Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Afiyəddin Gülalıyevin “Keçmişdən boylanan xoşbəxtlik” hekayəsini təqdim edir.
Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.
Ailəmizlə birlikdə rayon mərkəzindən 30 kilometr uzaqda yerləşən bir kənddə yaşasaq da, artıq ikinci il idi ki, rayon mərkəzində repetitor hazırlıqlarına gedirdim. Arzum tibb universitetində oxumaq idi. Həkimliyin çətin peşə olduğunu bilsəm də, sevə biləcəyim başqa bir peşə tanımırdım. Eybi yox, qoy çətin işlə məşğul olum, amma nə olursa olsun, həkim olmağı qarşıma məqsəd qoymuşdum. Valideynlərim də məni dəstəkləyirdilər. Düşünürdülər ki, həkim olsam, rüşvət almalı olsam belə, dəbdəbəli villanın, ən bahalı maşınların sahibi ola bilərdim. Xoşbəxt olmaq üçün başqa nə lazım idi ki?!
Mənim xoşbəxt olmağım üçünsə nə altı il universitet oxumaq, nə də çoxlu pul sahibi olmaq vacib şərt idi. Xoşbəxtliyi kiçik şeylərdə tapmağı bacarırdım. Uşaqlığımdan gözəllik aşiqi idim. Gözəl qızlar görəndə qəribə və anlaşılmaz xoşbəxtlik hissi yaşayırdım ki, bu hissi heç bir böyük məbləğə dəyişməzdim. Çox tez aşiq ola bilmək kimi bir xüsusiyyətim var idi. Bilmirəm bunu estetik zövqə bağlamaq olar, yoxsa yox, amma gördüyüm qızların birinin saçına aşiq olurdum, birinin dodaqlarına, birinin sinəsinə, birinin səsinə. Tez aşiq olub, tez də unudurdum. Artıq on birinci sinifdə oxuyanda yalan olmasın, bəlkə də onlarla qıza aşiq olub unutmuşdum. İndi də onların əksəriyyətini xatırlaya bilmirəm. Nə isə...
Noyabr ayının əvvəlləri idi. Qışla payızın, istiylə soyuğun, günəşlə buludların gərgin mübarizəsi gedirdi. 11-ci sinifdə oxuyurdum. Beynimdə yaratdığım "sevgili qız" obrazlarının qəhrəmanı ilə bu ərəfələrdə rastlaşdım. Hazırlıq uşaqları ilə bizdən əvvəlki qrupun dərsdən çıxmasını gözləyirdik. Həmin qrup dərsdən çıxanda onların arasındakı bir qız diqqətimi çəkdi. Onun uzun və hamar saçları cazibəli görünürdü. Yanaqları al rəngə çalırdı. Nə sarışın idi, nə də qaraşın. Heç bəyaz da deyildi. Bu rəngdə insan birinci dəfə idi ki, görürdüm. Bircə onu bilirəm ki, siması çox xoş təəssürat bağışlayırdı mənə. Artıq dərs başlayırdı, mən də qrup uşaqları ilə birlikdə hazırlıq otağına keçdim. Qapı da bağlandı, artıq onu görə bilmirdim...
