Kürün itkin suları - Azad Qaradərəlinin yeni hekayəsi

Kürün itkin suları - Azad Qaradərəlinin yeni hekayəsi
2 oktyabr 2024
# 12:00

Kulis.az Azad Qaradərəlinin "Kürün itkin suları" adlı yeni hekayəsini təqdim edir.

Adı gözəl Aida xanıma

Astan doğulanda gecə ay tutulmuş, hər yan zülmətə bələnmişdi.

Tərslikdən kənddə işıqlar da sönmüş, mamaça hisli lampa işığında tərs gələn uşağın ayağını nə təhər dartmışdısa, basıb qıçını topuqdan qırmışdı. Bunlar cəhənnəmə, gənc ana da çəkdiyi ağrılara dözə bilməmiş, ürəyi dayanmışdı...

***

Ata bəduğur oğulun üzünə də baxmamış, gənc arvadının ili çıxmamış qonşu kənddən cavan qız almış, köçüb ora getmişdi.

Astan isə ana nənəsinin umuduna qalmışdı. Yazıq Gülan arvad uşağı ara həkiminə, kəndin sahə həkiminə göstərsə də, sınıq ayağa çarə edən olmamış, əyri bitdiyi üçün uşaq taytıya-taytıya qalmışdı.

Əvvəl adına Taytaq Astan desələr də, bir az böyüyən kimi nədənsə taytaq ayaması adamların ürəyinə yatmadı, dəyişib daha amansızını qoydular: oldu Çolaq Astan.

***

Astan məktəbə gedəndə, hərf-zad tanıyan kimi anladı ki, onun həyatında hər şey əvvəldən tərs gəlib. Oxuduğu kitablarda Astan adına rast gəlmədi. Hər yerdə Aslan yazılırdı. Təkcə onların kəndində Astan, atasının köçüb getdiyi kənddə isə Əslan deyirdilər.

Astanın həyatda bütün itkilərini əvəz edəcək tək bir adam vardı – ana nənəsi Gülan arvad. O bu kəndin başbiləni, dilbiləni, söz-bez adamıydı. Əsli-nəsli olan bu qadının atasını, əmisini 38-də tutmuşdular qolçomaq kimi. Kişilər o gedən getmiş, it-bata düşmüşdülər. Qardaşları Aslanla Xostan rus-alman müharibəsində itkin düşmüşdülər. İtkinlik bu ailənin damğasıydı.

Elə o gündən Gülan arvad itən inəyini, qoyun-keçisini axtarmazdı – bizim itiyimiz tapılmaz deyərdi...

Amma qarının ən böyük itiyi yeganə qızının uşaq üstə ölməsi idi ki, bütün itiklərinə dözsə də, buna dözmür, odsuz-ocaqsız yanırdı... Elə yana-yan da Astana körpəlikdə layla çalanda, bir az böyüyəndə oxşama deyəndə göz yaşı qatardı deyiminə:

Laylay itiyim laylay

Kəsik kötüyüm laylay.

Tüfəyim qırxa düşüb,

Yoxca tətiyim laylay...

Astan nənəsini çox istəsə də, bir gün hirslə tutdu yaxasından, ağlaya-ağlaya dedi:

- Sən camahatın uşağın tutursan, gəlinlərin belin çəkirsən, adıa ara həkimi deyillər, bəs niyə məni özün tutmadın, həm anam öldü, həm də çolaq doğuldum?! Niyə?!

Qarının nurdan düşən gözünə qan sızdı, əsən əli lap əsməcəli oldu, yüyrək dili topuq çaldı, əl atıb qırtışmış-qırışmış döşlərini dırnaqladı, sinəsini al-qan elədi, dedi, nə dedi:

- Ədə, bala, qaydadı, hələm-hələm doxturrar öz balasını aperasiya eləyəmməz, mən də eliyəmmədim, qorxdum əlim əsər, gözüm görməz, şıtqım sınar... Sındı onsuz... Əlim quruyeydi, dilim tutuleydi, gözüm töküleydi... Mən nə bilim, ay Astan?! Mənim itiyim geri gəlməz, a bala!

