Məhəllə - Zaman Piriyevin hekayəsi

Məhəllə - Zaman Piriyevin hekayəsi
28 fevral 2023
# 09:00

Kulis.az “Hekayə müzakirsi” layihəsində Zaman Piriyevin "Məhəllə" hekayəsini təqdim edir.

Məhəllə qəribə yerdir. Səssizcə dayanıb bircə saat baxmaq bəsdir ki, kimin nə işlə məşğul olduğunu, necə dolandığını, kimin xoşbəxt, kimin bədbəxt olmasını görəsən. Səhər tezdən qatıq satanların səs-küyünün işsizlikdən günortaya qədər yatan qonşuları narahat etməsi və alt mərtəbədəki qonşu kişinin hər dəfə eyvana çıxıb onları qovması ayrı bir aləmdir. Uşaqlarını məktəbə aparan cavan anaların hər on metrdən bir ayaq saxlayıb pıçı-pıçı söhbətlərindən tutmuş, zibil qutularını böyük bir ümidlə qarışdıran yaşlı kişinin tapdığı çörəyi beton plitələrin üstündə qarnını günə verən itlə yarıya bölməsinə qədər hər şey, bu məhəllənin başqalarından fərqlənmədiyini göstərir. Hə bir də, bu binaya köçəndən bəri hər gün gördüyüm yaşlı arvad da var. Həmişə eyni vaxtda gəlir. Qarajların arxasında gizlətdiyi balaca stolu gətirir, üstünə günəbaxan tumlarını düzür, axşama qədər nə sata bilirsə, satır, hava qaralmamış yenə də stolunu qarajların arxasında gizlədib yoxa çıxır. Deyəsən çox uzaqda qalmır. Dərdli adama oxşayır. Artıq adət etmişəm, hər gün işdən gələndə mütləq ondan bir-iki paket günəbaxan tumu alıb, hal-əhval edirəm. Artıq pul götürməz, amma xırda pul qalanda zorla da olsa, stolun üstünə qoyub gedirəm. Sonra bir neçə dəfə gördüm ki, məhlədən keçən uşaqlara günəbaxan tumu verir. Halal adamdır.

Şəhər həyatı dəniz kimidir. Balaca balıqlar sahilə yaxın yerlərdə üzürlər. Böyük, yırtıcı balıqlara yem olmamaq üçün dənizin ortasına getməyə cürət eləmirlər. Sahildə yem tapmaq çətin də olsa, qorxusuzdur. Bəlkə bu məhəllə sakinlərini də şəhərin ucqarına gətirib çıxardan elə budur. Şəhərin mərkəzində tamam başqa həyat olduğu halda, bura belə deyil. Hərdən mənə elə gəlir ki, mərkəzdə yaşayan insanlar xoşbəxt görünməyə məcburdurlar. Yoxsa xoşbəxtlik adlı bu simfonik musiqinin içərisində xaric səs dərhal hiss edilər, dirijor çubuğu ilə həmin şəxsi hədələyər. Amma məhəllə belə deyil. Burda harmoniyadan əsər-əlamət yoxdur. Kim nə cür bacarır, o cür də yaşayır. Hətta deyərdim ki, burda payız daha tez hiss olunur. Ağacların yarpaqlarının saralmağından tutmuş, adamların qalın paltarlarına qədər, hər şey məhəlləni payıza doğru qovur.

Hər gün maşını eyni yerdə, binanın qarşısında saxlayıram. Gələcəyim vaxtı səbirsizliklə gözləyən Aqil və Adil hər gün vaxtından qabaq dayanacaqda hazır olurlar. Bu arada onlar mənim uzun illərdən sonra doğulmuş iki oğlumdur. Keçən il maşını alanda onlar sevindiklərindən az qala uçurdular. O gündən bəri hər gün ən azı bir saat maşının içində oynayır, uşaqlığın dadını çıxarırdılar. Mən eyvandan onlara baxıb həmişə qəribə hisslərlə keçmişi qurdalayırdım. Bizdən aşağı mərtəbədə yaşayan ailə həm kasıb, həm də səs-küylüdürlər. Tez-tez nəyəsə görə dava-dalaş edirlər. Bir uşaqları var. Bizim uşaqlarla eyni yaşda olar. Arvad deyinir, kişi qışqırır, kişi deyinir, arvad qışqırır. Bu dava-dalaşdan bezmiş uşağın ağlaması mənə pis təsir edir. Bu heç də xoş deyil. Amma neyləyəsən?! Deyəsən qadın müəllimədir, bəlkə də bağçada işləyir. Bir dəfə Nailə demişdi ki, altdakı qonşu bağçada işləyir, əri bivec, tüfeylinin biridir. Ailəni bağçadan qoltuğunda gətirdiyi ayın-oyunla dolandırır. Heç vaxt qonşularla münasibət qurmur. Nailə həyat yoldaşımdır. On səkkiz ildir evliyik. Çətin günlər keçirmişik. Kirayə evlər, uşağımızın olmaması ucbatından həkimlərin qəbulunda itirdiyimiz ümidsiz günlər bizi nə qədər yorsa da, amma bir o qədər də bir-birimizə daha sıx bağlayıb. Aqil doğulanda Nailənin böyük bir ayıbdan təmizə çıxırmış kimi ağlamasını heç vaxt unuda bilmirəm. Övladımız olmadığı üçün içimdə çəkdiyim iztirabı büruzə verməməyə çalışırdım. Ona qayğı göstərərkən belə, bunu elə edirdim ki, o hiss etməsin ki, bütün bunları onun könlünü ovutmaq üçün edirəm. Çünki hədsiz nəzakət hisslərimi ələ verə bilərdi. Amma o, yenə də özünü günahkar bilirdi. Məhz buna görə, sevincimdən dəli olmaq dərəcəsinə çatsam da, təmkinli olmağa çalışırdım. İkinci oğlum doğulanda ilk sevincimin də dadını çıxarmışdım. Elə bil bütün düyünlər bu uşaqların doğulması ilə çözülməyə başladı. Ev, sonra maşın aldım. İşlərim də yoluna düşdü. Hər yay məzuniyyətimi doğulduğum kənddə keçirmək mənə bir ayrı ləzzət verirdi. Uşaqlığımın keçdiyi yerləri övladlarıma göstərəndə, onların xoşbəxt baxışlarının keçmişdə mənim kədərli üzümü görməmələri üçün qibtə etdiyim həmyaşıdlarımın xoşbəxt və qayğısız həyatını öz xatirəm kimi danışırdım. Axı mən onların qəhrəmanı idim. Sonra isə uzun müddət keçmişi mühakimə edir, nəticələr çıxarır və bu kitabın onların gözünə görünməməsi üçün ehtiyatla üstünü örtürdüm.