Rayon mərkəzində kirayə qaldığım evə getdim. O qız ağlımdan çıxmırdı. İki gün sonra olacaq növbəti hazırlığı səbrsizliklə gözləyirdim. Onu daha çox görmək istəyirdim. Hazırlığa vaxtından 15-20 dəqiqə tez gedirdim ki, onu görmək şansımı əldən qaçırmayım. Hər dəfə də uzağı 2-3 dəqiqəlik görə bilirdim. Sonra qız evə gedirdi, mən isə hazırlıq otağına keçirdim. Həmin 2-3 dəqiqələri toplasaq, üst-üstə heç yarım saat görə bilməsəm də, o, mənim üçün dəyərli birinə çevrilmişdi. Onu görəndə heç vaxt duya bilmədiyim xoşbəxtlik hissini iliklərimə qədər hiss edirdim. Amma buna sevgi adı qoymaq istəmirdim. Açığı kimisə sevə biləcəyimə şübhə edirdim. Çünki hələ sevginin nə olması barədə konkret olaraq bir fikir formalaşmamışdı beynimdə. O qızdan da sadəcə xoşum gəlirdi, vəssalam. Uzaqdan görüb bəyəndiyim qızın adını da öz qrupumda oxuyan uşaqlardan birindən öyrənmişdim. Dünyanı dərk etməyə çalışdığım zamanlarda bir qızın gözəlliyindən, ona olan duyğularımdan baş aça bilməmək məni üzürdü. Öz duyğularında qərq olan bir insan qos-qoca dünyanı necə anlaya bilərdi ki?!
Artıq bir ay olardı ki, həftənin tək günləri onu görürdüm. Bir ay idi ki, onu unutmamışdım. Bu mənim "rekord" göstəricim idi. Sevdiyimə tam əmin olmasam da, onun sevgisini qazanmaq istəyirdim. Ona görə də hər şeyi bilməsini istədim. Bu birdən-birə gəldiyim qərar idi...
Əvvəl istədim ki, özüm yaxınlaşım hər şeyi olduğu kimi danışım ona, amma buna əvvəla cəsarətim çatmırdı, ikincisi də ki, bizim rayonda da mental olaraq bir qıza sevgi bildirmək qəbahət sayılırdı. Qızın qohumları mənim "meyitimi atardı", ən yaxşı halda da söhbətə çağırıb "niprav" çıxarda bilərdilər. Mentalitetin sevgini dar çərçivəyə salmasını heç cür anlaya bilmirdim. Üstəlik qızlarda da belə məsələlərə aqressiya ilə yanaşma var idi. Təbiətin formalaşdırdığı instiktiv davranış formaları Azərbaycan xanımlarının əksəriyyətində hələ də özünümüdafiə funksiyasını itirməyib. Əksər qızlar "yox"u da normal şəkildə deyə bilmirlər. İmkan olsa, bəlkə də, yox deyəcəkləri oğlanı çarmıxa çəkdirib mümkün qədər böyük insan izdihamı qarşısında rüsvay edərdilər. Amma öz adlarına söz gəlməsindən qorxduqlarına görə çox vaxt onlara izhar olunan sevginin "qisas"ını almırdılar. Mənə problem lazım deyildi. Ona görə də qızın qrup yoldaşı olan adını çəkmək istəmədiyim bir qızdan xahiş etdim ki, onnan xoşum gəldiyini qıza bildirsin. Ən yaxşı variant bu sayıla bilərdi. O "yox" cavabı vermişdi, yalnız dərslərini düşündüyünü deyib məni rədd eləmişdi. Sonra fürsət tapıb özüm də yaxınlaşdım və bu dəfələrlə təkrar olundu. Çox uzun söhbət edə bilmirdik, mən hər dəfə fərqli ifadələrlə ondan sevgi dilənirdim. O isə məni sırtıq bir dilənçi kimi başından rədd edib iti addımlarla uzaqlaşıb gedirdi...
Dərslərimdə xeyli geriləmişdim. Onu daha çox düşündüyümə görə tapşırıqları yerinə yetirməyə həvəs qalmırdı. İmtana az vaxt qalmışdı. Biraz toparlana bilsəm də, tibb universitetinə daxil olmaq üçün lazım olan balı toplaya bilmədim və Bakı Dövlət Universitetinə qəbul oldum. Qız isə 10-cu sinifi bitirmişdi. Əvvəl düşündüm ki, bir il də qalım hazırlaşım. Həm onu görə bilərdim, həm də həkim olmaq arzumu gerçəkləşdirmək üçün yeni bir şansım olardı. Amma heç biri olmadı. Sentyabr ayında Bakıya yollandım.
