilərsən...

Keçən illər ərzində o müdhiş hadisələr bir gün də onun gözləri önündən getməmişdi. Onu rahat buraxmayan xatirələr yalnız Samveldən qısasını alacağı gün azacıq da olsa səngiyə bilərdi. Əgər o qatil indiyədək hər hansı səbəbdən özü ölməyibsə, deməli, hələ də sağdır. Bir yandan da Ayxanın sözləri onu ürəkləndirdi. Samveli də oralarda görən olub...

Minvodun hava limanından çıxanda onu səsli-küylü taksi şoferləri qarşıladılar. Onlar hava limanından çıxış qapısının ağzını kəsdirərək, sərnişinləri mənzil başına məhz onunla getməli olduğuna inandırmağa çalışırdılar. Bəzi taksi şoferləri isə heç bir şey demədən sərnişinlərin çamadan və çantalarını qapıb maşınlarına aparırdılar.

İlkin onu dövrəyə almış sürücülərə fikir vermədən pillələrlə yuxarı, hava limanının qarşısından yola doğru qalxdı.

Yolun kənarındakı taksinin sürücüsü avtomobilinə söykənib sərnişin gözləyirdi. İlkini maraq götürdü. Görəsən, bu sürücü niyə digərləri kimi təyyarədən enən sərnişinləri qapının ağzında qarşılamır?

Qərara gəldi ki, elə bu taksiyə əyləşsin.

- Salam, məni Kislovodska apararsınız? - deyə taksi sürücüsündən rusca soruşdu.

- Əyləşin, - deyə taksi sürücüsü keçib sükanın arxasında oturdu.

- Soruşmaq ayıb olmasın, - İlkin dərhal söhbətə başlayıb onu maraqlandıran suala cavab almaq istədi, - siz niyə kənarda durursunuz? Onlar kimi qapının ağzını kəsdirib sərnişin gözləmirsiniz?

- Onların başları xarabdır. Kimin qismətində nə varsa o da olacaq. Bir az artıq pul qazanmaq üçün özlərini biabır edirlər.

Taksi aeroportdan aralanıb Jeleznovodsk istiqamətində sürətini artırdı.

Sürücü başını döndərib onu təpədən-dırnağadək süzdü.

- Ara, Bakıda nə var, nə yox! Danış görək, - deyə sözə başladı. - Mən hər dəfə Bakıdan gələn sərnişinləri götürəndə belə sorğu-sual edirəm. Deyirlər, oralar yaman dəyişib. Burnumun ucu göynəyir oralar üçün. Allah siyasətçilərə insaf versin. Bəyəm sakit otururlar, qarışdırırlar aləmi.

O, bayaqdan bəri maraqla yol qırağında ağappaq qara bürünmüş meşəliyi seyr etdiyindən sürücünün üzünə baxmırdı. İndi sürücünün azərbaycanca danışan səsini eşitcək, ona baxıb bic-bic gülən sifətini görcək beynindəki ağrılar yenidən başladı. Səs ona tanış gəlirdi. Əlini başına aparıb alnını ovuşdurdu. Başındakı ağrını havanın şaxtalı olması ilə izah edib toxtamağa çalışdı.

Bircə o müdhiş xəyallara qayıtmasın. Sağ tərəfə, yolun kənarına baxdı. Yolun kənarındakı mənzərələrlə başını qatıb ovunmaq istədi. Əyləşdiyi taksi xeyli hündürlükdə, ətrafı yüksək qayalıq olan yolla şütüyürdü. Pəncərədən aşağıda buz bağlamış Tanbukan gölü görünürdü...

