"Həyat sığortası" - Sənan İsmayılovun yeni hekayəsi

"Həyat sığortası" - Sənan İsmayılovun yeni hekayəsi
17 yanvar 2024
# 17:00

Kulis.az Sənan İsmayılovun "Həyat sığortası" adlı yeni hekayəsini təqdim edir.

Lulun kabinetinin qapısı gurultu ilə açıldı.

- Bu nədi belə... - Lul az qala qəzəblənəcəkdi. Amma içəri girən adamın özcə dostu Kuk olduğunu anlayıb cınqırını çıxarmadı. Axı, adətən, dostu özünü sakit aparırdı və onun bu qeyri-adi davranışının əsaslı səbəbi olmalı idi.

- Otur, sakitləş. İndi sənə qəhvə gətirəcəyəm. Həmişəki kimi, şəkərsiz.

- Fərq etməz. - Kuk sakit və məyus halda dedi.

- Necə yəni fərq etməz?

- Şəkərli, şəkərsiz, nə fərqi...

-Yox əşşi, guya səni tanımıram? Qırx ildir şirin şeylərdən qaçan sən deyilsən? - Lul başını bulayıb otaqdan çıxdı.

Kuk qonaqlar üçün ayrılmış stulda əyləşdi. Bir neçə dəqiqədən sonra müdir iki fincan qəhvə ilə peyda oldu.

- Şəkərli olan mənim, şəkərsiz sənin.

Kuk dostunun ona tərəf uzatdığı fincanı götürdü. Onun əli hiss olunmayacaq dərəcədə titrədi.

- Deyəsən bir az sakitləşdin. Di yaxşı, de görüm, nə əcəb birbaşa iş yerinə gəlmisən? Üstəlik, yaman qayğılı görünürsən, - Lul ucadan, şən səslə dedi.

O, kreslosunu iş stolundan araladı, oturdu, geriyə yayxanıb ayaqlarını bir-birinin üstünə aşırdı. O, bütün bu hərəkətləri və ədası ilə qonağını toxtatmağa cəhd edirdi.

– Köhnə xəstəliyim qayıdıb. Sağ qalmaq şansım yüzdə-ondur.

Dostunun sözləri Lulu şoka saldı. Ayağını-ayağının üstündən götürdü, irəli əyilib qollarını dizinə söykəyib diqqətlə həmsöhbətinə baxdı.

Yadına düşdü ki, illər əvvəl dostu qəfil xəstələnmişdi. Xəstəxanada ona dəhşətli diaqnoz qoyulmuşdu. Amma həkimlərin səyi, ən əsası isə gənc və möhkəm orqanizmə sahib olması sayəsində ağır xəstəliyə qalib gəlmişdi. Kuka dərmanlar yazılmış və xəstəliyin təkrarlanması ehtimalını nəzərə alaraq vaxtaşırı yoxlanılması tövsiyə edilmişdi.

O, bir neçə il var gücü ilə həkimlərin tövsiyələrinə əməl etdi, lakin sonradan dərmanları da, müayinəni də bir kənara atdı.

- Təəssüf. Bəlkə, həkim səhv edir? Belə şeylər olur, - Lul, dostunu təsəlli etməyə çalışdı.

Kuk susdu.

- Sənə necə kömək edə bilərəm?

- Bəlkə, bir məsləhətlə...

- Bunu yaxşı bacarıram. - Lul guya özünü o yerə qoymurmuş kimi əlini yellətdi.

Lakin o indi dostuna nə təklif edəcəyini təsəvvürünə belə gətirə bilmirdi. Amma yenə də onu ruhlandırmağa çalışırdı.

– Bir həftə əvvəl arvadımla zərgərlik dükanına getmişdik. Orada bir boyunbağını çox bəyəndi. Mən onun boyunbağına necə baxdığını görürdüm - gözləri parıldayır, uşaq kimi gülümsəyirdi. Boyunbağını ona almaq üçün hər şeyimi verərdim. Di gəl, çox baha idi. Üstəlik, dünən xəstəliyimin geri qayıtdığını öyrəndim. Təbii ki, qorxdum və hələ də, qorxuram. Amma bircə təsəllim vardı ki, həyat yoldaşım sığortadan külli miqdarda pul alacaq. Fikirləşdim ki, onu rahat həyatla təmin edə bilərəm. Hətta o boyunbağını da özü üçün ala bilər.