Qabaqdakı maşına siqnal verib öz yerimdə maşınımı saxlamaq üçün işarə etdim. Budur, onlar oğru pişiklər kimi maşının ətrafında gözləyirlər.

- Aqil, maşını qurdalamayın, oldu?

- Yaxşı, ata!

Qıraqda qonşunun oğlu da hərisliklə maşına baxır. Saçlarını tumarlayıram.

- Necəsən, balaca?

- Yaxşıyam.

Soyuq, bir az da kədərli üzü var. Amma iri alnı onu yaşından böyük göstərir. Bəlkə elə buna görə balaca sözündən xoşlanmadığını hiss edirəm.

- Sənəm xala, salam. Necəsən?

- Salam, ay oğul. Şükür bu günümüzə. Sən necəsən?

- Hər şey yaxşıdır. İki paket tum ver.

Stolun üstünə bir manat qoyuram. Xırda pul axtarır.

- Lazım deyil. Qoy qalsın.

- Ay oğul, hər gün belə edirsən. Olmaz axı.

- Heç nə olmaz. Elə də böyük bir şey deyil.

Kartof qızartmasının iyi məhəlləni bürüyüb. Deyəsən, qonşumuz axşama hazırlıq görür. Evə qalxıram.

- Nailə, nə bişirmisən? Acından ölürəm.

- Salamın harda qaldı?!

- Qonşu kartof qızardırır, deyəsən. İyi məni elə vurdu ki, acıdım, salam da yaddan çıxdı.

- Yəqin bağçadan gətirib.

- Elə demə. Nə bilmək olar.

- Yenə tum almısan? Ev doludur, neynirsən bu qədər tumu.

- Heç nə olmaz, kəndə gedəndə apararıq.

- Kartof qızardım sənin üçün? Uşaqların da xoşu gəlir.

- Bəh, bəh, əla iş görmüş olarsan.

İliklərimdəki aclığı hiss edirəm. Elə bil lap uzaqlardan əsən meh anamın ətrini gətirir. Bir az asi, bir az küskün üzü eyvanın pəncərəsindən içəri boylanır. Həyətə baxıram. Uşaqlar maşının içində danışıb gülürlər. Bayaqkı uşaq əlində günəbaxan tumu çırtlaya-çırtlaya maşına minmək istəyir. Lakin Aqil qapıları bağlayıb deyə heç cür aça bilmir. Deyəsən Adil ona dil çıxardır. Uşaq bir az pərt, bir az da acıqlı halda içini çəkib doluxsunur.

- Nolsun ki, mənim atam da maşın alacaq, onda mən də sizi

qoymayacam maşına.

Dediyi sözə özü də inanmadığı üçün ağlayır. Mübhəm bir yalan üzərində qurulmuş təsəlli səni nə vaxta qədər kiridə bilər ki?!

Çiyinlərini ata-ata dediyi sözlər sərt şillə kimi üzümə dəydikcə, keçmişdə gizlətdiyim kədərli üzüm qıpqırmızı olur. İlahi! Bu körpə çiyinlərə yüklənmiş kədər necə də mənə tanışdır! Elə bil çiynindəki yükü atmağa çalışır, amma hər dəfə yük daha sərt, daha ağır şəkildə onu əzir. Bu vaxt anasının acıqlı səsi yüklə birlikdə onu evə sürüyür.

- Əli, gəl evə. Deməmişəm məhəllədə heç kiminlə oynama.