Kaş qış vaxtı gəlməyəydi bura. Artıq anlayırdı ki, o müdhiş xatirələr onu cənginə alıb. Atasının yanmış cəsədi, hələ doğulmamış bacısının yerə atılmış meyiti və bir də qarnı yarılmış anası... Hər şey olduğu kimi gözlərinin önünə gəldi. O, sanki donmuşdu. Bütünlüklə o hadisələrin ağuşunda idi. Dönüb sürücüyə baxdı. Nə oldusa elə həmin o baxışdan oldu. Birdən-birə gözləri hədəqəsindən çıxdı. Sağ yumruğu qıc olmuş kimi düyünlənib iri sal daşı xatırladırdı. Bayaqdan bəri dil boğaza qoymayan sürücü bir gözü sürüşkən, dolambac dağ yolunda, o biri gözü isə onda, rəngi qaçmış sifətini ani olaraq ona tərəf döndərib:

- Ara, sənə nə oldu? - deyə həyəcanla soruşdu.

Bəli, bu səs onun səsi idi. Bu səs də İlkinin yanılmadığını təsdiq edirdi: "Bəli, bu odur! Samvel. Mənim riyaziyyat müəllimim. Atamı yandırıb kül edən, hamilə anamın qarnını yarıb bacımı parçalayan, kənd cavanlarını Bəylik meşəsindəki silos quyusunda diri-diri basdıran Samvel!".

Onun vahiməli səsindən taksi sürücüsünün qulaqları tutularaq ürəyi qopdu.

Avtomobilin sükanını bir anlığa buraxan sürücü onu itələməyə çalışdı. Amma bu an maşın yoldan çıxıb yüksək qayalıqdan üzüaşağı, buz bağlamış gölə doğru uçdu. Buz qatı avtomobil çırpılan yerdə parçalandı. Avtomobil batmağa başladı. Maşın Samvel tərəfdən buza çırpıldığından o artıq canını tapşırmışdı. Başının yarıdan çoxu əzilib maşının gövdəsinə pərçimlənmişdi.

İlkin bumbuz suda donmağa başlasa da, başı bədənindən üzülmüş taksi şoferinin meyitini görüb sanki yuxudan ayıldı. Avtomobil artıq dibə çatmaqda idi. Ön şüşə hələ maşın buzlara çırpılarkən yerindən qopub çilik-çilik olduğundan maşının içi su ilə dolmuşdu. O, əlini, ayağını tərpədib salamat olduğunu görcək yerindən sıçrayıb maşının qabaq şüşə yerindən üzüb çıxdı. Qollarını hərəkətə gətirib var gücü ilə yuxarı buzlara doğru üzməyə başladı. Artıq nəfəsi də donmaq izrəydi. Bəlkə də bir qədər geciksəydi bütün canı, bədəni taqətdən düşüb bumbuz sularda qərq olacaqdı. Beynində xəyalən hələ də Qarabağda idi. O müdhiş səhnələr bir-bir gözünün önündən keçir, onu daha da taqətdən salırdı. Birdən gözlərinin qarşısında mehriban bir sifət, ona ana nəzərlərilə baxan bir cüt göz canlandı. O qadının qarşısında on yaşlı bir uşaq dayanmışdı. Solğun bənizli uşaq ötkəm səslə deyirdi:

"- Mən riyaziyyatçı olmayacağam. Mən hərbiçi olmaq istəyirəm! Mən torpağıma qayıdacağam! Yurdumu azad edəcəyəm!".

Qadının əziz siması bir az da işıqlandı, bir addım irəli gəlib onu qucaqladı:

"- Sən bütün arzularına çatacaqsan! Sən qalib gələcəksən! Sən azad və xoşbəxt olacaqsan!".

Sanki ona əlavə güc gəlmişdi. Sürətlə yuxarıya, suyun üzünə doğru qalxırdı. Gözlərinin önündəki səhnəni sanki tunelin sonunda görünən bir işıq əvəz eləmişdi. Yuxarıdan işıq gəlirdi. O, işığa doğru can atırdı. Bu, taksinin buzlara çırpılaraq açdığı dəlikdən gələn işıqdı. Buzlardan yapışıb suyun üzünə çıxdı. Özünü buzun üzərinə aşırıb donmuş bədənini irəli sürüşdürdü. İndi onun yalnız gözləri azacıq işıldayır bir də ürəyi döyünərək yerindən qopmağa çalışırdı.