Qarı qanlı əllərini qoynundan çıxardıb başına döyüncə oğlanın ürəyi atlandı, əl atıb qarının qolundan tutdu, özünə tərəf çəkib bağrına basdı, nənə-bala ağlaşdılar...

Və oğlan birdən geri dartınıb illərcə ürəyinə yığılan, ayağındakı topal boyda ürəyində şiş yaradan sualı verdi:

- Bə adımı niyə Aslan yox, Astan qoymusan?! Məktəbdə məə lağ eliyillər axı...

- Pox yeyillər, işiyim onnarın yaltax-yalax dədələrinin goruna! Onnar dəyildimi dədəmnən əmimi gedər-gəlməzə göndərən?! Onnar dəyildimi sarı kinə içib sarılıx adıynan davadan yayınan ki, mənim Xostanımnan Astanımın cütünün birdən getməsinə bayıs olannar... Xostan Karyagində* oxumuşdu, müyəllimiydi, Astan Kirabadda** oxumuşdu, baş ağronomuydu... İtdilər, getdilər... Mənim itiyim geri gəlməz, a Astan, nə bada sən itmə, yoxsa yurdum kor qalar...

***

Sol ayağı topuqdan burulub sağa dönmüş, üstəlik, topuğu sınıb topallamışdı ki, bu da yeriyəndə oğlana mane olur, addım atmasını çətinləşdirirdi. Doqquzda oxuyanda hərbi komissarlığa çağrılanda ayağına baxan həkim heyfsilənmişdi: “Yazıq uşağı bədbəxt eliyiblər... Hələ indi də gec deyil, sındırıb, təzədən gipsə salmaq olar... Kimin var, a bala?”

Oğlan göz yaşlarını tuta bilməmiş, ağlamışdı: “Bir nənəm var... Kimim, kimsəm yoxdu...”

Və bu əhvalatı nənəsinə danışanda o da kənd feldşerinin yanına qaçmış, yalvarmışdı ki, ona kömək eləsin, bir ünvan versin ki, gedib nəvəsinin dərdinə çarə elətdirsin.

Feldşer başını bulamışdı. “Ay arvad, bu çox bahalı əməliyyatdır... Bit at yükü pul-para lazımdı ona. Gərək gədəni Bakiyə aparasan. Konsilim eliyələr. Sındıralar. Gipsə salalar... Bilirsən, nəxəntana pul lazımdı ona?! Get, otur, başıı sal aşağı, uşağ oxut, bir sənət sahibi olsun, onnansa...”

***

Astan yaxşı oxuyurdu. Sinfin əlaçısıydı. Onu da kənddə söz eləmişdilər. “Əşi, day oxumuyub neyniyəcəy? Yarı yox, yaraşığı yox, qıçı yox, qaçmağı yox, adıbəlli Çolax Astandı dənə... O oxumasın, kim oxusun?!”

Astanın orta məktəbi bitirməsi test imtahanının təzə çıxan vaxtlarına düşdü və elə ilk imtahandaca qəbul olsa da, onu həkimliyə məsləhət bilmədilər. Həkim gərək qaçan-tutan, asan-kəsən olsun, Astanın isə bir ayağı yox kimi idi. Ondansa müəllim olması məsləhət idi. Və Astan kimya-biologiya müəllimiyinə qəbul olundu.

O ilin sentyabrında yazıq Gülan arvadın qırışığı açılmış, adına yaraşan iş tutmuş, bir çəpiş qurban kəsib qonum-qonşuya paylatmış, imamların qırxında halva çalacağına, şərbət paylayacağına söz vermişdi...

Gülan qarının illər sonra üzü gülmüş, gözü açılmışdı...

