Heç vaxt gəlin ola bilməyəcəm - Sara İbrahim

Sara İbrahim, yazıçı

Sara İbrahim, yazıçı

27 noyabr 2021
# 14:00

Kulis.az Sara İbrahimin "Qaçırılmış arzular" hekayəsini təqdim edir.

Əgər bir cüt kədərlə baxan göz səni yuxularında da təqib edirsə, dünyada bundan əzablı heç nə yoxdur.

Bu gözlərə baxanda orda öz kədərini də görürsənsə, onda ikiqat çətindir.

Siz heç cansız əşyaların kədərləndiyini gördünüzmü? Yəqin ki, yox! Amma mən görmüşəm.

Nazlı mənim gəlinciyimdir. Adına fikir verməyin; onda nazdan, ərköyünlükdən əsər-əlamət yoxdur. Elə düşünməyin ki, Nazlı həmişə belə kədərli olub. Onun qapqara, uzun kirpikli gözləri bir vaxt sevgiylə parıldayırdı. Onu mənə ad günümdə atam bağışlamışdı. İpək kimi yumşaq saçları, mavi kəmərli bəyaz paltarı vardı.

Onu görəndə ağlıma gələn ilk ad “Nazlı” oldu. “Nazlı”dan başqa heç bir ad ona bu qədər yaraşmazdı.

Nazlıyla elə ilk dəqiqədən dostlaşdıq. Atam gəlinciyi mənə uzadıb: “Al,bu da sənə bacı;bacı istəyirdin” dedi.

Qardaşımla heç yola getmirdik. Anama ən çox verdiyim suallardan biri də bu idi: “Mənə nə vaxt bacı alacaqsan?”

Anam: “Bacı istəmə, qardaş istə qardaşın olsun, bacıları qardaşlar qoruyur”, deyirdi.

Bir gün anam doğum evindən qucağında ikinci qardaşımla qayıdanda başa düşdüm ki, Nazlıdan başqa bacım olmayacaq. Ona görə də ipək saçlı, qara gözlü Nazlını özümə bacı seçmişdim. Bu qolum boyda ipək saçlı bacımla ən gizli sirlərimi bölüşürdüm. Onu yatanda da özümdən ayırmırdım.

Qonşumuzun məndən üç yaş böyük oğlu Camaləddin, Nazlı qucağımda həyətdə görünən kimi başımızın üstünü alırdı. Üç qızdan sonra doğulduğu üçün təbərrük olan Camaləddin ərköyün, tərbiyəsiz böyüyürdü. Ona “yox” sözü demək olmazdı. İstədiyini verməyəndə aləmi bir-birinə qatırdı. Ayaqlarını yerə döyüb ağlayır, kimdə nə görmüşdüsə, ona da almağa məcbur edirdi. Bəzən özündən yaşda kiçiklərə hücum edib əlindəkini alardı. Bu, oyuncaq da ola bilərdi, keks də. Camaləddinin əlindən küçə qapımızın ağzına tək çıxa bilməzdim. Bir neçə dəfə hücum çəkib Nazlını əlimdən almaq istəsə də, cəld tərpənib evə qaçmışdım

Kiçik qardaşım doğulandan sonra anamın mənimlə gəzməyə vaxtı olmurdu. Böyük qardaşım mənimlə həyətə çıxmağı özünə sığışdırmırdı. Onunla həyətə çıxmaq istədiyimi deyəndə kişilənirdi: “Qız uşağısan, otur evdə gəlinciyinlə oyna”.

Anam ona həyətə çıxmağa geninə-boluna icazə verdiyi halda, mənə yalnız qapımızın ağzında dayanıb küçəyə boylanmağa icazə verirdi. Tez- tez məni səsləyirdi: “Aytac, ordasan?”

Təsdiq cavabımı eşidib: “Yaxşı, bir az da bax, gəl evə” deyib rahatlaşardı.

