Məni unutmayın - Simran Qədim

Simran Qədim

Simran Qədim

22 noyabr 2022
# 18:50

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Simran Qədimin "Məni unutmayın" hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Hekayələrin qəbulu dekabr ayının 10-a qədər davam edəcək. Qeyd olunan tarixdən sonra göndərilən hekayələr müsabiqəyə qəbul edilməyəcək.

Məni unutmayın

“Dünya böyük bir səhnədir, hər kəs öz rolunu oynayıb gedir”.
Vilyam Şekspir

Mən kiçik bir hekayənin – bu dəqiqə oxumağa başladığınız hekayənin qəhrəmanıyam. Bu sətirləri yazan müəllifin barmaqları arasında oynatdığı sadə, adi bir qəhrəman yəni!..
Ya da yox, yox, mənə elə gəlir, belə bir başlanğıc heç də uğurlu deyil. Qoy hər şeyi düz-əməlli, yerli-yataqlı danışım, söhbəti çox da uzadıb sizi yormaq, bezdirmək fikrim yoxdur – təbii ki, əgər bacarsam. Deməli, belə: insanların hafizəsində dərin iz buraxan, vaxtaşırı xatırlayıb fikrə daldıqları bəzi obrazlar olur: seriallarda, filmlərdə, romanlarda, hekayələrdə... Hərəsinin də bir cür xüsusiyyəti, yaşantısı, taleyi... Böyük bir romanın çox zəif, tezcə unudulan, ya da kiçik bir hekayənin böyük təəssüratlar oyadan, daim yaddaşın dərinliklərində yaşayan obrazı... Bax, mən də balaca bir hekayənin, təkrar edirəm, indi oxumağa başladığınız həmin bu hekayənin qəhrəmanıyam.
Necə bir obrazam, hansı cəhətlərimə görə fərqlənirəm, xəbərim yoxdur. Əslində, mənim nə kimliyimin bir önəmi var, nə yaşımın, nə də görünüşümün. Görkəmimdən tutmuş həyat yoluma, hal-xasiyyətimə, zövqlərimə kimi nəyi necə istəsəniz, düşünə bilərsiniz. Necə deyərlər, burada hər varianta yer var, min cür şey fikirləşib təsəvvürdə canlandırmaq olar. Mən çox cavan, enerjili, gələcəyə dair xəyallar qurub planlar cızan bir oğlan da ola bilərəm, əldən-ayaqdan düşmüş, üz-gözü qırışmış, qoca-qaltaq bir kişi də. Aktyor da, psixoloq da, filosof da.
Bəlkə də, eynən hekayənin müəllifi kimi işindən böyük zövq alan – hərçənd onun yaradıcılıqdan nə dərəcədə ləzzət aldığını bilmirəm – bir yazıçıyam, sadəcə. Müəllifin əlində mənə peşə seçmək nədir ki? Ürəyi necə istəsə, elə də edər. Təpədən-dırnağacan məhz onun zehnindən, təxəyyülündən boylanıram axı.
Otağa düşən gün işığında qaynaşan toz dənəcikləri kimi başımda uçuşan saysız fikirlər, günorta vaxtı, Bakının geniş, dəbdəbəli mərkəzi küçələrindən biri... Asta addımlarla, arın-arxayın gəzişirəm: eləcə boş-mənasız, məqsədsiz-məramsız... Mən çox aciz, zavallı, əlacsız biriyəm. Belə deyək, əgər müəllif buyursa, saatlarla qımıldanmadan dayana, durub qaça, rəqs edə, ya da əlimi üzümə tutub səbəbsiz-filansız ağlaya bilərəm.
Təsəvvür edirsiniz bunu? Deməli, küçənin ortasında durduq yerə səsim gəldikcə bağırıram, camaat dərhal dönüb mənə baxır. Sözsüz, qınayıcı nəzərlərlə, tənə ilə, başlarını stəkandakı çayı qarışdıran qaşıq kimi bulaya-bulaya. Daha fikirləşmirlər ki, bu, mənlik deyil, hamısını eləyən odur.