***

Astanın bir illəti də vardı. İçindən gələn bu illət onu o biri adamlar kimi yaşamağa qoymurdu. Söz cildində bir canavara dönüb içini gəmirir, qafiyəli, qafiyəsiz şeirə dönür, “yaz məni” deyirdi. O da bir “obşi dəftərə” sığan qədər bu “canavarları” yazmış, ali məktəbə girəndən sonra dərslərinin çoxluğundan bunların başını buraxmışdı. “Qanımdan çıxan sözlər” adlı o “obşi dəftər” də ona bir dərd olmuşdu. Ha istəmişdi yandıra, əli gəlməmişdi. Axı o sözlər onun “qanından çıxmışdı”.

Bir gün institutlarında bir şairlə görüş keçirildi. Şair yaxşı şair idi bu bir, ikincisi də onların tərəfindən – Kür boyundan idi. Görüş sonrası seminar müəllimi olan Süsən xanım onun dəftərini aparıb şairə verdi və xahiş etdi ki, bu dəftərə baxar, xoşu gəlsə, Astana kömək edər, yox, gəlməsə, atar dəftəri.

Düz üç gün sonra dekanları onu yanına çağırıb dedi: “Şair sənin şeirlərini bəyənib, hətta “Ulduz”a verib, yaxınlarda çıxacaq. Bu da ünvanı, get, görüş, səni gözləyir”.

Utana-utana getdi o şairlə görüşə. Kişinin onun hansı şeirlərini tərifləməsindən anladı ki, şeirlərdən çox, onun əlil olması şairə təsir edib. Çünki bir o qədər şeirin içərisində ən çox bunu bəyənmişdi:

İtiyimiz ələ gəlməz,

Ölənimiz ölə bilməz,

Bu nə sirdi, allahım,

Gülənim gülə bilməz...

Sonra “Ulduz”da onun beş şeiri çıxdı. Bütün institut ondan danışırdı.

Bir gün şair onu evinə çağırdı və...

Eynən Astan kimi yeriyəndə bir ayağını güclə sürüyən qızı ilə tanış etdi.

O gecə səhərəcən yata bilmədi Astan. Bu nə taledir? Niyə məhz o şair institutlarına görüşə gəlməli idi? Niyə onun şeirlərini bəyənməli idi? Niyə onu evinə dəvət etməliydi? Niyə onun qızı da?..

Və şairgilə ayaq açdı. Kişinin dəvəti ilə o evdəki əksər tədbirlərdə iştirak etdi.

Hətta şair qızara-qızara oan çatızmışdı: “Adətən, bizlərdə atalar qızlarına oğlan axtarmazlar, amma mən məcburam... Sən mənim xoşuma gəlirsən. Əgər uyğun bilsən, Gülərlə evlənərsiniz. Mənim nəyim var, sizə qalacaq. Təki öləndə Gülərdən arxayın olum... Əgər... Razı olsan, rayona gedəndə nənənlə də danışarsan... Sonrasını mən həll edərəm... Sizə ayrıca ev də alaram...”

Nənəsi daş atıb başını tutmuşdu. “Nə danışdığındı, a bala?! Səə yıxılıb duran, qaçan-yüyürən qız lazımdı ki, yıxılanda qolunnan qapa. Səə doğan, gətirən, sağan, sığıyan arvad lazımdı, bala. Yoxsa, acınnan ölərsiz... Şairə deynən ki, kölgəyi istəmirəm, üstümə yıxılma...”

Əlbəttə, o, şairə heç nə demədi. Amma onların evinə getməyi azaltdı, azaltdı, sonra tamam tərgitdi.

***

Kəndlərində on ildən çox idi müəllim işləyirdi və get-gedə hiss edirdi ki, deyəsən, o kənd-kəsəkdə ona gedən olmayacaq; onda istədi ki, durub Bakıya gedə, o qapını döyə və deyə ki, şair, bir qələtdi eləmişəm, sənin sözünü yerə salmışam, bəs, əgər sözün sözdüsə, mən razı...