...Nazlı qucağımda həyət qapısının kandarında görünməyimlə Camaləddinin gəlinciyi quzğun kimi çalıb qaçmağı bir oldu. Övladı əlindən alınmış ana kimi fəryad qoparıb onun dalınca qaçdım. O, məhəllə evlərinin arasındakı yolla qaçıb özünü hara soxdusa, onu tapa biləcəyimdən əlimi üzüb hönkürdüm. Məni ovutmaq istəyən qonşu qadınlara: “Nazlı... Nazlını qaçırtdı” deyə, hıçqıra-hıçqıra Camaləddinin getdiyi tərəfi göstərirdim.

Anamın qucağım boş, gözüm yaşlı evə qayıdanda mənə təsəllisi bu oldu: “Qaçırıb, qaçırıb da, yenisini alarıq. Camaləddinin əlindən salamat gəlincik qayıdar? Kim bilir neçə parça edib.”

Ertəsi gün Camaləddinin anası əlində saçları yolunub pırpızlaşmış, paltarı neçə yerdən cırılıb sökülmüş, qolunun biri çıxıb sallanan Nazlı, anama üzrxahlıq edə-edə gəlinciyimi mənə uzatdı. Nazlı sanki düşmən əsirliyindən qayıtmışdı.

Qonşu qadın şikəst olmuş bacımı verib getdi. Anam göz yaşlarımı görüb mənə təskinlik verməyə başladı:

“Sənə ondan da gözəlini alacam. Ağlama, oyuncaq nədir ki, ondan ötrü ürəyini sıxırsan”

Mənə başqa gəlincik lazım deyildi. Nazlımı bu günə qoyan Camaləddinin yeni gəlinciyimi də qaçırmayacağına heç kim zəmanət verə bilməzdi.

Qaçırılıb qaytarılmış Nazlıya anam başqa paltar tikdi, çıxmış qolunu yerinə salıb saçlarını daradı. Anam Nazlının çıxan qolunu, cırılan paltarını təzələyib dəyişdi, bircə Nazlının gözlərindəki kədəri sevincə dəyişə bilmədi. Qaçırılıb qayıdandan sonra Nazlının sevgiylə baxan gözlərindəki parıltıdan, sevincdən əsər qalmamışdı. Mənə elə gəlirdi ki, onun qapqara gözlərinin dərinliyindən boylanan kədəri daha heç kim, heç nə silə bilməyəcək.

...Məktəb yaşım çatanda anam mənimlə şərt kəsdi: “Daha böyük qızsan, gəlinciklə oynamaq yaşın keçdi. Bundan sonra dərslərinlə məşğul olmalısan. Boş vaxtın olanda ev işlərində mənə kömək etməlisən. Bu gün-sabah böyüyüb ailə quranda dilimiz heç kimin yanında qısa olmasın”.

O, gəlinciyimi evimizdəki hündür paltar dolabının üstünə qoydu. Kədərli gözləriylə dolabın üstündən mənə baxan Nazlını yalnız aşağıdan yuxarıya boylanıb görə bilirdim.

Üç sinif məndən yuxarı oxuyan Camaləddin məktəbdə də mənə göz verib işıq vermirdi. Tənəffüslərdə onun gözünə görünməməyə çalışırdım. Saçım arxadan dartılanda geri çevrilib heç kimi görmürdüm. Amma bilirdim ki, bu odur. O qədər cəld idi ki, mənə sataşan kimi uşaqlarla dolu dəhlizdə özünü gizlədə bilirdi.

Uşaqların arasından məni nişan alıb kürəyimə vurduğu qartopunun ağrısından neçə gün ilan kimi qıvrıldım. Sən demə, qartopunun içərisinə daş qoyub atırmış. Anama şikayət edəndə valideynlərinə deyib Camaləddinə qulaqburması verdirmirdi ki, heç olmasa ürəyim bir az soyusun. Köhnə fikirli, savadsız anamın bu barədə öz düşüncəsi vardı: “Uşaq uşaqla dalaşar da barışar da! Böyüklər qarışmamalıdır”.

Böyüdükdən sonra da Camaləddin məndən əl çəkmirdi. Daha saçımı dartıb daşlı qartopu atmırdı. İndi mənə söz atırdı. Tək görsə qarşımı kəsib öz aləmində məni sevdiyini demək istəyirdi. Gözlərindən sırtıqlıq yağan, yekəbaş, qırmızısifət Camaləddinin kimisə sevə biləcəyinə inanmaq çətin idi. Onun ifadəsiz baxışlarında sevgidən başqa nə desən vardı: təkəbbür, qəddarlıq nifrət...

