#

"Məncə, gənc yazıçının qarşısındakı dilemma bundan ibarətdir..." - Uilyam Folkner

"Məncə, gənc yazıçının qarşısındakı dilemma bundan ibarətdir..." - Uilyam Folkner
4 sentyabr 2024
# 21:00

Kulis.az Uilyam Folknerin "Gənc yazıçılara müraciət" essesini Nəriman Əbdülrəhmanlının tərcüməsində təqdim edir.

İki il əvvəl prezident Eyzenhauerin (1) təklif etdiyi plan, əslində, düzgün mülahizəyə əsaslanırdı. Onun fikrincə, müasir dünya və bəşəriyyət qarşısında dayanan dilemma müxtəlif irq, dil və mövqeləri təmsil edən insanların qarşılaşdığı problemləri öz aralarında yox, rəsmi təşkilatların və antaqonist hökumətlərin vasitəsilə müzakirə etməsi məcburiyyətindən irəli gəlirdi.

Yəni, insanlara həyatlarının bütün mərhələlərində, dünyanın hər hansı nöqtəsində yaşayan həmkarları ilə danışmaq üçün şərait yaradılmalı idi: fəhlə fəhlə ilə, alim alimlə, eləcə də həkimlər, hüquqşünaslar, tacirlər, bankirlər məkanından asılı olmayaraq, qarşı tərəflə müzakirələr aparmaq imkanına malik olmalı idi.

Şübhəsiz ki, bu, pis fikir deyildi. Ömrünü irqindən, rəngindən və mövqeyindən asılı olmayaraq, insanlarla ünsiyyətə həsr etmiş və son nəfəsinəcən bu məqsədə can atan heç bir sənətkar - rəssam, musiqiçi, heykəltəraş, memar, yaxud yazıçı - bu fikrin əleyhinə çıxa bilməz.

Mənim etirazıma isə prezidentin öz fikrini izah etmək üçün seçdiyi ifadələr - fəhlə fəhlə ilə, rəssam rəssamla, bankir bankirlə, kapitalist kapitalistlə - səbəb olmuşdu. Mən Amerikanın və zəmanəmizə qədər davam gətirə bilmiş bütün ölkələrin mədəniyyətinə sirayət etmiş bəlaya etirazımı bildirirdim: az qala, dini qüvvəyə malik, mifik inanca görə, insanın insanla söhbəti mümkün deyil, çünki insan artıq ayrılıqda mövcud ola bilməz. Artıq heç kəs dünyada insanların özünə qarşı dürüstlük, başqaları qarşısında məsuliyyət, zəifləri müdafiə, mərhəmət və rəhmdillik kimi sadə mətləblər haqqında danışa biləcəyinə inanmır. Çünki dürüstlük, məsuliyyət, mərhəmət və rəhmdillik kimi insani keyfiyyətlər artıq mövcud deyil.

İnsan yalnız öz fərdiliyindən üz döndərəndən və aid edildiyi növün təşkilatlanmış qrupuna qoşulub əks cəbhədəki qrupa qarşı çıxandan sonra sağ qalacağına ümid bəsləyə bilər. “Xalq demokratiyası”, “azlıqların hüququ”, “hüquq bərabərliyi”, “sosial rifah” kimi mücərrəd ifadələri eyni vaxtda qabartsalar da, özlərini müxtəlif cəbhələrə aid edən bu qruplar hər kəsi məsuliyyətdən imtinaya nəinki dəvət, hətta vadar edir, beləliklə etinasızlıqdan doğan xəcalət hissini də məhv edirlər.

Bu zaman Eyzenhauer (Prezidentin “İnsandan-İnsana” Komitəsini nəzərdə tuturam) həyatını insan qəlbinin problem və ehtiraslarını, iztirablara tab gətirməyin yollarını insandan insana ötürməyə həsr etmiş sənətkardan ömrü boyu inkar etdiyi mifologiyanı, yəni insanın ayrı -ayrılıqda heç bir məna kəsb etmədiyini, onun yalnız fərdiyyətindən imtina edib müəyyən bir qrup daxilində sıra sayına çevriləndən sonra müəyyən çəki və əhəmiyyət qazana biləcəyini təsdiqləməyi xahiş edirdi. Həyatını həsr etdiyi bir amalın mötəbərliyini ölkəsinin rəsmən tanıdığı belə məqamlarda sənətkarın, insanı ixtisas, ticarət, gəlir vergisi, başqa meyar tapılmayanda isə müəyyən bir maliyyə şirkətinin siyahısına mənsubluğa görə təsis edilmiş qrupa salıb, onu nəinki məsuliyyət hissi, hətta fiziki ağrı və fanilikdən azad olmaq dərəcəsində fərdilikdən məhrum etmək məqsədi daşıyan kütləvi qruplara bölünmə, təşkilatlanma arzusuna boyun əymək məcburiyyətində qalması yetərincə kədərli deyil?

