Kulis.az Qafar Rüstəmin “İt boğan” adlı hekayəsini təqdim edir.
Asistanım növbəti pasientin ad-soyadını və hansı rayondan gəldiyini deyəndə onu tanıdım. Uzun müddətdir ki, Raqifdən xəbərim yox idi. Valideynlərim vəfat edəndən sonra kəndə getmirdim. Üstəlik, xəstəxanadan bir gün belə uzaqlaşa bilmirdim.
Yeriyə bilmirdi, otağıma arabada gətirdilər. Saçları tökülmüşdü, qolu-qıçı sərçəninki kimi sısqa idi. Düz qabağında diz çöküb ona baxdım. Alzheimerdən əziyyət çəkirdi, hər şeyi unudurdu. Yəqin ki, məni xatırlamadı. Yavaşca yaxınlaşıb qulağın dedim: “Bi-Bi”. Birdən qırışığı açıldı. Üzü güldü.
Adı Raqif olsa da, kənddə heç kim onu adıyla çağırmazdı. Qısaca “Bi-bi” deyərdilər. Bibisini çox istəyirdi, tez-tez onlara gedib Allah nə verdisə, tıxışdırardı. Danışarkən hərflər qartal burnunda ilişib anlaşılmaz küyə çevrilirdi. Sözləri tələffüz edəndə hərfləri yediyinə görə nə dediyini anlamaq müşkül məsələ idi. Bibisiylə danışarkən dedikləri aydın olmazdı, sadəcə “bi-bi” səsini eşidərdin. Qadın qardaşı oğlunun yetimlərinə yaxşı baxdığına görə “bi-bi” sözü Raqifin dilindən düşməzdi. Bibi onu elədi, bibi bunu dedi... Ona görə kənd camaatı ona “Bi-bi” ayaması vermişdi.
Ata-anası çoxdan vəfat etmişdi. Bacısı ilə birlikdə yaşayırdı. Özü otuz beş, bacısı ondan üç yaş böyük idi. Xasiyyətcə eyni yumurta əkiziymiş kimi bir-birilərinə bənzəyərdilər.
Bir yerdə qərar tuta bilməzdi. Gün boyunca kəndin bu başından vurub o başından çıxardı. Üzüyola adam idi, hərə bir iş tapşırırdı. Bi-bi də əhd eləmiş kimi heç kimə yox deməz, hamının işini aşırardı. Əlindən hər iş gələrdi. Qapı-pəncərəni boyayar, divar hörər, qoyun qırxar, ot biçər, tay-tay ot vurardı. Naz eləmədən, bir qarın çörəyə işləyən adamı kim sevməzdi ki? Ona görə də kəndin sevimlisiydi Bi-bi.
Bir dəfə atam ondan su çənini boyamağını istəmişdi. Səhər o başdan gəlib işə başlamışdı. Bazar günü olduğu üçün məktəbə getməmişdim, ona nəsə lazım olsa kömək etməliydim.
Damağına filtirsiz siqaret qoyub yavaş-yavaş sümürürdü. Qaralmış dodağını əyərək siqaret tüstüsünü ağzının sağından havaya buraxırdı. Bununla nəsə fikirli, kədərli olduğunu bildirmək istəyirdi.
– Yaxşı oxuyursan?
– Hə
– Oxu, oxu. Qız istəyirsən?
Ondan utanmırdım. Amma Sona yadıma düşəndə bərk tutuldum. Elə bil gendən kim baxsa onu sevdiyimi başa düşəcəkdi. Qızardığımı görüb gülümsədi.
– Qırışmal – Gülümsəyərək tüstünü bu dəfə qartal burnuna tərəf üfürdü. Mırıq, əyri-üyrü dişləri arasından tüstü çıxa-çıxa danışırdı.
– Qız istəmək ayıb dör. Kişi qız istəyər də. Bilirsən mən kimi istirəm.
