Mən dənizi eşitdim – Vahid Qazidən yeni hekayə

Vahid Qazi, yazar

Vahid Qazi, yazar

6 aprel 2022
# 13:40

Kulis.az Vahid Qazinin “Mən dənizi eşitdim” adlı yeni hekayəsini təqdim edir.

“Gəlmə” hekayə silsiləsindən

Bəzən elə bilirsən, göyüzünü quşlara sən bağışlamısan. Çiçəklər də gün işığını sənə görə tanıyıb. Adamların üzündəki təbəssüm də səndən qopandı. Körpələr qığıltısını, uşaqlar gülüşünü səndən alıblar. Aşiqlərə də görüş yerini sən nişan vermisən. Amma yenə azlıq edir, doymursan, uzaqda, lap dünyanın o başında qalanlara da xoşbəxtliyindən pay göndərmək istəyirsən.

Bilirsənmi, adam bu hala haçan düşür? Əvvəllər heç vaxt duymadığı sevinc hissi yaşayanda! Köksündə xoş duyğular qaynaşanda məsudluğun üzünə çıxır – aləmə Xoşbəxtlik saçırsan.

Günəş də belədi – içində püskürən alov vulkanlarından aldığı işığıyla yayılır dünyaya.

Xoşbəxtlik yoluxucudur! Onu özündə saxlaya bilmirsən, mütləq başqalarıyla da bölüşürsən.

Xoşbəxtliyi paylaşmaq insanın vəzifəsidir! Günəş insanı bu missiya üçün yaradıb. Dini nağılları boş ver – başqa dünyaları, planetləri bilmirəm, dəqiq bildiyim odu ki, Yer üzünü, Yer üzündəki Diriliyi Günəş yaradıb. Buna inanmayanlar Günəş sistemindən köçüb getsinlər.

…Tanrını Günəşdən kənarda axtaran gündən başlayıb bəşərin faciəsi!

Günəşi burda – bu soyuq şimal ölkəsində sevmişəm. Əvvəl sevmişəm, sonra anlamışam. Anlamanın ilk şərtidi sevgi. Sevməsən anlaya bilməzsən.

Başqa bir günəşsevər də tanıyıram. Əlillər üçün ixtisaslaşdırılmış məktəbdə bizimlə oxuyan kor ərəbi deyirəm. Özü haqqında danışanda dodaqlarının hərəkətindən oxumuşdum dediklərini. Deyirdi ki, günəşi görməsə də duyur. Özü də isti Ərəbistanda yox, soyuq İsveçdə duymağa başlayıb onu. Qəribədi, elə deyilmi? “Qoy həmişə günəş olsun!” – tez-tez təkrarladığı sözdü bu.

Adamları dodaqlarının hərəkətiylə “eşidirəm”. Axı, mən karam!

Hərdən beynimi deşən uğultudan başqa heç nə eşitmirəm. O, kor ərəb günəş sevdalısı olduğu kimi mən də dəniz dəlisiyəm. Hər gün Baltik dənizinə dəyməsəm olmur. Qışda barmaqlarımla toxunuram ona, yayda lap soyunub özümü atıram ağuşuna – beləcə, onunla onu duyaraq dərdləşirəm. Heç kimə deyə bilmədiyim sözü ona danışmışam. Adamlardan fərqli olaraq, dəniz həmişə məni dinləyib. Bütün dediklərimə sonacan qulaq asıb. Təsəllim olub.

Dəniz məni anlayır. Anam anlayan kimi anlayır. Mən də anamla danışdığım kimi danışıram onunla. Dinləyir, sonra da sözünü ləpəsi, dalğasıyla deyir.

Yaxşı yadımdadır, ilk dəfə ona ürəyimi açanda, taleyimi danışanda şahə qalxmışdı dalğalarıyla. İnan, dalğası boyuma çatırdı. Həkim eşidəcəyimə qarantiya vermədiyini deyən gün də eynən küləkli, çovğunluydu hava. Mən də havalanmışdım. Sahilə qaçıb dənizə sığınmışdım. Hönkürüb ağlamışdım. “Neçə ölkə dolaşıb sonuncu ümidin arxasınca gəlmişəm. Mən eşitmək istəyirəm!” – demişdim.