Digər tərəfdən, çox maraqlıdır, görəsən, bu sətirlər hansı şəraitdə, necə bir mühitdə qələmə alınır? Ola bilsin, masa arxasına keçən müəllif – önündə dəftər-qələm – təxəyyülündən süzülüb tökülən fikirləri dədə-baba qaydasıyla kağıza köçürür. Ya da kağız-kuğuz, qələm-filan yoxdur, qabağına notbukunu qoyub, barmaqlarını avtomatik rejimə qoşubmuş kimi klaviaturanın üstündə sürətlə gəzdirir. İndiki dövrdə kimdir əlinə qələm alıb Nuh əyyamından qalma üsulla yazı yazan?
Bəs müəllifin ovqatı, kefi-əhvalı necədi, yan-yörəsində bir kimsə varmı? Yəni səs-küyün içində necə gəldi, başdansovdumu yazılıram, yoxsa ətraflı şəkildə, ən incə detallarımacan ölçülüb-biçilmişəm? Ahh, fikirləşirəm ki, kaş təcrübəli, peşəkar, müdrik bir yazıçı tərəfindən yaradılmış olam. Özü də adamı vəcdə gətirən, yaradıcılığa ilhamlandıran klassik musiqi sədaları altında, böyük şövqlə, həyəcanla! Amma yox, gəlin özümüzü aldatmayaq, həqiqətin üzünə dik baxmaq lazımdır. Bu, sadəcə, arzumdur mənim, reallığı bilmirəm.
Bilmək istərdim, mənim kimi bir obraz niyə yaradılsın ki? Müəllifin məqsədi-məramı nədir, nə deməyə çalışır? Düzdür, dərindən bələd deyiləm, əslinə qalsa, bir elə maraqlanmıram da, amma az-çox oxuduğuma görə, müasir ədəbiyyatın min hoqqası var. Sənət adamları, xüsusən də yazıçılar, o qədər janrlar, üslublar, fəndlər, nə bilim cərəyanlar-filan çıxarıblar ki, bəzən neyləmək istədiklərini özləri də bilmirlər. Qəliz, adamın dilinə yatmayan əcnəbi sözlər, terminlər əzbərlə, yerli-yersiz ədəbiyyatşünaslıqdan, tarixdən, fəlsəfədən, psixologiyadan dəm vur, ələ salırmış kimi qarşıdakını azdırmağa çalış...
Bəlkə də, tamam haqsızam, nəyisə nəzərə almıram, başa düşmədiyimi baltalamaqla məşğulam. Nə isə, gərək belə şeylərə çox da fikir verib özünü üzməyəsən. Əsas odur, oxucu bir məsələni dəqiq bilir: onsuz da istənilən obraz müəllifin təxəyyülündə formalaşıb cana gəlir. Nə qədər real həyatdan götürülsə, həqiqəti birə-bir “əks etdirsə” belə.
***
Küçədə o baş-bu başa hərlənməkdən birtəhər olub qabağıma çıxan kafelərdən birinə girirəm. Ofisiantdan çox boksçuya oxşayan, enlikürək, hündürboy, cüssəli bir oğlan... Çox fikirləşmədən kapuçino sifariş edirəm. Ac deyiləm, qoy bir azca oturub dincimi alım. Uzun-uzadı əsnəyib gözucu baxışlarımı ətrafda gəzdirirəm: aclıqdan çıxıblarmış kimi başlarını sallayıb çəngəl-qaşıqlarını şaqqıldada-şaqqıldada iştahayla yeməyə girişənlər, oturacağa yayxanıb asta-asta, tələsmədən meyvə şirələrini udumlayanlar, çiyinlərini qısıb, əllərini cütləşdirib zombiləşmiş vəziyyətdə smartfonun süni cazibəsinə qapılanlar...
Hamının başı nəyəsə qarışıb. Həyat ağlını tamam itirmiş dəli at kimi var gücüylə irəli qaçır. Bir-birinin eynisi olan günlər aylara, aylar illərə calanır. Doğulursan – həyatla tanışlıq, bağça, məktəb, universitet... Böyüyürsən – karyera, iş, ailə, övladlar, nəvələr... Qocalırsan - xəstəlik, ağrı-acı, iztirab... Ardınca da baş götürüb get bu dünyadan: qəbir, qaranlıq, heçlik! Bənzər ömürlər... Təkrarlanan talelər...