Bakıya tez bir zamanda uyğunlaşdım. Burada həyat öz axarı ilə davam etməyə başlayırdı. Universitetə gedib-gəlir, gündəlik dərslərimi hazırlayırdım. Hərdən şəhər gəzintisinə çıxmağa da vaxt tapırdım. Günün eynilikləri məni fərqli düşüncələrdən uzaq tutsa da, hiss edirdim ki, o qızı da özümlə Bakıya gətirmişəm. Naməlum duyğular hərdən diş ağrısı kimi beynimin dərinliklərinə nüfuz edib məni incidirdi. O qızla bağlı beynimdə toplanan fraqmentar xatirələr kino lenti kimi gözümün önündən keçdikcə başa düşdüm ki, iş əngəldir, onu unutmaq asan məsələ deyildi. Həm də niyə unutmalıydım ki? Ümid hələ də var idi. Amma nə etməli olduğumu bilmirdim. İnsan belə məsələlərdə daha da tənhalaşır. Heç kimdən kömək istəyə bilmirsən. Nə irəli gedə bilirsən, nə də geri. Dayandığın nöqtədə isə təkcə sən olursan. Həyatın ən çətin anlarını yaşadığımı düşünürdüm. O zamanlar mənim ağlıma bircə variant gəlirdi. Tanrıdan kömək istəmək. Çoxlu sayda dinlər və dinlərə uyğun tanrılar olsa da, mənə ən uyğun və ən doğma olanı islam tanrısı idi. Mən artıq o qızı ərəb tanrısından istəyirdim. Dua edirdim ki, bizim qovuşmağımızı axirətə saxlamasın və yaxud bizi qovuşduracaqsa, bunu cənnətdə yox, yaşadığımız dünyada eləsin. Hətta o qızla bu dünyanı bölüşməyə görə cəhənnəmdə yanmağa da hazır idim. Bunu tanrıya da bildirirdim. Amma görünür tanrı bizdən çox uzaqlarda imiş. Mənim səsimi ya eşitmirdi, ya da eşitmək istəmirdi. Ərəblərdən bizə nə xeyir gəlib ki, tanrısından da xeyir umaq?! Ümidimi tanrıdan da kəsdim. Sonsuz qüdrətin ola, amma öz bəndənin bir arzusunu yerinə yetirməyəsən. Belə də tanrı olarmı? Belə tanrı mənə lazım deyildi. Hər şeyi özüm eləməli idim. İnstaqramda qızın tanıdığım bir-iki rəfiqəsini tapıb əlaqə yaratdım. Hərdən xahiş edirdim ki, qızla danışıb mənim onu hələ də sevdiyimi bildirsinlər. Onlar da ya bildirmirdilər, ya da ki bildirəndə də açıq aydın olaraq onun fikirlərini mənə çatdırmırdılar.
May ayının ortaları idi. Sıradan günlərin birində birdən-birə ağlıma gələn fikir sanki bütün bədənimdən elektrik cərəyanı kimi keçib məni silkələdi. Çox dərin yuxudan ayılmış kimi bunu çoxdan etməli olduğumu düşünüb özümü xeyli danladım. Qızın rəfiqəsinə instaqramda yazdım:
- Salam.
- Salam, buyur.
- .......ın nömrəsini ver mənə, vacib söz deməliyəm.
- Verə bilmərəm.
- Onda özünə de, sonra ver. Narahatlıq olmasın.
Aradan bir neçə saat keçəndən sonra cavab yazdı ki, qız deyir, uçsun başımdan.
Səhəri gün dərsdən evə gələndən sonra biraz içib yatmışdım. Yuxudan ayılıb özümə gələndən sonra telefonu götürüb saata baxanda saat on iki olmağa az qalırdı. Qızın rəfiqəsindən mesaj gəldiyini görüb dərhal həmin mesajı açdım. Gördüm ki, onun nömrəsini qeyd edib yazıb ki, buyur, yaz özünə, dedi ki, mənə yazsın. Hislərim bir-birinə qarışdı. Bu inanılmaz idi. Bir az götür-qoy edəndən sonra yazdım.
