Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Furqan "Mustafa Həbibzadənin meyitini mən oğurlamışam" hekayəsini təqdim edir.
Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.
1.
Jurnalist otaq yoldaşımdan xahiş etmişdim ki, aktyor Mustafa Həbibzadəni tapsın və onu müsahibəyə razı salsın.
- Çətin məsələdi - demişdi.
Amma bir gün işdən qayıdanda dedi:
- Muştuluğumu ver, Mustafa Həbibzadəni tapmışam.
- Doğrudan? - dedim, inanmağım gəlmirdi.
- Hə! Doğrudan.
- Müsahibə verməyə razı oldu?
- Güc-bəla razı saldım.
- Əla, - dedim, - mən də gəlirəm.
- Sən hara?
- Müsahibəyə. Sənin fotoqrafın olacam.
Otaq yoldaşım bilirdi ki, Mustafa Həbibzadə mənim ən sevimli aktyorumdu və onu yaxından görmək, onunla söhbət etmək ən böyük arzularımdan biridi. Və onu da bilirdi ki, tutduğumu qoparmamış əl çəkən deyiləm. Yəni “mən də gəlirəm” dedimsə, deməli, gələcəm. Dirəşməyin mənası yoxdu.
2.
- Bax ha, - deyərək son tapşırıqlarını verməyə çalışan otaq yoldaşım əlavə etdi, - orda sən çox danışma. Qəşəng şəkillər çək. Müsahibə bitəndən sonra nə istəsən soruşarsan Mustafa müəllimdən.
- Yaxşı, - dedim, - narahat olma!
Avtobusdan düşüb meyvə-tərəvəz satılan marketə yaxınlaşdıq.
Redaksiyanın fotoaparatı da əlimdə idi. Otaq yoldaşım satıcıdan soruşdu:
- Bilmirsiz, Mustafa Həbibzadə hansı evdə yaşayır?
- Niyə bilmirəm ki?! - deyə satıcı gülərüzlə cavab verdi. - Bu yolla təxminən iki yüz metr gedin, qırmızı darvazanı da keçib sağa dönün, birinci darvaza yox, ikincisi. Göy rəngdə.
Satıcı sözünü bitirib bizi başdan-ayağa süzdü:
- Deyəsən, jurnalistsiz.
Otaq yoldaşım sevincək:
- Hə, - dedi.
- Boş yerə əziyyət çəkməyin!
Satıcının bu sözlərinə ikimiz də təəccübləndik:
- Niyə?
- Oğlu maşın qəzasında vəfat edəndən sonra o hər kəsdən qaçır. O vaxtdan bəri nə kinoya çəkilib, nə televiziyaya çıxıb, nə də müsahibə verib.
- Biz özüylə danışmışıq. Müsahibə verəcək, - otaq yoldaşım dedi.
- Həə? Lap yaxşı. Yaxşı kişidi o, həm də gözəl aktyordu.
Daha çox vaxt itirmək istəmədik. Satıcıya təşəkkür edib onun dediyi yolla getdik.
Otaq yoldaşım üçün bu müsahibə böyük əhəmiyyət daşıyırdı. Dediyinə görə, illərdi heç harda görünməyən aktyorun birdən-birə ortaya çıxması, müsahibə verməsi ölkədə böyük səs-səda doğuracaqdı. Və bu, bəlkə də otaq yoldaşımın maaşının artmasına səbəb ola bilərdi.
3.
Mustafa Həbibzadə pıçıltıyla:
- Bir şərtlə müsahibə verməyə razıyam! - dedi.
Biz bir-birimizə baxdıq.
- Hansı şərt? - deyə otaq yoldaşım soruşdu. Mustafa Həbibzadə eyni pıçıltıyla danışmağa davam etdi:
- Həkimlər mənə diaqnoz qoyublar. Pis xəstəliyim var. Uzağı, bir ilə öləcəm. Bunu sizdən başqa heç kimə deməmişəm. Heç həyat yoldaşıma da.
