Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Rəşid Bərgüşadlının “Hormonal krizis” hekayəsini təqdim edir.
Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.
Heyvanların içində sevgi, mərhəmət nəğməsini ən iyrənc ifa edən məxluq pişiklərdir. Hər miyoltusunda yaltaqlıq, saxtakarlıq var. Bunu, toyuq dəninə tamahsınan qumru və sərçələr daha yaxşı bilər. Hər dəfə dəni azaldıram ki, toyuqların qabağından qalmasın. Yoxsa ac quşcuğazlar yemə cuman kimi bayaqkı yaltaq pişik dönüb olur iblis balası. Ürəyi yananlar pişik caynağında can verən zavallı qumrunun halına baxsın!..
– Ay Gülbəs, hardasan, ay adıbatmış?! – anamdı, səki öz anasının adını qoyub mənə.
– Evin dalındayam, toyuqlara dən verirəm...
– Səyin qızı, gecikirik axı, gəl əynini dəyiş!.. – mənə qalın paltarlar almağa gedəsiyik.
– Gəldim... – dən qabını marığa yatmış pişiyə tulazladım, dəymədi. Getmək istədiyimi duyanda üzümə nifrətlə baxıb bığlarını sahmana saldı. Sonra dörd caynağı üstə qaytan kimi gərnəşib iblis donunu əyninə geydi...
Nənəm yenə otağın kəlləsindəki nimdaş kresloda yerini rahatlayıb şalının saçaqlarını didələyirdi, – Yenə qaram-qarıxıq hara gedirsiniz belə? – nəmdən işıldayan gözlərini üzümə dikdi.
– “Binə”yə paltar almağa.
– Oyrəli almadınızmı? Deyəsən ana-bala qızıl küpü tapmısınız... – haqq üçünə, deyingən qocalardan deyil nənəm. Yaxşı arvaddı, məni çox istəyir, amma doğma nənəm deyil. O, atalığımın anasıdır. Oğlu rus qızına qoşulub ölkədən qaçandan sonra kimi-kimsəsiz qaldı ortada yazıq arvad. Öz atam isə şəhid olub. Müharibədə silah-sursat daşıyan yük maşını sürürmüş. İçkili olub, maşını yarğandan aşırıb və iki əskərlə birlikdə ölüb. O öləndə mən ikinci sinifdə oxuyurdum. Anam bizi “şəhid ailəsi” yazdıranadək dəridən-qabıqdan çıxdı, amma sonda bacardı. İndi atamın “igidliyinin” pulunu xərcləyirik. Nənəm də təqaüd alır, həm də karlısından. Əmək veteranı-zad olub. Yaxşı ki, alır, almasaydı, anam onu diri-gözlü udardı. Anamla aralarında sirli bir pərdə vardı, həmin qırmızı xətti heç biri keçməzdi. Ev nənəmindi, xərc-xəsarət və qulluq isə anamın. Mənsə ortada ingilis bayrağı kimi gah o tərəfə əsirəm, gah da bu tərəfə.
– Gec gələssiniz? – təkcə gözlərini qıyanda bir balaca küpəgirən qarılara oxşayırdı.
– Həmişəki kimi... – çiynimi çəkdim. Nənəmin qabağında əynimi dəyişdikcə o, dilinin altında nə qədər böyüdüyümə işarə edərək “tfu, tfu, maşallah, Allah bədnəzərdən qorusun” pıçıldayırdı. Onun gözündə böyüdüyümü görmək xoşuma gəlirdi. – Nənəşka, sənə də kalqotka alımmı? – cırnatmağımı özü də sevirdi.
– Kalqotkanı anana alarsan!.. – bax bunu deyəndə gözlərini gizlədirdi məndən. Gülümsədim. – Dişlərini ağartma! Bir az tez qayıdın, toyuqları yenə it-pişik yeməsin... Pişiyimizlə canbir dost olan qara köpəyimiz də var. Ayaqları gödək – törəboy itdir. Keçən dəfə “Binə”yə gedəndə yemək verməyi unutmuşduq, o da toyuqlarımızdan birini parçalayıb yemişdi. Hərçənd, toyuq onsuz da xəstə idi. Həmin gün evə gec qayıtmışdıq. Qayıdanda gördük ki, pişik itimizin qanlı ağzını yalayır, o isə külək yellədən lələklərlə oynaqlayır. Anam o ki var döymüşdü iti, azdırmaq istəmişdi, mən qoymadım. Nənəm də anamın tərəfinə keçmişdi. – Xəstə toyuq ölüb ki, o da yeyib. Yoxsa, heç diri toyuqlara cumduğunu indiyədək görmüsünüzmü? – üsyan eləmişdim...