Ondan qorxurdum. Bu hiss məndə Nazlını qaçıran gündən yaranmışdı. Böyüsəm də, qorxum azalmamışdı; onunla rastlaşanda ürəyim quş ürəyi kimi çırpınır, yanından tez ötüb keçməyə çalışırdım.

Sinifdən-sinfə güclə keçən Camaləddin məktəbi məndən üç il əvvəl bitirmişdi. Onu hərbi xidmətə də aparmamışdılar. Anasının dediyinə görə, guya sağlamlıq komissiyasından keçəndə xəstəliyi üzə çıxıb. Xəstəliyinin nə olduğunu isə demirdi. Camaləddin əsl tüfeyli həyat keçirirdi. Atasının aldığı maşınla gecəyarıyadək özü kimi dostlarıyla kafe, barlarda əylənirdi. Hərdən küçədə üz-üzə gələndə həyasızlıq yağan baxışlarıyla məni başdan ayağa süzüb dişlərini ağardırdı.

Məktəbi bitirməyimə sayılı günlər qalmışdı. Yalnız bir imtahanım qalmışdı, onu da verə bilsəm, orta məktəblə vidalaşıb ali təhsil haqqında düşünə bilərdim.

Evdə anamın sözü keçirdi. O isə mənim ali təhsil almağımı istəmirdi. Yaxşı bir yerdən elçi düşsə, məni tez ərə verəcəyini dəfələrlə demişdi. Anama bu il sənədlərimi verəcəyimi, hələ ərə getmək fikrində olmadığımı demişdim, amma onun cavabı dəyişməz idi: “Oxuyanların əli bala batıb, bir sən qalmısan”.

Ali təhsil almayıb, amma yaxşı ailələrdə gəlin olmuş qızları mənə nümunə göstərirdi. Hansı yolla olursa, olsun, təhsilimi davam etdirməyi düşünürdüm, hətta anamı yola gətirmək üçün bir neçə variant da düşünmüşdüm.

Heç ağlıma da gəlməzdi ki, sonuncu imtahandan “əla” qiymət alıb evə qayıtdığım gün heç vaxt yaddaşımdan silinməyəcək.

Məktəbdən birlikdə gəldiyim rəfiqəmdən ayrılıb küçəmizə girdim. Maşının yanında dayanıb siqaret çəkən Camaləddini görəndə imtahan sevincim bir anda gözümdə dondu.

“Bircə sən çatmırdın”. Hər dəfə onu görəndə beynimdən keçən fikir avtomatik təkrarlandı. Ürəyim tez-tez döyünməyə başladı. Sanki xoşagəlməz bir hadisə baş verəcəyini duymuşdum. Çantamı sinəmə sıxıb başımı aşağı əyərək ötüb keçdim. İki-üç addım irəli getmişdim ki, Camaləddin və tanımadığım iki nəfər – biri arıq, uzun, o biri öküz kimi yoğun, cantıraq oğlan üstümə atılıb məni maşına tərəf sürütlədi. Qışqırıb köməyə çağırmaq istədim, amma o anda Camaləddinin koppuş, iyrənc barmaqları ağzımı qapadı. Ürəyim partlamaq dərəcəsinə çatırdı. Başımı yana qaçırıb Camaləddinin ağzımı tutan əlindən qurtulmaq istəyirdim. Başım maşının qapısına çırpıldığından huşumu itirdim.

Özümə gələndə maşın hündürmərtəbəli binaların yerləşdiyi bir məhəlləyə girirdi. Oğlanların biri qarşıda, sükan arxasındakı Camaləddinin yanında, o biri mənim yanımda oturmuşdu. Huşumu itirməyim onların işini yüngülləşdirmişdi; şüursuz, oturacaqda yarıuzanmış vəziyyətdə olan qızı qaçırmaq təhlükəsiz idi.