Qısa sükut yarandı. Biz ikimiz də donub qalmışdıq. Adicə “Allah şəfa versin!” də deyə bilmirdik. Sükutu aktyorun özü pozdu:
- İstəyirəm ki, bu müsahibə mən ölən gün üzə çıxsın.
Otaq yoldaşım yenə mənə baxdı. Baxışları deyirdi ki, neyləyək? Astaca başımı yellədim. Yəni, razı ol, onsuz da buracan gəlmişik.
Otaq yoldaşım dilləndi:
- Şərtinizlə razıyıq!
4.
Müsahibə, məncə çox yaxşı alınmışdı. Mən də xeyli şəkil çəkmişdim.
Bir gün sonra otaq yoldaşım işdən qayıdanda qırımından bildim ki, sözü var, deməyə çəkinir.
- Nə olub? - deyə xəbər aldım.
- Heç nə! - dedi.
- Sözlü adama oxşayırsan.
- Hə, baş redaktor müsahibəni çap eləmək istəyir.
- Necə ki?
- Deyir, indi çap edək, partlasın. Ölümündən sonraya qalsa yaxşı olmayacaq.
- Bəs şərti demədin?
- Dedim.
Kefim get-gedə pozulurdu.
- Demədin ki, kişiyə söz vermişik?
- Dedim.
- Nə dedi?
- Dedi ki, bu dövrdə kişi var?
- Tfu! - dedim, - lənət şeytana.
- Bilmirəm, neyləyim... Bu gün şəkilləri vermədim. Dedim ki, kartı evdə unutmuşam. Sabah aparmalıyam.
- Aparmasan olmaz?
- İşdən qovar məni.
- Xəstəliyi olduğunu da yazacaqsız?
- Bilmirəm.
5.
Baş redaktor istəyinə nail olmuşdu. Otaq yoldaşım çarəsiz qalıb şəkilləri və müsahibəni ona təqdim etmişdi. Müsahibə şəkillərlə birgə qəzetdə iki səhifə tutmuş, qəzetin saytında da dərc olunmuşdu. On il ərzində heç harda görünməyən Mustafa Həbibzadənin ortaya çıxması sənət camiəsində doğrudan da partlayışa səbəb olmuşdu. Otaq yoldaşım sözünün üstündə dura bilmədiyinə görə kədərlənsə də baş redaktorun maaş artımı ilə bağlı dediyi sözlərin xoşbəxtliyini yaşayırdı.
Amma bu sevinc çox çəkmədi. Bir həftə sonra Mustafa Həbibzadənin ölüm xəbəri yayıldı.
Bütün saytlar ölüm xəbərinin ardınca aktyorun son müsahibəsini paylaşırdı. Otaq yoldaşım evin içində gəzə-gəzə təkrarlayırdı:
- Düz eləmədik. Gərək müsahibəni dərc etməyəydik.
Aktyorun dəfni sabah olacaqdı.
6.
Dəfn günü xəbər saytlarında dəhşətli bir xəbər yayıldı:
“Aktyor Mustafa Həbibzadənin meyiti yoxa çıxıb”.
Otaq yoldaşım işə getməyə hazırlaşırdı. Ordan da guya dəfnə gedəcəkdi. Xəbərdən ikimiz də sarsıldıq.
Elə bu anda qapı döyüldü. Otaq yoldaşım qapını açıb məni çağırdı:
- Tez bura gəl!
Qonaqları görəndə təəccübdən yerimdə dondum. Otaq yoldaşım ağappaq olmuşdu.
- İçəri girmək olar?
Cavab gözləmədən mənzilə daxil oldular. Dörd nəfər idilər. Çiyinlərində də tabut. Yorulmuşdular. Tabutu koridora qoyub otağa keçdilər.
- Çaydan, sudan nəyiniz var? - biri soruşdu.