Amma kor taleyə bax ki, elə bu fikir-zikirdəykən bir gün şairin ölüm xəbəri haqqındakı nekroloqu qəzetdə görüb kafir-kifir oldu, Gülan arvad demişkən. Hələ bu azmış kimi, daha məşum xəbər bir neçə gün sonra ölkəyə yayıldı: şairin qızı atasının ölümünə dözməyib, özünü Xəzərə atıb qərq olmuşdu...

O məşum xəbəri eşidəndə üstündən illər keçdikdən sonra ilk dəfə şeir yazdı Astan:

Bəs deyirlər Supərisi

Oğlanları ovlayırmış?

Güləri necə apardı

Qızları da tovlayırmış?

***

Astanın yaşı qırxı haqlamaqdaydı. Təkcə kənd məktəbinin yox e, bütün rayonun ən qabaqcıl kimya-biologiya müəllimi olsa da, ona bir qız da getmədi. Hətta anadangəlmə bir ayağı gödək olan Leyli də onu bəyənmədi. O Leyli ki, yeriyəndə yemsəsə də, toylarda oynayanda elə oynayırdı ki, qəti bilməzdin yemsədiyini. “Neynirəm çolağı?! Qadam onun müəllimliyinə! Mənim sevdiyim var...”

Leyli Astanın son ümid yeri idi. Əslində, onu da alan olmamışdı bu illər ərzində. Astanın otuz səkkiz yaşı vardısa, Leylininki də az deyildi – otuz beşin üstündəydi. Və Astan müəllim dərs dediyi bu qıza bir az da şans gözüynən baxırdı. “Allah məni belə günə salanda Leylini də o günə qoyub ki, bir-birimizə tay gələk. İnşallah qız yola gələr, mən də bir gün görərəm. Daha nənəmin də gözü görmür, qulağı eşitmir. Ömrünün son çağında qulağı toy səsi eşidər...”

Amma olmadı. Leylini qonşu kənddən arvadı ölən yaşlı kişi bir gecə alıb apardı və Astan müəllimin son ümidi də puça çıxdı...

***

...Bir gün kəndin ən yaraşıqlı gənclərindən biri Kürdə boğuldu. Yalnız iki günlük axtarışdan sonra onun meyidini çayın çilləkan bağladığı yerdən tapmışdılar. Danışırdılar ki, balıqçı torunun içərisində bükülü haldaymış meyid...

...Kəndə o gündən vahiməli bir xəbər yayıldı.

Kürdə Supərisi peyda olub. Sahilə yaxın bir yerdə öz saçlarından tor qurur, xoşuna gələn gənc oğlanları tora salıb aparır...

***

Astan müəllim savadlı adam idi. Darvini oxumuşdu. Eynşteyni bilirdi. Hələ Kopernik! Hələ odda yandırılan Cordona Bruno!!! İndi durub xurafata-zada inanan deyildi ki... Amma onun başını xarab eləyən bir şey vardı. Nənəsi Gülan arvadın nağılları, bayatıları, dastanları, özündən toqquşdurduğu rəvayətləri... O rəvayətlərin biri elə Supərisi haqqındaydı...

“Qədimlərdə Kürdə bir Supərisi peyda olur. Gecələr qulac-qulac saçlarınnan tor atar, kənd-kəsəyin cahıl-cuhulun toruna salar, aparıb özünə ər qayırardı. Beş gün belə, on gün belə, hər gecə oğlanıan yat-yut eliyəndə dodaxların nə təhər sümürərsə, gədənin canında can qalmaz. Qanı quruyub ölər... Pəri cəsədi suya buraxıb təzədən tor qurardı...”

- Nənə...

- Can nənə...

- O Supərisi vardı e, indi də var, görəsən?

- Nə?! Bərkdən de, qulağım eşitmir...

Astan dediyini bu dəfə daha bərkdən söyləyəndə qarının qırışığı açılar, gözündə şimşək çaxar, içində-içalatında nəsə tərpənər, qanı damarında bərkdən ötər, ölmüş hüceyrələri dirilərdi:

- Hə dənə, hə... Onnar ölməzlər ki!.. Mən gözümün şahidiyəm... Kürdə onnarın qurduğu toru öz gözdərimnən görmüşəm... Cümşüdün oğlunun meyidini tora bələnmiş tapmışdılar...