Maşın doqquzmərtəbəli binanın qarşısında dayandı. Dikəlib oturdum. Yanımdakı başı yemiş kimi uzunsov, seyrək saçlı pəzəvəng üzümə hırıldadı:

– Gəlin bacı, səsini çıxartma,özünü ağıllı apar. Qardaşım, – başıyla dörd gözlə ətrafı nəzərdən keçirən Camaləddini göstərdi, – səni xanım kimi saxlayacaq.
Özümə yeni gəldiyimdən hələ key kimi idim. Zərblə çırpıldığından sanki başımın içi sökülüb dağılmışdı. Qol-qıçım sızıldayıb göynəyirdi. Məni əşya kimi bürmələyib maşına basmışdılar.
“Gəlin” sözünü eşitcək beynimə sanki iynə soxdular. Əlimi yemişbaşın üzünə atıb çığırdım:

– Əclaf,xoşun gəlir bacını ver Camaləddinə!

Dırnaqlarım üzündə qırmızı cığırlar açan öküzü itələyib, qapını açmaq istədim. Bir əliylə ağzımı yumub, o biriylə cəld qolumdan tutdu. Qarşıda oturan yoldaşı geri çevrilib:

– Ay-ay, olmadı Aytac, bizə problem yaratma! Yoxsa yenə huşunu itirəcəksən, – həvə dişlərini göstərərək hırıldadı.

Camaləddin onun sözünü təsdiq edib məni uşaq kimi aldatmağa başladı:

– Ağıllı olsan, istədiyin hər şeyi edəcəm. Bilirəm ki, oxumaq istəyirsən. Sənə mane olmayacam. Toydan sonra sənədlərini istədiyin yerə verəcəksən.

“Gəlin”dən sonra indi “toy” sözü məni dəli etdi. Üstünə atılıb onu parçalamaq istəyirdim. Çırpınıb ayaqlarımla yanımda oturanın ayaqlarına vurmağa başladım.

Maşın doqquzmərtəbəli binanın yaxınlığında dayanmışdı. Ətrafda oynayan beş-altı kiçik uşaqdan başqa kimsə yox idi. Çox güman ki, məni bu binada gizlətmək istəyirdilər. Həyət evində yaşayan Camaləddinin bina evində də mənzili olduğunu eşitmişdim.

Ətrafa boylanıb baxmaqlarından başa düşürdüm ki, həyətdə heç kimin olmadığı münasib vaxtı gözləyirlər.

Yanımda oturan tərpənən kimi qollarımı burub ağzımı qapayırdı. Yəqin, çox çabalayıb onlara mane olsam, məni “zərərsizləşdirmək” üçün nəsə fikirləşəcəkdilər. Başımı yana çevirib qolumu yemişbaşın əlindən çıxarmaq üçün çapalayanda diqqətimi binanın qarşısındakı mağazaya girən polis cəlb etdi. Camaləddingil mağazaya girən polisi görmədi. İkisi də geri çevrilib məni tutub saxlayan oğlana məsləhət verirdi: “Maşından düşürdəndə ağzını möhkəm yum, çığırmasın. Ev birinci mərtəbədədir. Tez tərpənmək lazımdı ki, görən olmasın”

Bu heyvərələrin əlindən asanlıqla qurtula bilməyəcəyimi başa düşürdüm. Polisi gördüyüm andan qorxum, həyəcanım bir az azalmışdı.

Anidən ağlıma gələn fikir məni ürəkləndirdi. Camaləddinə üzümü tutub ağzımı yanımda oturanın əlindən azad etməyə çalışaraq onunla danışmağa cəhd etdim. İlk dəfə onunla danışmaq istədiyimi görən Camaləddin:

– Burax, qoy danışsın, görək nə deyir, – dedi.

Özümü mümkün qədər sakit göstərməyə çalışıb mülayim səslə dedim:

– Əgər, həqiqətən, oxumağıma mane olmayacaqsansa, səninlə evlənməyə razıyam. Hara desəniz, gedərəm. Sən söz versən, qışqırmayacam. Sizinlə evə qədər səssiz gedəcəm.