Uşaq evə girən kimi səs-küy qalxır.

- Sən axşamacan yat evdə, dünya vecinə olmasın, uşaq da gedib ona-buna köks ötürsün.

Pəncərədən günəbaxan tumunu elə tolazlayır ki, Sənəm xala diksinir.

- Mən neynim, xarabada iş yoxdur. Elə bilirsən kefimdən çıxmıram evdən? Utanıram evə əliboş gəlməyə.

- Səndə utanan sifət olsaydı, özünü çoxdan asmışdın. Ay Allah! Mən başıma haranın külünü töküm. Bezmişəm belə yaşamaqdan.

- Ağ günə çıxarsan, əlinə də xına qoyarsan.

Yerimdə donub qalmışam. Beynimdə illərin arxasından əsən soyuq külək cövlan edir. İçi su ilə dolmuş ayaqqabılarımın səsi həyatım boyu məni izləyən qəmli musiqinin ritmi kimi qulaqlarımı deşir.

...lırçıt...lırçıt...lırçıt...

Maşının içində illərlə içimdə böyütdüyüm arzularım, xəyallarım, həsədlə baxdığım velosipedlər, məktəb bufetinin qabağında boş qalan növbə yerim, hamısı bir-birinə qarışıb. Bir maşının içinə nə qədər şey sığarmış!? İçəri girmək istəsəm də, Aqil qapını bağlayıb, Adil isə mənə dil çıxardır. Məni o dünyaya qəbul etmirlər. Sənəm xala stolunu qarajların arxasında gizlədib gözdən itir. Deyəsən o da bu dünyada yad olduğunu başa düşür. Qonşunun arvadının səsi o dünyadan məni ittiham edir. Məni uğursuz, kədərli keçmişimə xəyanət etməkdə günahlandırır.

"Sən kartof qızartmasına dünyanın ən ləzzətli yeməyi kimi baxan bir zavallısan" – deyir.

"Mən sənin nimdaş köynəyini, ikinci sinif iyini, içi su ilə dolmuş ayaqqabılarının eybəcər səsini duyuram" – deyir.

"Ütülənmiş həyatının alt qatındakı qırışları gizlədə bilməzsən məndən" – deyir.

Bunlar illərlə özümə belə etiraf etməyə qorxduğum sözlərdir. Uşaqlığımın içimdəki qaysaqlanmış yarasıdır. Təsadüfi bir toxunuşdan qaynayan gözü tutulmuş kor bulaqdır.

İçkili halda evdə dava salan atama baxa bilməyin qorxusu canıma o vaxtdan elə hopub ki, titrəyirəm. Əlinin əvəzinə də titrəyirəm. Eh zavallı uşaq! Axı sənin nə yaşın var ki, bu qədər yükü çiynində daşıyasan?! Çətinliklər insanı böyüdür ki, ayaqların yerdə möhkəmlənəndə çəkdiyin acıların böyüklüyünü anlayasan. Geriyə dönüb baxsan, oradaca düşərsən, sınarsan. Hələ Allah bilir nələr görəcəksən.

- Aqil, Adil! Qalxın evə. Bəsdir daha oynadığınız.

Nailənin səsi məni acgöz, yırtıcı keçmişin ağzından alıb xilas edir.

- Noldu, niyə qızarmısan?

- Heç nə. Deyəsən soyuqlamışam. Canıma üşütmə gəlir.

- Bayaqdan eyvanda dayanmısan. Havalar soyuyur yavaş yavaş-yavaş. Keç içəri, sənə isti çay verim. Sabah bazar günüdür, yatıb dincələrsən.

Polis maşının səsinə yerimdən dik atılıram. Həyətdə hay-küy, ağlaş səsləri bir-birinə qarışıb. Tez eyvandan aşağı baxıram. Qonşu özünü həyətdəki ağacdan asıb. Ayağının altına qoyduğu stol, Sənəm xalanın balaca stoludur. Gözlərim Əlini axtarır. Başına-gözünə çırpan anasının arxasında gizlənib sakitcə ağlayır.

... Qatıq var, qat...

Qatıq satan kişinin əlindən qatıq balonları yerə düşüb sınır.

# 1133 dəfə oxunub

Oxşar xəbərlər

Mənim xalam qızı - Jalə İsmayılın hekayəsi

Mənim xalam qızı - Jalə İsmayılın hekayəsi

15:30 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
Yol - Rüstəm Dastanoğlunun hekayəsi

Yol - Rüstəm Dastanoğlunun hekayəsi

17:30 22 aprel 2024
Sağlıq – Kamal Abdullanın hekayəsi

Sağlıq – Kamal Abdullanın hekayəsi

09:00 22 aprel 2024
Torpağın ruhu - Rüstəm Dastanoğlunun hekayəsi

Torpağın ruhu - Rüstəm Dastanoğlunun hekayəsi

14:00 19 aprel 2024
4-cü cild - Mehriban Vəzirin hekayəsi

4-cü cild - Mehriban Vəzirin hekayəsi

09:00 19 aprel 2024
#
#
# # #