- Salam.
- Salam, necəsən?
- Çox sağ ol, niyə belə qətiyyətlə "yox" deyirsən?
- Çünki istəmirəm, dərslərimlə məşğulam.
- Məncə, üzbəüz danışmalıyıq bu məsələni, sən isə danışmaq istəmirsən, ümumiyyətlə.
- Mən sənə qərarımı demişəm.
- Rayona gəlim, söhbət eləyək. Mütləq danışmalıyıq bu barədə.
- Gəl, danışaq. Amma yenə yox deyəcəm...
Daha heç nə yazmadım. Semestr qurtarandan sonra rayona gedəcəkdim.
Səbrsizliklə gözlədiyim an gəlib çatmışdı. Mən artıq kənddə idim və qızla görüşmək üçün tələsirdim. Çox həyacanlı idim. Tez bir zamanda rayon mərkəzinə gedib onu görməliydim. Elə kəndə getdiyim günün axşamı ona yazıb bildirdim ki, sabah görüşə bilərik. Razılaşdı. Sevincimdən gecəni səhərə qədər yata bilmədim. Görüşəcəyimiz yerə vaxtından xeyli qabaq getmişdim. Nə deyəcəyimi bilməsəm də, onu səbrsizliklə gözləyirdim. Uzaqdan gəldiyini görüb mən də ona tərəf addımladım. Ürək döyüntülərim getdikcə daha da şiddətlənirdi. Bu döyüntülər mənə saatlı qumbaranın səsini xatırladırdı. Elə bil, mən ona çatan kimi vaxt tamam olacaq və ürəyim partlayıb sinəmi darmadağın edəcəkdi. Amma məsafə azaldıqca onun gözəlliyi daha aydın görünürdü və bu da mənim rahatlaşamağıma səbəb olurdu. İlahi, bu qız necə də fərqli gözəlliyə sahib idi. Fərq onda idi ki, bu qız sifətinə öz idealı olan hər hansı bir gözəl xanımın portretini çəkməmişdi, süni makiyajlarla. Necə varsa, elə idi. Öz-özümə düşündüm ki, əsl sevgi bu imiş, sən demə mən bu vaxta qədər ucuz makiyajları sevmişəm. Bu düşüncəyə gülməyim gəlsə də, özümü sıxıb saxladım... Gəlib çatanda salam verdim. Mehribanlıqla salamımı alıb dərhal da mətləbə keçdi. Yenə eyni şeyləri soruşub, eyni cavabları alırdı. Ondan niyə əl çəkə bilmədiyimi soruşdu, mən də ona olan anlaşılmaz duyğuları sevgi çərçivəsində, sevgi adında izah etməyə çalışırdım. Sevgi, bəlkə də, elə bizim anlaya bilmədiyimiz duyğular toplusudur. Bəlkə, elə buna görə filosofların bu mövzudakı fikirləri bir-birindən kəskin fərqlənirmiş. Qızın mehriban davranışları məni ümidləndirsə də, heç gözləmədiyim anda başqasını sevdiyini söylədi mənə. Susduğumu görüb sevgisini izah etməyə çalışırdı, amma ya mən heç nə başa düşə bilmirdim, ya da mənim kimi o da öz sevgisinin təsvirini verə bilmirdi. Artıq danışmağa sözümüz yox idi. Son olaraq bir də onu heç vaxt narahat etməyəcəyimi bildirib evə qayıtdım.