Camaləddinin üstünə gün doğdu. Bic-bic irişdi:

– Mənim gözüm üstə! Atamın canına and içirəm. Sənə oxumağa mane olmayacağam, bircə sən səs-küy salma.

Özümü inanırmış kimi göstərib gülümsədim, başımla yanımdakı öküzə işarə edib:

– Buna de, qollarımı buraxsın, ağzımı qapamasın. Qışqırmayacam, söz verirəm, – dedim.

Oğlanlar dərhal canlandı. Üçü də birdən maşından düşdü. Camaləddin arxaya keçib mən tərəfdəki qapını açaraq düşməyimi gözlədi.

Mavi kəmərli ağ paltarımın qolu cırılmışdı. Saçlarım dağılıb üzümə tökülmüşdü. Üzümə, çiynimə tökülən saçlarımı əlimlə daraqlayıb boynumun ardına yığdım. Maşından düşüb əzilib qırış-qırış olmuş paltarımı çəkib düzəltdim.

Üçü də dayanıb gözləyirdi. Əsir kimi məni aralarına alıb irəli addımladılar. Mağazayla maşının arası iyirmi metr olardı. Mağazaya çatana qədər sakitcə yanaşı getdim. Mağazanın yanından keçəndə bir anda onlardan sıyrılıb özümü içəri ata bildim.

Ərzaq mağazasında beş-altı adam vardı. Gözümlə polisi axtradım. Kassanın qarşısında dayanıb pul kisəsini eşələyirdi. Polisə tərəf qaçıb qışqırdım:

– Kömək edin, məni qaçırıblar! Yalvarıram, qoymayın məni aparsınlar!

Arxamca mağazaya girən Camaləddinin dəstəsi yerində donub qalmışdı. Mağazadakı adamlar, polis məni dövrəyə alıb onlara yaxınlaşmağa imkan vermədi.

Bundan sonrakı hadisələr çox sürətlə baş verdi: Camaləddingili həbs etdilər. Məni evimizə qaytardılar. Camaləddinin ailəsi atamgilə minnətçi düşüb polisə şikayət etməsələr, mənə el adətiylə elçi gəlib toy edəcəklərini dedilər. Valideyinlərim dərhal buna razılıq verdilər. Amma məni həyətimizdəki anbarda ipdən asılmış, yarıhuşsuz vəziyyətdə tapıb hələ ölmədiyimə şükür edəndə planları pozuldu.

Məni qaçıranlar cəzalandırıldı: cəmi iki il şərti cəza. Amma mənimkinin yanında onların cəzası çox yüngül oldu.

“Qaçırılıb qaytarılmış qız” damğasıyla yaşayırdım. Sanki günahkar Camaləddin yox, mən idim. Məni qaçıranlar öz həyatlarına heç nə olmamış kimi davam edirdi.

Ali təhsil ala bilmədim. Anam məni arzuladığı yaxşı yerə ərə verə bilmədi: qaçırılıb qaytarılmış qızla heç kim evlənmək istəmirdi.

Məni sevdiyinə görə məktəbimizdə uşaqların zarafatla “Məcnun” dediyi sinif yoldaşım Samir də məndən qaçırdı.

Samir o hadisədən sonra bir dəfə də olsun, məni axtarmamışdı. Bir dəfə qonşu məhəllədə yaşayan xalamgildən qayıdanda təsadüfən onunla üz-üzə gəldik.

– Bağışla, Aytac, – dedi, – valideynlərim səninlə evlənməyimi istəmir. Yəqin məni başa düşürsən...

Nazlıyla üz- üzə dayanmışıq. Dolabın üstündən kədərli gözlərini mənə zilləyən, qaçırılıb sonra lazımsız əşya kimi atılmış Nazlıyla. Bizi bir-birimizdən yaxşı kim başa düşə bilər? İkimiz də Camaləddinin sındırıb atdığı, arzuları əlindən alınmış, heç vaxt gəlin ola bilməyəcək gəlinciklərik.

# 3864 dəfə oxunub

Oxşar xəbərlər

İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

15:00 17 noyabr 2024
Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

13:05 16 noyabr 2024
"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

09:00 16 noyabr 2024
Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

16:30 15 noyabr 2024
# # #