Ofisiant sifarişimi gətirib saymazyana qarşıma qoyur. Nəzərlərini lazer şüası kimi üzümə yönəldib, sirli kinayə ilə gülümsəyir. Ədabazlığının səbəbini anlaya bilmirəm. Sifətindəki ifadə dəyişmir, sanki açıq-aşkar ələ salır məni. Belə demək mümkünsə, məzələnir. Bəlkə də: “Nə həyasız adamsan sən, masanı boş yerə məşğul eləmə, adam balası kimi sifariş ver”, – demək istəyir. Ola da bilsin, bu, müəllifin mənə, ya oxucuya çatdırmaq istədiyi gizli, subliminal mesajdır. Yəni vaxtını boş yerə keçirmə, sənin bir işin, missiyan olmalıdır, belə dəxilsiz şeylərlə oxucunun başını qata bilməzsən!
Tez-bazar kapuçinomu içib, plastik kartla hesabı ödəyib kafedən çıxıram. Yenə küçə, hərəsi bir yana tələsən səbirsiz, bezgin adamlar. Belə baxıram, çox qeyri-adi, qəribə, əcaib varlıqdır insan. Həyatdan nə istədiyini, gecə-gündüz nəyin uğrunda əlləşib-vuruşduğunu bilməyən məchul bir varlıqdır! Bəs mən özüm necə? Guya mən məqsədimin nə olduğunu, bura niyə atıldığımı, küçə boyunca nə qədər o yan-bu yana veyillənəcəyimi bilirəm?
Beynimdə kafedəki bayaqkı düşüncələr, ofisiantın sifətindəki sirli istehza, onun anlaşılmaz, yersiz davranışları. Yox, yox, içimdən bir səs əminliklə, inadla eyni şeyləri təkrarlayır: bilmədiyim nəsə var, heç nə təsadüfi deyil. Düzdür, nə olduğunu dəqiqliklə söyləyə bilmərəm, amma bir ona şübhəm yoxdur ki, ofisiantın gülümsəməsiylə müəllif nəsə deməyə çalışırdı. Yəqin, bir tərəfini boş buraxıb həyata gülümsəməli olduğumuza eyham vurur. Gərək başına gələnləri elə də ciddiyə almayasan, necə deyərlər, yola verməyi bacarasan, təbəssümlə, istehzayla, zarafatla yanaşasan bir çox şeyə.
Bu dəfə qarşıma saat mağazası çıxır. Qəribədir, mağazada məndən başqa müştəri yoxdur. Çəlimsiz, alçaqboylu, cılız bir satıcı... Danışığı asta rejimə keçirilən səs yazısı kimi aram-aram, sakit-sakit... Eyni zamanda, çox ciddi, təmkinli. Hər zövqə uyğun saat markaları var, özü də müxtəlif qiymətlərə: lap bahalısı, ortababı, ucuzu. Guya alacağammış kimi həvəslə saatlara tək-tək baxsam, hətta bir ara əlimi cibimə atıb kartımı çıxarmaq fikrinə düşsəm də, sonra vaz keçirəm. Özümü o yerə qoymayıb yalandan ağzımı büzürəm. Dodaqaltı mızıldanmalar, deyinmələr, narazı, soyuq münasibət... Satıcı ilk təəssüratımın əksinə, çox qaşqabaqlı, zəhmlidir:
- İstəsəniz, başqa modellər də var, bəy. Amma belə başa düşürəm ki, sizin saat götürmək fikriniz yoxdur.
- Başqa modellər... Xeyr, xeyr, çox sağ olun. Mən indi tələsirəm bir az, qoyun qalsın gələn səfərə.
Yenə küçə. İndi də gözlərimin önündə qaraqabaq, zəhmli satıcının arıq, girdə sifəti... Yəqin, bu da oyun oynamağı sevən hoqqabaz müəllifin bir başqa mesajı, hansısa xəbərdarlığıdır. Ola bilsin, oxucunun mənə qarşı qəzəbini satıcının timsalında vermək istəyir.
“Boş-boş hərəkətlərlə camaatı işindən ayırma! İnsanlar səni oxumaqla qızıldan qiymətli vaxtlarını niyə havaya sovurmalıdırlar?! Avaragor, sərgərdan, zaman oğrusu obrazcığaz!”