Ümid öləndən sonra ona yas saxlamaq mənasızdır deyə, düşünüb pozitivə köklənməyə çalışırdım. Nə də olmasa, insan arzusu sonsuzdur. Bir arzu məhv olanda, guya nə dəyişəcək ki? Onsuz da, insanlar öləndə çoxlu sayda arzu və istəkləri də özü ilə birgə məhv olub gedir. Arzumun biri məndən qabaq intihar eləmişdi və ya vəhşicəsinə öldürülmüşdü. Bəlkə də, nəzakətlə öldürülmüşdü, amma bunun heç bir fərqi yox idi, hər şey bitmişdi. Oturub boş-boş ağlamayacaqdım ki. Ümumiyyətlə, belə məsələlərə görə ağlamaq mənə çatmırdı. Gözdən çıxan göz yaşı beyinə yazılmış heç bir lazımsız məlumatı silmək qüdrətində deyil. Bunun üçün, bəlkə beyinin yaşarması daha məntiqli olardı. Beyinə nüfuz edən göz yaşına bənzər hər hansı bir maye beyinin daş divarlarına həkk edilmiş əzabverici yaddaş yazılarını yuyub apara bilərdi. İnsan unutqan olmasaydı, bəlkə də belə olardı. Onsuz da, insanın bütün problemlərinin mənbəyi insan deyilmi?...
Qısa çəkən görüşdən sonra mənə görə çox şey dəyişmişdi. İstədiyim cavabı ala bilməsəm də, ən azından boş ümidlərdən azad olmuşdum. Bu məni rahatlaşdırmışdı. Axşam yatmağa hazırlaşırdım ki, qızdan mesaj gəldi. "Axşamın xeyir" mesajına mən də eyni sözlərlə cavab verdim. Mənim haqqımda xeyli müsbət fikirlər yazdı. Buna nə cavab verəcəyimdən əlavə heç hansı hisslər yaşadığımı, bu mesajın mənə necə təsir etdiyini də bilmirdim. Amma bu mənim üçün bir fürsət idi ki, bir ilə yaxın vaxt ərzində nələr hiss etdiyimi ona anladım. Bilirdim ki, bu asan məsələ deyil, çünki, birincisi ona qarşı hiss etdiyim duyğuları heç özüm də başa düşə bilməmişdim, ikincisi də ki, anlaşılmazlığın özünü anlatmaq üçün uzun bir vaxt lazım idi. Söhbət saatlarla uzandı və növbəti günlər də davam elədi. Zaman keçdikcə o, sanki özünü məni sevməyə məcbur edirmiş kimi görünürdü. Hərdən məni sevə bilmədiyinə görə təəssüflənir, "Əlvida" sözünü böyük hərflərlə yazıb mənə göndərir, nömrəmi telefondan silirdi. Üstündən çox keçmirdi ki, nömrəmi təzədən telefona əlavə edib statusda ünvanıma "atmacalı" sözlər yazırdı. Beləcə, təzədən əlaqə yaranır, dayanır, təzədən yaranırdı. Biz zamanla ən yaxın sirdaşa çevrilmişdik. Bütün dərdlərini mənə rahat şəkildə danışır, mən də öz növbəmdə ona mənəvi dayaq olmağa çalışırdım. Qəbul imtahanında çox aşağı bal toplamışdı. Buna çox üzülürdü. Göndərdiyi səsli mesajlardakı hönkürtü səsləri ürəyimi dəlib keçirdi. Onun ağlamağına dözə bilmirdim. Universitetə girə bilmədiyinə görə attestat qiymətləri ilə tibb kollecinə daxil oldu...Mənim arzumun bir qismi o qızda reallaşmışdı. Bu da taleyin oyunu idimi, görəsən? Necə olurdu ki, mənim dünyadakı ən böyük arzularımı məhv edən insanda arzularımın bir qismi reallaşırdı?! O zamanlar bu haqda heç fikirləşmədən