Mənə yaxınlaşanda siqaretin mədə bulandıran qoxusu nəfəsimə doldu. Çənin içində işləyərkən tərlədiyi üçün bədənindən kəsif iyi gəlirdi. Burnumu tutmamaq üçün özümü güclə saxladım.
– Sizin qonşunu, – səsini bir az daha alçaltdı, – Nazanı.
Gülməmək üçün özümü güclə saxladım. Nazilə kəndin ən “xod gedən” qızı idi. Atası onunun hər nazını çəkirdi. Elə ona görə də səksən kilo idi. Qızlar çəkisinə eyham vursa “oğlanlar ölür ətli qızlar üçün” deyib gülərdi. Düzünü desəm əndamı, ağ çöhrəsi, çit donunun sinəsinə güclə sığan iri döşləri mənim də xoşuma gəlirdi. Onu həyətlərində dar, qısa donla gördüyüm günün gecəsi bütün yuxularım qarışardı.
Elçilər gəlib getməkdən qapının kandarını ağartmışdılar. Əlbəttə ki, daha çox atası Həsən dayının puluna görə gəlirdilər. O, bacarıqlı adam idi, Sovetlər birliyi dağılan kimi biznesə atılmış, özünə rayonda barmaqla göstərilən sərvət əldə etmişdi. Bircə qızı olan Nazilə gözünün ağı-qarası idi. Qız “qa” desə ət, “qu” desə su verirdi.
Nazilə atasının puluyla tibb kollecinə qəbul olmuş, diplomunu götürüb cehizlərinin arasına ən vacib matah kimi yerləşdirmişdi. Həsən dayı onun gələcəyi barədə narahat deyildi. Yaxşı yerdən, şəhərdən elçilərin gəlməyini gözləyirdi. O da olmasa rayon mərkəzindən şəninə yaraşan qudanın intizarında idi.
Bi-bi yenə bibisi barədə üyüdüb tökəndən sonra çənin içinə girdi. Məndə bayırda oturub Sonanı fikirləşirdim. Arabir Nazilə ağlıma gələndə sərtləşən orqanımı əlimlə yerinə basırdım. Bibi cin kimi idi, bir də baxırdın adamın başının üstündə peyda olub sənə baxır. Ona görə ehtiyat edirdim.
Hava getdikcə istiləşirdi. Çənin içindən səs soraq yox idi. Bir də baxdım Bi-bi bayıra çıxıb harasa qaçır.
– Nə oldu? – qışqırdım
Əliylə “gəlmə” deyə işarə elədi. Tualetə tərəf qaçdığına görə dedim yəqin qarınağrısı tutub. On beş dəqiqə sonra gəldi. Gözləri qan çanağına dönmüşdü. Qapalı yerdə qaldığına görə boyanın iyi tutmuşdu, qusmuşdu.
Yanımda oturub dincini alırdı. Gözündən yaş hələ də axırdı. Əynindəki nimdaş köynək curumbur su içində idi. Kəsif iyi admın beynini çatladırdı.
Bi-bi ilan vurmuş kimi qəfil ayağa qalxdı. Mən də qeyri-ixtiyari onun baxdığı tərəfə döndüm. Naza kənarda dayanmışdı. Parlaq günəşin altında kürəyinə qədər səpələnmiş qızılı saçı al-al yanırdı. Sarı çiçəkli dar çit don dizlərindən bir az yuxarıya qədər uzanmışdı. Ağappaq, qalın budu və baldırı kim bilir Bi-Binin ürəyini nə qədər yandırırdı. Koppuş əllərini balaca qızlar kimi yellədə-yellədə danışırdı.
– Ədə, Raqif. Atam deyir gəlsin həyətin otun biçsin.