Yenə beynimdə donmuş film kadrı... Yüksək keyfiyyətli fotoşəkil kimi ofisiantla satıcının siması, sifət mimikaları... Ağlımda yeni, fərqli bir yozum. Həyatın iki ayrı üzü, yüz səksən dərəcə əks qütbləri; ağla qara, xeyirlə şər, yin-yanq simvolu. Gah kinayəli, zarafatyana, gah da çox ciddi, qaşqabaqlı, zəhmli.
***
Dənizkənarı bulvar, qağayıların qırıltısı, skamya. Xəzərin həzin ləpələri, dolaşıq, qarmaqarışıq, təlatümlü, ziddiyyətli fikirlər. Gözlərimi uzaqlara dikib sakitcə oturmuşam. Nə qədər istəsəm də, dinclik tapa bilmirəm. İçimdə səbəbini aydınlaşdırmaqda aciz qaldığım tutqun hisslərin kaleydoskopu: qəm-kədər, nisgil, həyəcan, narahatlıq, darıxmaq, təşviş...
Görəsən, mən özümü müəllif kimi qanlı-canlı, yaşayan bir varlıq saya bilərəmmi? Razıyam, ortada hamıya bəlli olan, kimsənin ağlının zərrə qədər şübhə etmədiyi bir həqiqət var: mən insanlar kimi gerçək, həqiqi deyiləm. Kimsə məni real həyatın ortasında görüb tapa bilməz. Nəinki reallıqda, heç bundan başqa hansısa mətnin, yazının içində də. Amma gəlin mövzuya bir ayrı pəncərədən baxaq: yazıda, mətnin içində də olsa, varam, mövcudam! Əmin olun, varlığımı açıq-aydın hiss edə bilirəm, işıq spektrindəki saysız rənglər kimi içimdə daim cürbəcür duyğular tüğyan edir. Gah sürətlə şiddətlənir, aşıb-daşır, gah da tədricən səngiyir, öləziyir, tamam sakitləşir.
Bir yandan da, nə qədər desəniz, danışıb-gülürəm, ağır-ağır fikrə gedirəm, nəfəs alıb verirəm!.. İnanmırsınız mənə? Yaxşı onda, gəlin yoxlayaq. Fikir verin, baxın, baxın, ağzımı geniş açıb səs sala-sala dərin bir “Ohh!” çəkirəm. Amma bu hələ harasıdır: dönə-dönə ciyərlərimi sinədolusu dəniz havasıyla doldurandan sonra dalbadal gözlərimi yumub açır, başımı ürəyim necə istəsə, o cür də sağa-sola, yuxarı-aşağı tərpədir, əl-qolumu idman edirmiş kimi şux hərəkətlərlə qaldırıb endirirəm.
“Yuxarı, aşağı... İrəli, arxaya... Bax, belə...”
Özümü adamlarla eyniləşdirdiyim digər bir məqam: necə ki insanlar həyatda başlarına nə gələcəyini, hansı hadisələrlə üzləşəcəyini qabaqcadan bilmir, eləcə də mən heç bircə dəqiqə sonra nələr olacağından xəbərsizəm. Tanımadığım müəllifin, həmin o sahibimin insafına qalmışam. Evdəki hüquqsuz-ixtiyarsız, cansız bir əşya, ya bir küncə qoyulmuş köhnə, yırtıq-yamaqlı geyim kimi. Aqibətim büsbütün müəmmadır. Axı müəllifin ağlından nələr keçdiyini, beynində hansı oyunlar, fəndlər quraşdırdığını necə bilə bilərəm? Bilsəm də, guya bir mənası olarmı bunun? Mənim ona hansısa təsir imkanım varmı ki?
Suallar çoxdur, cavablarsa yox. İndicə ağlıma daha bir neçə amansız sual gəldi: görəsən, bu hekayənin sonu necə olacaq, nə cür bir nöqtə qoyulacaq, hə? Ya bəlkə, hekayə nöqtəylə yox, üç nöqtəylə bitəcək? Ehh, yaman da ağıllı söz danışdım. Guya hekayənin axırına bir yox, iki yox, məhz üç nöqtə yapışdırmaqla nəsə dəyişəcək ki? Bəlkə, bütün məsələlər dərhal həllini tapacaq, mən də öz əbədiyyətimə qovuşacam?
“Yox! Əlbəttə, yox!..”