Bu gün riyaziyyat müəllimi etdiklərinin hesabını verdi. Ən böyük haqq-hesab günü isə hələ qarşıda idi. İlkin suyun altında gözünə görünənləri bir də xatırladı. Qulağına səs gəldi: "Qarabağ Azərbaycandır! Və nida işarəsi!" - Ali Baş Komandanın səsi idi. Özü də bu sözləri o, elə bu yaxınlarda hardasa bu yerlərdə demişdi. Cəld sıçrayıb ayağa qalxdı. O, artıq əmin idi ki, tezliklə həmin gün gələcək və o da öz sözünü deyəcək, hələ on yaşında ikən verdiyi vədini yerinə yetirəcək.

***

Vətən müharibəsində xüsusi təyinatlı dəstənin tağım komandiri İlkin Kərimli tabeliyində olan döyüş dostları və silahdaşları ilə birlikdə doğma kəndi Meşəlini azad edib növbəti döyüş tapşırığını gözləyirdi. Növbəti hədəf Şuşa idi. Əmr gəlmişdi ki, Şuşanın azad edilməsi əməliyyatında ağır silahlardan istifadə edilməsin. Yalnız avtomat, tapança və bıçaq götürməyə icazə veriləcəkdi. "Bu lap yaxşı oldu, - deyə düşünməyə başladı. - Şuşaya ağır silahlardan atəş açmaq olmaz. Şuşa uğrunda əliyalın da döyüşmək olar!".

Görəsən, Şuşa türməsinin divarına yazdığı rəqəmlər yerindədirmi? O divarlara sözü vardı İlkinin. İlkin o rəqəmləri görməli idi. Görürsünüz, mənə inanmırdınız. Deyirdiniz ki, bəsdir bu qədər topladın, çıxdın. Eheyy, divarlar! Mən sübut edəcəyəm ki, bizim torpağımızı heç kim əlimizdən ala bilməz! Mən sübut edəcəyəm ki, biz hamımız canımızı Vətən yolunda qurban verərik, amma bir qarış torpağımızın düşmənə qalmasına razı olmarıq!

İki gündən sonra Şuşaya onun tağımı birinci daxil oldu. Ermənilər bu torpağın əsl sahibləri qarşısında tab gətirə bilməyib qaçmağa üz tutdular. Başını qaldırıb binanın üstünə indicə sancılmış üçrəngli bayrağa baxdı. Ona elə gəldi ki, atası, anası, bacısı, nənələri və babası da sonsuz göylərə doğru dalğalanan ay-ulduzlu, üçrəngli bayrağın yanında dayanıb gülə-gülə ona əl edirlər. Farağat komandasında ciddi hərbi duruş vəziyyəti alaraq bayrağa və onun yanındakılara hərbi salam verdi. Növbəti addım canlı yayımda Ali Baş Komandana veriləcək raport olacaqdı...

***

Hamı igid komandir İlkin Kərimlini təbrik edirdi. O isə Şuşa türməsinə can atır, o müdhiş günlərdə söz verdiyi divarlarla söhbət etmək üçün tələsirdi.

Aman Allah! Bütün rəqəmlər onun qoyub getdiyi kimi yerində idi. Əsgərlər komandirlərinin əli ilə türmənin solğun divarlarında oxşadığı bu rəqəmlərin nə məna kəsb etdiyini bilməsələr də diqqətlə onu izləyirdilər.

İlkin əyilib yerdən daş parçası götürdü. Şuşa türməsinin girişindəki ən böyük divara yazdı:

2020-2003+27=44

Riyaziyyatı o qədər də sevməsə də, 44 artıq onun üçün ən müqəddəs ədəd idi...

# 2374 dəfə oxunub

Oxşar xəbərlər

İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

15:00 17 noyabr 2024
Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

13:05 16 noyabr 2024
"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

09:00 16 noyabr 2024
Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

16:30 15 noyabr 2024
# # #