Faciə burasındadır ki, bu gün o, insani keyfiyyətlərini məhv etməyə yönəlmiş həmin kütləvi təzyiqə qarşı, sənətkar olmaq naminə mübarizə aparmaq, beləliklə, öz kiçik, lakin (söhbət əsl sənətkardan gedirsə) son dərəcə dəyərli fərdi qüvvəsinin bir hissəsini itirmək məcburiyyətindədir. Məncə, bu gün bütün gənc yazıçılar bu dilemma qarşısında qalıblar.

Zənnimcə, duyub-hiss etdiklərini dərhal yazıya köçürmək üçün yüksək sürət və səylə çalışan bütün yazıçılar özlərindən sonra gələn gənc yazıçıların əsərlərini oxumurlar. Bu, arxada qalanlarla maraqlanmağa vaxtı olmayan, yalnız özündən qabaqdakılara çatmağa can atan sprinterin – qısa məsafə yarışçısının vəziyyətini xatırladır. Eyni səbəbdən mən də uzun müddət müasir ədəbiyyatla maraqlanmamışam. İyirmi beş illik fasilədən sonra bu yaxınlarda gənc yazıçılarla tanış olmaq qərarına gəldim. Oxuduğum ilk hekayədən aldığım təəssüratın müntəzəm şəkildə təkrarlanması məni müasir ədəbiyyat haqqında ümumiləşdirmə aparmağa sövq edir: mədəniyyətimizin hazırki vəziyyəti gənc yazıçını insan irqinin vakuumunda fəaliyyət göstərmək məcburiyyətində qoyur. Bizi yaradıcılığa həvəsləndirən Çarlz Dikkens, Henri Fildinq, Uilyam Tekkerey, Cozef Konrad, Mark Tven, Tobias Smollett, Nataniel Hotorn, German Melvill, Henri Ceyms və başqa ustadların yaratdığı qəhrəmanlardan fərqli olaraq, müasir yazıçıların oxucularına təqdim etdikləri obrazlar insan təbiətinə xas həyəcan və iztirablar içində yaşamırlar: onlar sanki nəfəs almır, hərəkət etmir, mübarizə aparmırlar. Həyəcan və iztirab kimi sadə insani xüsusiyyətlərdən təkcə qidalanmayan, həm də həmin hisslərdən doğulan bədii qəhrəmanları yaratmış ustadların sayı həddən artıqdır. Varlıqları ilə insanların yenilməz və bitib-tükənməz nikbinliyini təsdiqləyən həmin qəhrəmanlar, hətta nifrət oyadan, cinayət işləyən, oğurluq, yaxud xəyanət edən zaman belə oxucularının özü qədər əlçatan və başadüşüləndirlər: həmin obrazları hərəkətə gətirən, hələ qruplaşma, təşkilatlanma məcburiyyətinin diktəsi ilə mürəkkəbləşməmiş ehtiras, qorxu, ümidlər bizə tanışdır. Onlar həmin həyəcan və iztirablara nəinki qorxmadan, hətta məmnuniyyətlə təslim olurdular: ən pis halda başları başqa bir insanın başı ilə toqquşa, ya da dirsəklərinin və ya dizlərinin dərisi sıyrıla bilərdi. Lakin dərini soyan dirsək də, diz də uzaqbaşı başqa bir insana məxsus olacaqdı. İnsanlar bucaqlara əsasən yox, qəbul edib-inandıqları əxlaqi prinsiplərin diktəsi ilə hərəkət edirdilər, çünki həqiqət baxış bucağından asılı olmayan, qəbul etmədiyiniz, yaxud hörmətlə yanaşmadığınız halda bütün varlığınızı sarsıda biləcək qüdrətə malik məfhum və ya keyfiyyət idi.