Söhbətin davamında məlum oldu ki, Kuk uzun illər öz həyatını çox böyük məbləğdə sığortalayıb. Övladları çoxdan ailə qurub və yetərincə imkanlıdırlar. Əgər Kuk ölsə, müqavilənin şərtlərinə görə, sığorta məbləği onun həyat yoldaşına ödənilməli idi. Lakin sığorta müqaviləsində belə bir şərt də var: onun ölümü geri qayıdan xəstəliyi ucbatından baş verərsə, heç bir ödəniş edilməyəcək.

Onilliklər ərzində bu şərtlər ildən-ilə bir müqavilədən digərinə ötürülürdü. Ta o vaxta qədər ki, Kuk xəstəliyini tamam unutmuşdu və müqavilənin bu bəndini ciddi qəbul etməmişdi. Amma həkimdən köhnə xəstəliyinin yenidən baş qaldırdığını öyrənəndə müqaviləni yenidən bir neçə dəfə oxudu və bu xəstəlikdən dünyasını dəyişəcəyi təqdirdə həyat yoldaşının sığorta ödənişi ala bilməyəcəyini başa düşüb bərk əsəbiləşdi.

- Hətta intihar etmək barədə düşündüm.

- Dəlisən?! – Lul gözlərini bərəldib kresloya yayxandı və gərgin halda əllərini tutacaqlara dayadı.

- Dəli-zad olmamışam. Həqiqətən belə düşünürdüm. Amma intihar da sığorta məbləğinin ödənilməsini istisna edir. - Kuk sakit və məyus halda sözünə davam etdi.

- Lap yaxşı. Bu sənə axmaqlıq eləməyə imkan verməyəcək, - Lul dərindən nəfəs aldı və nisbətən rahatlaşdı.

- Qətiyyən. İndi mən elə bir intihar barədə düşünürəm ki, təsadüfi ölüm kimi təqdim etmək mümkün olsun.

Dostunun bu cür açıqlamaları Lulu daha da çox sarsıdırdı. Və ağlına daha yaxşı bir şey gəlmədiyinə görə fikirləşdi ki, hələlik dostunun başını qatsın, həm də görsün Kuk dəli-zad olmayb?

- Bəlkə, özünü maşının altına atasan?

Deyəsən, bayaqdan bəri ilk dəfə Kuk dostunun gözlərinin içinə dik baxdı.

- Ümid edirəm bu təklifin ciddidir.

- Başqa necə ola bilər ki? - Lul dostunun iradından narahat oldu və az qala ondan üzr istəyəcəkdi ki, Kuk sözünə davam etdi:

- Mən də bu haqda düşünmüşəm. Amma bu ilk növbədə, maşını sürən adam üçün problem yaradacaq. İkincisi, küçədə baş verən qəzanın ümumi mənzərəsi şahidləri narahat edəcək. Hə, axı sonra sübut da edə bilərlər ki, hadisənin günahkarı mən özüm olmuşam.

Lul dostuna necə kömək edəcəyini bilmirdi. Onu bu cür yola verməyə davam etməyin mənası yox idi. Kuk inciyib gedə bilərdi. Ancaq indi o, tam ciddiliyi ilə, təsadüfi ölüm üçün daha bir neçə variant təklif etdi. Və bütün bu variantların hamısı Kuk tərəfindən rədd edildi, bu da Lulu sevindirməyə bilməzdi.

- Bəlkə, fikrini dəyişəsən? Görürsən ki, intiharı təsadüfi ölüm kimi qələmə vermək o qədər də asan iş deyil.

- Fikrimi dəyişməyəcəyəm. Üstəlik, mən o zərgərlik mağazasında girov kimi müəyyən məbləğdə pul qoymuşam ki, boyunbağı bir ay ərzində satılmasın. Ümid edirəm, elə o vaxta qədər də sığorta pulu həyat yoldaşıma ödənər - deyə Kuk nigaran halda cavab verdi.