O da eynən anam kimi söyləmişdi: “Qorxma, burdayam!” Dənizin dalğa dodaqlarından oxumuşdum bu sözləri.

***

On üç yaşımda uğursuz bir əməliyyatdan sonra qulaqlarım kar oldu. Atam az qalırdı həkimi öldürə. Şikayətin əhəmiyyəti yox idi. Arxası güclüydü həkimin.

O vaxtdan dünyanın bütün səsləri kəsildi. Yadımda qalan sonuncu səs anamınkıdı. Məni cərrah otağına ötürəndə “Qorxma, burdayam” – demişdi.

Bir daha eşitməyəcəyimi bildiyim o faciəli günün səhəri atamgillə dənizə getdik. Dənizi ilk gördüyüm gün idi. Xəzərin nəhəngliyi məni elə həyəcanlandırmışdı ki. Dəhşət idi e, ayrı heç nə yox idi, bir su idi, bir də suyun qurtaracağında göy üzü vardı.

İlk baxışdan aşiq olanlar kimi vuruldum Xəzərə. Sonralar atam hər dəfə məni Bakıya gətirəndə Xəzərə mütləq dəyərdim. Yayda suya girib dalğalarla güləşir, ləpələrlə pıçıldaşardım. Xəzər mənim ilk sevgilimdi. Nə məktəbimizin qızları sevgilim oldular mənim, nə qonşumuzun ayüzlü qızları yaxın durdular mənə. Xəzərsə baxmırdı karlığıma. Onu eşitmədiyimi bir dəfə də üzümə vurmadı. O anlarımda tək istəyim dənizin səsini eşitmək idi.

Kar olduğum günədək eşitdiyim hər səsi xatırlayıram. Küləyin də, yağışın da, quşların, heyvanların da. Bircə dənizdən savayı. Görən, dalğanın səsi nə cürdü, ləpələr necə pıçıldaşırlar!

Sonra səslərini heç vaxt eşitmədiyim başqa sevdiklərim də oldu.

Vaxtını almıram ki? Maraqlıdısa, davam edim!

Bir gün qonşu kəndə toya getmişdim. Orda bir qız gördüm. Deyirlər ey, ilk baxışdan aşıq olmaq filan, bax elə o cür oldu. Toyda günboyu neçə dəfə üz-üzə gəldim onunla. Baxışları hər dəfə nəzərlərimə ilişəndə bir anlıq donub qalırdı, sonra gülümsəyib keçirdi. Axıracan, bəytərifi qurtaranacan qaldım toyda.

Gecəyarı qayıdanda elə bilirdim ki, bütün dünya mənə baxır, ulduzlar da heç kimə yox, tək mənə göz atır, Ay da bircə mənə gülümsəyir, ta ayrı heç kimə.

Anladım ki, aşiq olmuşam!

Sonra min bir bəhanəylə o kəndə çox getdim; qapılarının ağzından keçdim, dayanacaqda yolunu gözlədim, məktub yazdım, cavab aldım. Bir gün sevgi etirafı da gəldi.

Sevgimizin məktublaşmadan söhbətə keçirməyinin vədəsi çatmışdı. Qorxurdum: kar olduğumu bilsə, o da üz döndərərmi, görən?

Günəşli bir gündə rayon mərkəzindən kəndə gedən avtobusda onu yanladım. Allanmış çöhrəsindən bir cüt göz əslində hər şeyi deyirdi. Mənimsə nəzərim onun gözlərində yox, dodaqlarında idi. Dodaqlarından oxuyurdum dediklərini. O an dünyanın nəbzi bu bir cüt dodaqda vururdu. Dodaq qırışlarının hər biri bir roman səhifəsiydi sanki, barmağımı toxundurub qırış-səhifələri çevirmək – oxumaq, oxumaq, yenə oxumaq istəyirdim. Elə sehrləmişdilər ki məni… O qırışları tək-tək sevər, hərəsiylə bir ömür yaşayardım. Avqust ənciri kimiydi o gün o dodaqlar. “Dər məni, dadıma bax” – deyirdi.