– Hazırsanmı, qızım? – anamın avazı birdən-birə dəyişdi. Bu dəfəki “qızım” sözünün kölgəsində pişiyimizin yaltaqlığı gizlənmişdi. Güzgüdə saçını daraya-daraya məni başdan-ayağa süzdü, – Di çıxaq, avtobusa gecikəcəyik... – sifəti yenə qızarırdı...
Avtobusda anamın yolboyu titrəyən dizlərinə gözümü səssizcə zilləyib durmuşdum. Gah əlimi ovcuna alıb ovuşdurur, hərdən öpür, gah telimə sığal çəkir, gah da yazıq-yazıq üzümə baxıb başını çiynimə söykəyirdi. Əvvəllər belə narahat deyildi, amma son vaxtlar hərəkətləri də yüyrək olub, danışığı da. Sanki ürəyincə yaşamır və layiq olmadığı həyatı yaşamağa məcbur edilib və ömrü qaram-qarıxıq yaşamağa məhkumdur. Bütün uğursuzluqlarını bu tələsikliyin ayağına yazır. Yaşlanmaqdan, ondakı həyat eşqini itirməkdən çox qorxur...
“Binə”dəki dükanların arasından külək kimi ötüb keçirdik. Nəyisə gözüm tutub dartınanda, – Azıb itəcəksən, geri qalma... – əlimi buraxmadan az qala məni arxasınca sürüyürdü. Hansı mətəyə tələsdiyini yaxşı bilirdim. Səkkizinci cərgədəki o paltar dükanı anamı maqnit kimi özünə çəkirdi...
Hasib bizi görəndə plastik kətildən qalxıb qabağımıza yeridi. Onu görəndə nədənsə məni gülmək tuturdu. Qəribə həyasız utancaqlıq vardı üzündə. Yenə üzünü ülgüclə kəsmişdi. İlk baxışda yaraşıqlıydı, səliqəli geyinirdi, amma şalvarının balağını eyzan yuxarıdan kəsdirdiyinə görə ayaqqabılarının yarısı görünməz olurdu və onu yaşlı göstərirdi. Bu dəfə cod, şəvə saçına balzam da sürtmüşdü. Adəti üzrə boynumu əyib alnımdan öpdü, – Maşallah, yekə qız olmusan! Nətərsən? – cavab vermədim. Çünki ağzı boş qalmamaq üçün soruşduğunu dəqiq bilirdim. İndi mən dükanda boş-boşuna bir saatdan çox tək-tənha paltarlara baxmalıydım ki, onlar da arxa otaqda anamın əyninə uyğun paltarı seçsinlər.
– Hə, eloğlu, göstər görək təzə nə mallar gətirmisən bizə? – anam asılqandakı paltarlara əlini sürtə-sürtə geyinib-soyunma otağına tərəf buruldu, – Gülbəs, sən də özünə istədiyin paltarı seç, qızım... – pörtmüşdü və qapıdan itəndə arxaya baxmadan dediyi bu sözləri sanki zarıdı. Hasib əvvəlcədən hazırladığı iki paltar torbasını götürüb eyni qapıda gözdən itdi. Hər ikisi pişik caynağında ürəyi çırpınan sərçə kimi tövşəyirdi. Hər dəfə dəyərsiz əşya kimi beləcə atılmaq qəlbimi qırırdı. Anam hələ də mənim nə qədər böyüdüyümü eşitmək, görmək istəmirdi...
Digər sıradakı dükanları xeyli gəzdim, qutab, şirə alıb qarnımı doyurdum. Hasibin dükanına təxmini qayıtmaq vaxtı çatanda isə nənəmə dəvə yuyunundan toxunma, allı-güllü yun corab alıb geri döndüm. Onların yanına çatanda nəsə danışıb gülürdülər. Məni görəndə özlərini yığışdırıb susdular. Nənəmin həmişə dediyi “şeytan çəpəri” sözü yadıma düşdü və üst dodağımı dişimlə sıxdım. Anam dayanmadan qeyri-ixtiyari qımışırdı. O, xoşbəxt olanda həmişə belə edir. Onun bu halını çox sevirəm. Bu vəziyyətində ürəyin istəyəni, hətta canını ondan qoparmaq mümkündür, – Nə qəşəng corabdı, hardan aldın? – gülə-gülə əlimdən alıb yun tiftiklərini sığalladı.