- Sən bu gün məni heyrətləndirməkdən əl çəkmirsən. Xahiş edirəm, bu barədə düşünmək üçün mənə bir neçə gün vaxt ver. Sadəcə bu müddət ərzində heç nə etmə.

Beləcə razılaşdılar və köhnə dostlar ikicə gün sonra - Lulun iş otağında görüşdülər.

– Mənim keçmiş müdirim yadındadır? İndi təqaüdə çıxıb. – Lul soruşdu.

- Yadımdadır.

- Əvvəllər buraya yanıma gələndə onu çox görmüsən.

- Dedim də-ə, yadımdadır. Deyəsən, o, axsayırdı. - deyə, Kuk əsəbi halda təsdiqlədi.

- Bax elə onun axsaqlığının səbəbi bərədə sənə danışmaq istəyirəm.

- Axı bunun mənim problemimlə nə əlaqəsi var?

- Var.

Məlum oldu ki, təxminən on il əvvəl, Lulun keçmiş müdiri təsadüfən, Almalı küçəsindən keçərkən, hansısa evsiz-eşiksiz bir adam onun portfelini əlindən qapıb və gizlənmək üçün xaraba qalmış bir evə tərəf qaçıb. Müdir də etməyib tənbəllik, onun arxasınca cumub. Oğrunu təqib edən müdir mərtəbələrin birində ayağını döşəmənin hansısa uçuq hissəsinə basıb və hündürlükdən yıxılıb.

Bu hadisədən bir az əvvəl ətrafda girələnən evsizlər üçün binaya çoxlu köhnə döşək gətiriblərmiş. Lulun köhnə müdiri də təsadüfən həmin döşəklərin üstünə yıxılıb və beləcə, ayağını sındırmaqla ölümdən qurtulub. Bu da onun bir müddət axsamasına səbəb olub.

- Oğrunu tapdılar?

- Yox. Digər evsizlər onu satmadılar. Düzdür, çantanı tapdılar. Yəqin soyğunçu adamın hündürlükdən yıxıldığını görəndə qorxusundan çantanı atıb qaçıbmış. Yeri gəlmişkən, o bina hələ də öz yerindədir, düzdü, daha da yararsız hala düşüb. Heç kim bu evə toxunmaq istəmir - nə özəl sərmayəçilər, nə də şəhər rəhbərliyi.

- Səncə, biz də hündürlükdən yıxılmaqla sona çatan soyğunçuluq oyunu təşkil edə bilərik?

- Tam o şəkildə yox. Özün fikirləş, əgər biz hansısa evsizdən səndən nəsə oğurlayıb qaçmasını xahiş etsək, o, sonradan bu barədə polisə xəbər verə bilər. Ya da elə başqa evsizlər bunu edər. Əlbəttə, polis onlara inanmaya da bilər. Ancaq sığortaçılar bundan yapışar. Sənə də arvadına pul ödənilməsi lazımdır, elə deyil?

- Hə, əlbəttə. - Kuk çaşqınlıqla cavab verdi.

- Deməli, kimlərinsə iştirakı ilə oyun oynamağa ehtiyac yoxdur. Mən dünən o binada idim. Düzünü deyim, çox təhlükəli bir yerdir. Döşəmənin bir yerini gözdən keçirdim, bax elə oraya da ayaq basıb aşağı yıxılacaqsan. Aşağıda bir yığın metal var. Ölümə zəmanət verilir. Tez-tez istifadə etdiyin bir əşyanı da özünlə apararsan. Bu əşyanı binanın yaxınlığında bir yerə at, sonra da kimisə təqib edirmiş təki içəri qaç. Hətta qışqıra da bilərsən. Cəsədini tapdıqdan sonra binanın ətrafını gözdən keçirib sənə aid olan və hansısa evsiz tərəfindən oğurlansa da sonradan yerə atıldığı güman edilən bir şey tapacaqlar.

Kuk minnətdarlıqla dostuna baxdı, amma yenə də əzgin və yorğun görünürdü.