təsadüf deyib keçmişdim, elə indiki kimi. Bir müddət sonra bunlar danışdığımız mövzular arasında olmadı. Biz artıq Bakıda olacaq görüşlərimizdən danışırdıq. Heç özümüz də bilmirdik ki, niyə görüşməliyik. Biz nə dost idik, nə də sevgili. Bir birinə məcbur nişanlanmış məişət cütlükləri də deyildik. Özümüz dəfələrlə uzun müzakirələr aparsaq da, bu münasibətə heç cür ad qoya bilmirdik. O, bir dəfə öz adının ilk iki hərfinə mənim adımının ilk iki hərfini birləşdirib "münasibətimizin adı bu olsun" demişdi. Buna xeyli gülmüşdük. Biz bilirdik ki, bu münasibətin axırı dərin bir uçuruma doğru gedir. Elə bir uçurum ki, o uçurumda bütün hiss və duyğuların ölüm təhlükəsi var. Bu zamanın uçurumu idi. Sevgilərin gücü zamandadır. Zaman isə sevgidən güclüdür. Ən böyük əfsanəvi sevgiləri belə məhv edə bilən tək şey zamandır ki, sevgiyə gücü çatmayanda həmin sevginin sahibini öldürür. Nəticədə, sevgi də yox olur. Dünyanı ağuşuna alan yox olmaq qorxusu sevgi hissindən də yan keçməyib, onu da başdan-başa bürüyüb. Bu səbəbdəndir ki, bütün sevgilərdə bir qorxu var. İnsan dinləri də yox olmaq qorxusuna görə yaradıb, allahı da bir qorxu hissi ilə sevir. Daha doğrusu, qorxudan sevir. Beləliklə, sevgi qorxunu qoruyur, qorxu sevgini. Sevgi olan yerdə qorxu var, qorxu olan yerdə sevgi. Bizdəki qorxu nəyin qorxusu idi, bəs? Mən onu itirməkdən qorxurdum, o isə mənə bağlanmaqdan. Onun qorxusunu heç vaxt anlamadım və yəqin ki, ömrümün sonuna qədər də anlaya bilməyəcəm. O, özünü mənimlə danışanda xoşbəxt hiss etdiyini deyirdi. Əgər həqiqətən belə idisə, xoşbəxt olmaqdanmı qorxurdu?! Bəlkə, bu xoşbəxtliyin bitəcəyindən? Əgər xoşbəxtliyin bitəcəyindən qorxurdusa, bu, ümumiyyətlə, düzgün deyil. Xoşbəxtlik an məsələsidir. Əgər xəyalən zamanı qabaqlamağa çalışsan, o hissi dada bilməyəcəksən. Necə deyərlər, sonu düşünən qəhrəman ola bilməz.
Bakıda da bir müddət sonu düşünmədən əlaqəni davam elətdirdik. O, Bakıya gələndən sonra çox dəyişmişdi, bədbin, biraz da həvəssiz danışırdı. Doğrusu, sonun gələcəyini bilirdik, amma necə gələcəyini və sondan sonra nələr olacağını, necə olacığını bilmirdik. Tez-tez görüşürdük. Parkda oturub əl-ələ tutaraq söhbət edirdik. Onun əllərini buraxmaq, görüşün bitməsini istəmirdim. Hesabda öndə olan futbol komandasının oyunçuları kimi ləng hərəkətlərlə vaxt udmağa çalışırdım. Ayaqlarım ondan uzaqlaşan istiqamətə getmək istəmirdi, sanki. Amma bu görüşlər, deyəsən, müsbət nəticə vermirdi. Hər ötən gün aradakı soyuqluq daha da artırdı. Və bir gün danışıb son görüşə razılaşdıq. Bu onun təklifi idi. Mən də razılaşdım. Bu "son görüş"lər bir neçə dəfə təkrar oldu. Çünki, telefon əlaqəmiz kəsilmirdi və elə vəziyyətlər olurdu ki, görüşməyə ehtiyac