– O biri sıradan. Nənəmə almışam. Özü pulunu vermişdi.
– Yaxşı eləmisən, sevinəcək.
– O biri dükanlarda daha yaxşı mallar var. Boğazlı toxunma yun köynək vardı, çox xoşuma gəldi, amma pulum yetmədi. Gələn dəfə gələndə o sıraya da baxarıq.
– Mən eloğlumu qoyub başqasına xeyir verərəmmi heç? – nazla Hasibin üzünə irişirdi.
– Gedək göstər, görək neçəyə satırlarsa alaq – Hasib qabağa düşmək istəyəndə anam işvəylə onun biləyindən tutdu:
– Sən mağazanı sahibsiz qoyma, biz özümüz alarıq – sağollaşıb həmin köynəyi almağa getdik...
Avtobus dayanacağında anam bir yerdə dinc dayanmır, elə hey vargəl edirdi. Kifayət qədər gözüaçıq və məlahətli qadındır anam. Açıqca hiss olunur ki, mənimlə rəfiqəsi kimi sirrini də bölüşmək istəyir, amma bacarmır, – Hamı özü kimi birini axtarır, amma bilmir ki, ondan ta yoxdu, varsa, o da öz içindədir. Özündən güclü birinə oxşamaq istəyənlər isə heç vaxt ona çatammaz, tərsinə, öz içindəkinə qovuşmaqdan da əli üzülər – bu cür öyüd-nəsihətləri də olur hərdən... Eyni otaqda yatırıq. Yuxumuz gəlməyəndə pərdəni ehmalca özüm götürmək istəyirəm. Bir dəfə Hasib barədə fikrini öyrənmək istəmişdim ki, bu mehribanlıq nə vaxtsa doğmalığa çevriləcəkmi, – O, həqiqətən eloğlundur, yoxsa ondan xoşun gəlir?.. – sualımdan xeyli duruxmuşdu.
– Bir məktəbdə oxumuşuq, yaxın dost olmuşuq, başqa heç nə... – mənim verdiyim sualların arxasında məharətlə gizlənə bilirdi. Özü isə çox sual verməzdi, versəydi, məramını, niyyətini daha yaxşı anlayardım.
– Hər dəfə məni aparmasan olmazmı? Mən getmək istəmirəm oralara... – əsas dərdim o idi ki, Hasib də üçüncü ər olub yükümüzə çiyin dirəməsin və günlərin birində qeybə çəkilib dərdimizin üstünə təzə dərd gətirməsin. Mən bu minnəti götürmək istəmirəm.
– Təkbaşına getmək ayıb olar, qızım, camaat nə fikirləşər?.. – ürəyimdə həm onu qınayır, həm də anlamağa çalışırdım. Anlamaq üçünsə səbəblər çox idi. Şükür ki, anam hər uzanan minnətli yardım əlinə ikiqat əyilən aciz qadınlardan deyil. “Camaat nə fikirləşər” deyəndə isə əlimin içi kimi bilirdim ki, ilk növbədə nənəmin qınağından çəkinirdi...
– Gəl, avtobusumuz gəldi... – yenə uşaq kimi biləyimdən yapışıb avtobusa saldı məni. Avtobusda basabas idi. Yanaşı oturmuşduq. Daha dizləri titrəmirdi, əlimi ovcuna almırdı, sadəcə, pəncərədən eşiyə baxıb arada xoşhal gülümsünürdü. Ürəyimdə, – “Təki o xoşbəxt olsun” deyib əlini ovcuma alıb sığallayanda səksəndi. Əlini ehmalca çəkib nənəmə aldığım corabı torbadan çıxardı. Alnı tər puçurlarıyla doldu. – Yaxşı elədin bunu almaqda, çox sevinəcək... – corabın naxışlarını tumarladı. Həm də əlinin tərini coraba silirdi. Bu anda gözlərinin içinə baxsaydım onu məhv etmiş olardım.