- Qulaq as, Kuk, biz bir-birimizi on illərdir tanıyırıq. Mən sənə belə radikal addımlar atmağı məsləhət görmürəm. Ancaq əgər qərar vermisənsə, çox yaxşı bir ssenari təklif edirəm. Həm polis, həm də sığortaçılar inanacaq. Üstəlik, əvvəllər də oxşar hadisə baş verib.

- Sən də mənim vəziyyətimdə olsaydın, eyni şeyi edərdin?

- Bunu demək çox çətindir. Bununla belə, eyni şeyi edə biləcəyimi düşünürəm. Mən də həyat yoldaşımın gələcəyini təmin etmək istərdim.

Kuk sinəsində ağrı hiss etdi.

-Yaxşı, gedək səni səhnə ilə tanış edəcəm. Yəni, o evlə, ssenarimizi həyata keçirəcəyimiz o yerlə.

Kuk başını aşağı salıb yavaş addımlarla dostunun arxasınca getdi. Lul hərdən dayanıb Kukun ona çatmasını gözləyirdi. Binanın girişindəki lövhə deyirdi: “Xəbərdarlıq! Bina qəza vəziyyətindədir. Giriş qadağandır. Həyatınıza real təhlükə vardır”. Lul dostu tərəfə çöndü və gülümsədi:

- Əsl istədiyimizdir.

Kuk dillənib nəsə demək gücündə deyildi və cavab olaraq sadəcə gülümsəyə bildi.

Həmin gecə Kukun həyatının ən dəhşətli gecəsi idi. Və bu onun sonuncu gecəsi olmalı idi. Bütün gecəni o yan-bu yana çevrildi. Arvadı donquldanırdı ki, onu yatmağa qoymur. Onun özünə yazığı gəldi. Qalxdı və yavaş-yavaş qonaq otağına keçib divanda uzandı. Saat yeddiyə yaxın durdu. Tez paltarını geyinib arvadı oyanmamış evdən çıxmaq istədi. Arvadı hərdən çox həssas olur və onun fikirlərini oxuya bilirdi. Bir daha evinə gəlib arvadı ilə nahar etmək imkanından özünü məhrum edəcəyini təsəvvürünə gətirmək Kuk üçün çətin idi. Amma qərar qəbul edilmişdi və nə qədər çətin olsa da, sona qədər getmək niyyətində idi. Arvadının yuxulu səsini eşidəndə artıq giriş qapısına yaxınlaşmışdı.

- İşə getmək vaxtıdır?

Kuk cavab vermədi. Arvadının məzəmmətli səsi gəldi:

- Nə isə bu gün çox qəribə görünürsən. Adama bir təhər baxırsan. Deyəsən səhər yeməyi də yeməmisən. Halın özündə deyil.

-Çox istəyirəm ki, sən o boyunbağını alasan. - Qəhərlənib evdən çıxmaq üçün döndü.

- Hansı boyunbağı? Nədən danışırsan?

– Ondan dəə, keçən həftə mərkəzi meydandakı mağazada gözün tutmamışdı? Gözünü çəkə bilmirdin ki...- Kuk əhvalını hiss etdirməmək üçün tezliklə evdən çıxmaq istəyirdi.

- Alarıq dəə, noolub? Qulaq as, çətir sənin nəyinə lazımdır? Əminsən ki, bu gün yağış yağacaq?

- Bilmirəm. Srağagün yağırdı. - Kuk yöndəmsiz şəkildə donquldandı və soruşdu: - Niyə o boyunbağını ala biləcəyimizi düşünürsən ki? – Və qəhər hissi qismən çaşqınlıqla əvəzləndi.

- Bu gün sənə nə olub?! Niyə indi boyunbağı haqqında danışırıq axı? – Arvadı artıq əsəbi halda soruşdu.

Kuk yenidən depressiyaya düşdü. “Niyə o boyunbağını almağa imkan olacağını belə əminliklə dedi? Bəlkə, intihar edəcəyimdən xəbəri var? Mənim bu hərəkətimə dəyər verə biləcəkmi? Əgər mənim niyyətimi bilirsə, niyə fikrimdən daşındırmır?”