yaranırdı. Bizim danışıb müzakirə edəcəyimiz elə də çox mövzu yox idi. Bütün söhbətlər adsız münasibətimizin, anlaya bilmədiyimiz duyğuların ətrafında fırlanırdı. Nəhayət "son görüş"lərin biri həqiqətən də son oldu. Kafelərdən birində kofe içə-içə söhbət edirdik. Daha çox o danışırdı. Mənə gələcək həyatımla bağlı "məsləhət"lər verirdi. Onu necə unuda biləcəyimin yollarını izah edirdi. Özünə də sevgili tapmışdı. Mən ikinci dəfə hər şeylə barışmalı oldum. Artıq, onu silməyin vaxtı gəlib çatmışdı. Daha doğrusu, vaxt çoxdan çatmışdı, sadəcə mən gecikmişdim. Danışılası heçnə qalmamışdı artıq. Görüşü bitirmək olardı. İkimiz də birlikdə metroya düşdük. Ayrı-ayrı istiqamətlərə gedəcəkdik. Son olaraq mənə sarılmaq istədiyini dedi və biz qucaqlaşıb ayrıldıq. Mən nə olursa olsun, daha onu axtarmayacaqdım. Özümü buna borclu hesab etmirdim. Məni sevmədiyi nə qədər səmimi görünməsə belə, sevsəydi ayrılığa bu qədər meyilli olmazdı, yəqin. Üstəlik məni dost kimi belə qəbul etməyən bir insan son görüşdə mənə niyə sarılmaq istəsin ki? Cavab tapa bilmədiyim suallardan biri də budur. Bəlkə də, onu sevdiyimi özlüyümdə konkretləşdirsəydim, o da məni sevərdi. Bəlkə də, mən daha varlı biri olmalıydım sevilmək üçün. Bəlkə, elə ona qarşı olan duyğularıma ad tapmadığım üçün o da mənə adsız bir münasibət sərgilədi. Bəlkə, elə həqiqətən dünyada hər şey qarşılıqlıdır? Belə idisə, bəs niyə mənim qovuşmaq istəyimə ayrılıqla cavab verdi? Bu münasibət mənə, necə deyərlər, həyat dərsi keçmişdi. Bu münasibət mənim qarşıma ömür boyu düşünməli olacağım suallar qoydu. Bu münasibət mənim kitablardan topladığım sevgi haqqındakı bilgiləri sıfırladı, insanın yaşaması üçün ümidin necə vacib olduğunu sübut elədi. Sevgi adsız duyğuların şərti olaraq işarələndiyi "x", "y"dən başqa bir şey deyilmiş. Bu münasibət mənə nə qazandırdı, itirdiklərim nələr oldu? Düşünürəm ki, qazancım daha çox oldu. Bizim münasibətimiz davam etsəydi, guya, nə olacaqdı ki? Yaxşı heç nə olmayacaqdı. Məişət səviyyəsinə düşməyə məcbur olacaqdıq. Evlənəcəkdik və sevgi də beləcə məhv olub gedəcəkdi. Əvəzində bir ömür bir yerdə darıxdırıcı həyat yaşamağa məcbur olacaqdıq. Evlilik sevgi üçün haqlı bir şübhədir. Sevgilərin ömrü qısa olur. Əksər cütlükləri bir yerdə yaşamağa məcbur edən sevgi yox, evlilikdir. Sevgi heç nəyi məcbur etməməlidir...
Ayrılığımızdan xeyli vaxt keçsə də, hərdən onu düşünürəm. Düşünüəm ki, görəsən mənsiz keçən zamanlarda öz taleyini neçə dəfə söyüb, neçə dəfə bəxtindən gileylənib, neçə dəfə darıxıb, neçə dəfə peşmanlıq hissi yaşayıb? O, özü də yaxşı bilir ki, keçmişdə yaşadığı xoşbəxtliyi gələcəkdə axtarmamalıdır. Bəlkə də, bilmir. Amma mən bilirəm. Keçmişi gələcəkdə görmək, sadəcə, mümkünsüzdür…