Otaq yoldaşım titrəyə-titrəyə mətbəxdən su gətirdi.
Gələnlər, Mustafa Həbibzadənin müxtəlif filmlərdə yaratdığı mənfi obrazlar idi. Tabutdakı da çox güman ki, aktyorun özü idi.
Mənfi obrazlar su içdikdən sonra kresloda oturan dilləndi:
- Yəqin, bilirsiz də, həkim ona diaqnoz qoymuşdu. Xəstəliyi var idi.
Otaq yoldaşım hələ də titrəyirdi:
- Hə, - dedi titrəyə-titrəyə, - bi... bilirik...
- Onu da bilirsiz ki, sizin üzünüzdən ürəyi partladı, öldü?
- Mənim günahım yoxdu, - dedim, - mən heç qəzetin işçisi deyiləm, sadəcə Mustafa müəllimi görmək üçün fotoqraf olmuşdum.
- Kəs səsini! Əclaf! Günahı yox imiş. Buna bax!
Divana yayxanan mənfi obraz çox əsəbləşmişdi, mənə qanlı-qanlı baxırdı, halbuki o, ən sevdiyim filmdəki obraz idi.
- Yaxşı, - dedi kresloda oturan, - olan olub, keçən keçib. Dəfnə az qalıb. - Sonra otaq yoldaşıma tərəf çevrildi:
- Zəng vur baş redaktoruna. Tez gəlsin bura. Vaxtımız azdı. Meyit iylənəcək.
7.
Baş redaktor koridorda qurumuşdu. Tabut və tanış simalar onu çox qorxutmuşdu.
- Deməli, belə! - dedi mənfi obrazlardan biri. - Zəng vurursan redaksiyaya. Belə bir xəbər verirlər saytda: “Mustafa Həbibzadənin meyitini mən oğurlamışam”. Yəni, sən.
Mənfi obrazlardan biri qapının ağzını kəsdirmişdi ki, baş redaktor qaçmasın. Baş redaktor isə eynən otaq yoldaşım kimi əsirdi. Əsə-əsə cibindən telefonu çıxardı. Danışanda dili topuq çalırdı.
On beş dəqiqədən sonra xəbər hazır idi. On dəqiqə ərzində bütün xəbər saytları bu dəhşətli xəbəri tirajlamışdı.
Bayaqkı mənfi obraz dedi:
- Biz daha gedə bilərik.
Onlar getdilər, tabut evdə qaldı. Baş redaktor koridorda dizləri üstə çökmüşdü. Başını əlləri arasına almış, səssiz ağlayırdı.
Qorxa-qorxa tabutun qapağını qaldırdım. Boş idi. Otaq yoldaşım da, baş redaktor da gəlib baxdılar.
- Qəribədi, - baş redaktor dedi.
Xəbər saytlarına girdim. Sən demə, Mustafa Həbibzadənin meyitinin yoxa çıxma xəbəri yalan imiş. Hansısa sayt oxucuların marağına səbəb olsun deyə yalandan paylaşıbmış.
Baş redaktor acı-acı dilləndi:
- Şərəfsizlər, ağızlarına gələni yazırlar.
Televizoru yandırdım. Mustafa Həbibzadənin baş rolda çəkildiyi film gedirdi. Məni söyən mənfi obrazı görən kimi tanıdım.
P.S. Dəfndə o qədər adam vardı ki, iynə atsan yerə düşməzdi. Otaq yoldaşımın dəfndən hazırladığı reportajın böyük hissəsi baş redaktorun məzar üstündə çıxışından ibarət idi.
Həmçinin, onun qələmə aldığı “Mustafa Həbibzadənin meyitini mən oğurlamışam” adlı köşə yazısı da saytda oxunma rekordu qırmışdı.
Mən də düşünürdüm ki, bu mövzuda bir hekayə yazıb müsabiqəyə göndərim.