Xaraba binaya gedən yolda heç kim gözə dəymirdi. O, asta-asta addımladı və yalnız saat yarımdan sonra oraya çatdı. Fikirli-fikirli binanın ətrafında dolandı. Çətiri yerə atdı. Lulun məsləhət gördüyü kimi, qışqıraraq binaya doğru qaçdı. Ancaq bu onda çox süni alındı. Lazım olan mərtəbəyə qalxmağa başladı. Həyəcandan ağır-ağır nəfəs alırdı. Başındakı fikirlər qarışıq idi və heç bir məna kəsb etmirdi.

Külək binanın içində at oynadırdı, beton döşəmənin bəzi yerlərində gölməçələr görünürdü və o, yöndəmsizcə gölməçələri adlayıb keçirdi. Haradasa küləyin qapını cırıldatdığı duyulurdu. Ona elə gəldi ki, başqasının ayaq səsini eşitdi. Amma heç kimi görmək istəmirdi. Budur, döşəmədəki yer - ayağını irəli atmaqla yıxılıb metal topasının üstünə düşəcək. Həmin yerdən bir addım aralıda dayandı. Döndü və bir az geri çəkildi. Yenidən çevrildi, azca irəli yeridi və yenə dayandı. Gözlərini yumub donub qaldı, son addımı atmağa cəsarət etmədi.

Yenə başqasının ayaq səslərini eşidib geri çevrildi və köhnə, çirkli, cırıq-curuq palto geyinmiş uzun saçlı bir kişi gördü. Qalın və çirkli saç-saqqal onun sifətini elə örtmüşdü ki, üz cizgilərini müəyyən etmək belə mümkün deyildi.

Amma Kuku dəhşətə gətirən başqa bir şey də vardı: kişi əlində onun çətirini tutmuşdu!

“Mənim çətirim”... – Kuk tərəddüdlə öz əşyasına işarə edib dedi, lakin o, cümləsini tamamlamamış tanıya bilmədiyi bu adam axsaya-axsaya, zirək addımlarla birbaşa Kuka tərəf gəlirdi. Kuk təhlükəli yerdən uzaqlaşaraq pəncərəyə doğru bir neçə addım atdı. Yalnız bu sözləri soruşmağa imkan tapdı: “Sizə nə lazımdır?”, elə o andaca yad adam çətiri kənara atıb cəld Kuka çatdı, onu qamarladı və var gücü ilə özünə elə sıxdı ki, Kuk ağrıdan qışqırdı. Yad adam onu hop götürdü, elə qaldırdı ki, ayaqları yerdən üzüldü və pəncərəyə o qədər yaxınlaşdırdı ki, Kukun başını aşağı əyərkən küçəni gördü. O, qorxusundan bərk qışqırdı, ümid etdi ki, küçədə kimsə səsini eşidəcək. Saqqallı kişinin üz-gözünü şillələməyə çalışsa da gücü çatmadı.

Daha sonra Kuk rəqibini yıxmağa çalışaraq hər iki ayağına güc verib özünü divardan qopardı. Qəribədir, heç gözləmədiyi halda bunu bacarmışdı! Saqqallı kişi tarazlığını qorumaq üçün dizlərini büksə də, müqavimət göstərə bilməyib arxası üstə yerə yıxıldı. Kuk yad adamın əlindən qurtulub pilləkənlərə tərəf qaçdı. Geriyə baxanda gördü ki, yad adam hələ də beton döşəmədə uzanıb, onun başının həndəvərində isə qan gölməçəsi yaranır.

Hərəkətsiz bədənindən bir az aralıda isə Kukun çətiri düşüb qalmışdı – qorxudan götürə bilmədiyi çətiri.

Bir dəqiqə sonra Kuk həyətə qaçdı, nəfəsini dərdi və qırx dəqiqədən sonra artıq evə yaxınlaşırdı.

Arvadı evdə yox idi. “İndi bu baş verənləri ona necə izah edim? Bəs xaraba qalmış binada nə gəzdiymi polisə izah etməli olsam necə? Görəsən, o saqqallı adam indi necədir? Bəlkə, başını partladıb öldü? Əgər çətirin mənim olduğunu təyin etsələr, necə olacaq?” – deyə, Kuk düşündü. Hələ də sinəsi ağrıyırdı. Özünü çarpayıya atdı. Başı əcaib-qəraib fikirlərlə dolu idi. Heç nə haqqında düşünməməyə çalışdı və az qala yuxuya gedirdi ki, arvadı içəri girdi.