Qadınlar boyasız, çəhrayı dodaqların kişiləri dəli edən sehrindən xəbərsizdilər, bilsələr boyamazlar!

Avtobus kəndə yaxınlaşanda kar olduğumu, onun sözlərini eşitmədiyimi, yalnız dodaqlarının tərpənişindən anladığımı ona dedim. Susdu. Daha dodaqları tərpənmədi. Gözlərindəki günəş də söndü. Düşüb gedəndə o gözlərdən bir cüt yaş süzüldüyünü gördüm. İçim çilik-çilik oldu.

Amma hər son bir yeninin başlanğıcıdır!

Səhəri gün məni avtobusa minməyə qoymadı, ovcuma kağız basıb, “gəlmə, oxu” dedi, sonra qalxıb dünənki yerdə yox, arxa oturacaqda əyləşdi. Avtobus tərpənəndə çinarın altına çəkilib onun məktubunu oxudum. Həyatın bitdiyini zənn eləmişdim dünən, bu gün diriliyim təzə pöhrə verdi. Məktubunda kar olmağımın onun sevgisinə bir damcı belə təsir etməyəcəyini yazmışdı.

Sözünü tutdu. Evliliyimizin iyirmi ili arxada qalıb, bir dəfə də karlığımı üzümə vurmayıb. Əlacımın Avropada olduğunu öyrənəndə, köçüb vətəndən uzaq bir məmləkətə gələndə də məni tək qoymadı. Doğmalarını buraxıb mənimlə qürbətin bilinməyən yollarına çıxdı.

Qəriblik yağış qoxuyur, kədər rəngindədi. Amma bura gəldiyimiz gündən o qoymadı o yağışda islanam, o rəngə bürünəm. Məni ərindən çox, balası kimi sevdi.

Bilirsən, səs yaddaşımda otuz il qabaqkı kimi qalıb. On üç yaşımın səsiylə danışıram. Neçə nəfər deyib bunu. Deyirlər, lap şeiri də məktəbli kimi deyirəm. Görünür, özüm böyüyüb yaşlansam da, səsim uşaq qalıb.

Burda, bu qərib ölkədə anladım ki, Vətənin də səsini unutmuşam. Daha on üç yaşımdakı Vətən yoxdur. İndi vətəndə yad səslərlə danışırlar. Qorxulu gəlir o səslər mənə. Elə dünyanın da səsi dəyişib. Altyazılı filmlərdən, qəzetlərdə, kitablarda oxuduqlarımdan bilirəm bunu. İnsanlar indi sevgiyə, mərhəmətə köklənməyən səslərlə danışırlar.

Bəzən karlığıma sevinirəm. O qorxunc səsləri eşitmədiyimə görə sevinirəm. Elə bilirəm, o səsləri eşitsəm dəli olaram.

***

Salam, dəniz! Klinikadan gəlirəm. Bu gün, nəhayət ki, qulağıma aparat qoydular. Dünyanın 30 illik donu açıldı bu gün. İnanmazsan! Daha eşidirəm! Gəldim ki, sənə xəbər edim. Xoşbəxt üzümü də görəsən deyə ilk sənə qaçdım. Bu illər ərzində məni həmişə kədərli görmüsən. Bax, mən də xoşbəxt ola bilirəm! Gəl qucaqlayıb, bağrıma basım səni. Nəhəngliyinə baxma, bu anımda qollarım belinə dolanacaq qədər uzundu, ürəyim sənin sonsuzluğundan da böyükdü. Tək səni yox, bütün Yer üzünü qucaqlayaram. Yer üzü nədi, ulduzları, Ayı, Günəşi belə!