Bi-bi hırıldaya-hırıldaya ona baxırdı. Çənəsində təkəmseyrək qalmış çürük, saralmış dişləri apaydın görünürdü. Gülərək nəsə danışmağa başladı. Nə dediyi qəti anlaşılmırdı. Normal vaxtlarda nitqi aydın olmayan adamın bir də həyəcanlandığını xəyal edin. Bir kəlimə belə adam çatmırdı. Naza qeyri-ixtiyari dayanıb qulaq asırdı. Belə başa düşürdüm ki, zarafata salıb qıza “girişmək” istəyirdi. Naza saymazyana ağzını büzüb dolu bədənini əsdirə-əsdirə oradan uzaqlaşdı.
Bizdəki işi bitirəndən sonra zəhmət haqqı kimi iki paket siqaret verdik. Nahar yeməyini də bizdə yedi. Bağda gördüyü armudlardan da beş-altı dənə dərib ciblərinə basdı. Birini dişləyib ağzından armudun suyu axa-axa yavaşca dedi.
– Görərsən, mən Nazanı alacam.
Yay idi. Məktəbdəki buraxılış imtahanlarına hazırlaşırdım. Sonanı görmədiyimə görə onun üçün bərk darıxırdım. Yadıma Bi-bi düşdü, dedim bəlkə ona dərdimi deyim. Qızı sevdiyimi heç kəsə deməmişdim, ən yaxın dostumun belə xəbəri yox idi. Sirr saxlamaq məni əməlli yorurdu.
Bayıra çıxıb torpaq yola tərəf baxdım. Bi-bini yolda o baş- bu baş keçərkən görmək olurdu. İndiysə çöldə heç kim yox idi. Kölgəlikdə uzanmış inəklər gözlərinə qonan milçəkləri qovmaq üçün arabir tənbəl-tənbəl başlarını yırğalayır, sonra mürgü döyürdülər. Onlara baxanda mənim də yuxum gəldi. Kefsiz-kefsiz söyüd ağacının kölgəsinə tərəf gəldim.
Qonşu Rəhmanın harasa qaçdığını gördüm. Kənddə belə “aksiyon filmləri” görə bilməzdin.
– Nə olub Rəhman dayı.
Dili topuq vura-vura cavab verdi.
– Bi-bi bizim iti boğur.
– İt Bi-bini boğur, yoxsa Bi-bi iti?
Mən də ona qoşulub qaçmağa başladım.
– Əşi nə bilim, atam zəng elədi. Dedi itimiz Bi-Biyə cümüb, o da iti boğurmuş.
Bi-Bi qorxaq adam idi. Şahməmməd kişinin itini görəndə yüz metr kənardan qaçardı. Necə olmuşdu ki iti boğmaq istəmişdi? Yəqin qəfil yaxalanıb deyə fikirləşdim.
Şahməmməd dayının evi bizim evdən dörd yüz metr aralı idi. İtin hürməyini eşitmək olurdu.
Həsən dayının maşını toz-torpaq qaldıra-qaldıra bizim yanımızdan keçib getdi. Biz daha da sürətli qaçmağa başladıq.
Hadisə yerinə çatanda Bi-binin üz-gözü al-qan içində idi. İt onun burnunu və üst dodağını gözgörəsi qapmışdı. Üst çənəsindəki çürük dişləri aydın görünürdü. Zarıya-zarıya divara söykənmişdi. Şahməmməd kişi qorxudan rəngi ağarmışdı. Naza atasını qucaqlayıb ağlayırdı. Donu bir neçə yerdən cırılmışdı, ağ bədənindəki cızıqlara qan toplanmışdı. Dizi qanayırdı. Həsən dayı qışqır-bağır salmışdı.
– Başını bağlada da bu zibilin. Axırı belə olacaqdı da. Camaat qorxa-qorxa keçir qapından.
Rəhman Bi-biyə yaxınlaşıb təsəlli verdi. Onu xəstəxanaya çatdırmaq üçün maşın çağırmışdılar. Qan su kimi axırdı. Nazagil gedəndən sonra maşın gəldi. Onu güclə mindirib xəstəxanaya apardılar. Yerdəki qara, laxtalanmış qanı görəndə mədəm bulandı.