- Sən haralardasan? Bayaqdan hər yerdə səni axtarıram. İşə zəng etdim, orada da yox idin. Dur gedək zərgərlik mağazasına, boyunbağını alaq.

- Nəə?! – Kuk təəccüblə səsini qaldırdı.

– Necə nə? Tanış mağazada gördüyüm boyunbağını almağa gedirik. Hesab edək ki, sən mənə hədiyyə alırsan. Səhər-səhər boyunbağı barədə danışan sən deyildin? Bura bax, üst-başın niyə bu gündədir?

- Axı…

Kukun arvadının arxasınca getməkdən başqa çarəsi yox idi.

Onlar zərgərlik mağazasına yaxınlaşdılar. O, heç bir vəchlə nə mağazaya girmək, nə də boyunbağı almaq üçün yanında külli miqdarda girov pul qoyduğu hiyləgər satıcının üzünü görmək istəmirdi. Mağazanın qarşısında tərəddüd etməyə başlasa da arvadı onun əlindən tutub içəri çəkdi.

Xeyr, Kuk ora getmək istəmir! Bu səhər, o, bəlkə, də həyatının ən cəsarətli hərəkətini etməyə o qədər yaxınlaşmışdı ki. Amma qorxdu. O, həyat yoldaşının məhz bu mağazadakı bahalı boyunbağını ala bilməsi üçün intihar etmək qərarına gəlmişdi. Amma bir saqqallı yad adamdan qorxdu. Təkcə yad adamdan? Yox, o, sanki həsrətini çəkdiyi ölümdən qorxdu. Yad adam onu pəncərədən atsaydı, bütün məsələləri həll etmiş olardı.

Boyunbağını almağa pulu çatmır. Və indi satıcı onu girov qoyduğu pulun batacağı ilə hədələyəcək. Və o, bunu Kukun arvadının qarşısında, həm də böyük məmnuniyyətlə edəcək. Bəs arvadı? O, çatmayan məbləği tapa bilməməsinə necə reaksiya verəcək? Doğurdanmı, arvadı onun qalan pulu tapmaq üçün intihar etmək qərarına gəldiyindən xəbərdardır?

“Yoxsa yad adam məni öldürüb?! Xeyr, ola bilməz! Axı arvadım yanımdadır, deməli mən sağam. Demək, mən öz planımı həyata keçirə bilmədim. Bəs arvadım yad adamdan qorxduğuma, son addımı atmağa cəsarət etmədiyimə görə mənə nifrət etməyə başlasa, necə olacaq? Axı niyə o boyunbağını ala biləcəyimizə bu qədər əmindir?” Bütün bu qəribə və qara fikirlər Kukun beynində dolaşırdı.

Kuk və həyat yoldaşının mağazaya girdiyini görən satıcı fərəhlə qışqırdı:

- Hə, axır ki, boyunbağı almağı yekulaşdırmağa gəlmisiz? Əla, çox sevindim.

Arvadı Kuka pıçıldadı:

- Əlbəttə, sevinərsən, bizdən pul qazanacaqsan axı. Bəs “yekunlaşdırmaq” nəyə deyir? O, hardan bilir axı, boyunbağı üçün gəlmişik? Mən ki ona heç nə deməmişəm.

- Bilmirəm. - deyə, Kuk yöndəmsiz şəkildə qurcalandı.

- Boyunbağı deyil ey, ləl-cəvahirət muzeyidir. - deyə satıcı boyunbağının yerləşdirildiyi qutunu ehtiyatla vitrinin altından çıxarmağa başladı.

- Yox, yox, o birisini verin. Yanındakını. O sadədir, amma qəşəngdir. Bu isə o qədər də boyunbağına bənzəmir. Bahalıdır, amma kobuddur, qadın boynu üçün deyil. Ən azından mənim üçün deyil.

