Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Mədət Quliyevin “Kuryer” hekayəsini təqdim edir.
Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.
Oktyabr ayının biri, saat təxminən beş-altı radələri idi. Vahid qulağında qulaqcıq, Flora Kərimovanın "Eşqimə şahid zaman" mahnısını replay edib, təkrar-təkrar qulaq asırdı. Və artıq əlli dəqiqə olardı ki, kuryeri gözləyirdi. Hirsini yuyub aparan musiqi isə bir saatın tamamında onun zəhrimar sifət almasına mane ola bilməmişdi. Mədəsinin səsi artıq musiqinin də səsini ötüb keçirdi. Üstəlik toplu cəmiyyət və yanından səmimiyyətsiz və qaqqıltı dolu gülüşlərin hərəkəti onun səbrini daha daşırdırdı. Odur ki, özünə söz verdi. 10 nəfər zövqlü geyinmiş qızı görsəm, çıxıb gedəcəm. Zövqünün çətinliyini nəzərə alaraq bunun xeyli vaxt aparacağını düşündü. Həm də gözləməyin əyləncəsini çıxarırdı. Ötüb keçən otuz dəqiqə içərisində artıq doqquz zövqlü geyinən qız yanından ötüb keçmişdi. Sonuncu qalırdı, kuryer beş dəqiqəyə ordayam desə də, o, onuncu zövqlü qızı görüb gedəcəyinə söz verdiyi üçün vədinə əməl edəcəkdir. Baxmayaraq ki, V.Hüqonun kitabı onun üçün çox böyük əhəmiyyət kəsb edirdi. Çünki bir həftə sonra atasının ad günü idi. Keçən dəfə söhbət əsnasında kitabları müzakirə edərkən, atası içdən gələn yanğı ilə Hüqodan söz açmış, onun Səfillər əsərini oxuyarkən məktəbli olduğundan əsəri tam qavraya bilmədiyini dilə gətirirdi. Hey də heyifsilənərək məktəb illərinin xatirələrinə həsəd aparırdı. Elə Vahidin də gözləmə səbəbi məhz bu idi. Çünki Vahid elə də səbirli deyildi. Gözləməyi də heç sevmirdi, hərçənd ki, özü daima əbədi bir rahatlıqla heç yerə tələsmirdi. Nə vaxtından əvvəl, nə də vaxtında deyilən məkana çatmırdı. Həmişə gecikirdi, bu dəfə isə gecikdirilirdi. Amma səbir kasasının son həddi artıq daşmaq üzrə idi. Ona görə də özünə söz verdiyi kimi onuncu zövqlü qızı görüb gedəcəkdi. Anidənsə, Vahid üçün zaman öz sayıqlığını itirdi, onuncu zövqlü qız və zövqlü geyimindən əlavə içində qəribə bir titrəyiş. Bir neçə saniyə onu qıraqdan süzüb qəfil Dərnəgülə gedən qatara tərəfə yönəldi. İti addımlarla ağlında qalan o səhnəni yenidən beynində canlandırmaq istəyirdi. Qatarın gəldiyini görüb sürətli addımlarla özü də bilmədən özünü kütlənin içinə atmaq istəyirdi. Amma qəfildən qolundan "bir Müşfiq şeiri kimi zərif əl" ondan yapışdı. Bu həmin onuncu ən zövqlü qız və onu gözlədən kuryer idi. Gecikdiyi üçün qızarmış yanaqları ilə utana-utana Səmazən dəfələrlə üzr istədi. Gənclər yenidən SOS-un yanına qayıdıb, kitab alış-verişi etdi. Hər zaman dil-dil ötən Vahid, artıq beynindəki sözlərin dolaşığına düşüb, çox çətinliklə də olsa, siz məni necə tanıdız, deyə sual verdi? Səmazən çöhrəsində ani bir təbəssümlə SOS-un yanında sizdən başqa heç kim yox idi, deyərək, bir daha üzr istədi. Bu sözləri eşitdikdən sonra Vahid qəribə bir halda, səbəbini bilmədən gülüşlərə qərq oldu. Elə bil ki, bayaqdan mərdi-məzar sifəti alan bu deyildi. Bu gülüşün verdiyi cəsarətlə Səmazəndən hansı tərəfə gedəcəyini soruşdu. Bu qəribə davranış Səmazəni təəccübləndirsə də, o da Vahiddən aldığı enerji ilə sanki göylərdə pərvazlanırdı. Yollarının eyni olduğunu gördükdən sonra isə gənclər bir yerdə getməyə qərar verdilər. Onların birlikdə altı stansiyalıq yolu var idi. Vahid öz içində utancaqlığı ilə vuruşub, söhbət açmağa çalışırdı ki, artıq son üç stansiya qalmışdı. Bu susqunluğu isə Səmazən hansı tipli kitabları oxuyursan deyərək pozdu. Son üç stansiya intervalında bu söhbət filmlər və musiqilərə qədər getdi. Sonda Səmazən ona ömrünün sonuna qədər dinləyə biləcəyin yalnız bir mahnı olsa, o hansı olar dedi. Anidən Vahidin içindən doğan bir səmimiyyətlə qulaqlığı Səmazənə verdi. - Oxuyur: Flora Kərimova – “Eşqimə şahid zaman”. Bununla da artıq gənclər ayrılma nöqtəsinə çatdılar. Amma onlar nə vaxt bir olmuşdular ki? Üzlərində bir təbəssümlə Vahid qatardan düşdü və zaman dondu. Beş dəqiqədə yerində sükut etdikdən sonra yanından ötüb keçən 60 yaşlarında bir dayı, ay bala, yolun ortasında nə durmusan? - deyib, sovetin vaxtını tərifləyə-tərifləyə getdi. Bu hadisə bir şillə kimi Vahidi yuxudan ayıltdı. Vahid hal-hazırda nə etdiyini anlaya bilmirdi. Metro "Sakit okean" , onun dayandığı yer isə "Mariana çökəkliyi" idi. Millət olaraq, nə qədər köməkpərəst olsaq da, Vahidin özündən başqa heç kim onu o çökəklikdən xilas etməyəcəkdir. Ya bu dərinliklərdə boğulmağa məhkum olacaqdır, ya da ən dibdən zirvəyə qalxacaqdır. Həyat elə əsl mənasında budur. Vahid bütün cəsarətini toplayıb, yenidən qatara minib, içində bir ümidlə Səmazənin orda olacağını təsəvvür edirdi. Sevgi bir enerjidir, Vahid də əmin idi, Səmazəndə də ona qarşı enerji var. Bu fikirləri beynində çəlik-çevir edə-edə, qatar dayanan kimi bir acgözlüklə, ümid şöləsi saçan gözləri ilə Səmazəni axtarmağa çalışdı. Üzünü sola çevirdikdə isə Səmazənin gözlərində öz əksini gördü. Hekayənin davamını isə sizin beyin məhsulunuz necə istehsal etsə, eləcə də təsəvvür edə bilərsiz. Hekayəni bitirməməyin səbəbi isə xoşbəxt sonluqlar olarkən hekəyalərlə birlikdə obrazların da varlığı bitir. Biz isə Vahid və Səmazəni öz iyrənc dünyamızda uzaq tutub, daim yaşatmaq üçün hekayəni yarım bitiririk.