Bədii obraz və real insan. Simulyasiya nəzəriyyəsi, virtual aləm, süni, avatar bədənlər, matris, metakainat. Yaxşı, deyin görək, ola bilərmi ki, Yer kürəsi, Günəş sistemi, bütün ulduzlar, qalaktikalar, qara dəliklər, lap mikroblar, atomlar, elektronlar, bir sözlə, kainatdakı hər şey, hətta insanın özü də kompüter proqramında düzəlsin? Proqramçılar tərəfindən dizayn edilmişik yəni. Cavab verin də, mümkündürmü bu?! Bir daha təkrarlayıram: materiyada insanların gördüyü, dərk elədiyi, müxtəlif texnologiyalarla ölçüb qeydə aldığı hər şey yalandır, real heç nə yoxdur. Hamısı uydurmadır, illüziyadır. Adicə kodlardan, rəqəmlərdən ibarət alqoritmdir.
Fikirləşdikcə başım gicəllənir, beynim püskürməyə hazırlaşan lava kimi qaynayıb pıqqıldayır, bədənimi, boyun-başımı ilıq tər basır. Ağlımda var-gəl eləyən, rus matryoşkaları kimi bir-birinin içindən çıxıb çoxalan saysız suallar var. Deməli belə, fərz eləyək ki, fikirlərimdə yanılmıram, bəs onda kompüter arxasında oturub kainatı, kosmosu, insanları, makro və mikro aləmi proqramlaşdıran varlığın özünü kim, necə yaradıb? Sualı ardıcıl davam etdirsək, simulyasiya halqası gedib haralara çıxacaq?
“Yaradıcının yaradıcısının yaradıcısı...”
***
Yenə küçə, yenə insanlar. İçimdə özünə əl qatıb həngamə qoparan yaşamaq, həyatdan hələ neçə-neçə illər zövq almaq istəyi, arzusu. Nə olsun, adi, sıradan, bəlkə də, çoxlarının heç tanımaq istəmədiyi mənasız bir obrazam, hərflərdən, sözlərdən, ya cümlələrdən üfürülüb yaradılmışam, axı mənim də hamı kimi həyata bəlli bir bağlılığım var. Əlimin həyatdan belə asanca, tələm-tələsik üzülüb ömrümün yarıda qırılmasını istəmirəm.
Dəqiqləşdirilməsi vacib növbəti məsələ: hansısa yolla uzun illər yaşamaq, əbədiyyətə qovuşmaq mümkündürmü? Hekayə povestə, povest romana, roman da silsilə kitablara çevrilsə belə, bunun bir xeyri olarmı? Bir halda ki, müəllifin özü nə zamansa öləcək, məni sonsuzadək yaza, yaşada bilməz.
Üzücü, kədərli fikirlərin burulğanı. Uşaqtək ağlamaq, boğazımda düyün düşən acı, qurğuşun kimi ağır qəhərdən qurtulub, azacıq da olsa, yüngülləşmək, sakitləşmək istəyi. Heç nəyə və heç kəsə məhəl qoymadan, için-için, hıçqıra-hıçqıra ağlayıb sakitləşmək... Bu cür ədalətsizlik, amansızlıq nə deməkdir axı? Ay müəllif, bu nə zülmdür, bu nə əzabdır çəkirəm mən? Axı səndən kim, niyə xahiş etmişdi ki, məni yaradasan? Yaxşı, bir işdir, yaratmısan, arxamda dur o zaman, tez öldürmə, icazə ver bir az yaşayım. Səninlə bir yerdə... Ən azı sənin qədər...
Təkrar-təkrar dərindən nəfəs alıb nə qədər sakitləşməyə, özümü toplamağa, toxtamağa çalışsam da, hisslərimə hakim ola bilmirəm, dediyim kimi, hönkürtüylə, için-için ağlamağa başlayıram. Tez də özümə gəlib sakitləşirəm. Düşüncələrim daha aydın, rasional, saf bir məcraya yönəlir.