Bir həftə sonra onu görməyə getdim. Balaca evlərinin çürümüş taxta pilləkənlərindən yuxarı qalxıb qapını açdım. Evdə tək idi, bacısı tarlaya işləməyə getmişdi. Otaqdan kif və naftalin qoxusu gəlirdi. Divarlara çəkilmiş Nuh əyyamından qalma naxışlar toranlıqda mixi yazıları kimi görünürdü. Ana-atasının çərçivəyə salınmış fotoları əyri asılmışdı.
Məni görəndə bərk sevindi. Yəqin gəlib gedəni yox idi. Bizi isə məhəbbət məsələsi birləşdirirdi.
– Qolumdan tut, bayıra çıxaq. Bağırım çatlayır.
Yavaş-yavaş danışırdı. Dodaqlarına dikiş atıldığına görə dərisi qəribə şəkildə büzüşmüşdü. Burnun üstündə sarğı vardı.
Günəş gözlərini qamaşdırdı. Alça ağacının gölgəsinə keçib yerə oturduq.
– Siqaret çəkə bilmədiyimə görə dəli oluram.
Qəribə şəkildə fısıldadı, elə bil gülümsədi. Ancaq sifətində gülüş cizgilərini görmək olmurdu.
– Gördüm it cumur Nazanın üstünə... Yerə yıxılmışdı... Cumub itin boğazından tutdum...
– Halal olsun sənə. Mən olsaydım yəqin qorxardım.
– Yo, sevsən qorxmazsan. Kimi istəmirsən?
Nəfəsimi tutdum, etiraf eləməsəm ürəyim çatlayardı.
– İstiyirəm... Sonanı...
– İsanın qızı?
– Hə.
– Ağıllı qızdı... Bilirsən, o gün gördüm.
– Nəyi
– Nazanın tursiyini... Yerə yıxılanda... Çəhrayı idi...-gözləri yol çəkdi, -qəşəng idi.
Utandığımdan sifətim od tutub yandı.
– Əəə utanma, utananın oğlu olmaz. Götür bir dənə siqaret çək.
– Yox, atam bilər.
– Bibi canı bilməz… Meyvə yeyərsən.
Siqareti yandırıb damağıma qoydum. Güya kədərli adam kimi tüstünü ciyərlərimə çəkib havaya üfürmək istədim. Öskürək məni boğdu. Gözlərimdən yaş gəldi.
– Ala, yavaş… Bibicanı sən lap görməmişsən… Bilirəm ki Naza mənə gəlməyəcək. Onu qaçıra bilərəm. Ancaq məni bəyənməyəcək… Kişiliyə sığmaz…
Heç bir şey demədim. Siqareti bir kənara atıb bir-iki dənə gilas yedim. Acı daddan sonra şirin tam ləzzət elədi. O gündən sonra az-az gürüşməyə başladıq. Çünki bir həftə sonra Nazaya elçi gəldi, özü də şəhərdən, oğlan da nazirlikdə işləyirmiş. Tezbazar toy oldu, Naza gəlin köçdü.
İndi qocalar evində qalırdı. Xəstəliyi ağır idi. Uzaq keçmişdən başqa bir şey xatırlamırdı. “Bi-bi” dedim. Üzü güldü.
– Hər şey yaxşı olacaq. Yayda biçdiyin otların iyini xatırlayırsan? Ya da Bibingildə yediyin balıq dolması, yanında da ayran.
Bu dəfə üzü bulud kimi tutqunlaşdı. Nəsə xatırlayırdı. Yəqin mənim danışdıqlarımdan tamam fərqli, tamam başqa hadisələr xatirində canlanırdı. Bəlkə də, onu bir daha görməyəcəkdim. Əlini bərk-bərk sıxdım. O gedəndən sonra ürəyimi kədər bürüdü. İşləməyə qəti həvəsim qalmamışdı. İcazə alıb şəhərə çıxdım.