Arvadın paçasının arası gizildəmiş, itib-batmış döşünün giləsi göynəmiş, qasığında elə bil nə isə içəridən onu təpikləmişdi – hamilə olduğu zamanlardakı kimi:

- Deyirdilər ki, Supərilərinin yanında Subəyi də olur, amma onnar qardaş-bacıdılar diyə, bir-birilərinə dəyməzlər... O Subəyilərinin biri bir gecə məni yatağımdan aparırdı, baban əlinnən güclə aldı... Uf, bı nəydi, a gədə, məni niyə uçunma tutdu?!.

***

O gecə Supərisi Astanın yatağına gəldi. Onu soyundurdu. Bədənini mal duzu yalayan kimi yaladı. Hətta topal ayağını da yaladı və dedi ki, sən indi yeriyə biləcəksən. Sonra oğlanın sinəsini yaladı, balaca kişi döşlərini balıq ağzına oxşayan kiçik ağzı ilə sümürdü. Onda Astanın içindən bir “oyyyy” nidası qopdu. Sonra əynindəki pullu paltarı soyunub oğlanın yanına girdi və onlar yat-dur elədilər.

Astan ömründə ilk dəfə kişi olurdu. O Supərisinə yalvardı ki, getməsin. Çünki anlamışdı ki, nicatı ondaymış. Bəlkə elə buna görə, heç bir qadının ona quşu qonmayıb.

Hətta Supərisi onun əlindən tutub ayağa qaldırdı və “qorxma, yeri” dedi. Və Astan ayağını atanda...

Çarpayıdan necə yıxıldısa, üç gün topal ayağının ağrısı keçmədi. Nənəsi yağlı təpitmə qoyandan sonra ağrı bir az səngidi...

***

Astan Kürün qırağıyla taytıya-taytıya irəliləyir, bir zamanlar daşıb düzü-dünyanı ağzına alan bu doğma çayın suyunun indi iki dəfədən çox azalmasını ürək ağrısı ilə seyr edirdi. (Adətən, o evdən bir az aralı gedəndə Bakıdan aldığı yaraşıqlı çəliyini də özü ilə götürər, hərdən ona yaslanardı ki, topal ayağına güc düşməsin. Amma bu dəfə nədənsə çəliksiz gəlmişdi. Bu onun yerişini çətinləşdirsə də, özünü o yerə qoymur, ilk gəncliyindəki kimi qamətini bir qədər düz saxlamağa çalışırdı.)

Belə axşam toranlığında ilk dəfə idi Kürün sahilinə gəlmişdi. Nənəsi deyərdi ki, axşam tərəfi su üstünə getmə, düşər-düşməzi olar. Ona görə mal-qaranın ayağı örüşdən kəsilən kimi o da tay-tuşları təki su qırağına gəlməzdi. Amma indi heç nə onun vecinə deyildi...

Kürün suyunda bərq vuran axşam şəfəqinin parıltısından gözləri alacalansa da, özünü o yerə qoymadı. Amma hiss etdi ki, deyəsən, o burada tək deyil. Ona görə özündən asılı olmayaraq qışqırdı və öz həniri qulaqlarında cingildədi:

- Eyyyyy! Burda kim var?!.

- Uuuuuuuuyyyyyyy!..

Çaydan gələn bu səs küləyinmi, çayınmı, yoxsa o əfsanəvi Supərisininmi səsi idi, bilə bilmədi. Əvəzində bu dəfə başqa sözlər dedi:

- Bax, mən kimya müəllimiyəm... Maddə kütləsinin itməməsi qanunu var, Yerin öz oxu ətrafında fırlanması var, maddənin üç halı var... Eyyyy, Supərisi, bəlkə sən elə sudan ibarətsən, hə?! Ya Kürün qızısan?! Çıx, çıx gəl, mən sənə aşiqəm, mənim qismətim sənsən... Bax, sən məni o gecə ilk dəfə kişi elədin... Mən sənin qismətinəm...