Bilirsən, necə oldu? Əvvəl qırıq-qırıq səslər gəldi. Radioda dalğa axtaranda qatma-qarış səslər olur e, bax bir növ elə. Uzaqdan xışıltılı səslər gəlirdi. Deyərdin bəs, əzik-üzük, süzülmüş, yırtılmış, cırılmış səslərdən bir orkestr düzəldiblər. Elə bilirdim səsi görürəm. Sonra yavaş-yavaş o səslər uzaqlaşdılar. Uzaqlaşan səslərin arasından həkimin səsi yaxınlaşmağa başladı. Onun ilk sözlərini kəsdirə bilmədim. Başa düşürsən, mən səsi yadırğamışdım, yenidən görəndə tanımadım. Otuz ildi səs eşitmirdim axı.

İndi səni də eşidirəm. Sənin nə gözəl səsin varmış. İnan, elə belə də bilirdim. Bu illər ərzində məni səbirlə dinləməyindən, dalğa dodaqlarından oxuduğum o təsəlli sözləri yalnız gözəl səslərlə ifadə etmək olar.

Bilirsən, gözəl sözlər mərhəmət dolu səslərlə söylənər. Qəzəbli səslə də xoş sözlər deyərsən. Sənin coşan çağlarında qəzəbli olur səsin yəqin ki. Amma heç bir halında sənin dalğa dodaqlarında nifrət sözləri oxumadım, ləpə nəfəsində kin duymadım.

Nə edəcəyimi bilmirəm indi. Həyəcanlıyam. Gəldim, mənə ürək-dirək verəsən. Evə dönməliyəm. Ürəyim özümdən qabaq qaçır evə. Xanımı, uşaqları bu gün klinikaya gəlməyə özüm qoymadım. Birdən alınmaz deyə. İndi onlara qaçıram.

Görən, xanımın səsi necədi? Bəs qızımın gülüşü? Oğlumun səsi yoğunlayıb yəqin, yekə kişidi, on beş yaşı var. Sevdiklərinin səsini eşitmək bilirsən necə xoşbəxtlikdi? Necə anladım sənə! Bax, elə zənn elə qulağın tutulub, eşitmirsən. Dalğaların qayalara dəyir, səsi dünyanı başına götürür, amma sən səssiz kinoya baxırsanmış kimi durub baxırsan. Heç öz balıqlarını da eşitmirsən. Axıb sənə tökülən çayların şırıltısına da lalsan. Və bir gün dəniz qulağın açılır. Və bir gün hər səsi eşidirsən!

Bax, o eşqlə qaçıram evə. Sabah yenə gələcəm. Sənə sevgilimin, balalarımın səsindən danışacam.

***

Salamat qal, Baltik dənizi!

Gəldim səninlə vidalaşam. Dünən səndən sonra evə getdim. Qasırğa sonrakı günəşli sabahın açılır e sənin, bax bu sabahım elə açıldı. İçimdə təlatümlə yatdım gecəni. Səni, məni xoşbəxt edən bu qürbət ölkəni tərk etməyin qərarını vermək çətin oldu. Dolaşıq fikirlərin, qarışıq duyğuların düyünü sabahın günəş şəfəqləriylə açıldı.

Vətən güc gəldi. Qayıtmağa qərar verdim.

Gəldim, vidalaşım. Sən çox doğmasan, ana qoynu kimi açıldın mənə. Ən ağır günlərimin sirdaşısan. Amma Xəzərə dönməliyəm. Vətən hissi Günəşin yaratdığı bütün duyğuların ən ülvisidi. Xəzəri eşitmək üçün vətənə dönməliyəm.

Heç təsəvvür edirsən, xanımım necə incə səslə danışırmış! Sənin qumlu sahillə pıçıldaşan ləpələrin var e, eynən o səslə. İlahi, iyirmi ildi bu səslə sevilməyin bəxtiyarlığını yaşayıbmışam, xəbərim olmayıb. Hələ balalarımın səsini demirəm…

…Dənizi eşitdim, Günəş! Bir sən qaldın. Bir gün Sənə də gələcəm, səsini eşitmək üçün. Hələ Yerdə işlərim var.

Oktyabr 2019

Helsinqborq, İsveç

# 2359 dəfə oxunub

Oxşar xəbərlər

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

11:24 22 noyabr 2024
İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

15:00 17 noyabr 2024
Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

13:05 16 noyabr 2024
# # #