Müasir əsərlərin qəhrəmanları isə ayrıca fərd kimi yox, təcrid olunmuş halda yaşamalı, insan qəlbinin bitib-tükənməz ümid və iztirablarının ardınca qaçmaq əvəzinə, seçmədikləri, öhdəsindən gələ bilmədikləri, tərsinə çevrilmiş şərab qədəhinin içindəki milçək kimi qarşısında aciz qaldıqları faktlarla dolu boşluqda mövcud olmağa çalışmalıdırlar.

Təkrar edirəm: gənc yazıçıların bütün əsərlərini oxumamışam, buna hələ vaxt tapmamışam. Ona görə də yalnız oxuduqlarım haqqında danışa bilərəm. Devid Cerom Selincerin “Çovdarlıqda uçurumdan qoruyan” romanını oxuduqlarımın ən yaxşısı sayıram, bəlkə, ona görə ki, bu əsər demək istədiklərimi çox gözəl əks etdirir: gələcəyin yetkin kişisi, bəzilərindən daha ağıllı və çoxlarından həssas cavan bir oğlan, bəlkə də Allahın hökmü ilə insanları sevir, bəşəriyyətin bir parçasına çevrilmək, insanlara qoşulmaq istəyir, lakin buna müvəffəq ola bilmir. Məncə, onun faciəsi özünün düşündüyü kimi, insan cəmiyyətinə qəbul edilmək üçün kifayət qədər möhkəm, cəsur və layiqli olmamasında deyildi. Faciə burasında idi ki, Holdenin qoşulmaq istədiyi bəşəriyyət adlı məfhum artıq mövcud deyildi. Onun hay-küy salmaqdan, hiddətlənməkdən, yorulub təslim olana, yaxud öz vızıltısı özünü məhv edənədək şərab qədəhinin şüşə divarları arasında vızıldamaqdan başqa əlacı yox idi. Əlbəttə, dərhal gələcəyin başqa bir yetkin kişisi, gənc Heklberi Finn yada düşür. Lakin onun savaşı yalnız öz qısa boyuna qarşı mübarizə ilə məhdudlaşırdı və zaman özü Hekin bu yarasını sağaldacaqdı. Vaxt ötdükcə onun boyu da ayaqlaşmaq istədiyi insanların boyuna çatacaqdı. İnsanlar onu öz aralarına qəbul edəcəkdilər: təkcə onlar qədər böyümək qalırdı.

Məncə, gənc yazıçının qarşısındakı dilemma bundan ibarətdir. Təkcə onun yox, hamımızın vəzifəsi insanın axtalanmış ayğır, qaban, yaxud öküz kimi, ruhsuzlaşdırılmasına mane olmaqdır. İş-işdən keçmədən, insan adlı heyvanın insanlığı tamam yoxa çıxmamış bəşəriyyət simasızlıqdan xilas edilməlidir. İnsanlığın məhv olmaq təhlükəsi yaşamaq gücünü insandan alan sənətkardan çox kimi qorxuda bilər? İnsanlığı xilas etmək üçün yazıçı, şair və ya rəssamdan daha münasib bir kəs varmı?

(1) Duayt Devid Eyzenhauer (1890-1969) – ABŞ-ın 34-cü prezidenti (1953–1961)

# 1265 dəfə oxunub

Oxşar xəbərlər

Bəyaz fillər - Ernest Heminqueyin hekayəsi

Bəyaz fillər - Ernest Heminqueyin hekayəsi

11:49 6 oktyabr 2024
Sərçə - Samirə Əşrəfin hekayəsi

Sərçə - Samirə Əşrəfin hekayəsi

12:00 5 oktyabr 2024
Bu həm edamdır, həm də tamaşa... - "Qətl günü" romanından parça

Bu həm edamdır, həm də tamaşa... - "Qətl günü" romanından parça

19:00 4 oktyabr 2024
Sevgi şəhəri - Babək Məmmədlinin hekayəsi

Sevgi şəhəri - Babək Məmmədlinin hekayəsi

10:31 4 oktyabr 2024
Bitməyən həsrət - Hekayə

Bitməyən həsrət - Hekayə

17:55 3 oktyabr 2024
Evli kişini sevən qadın - Sülhiyyə Şirinovanın hekayəsi

Evli kişini sevən qadın - Sülhiyyə Şirinovanın hekayəsi

12:00 3 oktyabr 2024
# # #