(Astan institutu bitirəndə ona “Maddənin H-2-O halı - Su” mövzusunda diplom işi tapşırmışdı diplom rəhbəri. O, elmi işi yazanda Kürün halını da qələmə almış, bəzi insanların ruhunda suyun mühüm yeri olduğunu qeyd etmişdi. Hə, Astan suyu sevirdi. Çünki o, Xəzərdə üzəndə, elə öz Kürlərinə baş vuranda ayağının şikəstliyi bilinmirdi. Hətta bir dəfə paralimpiya oyunlarında üzgüçülük üzrə Bakı birincisi olmuşdu. Fəqət imkansızlıqdan onu olimpiya oyunlarına aparmamışdılar.)

Kürün içindən bir şappıltı eşidildi. Elə bil bir nəhəng balıq göyə atılaraq suya çırpıldı, dalğalar ətrafa sıçradı. Hətta Astanı əməlli-başlı istatdı da...

Oğlan şappıltı gələn səmtdən qəfil gözəl bir çöhrənin su üzərində şəkilləndiyini görüncə çaşıb qaldı. O idi, Supərisiydi. Amma... Bəs onun toru hanı?

Çayın ən dərin yerinə irəlilədikcə qəfil boğazına dolaşan torunmu, saçınmı onu alıb apardığını hiss edincə özünü suyun – bəlkə Supərisinin ixtiyarına buraxdı...

Su soyuq olsa da, vücudunda bir istilik, bir təmas vardı. Hansısa əllərin onun qasığına, paçasının arasına nüfuz etdiyini duyunca özünü tamam buraxdı...

***

...Düz beş günün tamamında qatbaqat torun içərisində tapılan meyidi məsciddə yumağı məsləhət bilmədi molla. Əvvala, sudan çıxmışdı, ikincisi də...

...Gülan arvad elə bil gümrahlaşmışdı. Sandığını açmış, evin qabağında yasa gələnlərə Astanın diplomunu, saxlancında saxladığı qızıl-gümüşləri göstərir, oynaya-oynaya batmış səsi ilə dıradıra quşu kimi cığıldayırdı:

- Ə, niyə çalmırsıız? Astanın, Xostanın toyu dəgil?! Bı da qızıllarıdı... Leyliynən Astanın toyudu dənə... Ə, niyə oynamırsıız?.. Ə, oynuyun dənə... Hüş, hüş, hüş... Ə, Məstalı, hopstop çal ə, nəmərin məndədi! Şair, sən də gəldin? Ə, yox, ə, səninkin istəmiriy... Məyə oynuyan, gülən, Astanımı yıxılmağa qoymuyan gəlin lazımdı... Leyli kimi... Nolsun e, bir az yemsiyir... Hüş, hüş, hüş...

Gülan arvad o gün elə oynaya-aynaya, deyə-gülə ayaq üstəcə keçindi...

...Yalançılar söz, deyillər o hadisədən sonra daha Kürdə Supərisi görən olmayıb.

Kürün suyu isə azala-azala gedirdi...

28.09.2024

-----------------------------------------------------------------------------

*Karyagin – Füzuli şəhərinə çar Rusiyası dövründə verilən ad. Əsl adı Qarabulaq olub. Sovet vaxtı Karyagini dəyişib Füzuli ediblər.

**Kirovabad – Gəncəyə Sovet vaxtı verilən ad. Müstəqillik dövründə şəhərin qədim adı Gəncəni özünə qaytardılar.

# 2170 dəfə oxunub

Oxşar xəbərlər

Divar - Azad Qaradərəlinin yeni hekayəsi

Divar - Azad Qaradərəlinin yeni hekayəsi

14:00 23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

11:24 22 noyabr 2024
İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

15:00 17 noyabr 2024
#
#
# # #