Ortada çox vacib, mənim üçün həyati əhəmiyyət daşıyan iki ehtimal var: ya mən burda zarıya-zarıya, əzab-zillət içində qıvrılanda müəllif oturub qəhqəhə çəkir, düşdüyüm, daha doğrusu, məni saldığı vəziyyətdən misilsiz zövq alıb, özünü çox böyük, qüdrətli bir hökm sahibi sanır, ya da fikirləşdiyim qədər də qəddar, zalım, əzazil deyil, halıma acıyır, gözləri dolur, hətta, bəlkə, ağlayır. Əgər belədirsə, diqqət kəsilsin, bu sətirlərin arasından, ola bilsin, hekayənin ən həyəcanlı anından bütün qəlbimlə səslənirəm ona:
“Eyyy! Ay müəllif! Ya məni heç olmamış kimi birdəfəlik sil getsin, ya da yaşat, qoy həyatımı əbədiyyətəcən davam etdirim! Aydındırmı, hə?! Necə edirsən et, nə yol tapırsan tap, bilmirəm mən, amma tənbəllik eləmə, elə indicə bir şey fikirləş, çıxart məni bu vəziyyətdən!..”
Ağlayıb-sızlamaq, qışqır-bağır salıb üsyan qaldırmaq, hirs-hikkə, qəzəb nümayiş etdirmək... Yox, yox, bilirəm, belə şeylər heç bir nəticə verməyəcək, bunlarla nəyəsə nail olası, müəllifin beynində kiçicik də olsa, bir dönüş, dəyişiklik yaradası deyiləm. Gərək tamam başqa üsula əl atam: var gücümlə başımı işlədəm, əlləşib-vuruşub özüm tapam çıxış yolunu!.. Mənə elə gəlir, ən düzgün yol qətiyyən kimsəyə bel bağlamamaq, yalnızca özünə, öz gücünə arxalanmaqdır. Dağ çayı kimi coşub-daşan, yatağına sığışmayan həyat eşqim durmadan hay-küy qoparır, yüksək səslə, inamla, əminliklə qışqırıb məni ruhlandırır:
“Alınacaq, nəbadə təslim olasan, möhkəm dayan, mübarizəyə davam! İnanıram mən sənə, yaxşı olacaq hər şey, qurtulacaqsan bu vəziyyətdən! Kefini yüksək tut, axır-əvvəl bir yol tapıb öhdəsindən gələcəksən!”
Ürəyimdə sonsuz əminlik, ümid, bitib-tükənməz əzm, iradə, istək. Ən son nəfəsiməcən, ən son ana qədər...
“Ey müəllif, eşidirsənmi məni, qulaq as: guya sən canlısanmı, gerçəksənmi? Danış da, nə susmusan? De görək, bir sübutun, dəlilin varmı buna? Hə, səsini çıxart, günahkar və qorxaq adamlar kimi gizlənmə! Yeri gəlsə, mən səndən də realam, həyatı səndən də çox sevirəm!”
Ha-ha... Ha-ha-ha!..
Təkrar edirəm, əlimdən gələn-gəlməyən nə mümkündürsə, hamısını edib təkcə ağlımın, zəkamın, iradəmin gücünə arxalanacam! Daxildən gələn müəmmalı, əsrarəngiz, sirli bir səs müxtəlif variantları götür-qoy edib, yaxşı-yaxşı düşünüb-daşınmalı, sonra da bir qərara gəlməli olduğumu deyir. Usanmadan, yorulmadan, bezmədən fikirləşmək, fikirləşmək, fikirləşmək...
***
Kiçik, köhnə bir hotel otağı, adi, balaca masa, yolüstü rastıma çıxan dükandan aldığım dəftər-qələm. Kədər, qəm-qüssə, depressiya. Eyni zamanda, sonumun yaxşı, xoş bitəcəyinə dair ümid, inam, sevinc qarışıq həyəcan; təlaş, təşviş, amma həm də dodaqlarımın küncündə yüngül təbəssüm...
Az sonra sadə üzlü, nazik dəftəri açıb yandakı pəncərədən gözlərimi həyətə, arası kəsilmədən keçib-gedən nəqliyyat axınına zilləyirəm. Sanki tamam başqa aləmlərdəyəm, dərin fikrə dalıb transa düşmüşəm, öz-özümə eyni sözləri təkrarlayıb dururam:
“Əgər alınsa, əgər hər şey planlaşdırdığım kimi olsa, tezliklə bu hekayədən çıxıb gedəcəm. Qorxma, nədən narahatsan ki, alınacaq, bacaracaqsan, arxada qalacaq bütün bunlar. Axı tapmısan çıxış yolunu, sakit, təmkinli ol, güvən özünə, deyirəm sənə!”...