– Hə, gərək hər dəfə ona bir şey alaq, qoy könlü xoş olsun – deyəndə üzümə diqqətlə baxdı. Deyəsən böyüdüyümə və orta məktəbi bitirməyimə cəmi ikicə il qaldığına indi məəttəl qalırdı.
– Yaxşı adamdı. Həyanımızdır. Allah ömrünü uzun eləsin. Çalışıb xətrinə dəyməməliyik. O olmasa qulağımız səssizlikdən batar. Yazıq arvad, qırx ildir ərsizliyə necə dözür görəsən... – yenə nəzərlərini çöldə bir-bir ötən işıq dirəklərinə zillədi. Düz deyirdi, nənəm olmasaydı ana-bala günboyu danışacaq maraqlı söhbətimiz, deyib-güləcək şənliyimiz olmazdı, onsuz əsl yetim gününə düşərdik. Kim bilir, bəlkə də nənəm olmasaydı anam Hasibə qoşulub məni atıb qaçardı. Nənəsizlik fikri məni kövrəltdi, lap qəribsədim, – “Çatan kimi bağrıma basıb hər iki yanağından marçıltıyla öpəcəyəm onu. Hələ corab aldığımı biləndə gör necə sevinəcək”...
Həyətə girəndə pişiyimiz yenə ərik ağacının gövdəsində caynaqlarını itiləyirdi. Eyni yeri o qədər cırmaqlamışdı ki, ağacın yaralarından axan qətran fır bağlamışdı. Ağacın dili olsaydı, “Gör məni nə hala salıb bu murdar məxluq, heyvanda bu qədər vəhşilik olarmı!?” çığırardı. Daş götürüb pişiyə atdım, yenə dəymədi, evin dalına qaçdı. Anam evə çıxdı, mənsə pişiyin arxasınca ki, görüm, yenə qumru canı alıbmı bu murdar. Heç beşcə dəqiqə keçməmişdi ki, arxa pəcərənin açılmağıyla anamın hay-harayı, nələrisə aşırıb dağıtmağı bir oldu, – Gülbəs, qurban olum, tez gəl, nənə yıxılıb yerə, huşunu itirib!.. Dərmanı hansıdır, gəl, tapa bilmirəm!.. – nənəmin təzyiq və şəkər dərmanlarını həmişə mən verirəm və qarışdırmasın deyə soyuducunun üstündə saxlayıram. Tezdən anam məni o qədər qarıxdırmışdı ki, arvadın dərmanlarını verməyi unutmuşdum. Başıalovlu evə götürüldüm. Əgər nənəm ölsə mən heç nəyə yaramayan, əl-ayağa dolaşan əşyaya çevriləcəkdim. Qapıdan içəri keçəndə anam telefonda hökürə-hönkürə Hasiblə danışırdı, – Hasib, qorxuram.., deyəsən ölüb... – həyəcandan ağappaq ağarmışdı. Bu dar macalda qısılmağa, təsəlli almağa bir həyan axtarırdı mənim günahkar, xəcalətdən ayaqda qurumuş anam. Nənəmin boynunu dikəltdim. Nəfəsi kəsik-kəsik gəlirdi.
– İti-qurdu yığma bura! Ölməyib! Şəkəri qalxıb huşunu itirib! Genbalaq Hasibə yox, təcili yardıma zəng vur!.. – insulin iynəsinin dalınca soyuducuya cumanda təcili yardımla danışan anam əl-ayağıma dolaşdı. Çarəsizdi, nə edəcəyini bilmirdi...
– Danışdım, həkim gəlir indi... – anam suya düşmüş cücə kimi büzüşmüşdü qorxudan, – Sağalda biləcəksən, Gülbəs?..
– Nənə, qorxma, nənəcan, səni ölməyə qoymaram! – qoluna insulin vurdum, dodaqlarını suyla islatdım, başının altına balınc qoyub nəbzini əlimə aldım, çay dəsmalıyla üzünü yelpiklədim. Ayağa qalxanda gözümdə gilənən yaş damlaları qəddimi əyəcək qədər ağır və yandırıcı idi. Anam da yetim hıçqırığıyla bayaqkı xoşbəxtliyi gözündən, burnundan fitil-fitil gətirirdi...
22 noyabr 2021-ci il