Satıcı Kuka baxdı və narazı sifətlə bahalı boyunbağını ehtiyatla yerinə qaytardı. Satıcı qaba halda Kukun həyat yoldaşının göstərdiyi əşyanı vitrinin altından çıxarıb ona tərəf uzatdı. Qadın güzgüyə yaxınlaşıb boyunbağını boynuna taxdı:

- Bax bu mənə yaraşır. Doğrudurmu?

- Çox yaraşır. - deyə, satıcı xəsisliklə vurğuladı.

Arvadı artıq pulu çıxarmışdı ki, satıcı narazı halda mızıldandı:

– Həyat yoldaşınız bir neçə gün əvvəl pulunu ödəyib.

Sonra Kuka tərəf döndü:

- Yeri gəlmişkən, məncə, sizə borcum qalmadı.

Kukun başını tərpətməkdən başqa çarəsi yox idi.

Çaşqın Kuk və sevinən arvadı küçəyə çıxdılar. Hava aydın və günəşli idi.

Arvadı Kukun yanağından öpdü:

- Hədiyyəyə görə çox sağ ol. Daha diqqətli olmusan. Amma nə isə bir təhər görünürsən.

- Mən elə bilirdim sən o bahalı olanı istəyirsən. Keçən dəfə mağazaya girəndə mənə elə gəldi ki, o bahalı boyunbağıdan gözünü çəkə bilmirsən.

- İndi aldığımızı lap əvvəldən gözüm tutmuşdu. Siz kişilər qadınların nə istədiyini təxmin etməyə çalışanda tez-tez səhv edirsiniz və həmişə bizim yerimizə düşünməyə çalışırsınız.

Sonra kimsə onları çağırdı. Bu, əlində Kukun çətirini tutmuş Lul idi.

- Əzizim, bu ki sənin çətirindir! - arvadı təəccübləndi. - Onu nə vaxt itirməyə macal tapdın? Axı sənə demişdim, çətir götürmək lazım deyil.

Kuk cınqırını çıxarmadı. .

-Mənim kabinetimdə unudub. Gözəl havadan həzz alın - dedi Lul və çətiri mat-məəttəl qalmış Kuka verərək uzaqlaşdı.

***

Sinəsində dözülməz bir ağrı hiss etdi və ayıldı.

- Yaxşı, qalx ayağa, zərgərlik dükanına gedək. Oyan, tənbəl! Bu qədər də yatmaq olar? - Kukun arvadı çarpayıda uzanmış ərinin yorğanını üstündən çəkməyə başladı.

– Qulaq as, dəhşətli bir yuxu gördüm. Sanki biz artıq o dükana girmişik, hətta boyunbağı da almışıq. Hə, xəstəliyimi də gördüm, heç sağalmayacaqdı. Hətta qəribə məsləhətlər almaq üçün Kukun yanına da getdim. Xaraba bir evdə saqqallı adam da gördüm. Deyəsən o məni öldürmək istəyirdi. Sinəm də yaman ağrıyır.

– Ağrı dünənki prosedurdandır. Dəhşətli yuxu da ondandır ki, bu barədə çox düşünürsən, narahat olursan. Axı həkim dedi ki, uzun müddət uzansan ağrıyacaq. Onu da əlavə etdi ki, gəzmək sənin üçün çox faydalıdır. Qırx il keçsə də köhnə xəstəliyinin geri qayıtması problem yaratmayacaq. İndiki vaxtda bu cür xəstəliklər asan müalicə edilir, amma prosedurdan keçmək lazım idi, sən də bunu etdin. Di dur geyin, gedək. Evdən çıxmışkən, hardasa oturub yemək də yeyərik. Çətir götürməyi unutma. Yağış deyiblər.

Kuk düşünürdü ki, illər keçdikcə onun arvadı daha deyingən və ipə-sapa yatmaz olur. Və qəribə də olsa, bu onun xoşuna gəlirdi.

Rus dilindən tərcümə: Məqsəd Nur

# 2311 dəfə oxunub

Oxşar xəbərlər

İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

15:00 17 noyabr 2024
Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

13:05 16 noyabr 2024
"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

09:00 16 noyabr 2024
Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

16:30 15 noyabr 2024
# # #