Belə baxanda, hər şey eynən lap başdan arzuladığım, xəyalını qurduğum kimi olacaq, nə qədər ağlabatan görünməsə və mümkünsüz səslənsə də, bir neçə dəqiqədən sonra mən əbədiyyətə qovuşacam. Özü də sözün həqiqi mənasında əbədiyyətə...
Dəqiqələr heç nəyə və heç kəsə məhəl qoymadan, bir anlıq da olsa, dayanıb arxasına baxmadan vecsiz-vecsiz ötüb keçir: bir, iki, üç... Mənimsə vaxtım yoxdur artıq, tələsməli, bir problem çıxmamış mümkün qədər cəld tərpənməliyəm. Onsuz da bu andan sonra çox düşünməyin, məsələni uzatdıqca uzadıb düyün salmağın mənası yoxdur. Hər şey qədərində gözəlliyini saxlayır. Mən bilirəm, siz də bilin, yaxşı hekayənin də, yaxşı obrazın da dayanmalı olduğu – yolun sonuna çatmalı yox ha! – bir nöqtə var. Əminəm, aqibətim heç kəsin yox, məhz mənim öz əllərimdədir. Kimsə mənə mane olmayacaq indən sonra. Heç müəllif də!
Dərin bir köks ötürüb, baxışlarımı pəncərədən ayırıram. Önümdə dəftər-qələm, yenə dəqiqələr ötüb gedir: bir, iki, üç... Vərəqin başına gözəl, səliqəli bir xətlə aram-aram, tələsmədən ikicə kəlmə söz yazıram:
“Məni unutmayın”.
Bundan yaxşı nə ad ola bilər? Qoy müəllif də, hekayəmə zaman ayıran sevimli oxucular da heç vaxt unutmasınlar məni. Aylar keçsə, illər ötsə də, hafizələrdə qalım, yaddaşlardan silinib getməyim. Nədənsə buna qəlbimdə, beynimdə çox böyük inamım, əminliyim var. Mən bir obraz kimi hərflərdən, sözlərdən, cümlələrdən necə yaranmışdımsa, eləcə də hərflərin, sözlərin, cümlələrin arasında qalıb əbədiyyətə qovuşacam. Ortada müəllif, ağ vərəq və söz var. Başqa heç nə. Sonsuzluğa çatmaqdan, əbədi varlığımı qoruyub saxlamaqdan ötrü başqa nə lazımdır mənə?
Sevincdənmi, kədərdənmi, hansı hissin ağuşunda olduğumu anlamadan göz yaşları içindəcə axırıncı dəfə həyətə, gəlib keçən maşınlara, göy üzünə, aya, ulduzlara baxıb diqqətimi yazacağım sözlərə, cümlələrə kökləyirəm. Qəti qərarımı vermişəm, beynimdəki təsdiq düyməsi basıldı, geriyə yol yoxdur: eynən müəllif kimi davranıb, yeni bir “mən” yaradacam. Bunun ardınca həmin o “mən” də canlı qalmaqdan, həyatını davam etdirməkdən, yaşamaqdan ötrü eynən mənim kimi hərəkət edib, təzədən özünü yaradacaq. Beləcə, hər şey qarşı-qarşıya qoyulmuş, bir-birini daim əks etdirən güzgülərdə olduğu kimi təkrarlana-təkrarlana gedəcək. Üzü sonsuzluğa, nəhayətsizliyə...
Qələmimi vərəqə yaxınlaşdırıb nəfəsimi içimə çəkirəm. Üzümdə gülümsəmə, gözlərimdə parıltı bir hekayədən digərinə keçmək, əbədi həyata qovuşmaqdan, oraya ilk addımlarımı atmaqdan ötrü böyük həyəcanla və şövqlə ilk sözlərimi yazıram:
“Mən kiçik bir hekayənin – bu dəqiqə oxumağa başladığınız hekayənin qəhrəmanıyam. Bu sətirləri yazan müəllifin barmaqları arasında oynatdığı sadə, adi bir qəhrəman yəni!..”

# 1803 dəfə oxunub

Oxşar xəbərlər

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

11:24 22 noyabr 2024
İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

15:00 17 noyabr 2024
Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

13:05 16 noyabr 2024
# # #