Heç kim məni sevmir -Anton Çexov

Anton Çexov

Anton Çexov

29 yanvar 2023
# 11:00

Bu gün Anton Çexovun doğum günüsür. Kulis.az bu münasibətlə görkəmli rus rəssamı Konstantin Alekseyeviç Korovinin Çexov haqqında xatirəsini təqdim edir.

Dahi yazıçı Anton Pavloviç Çexovla bağlı 1929-cu ildə “Rossiya i slavyanstvo” həftəlik qəzetində çıxan bu xatirəsi bəzi məqamlara işıq salmaq baxımından maraq doğurur. Burada dahi yazıçının tələbəlik illərindən bir günün, eləcə də ömrünün ağır çağlarından bir məqamın təsviri verilib. O, ideya girdabında boğulan həmyaşıdlarından fərqli, öz sadəliyi, uzaqgörənliyi ilə qısa və konkret olaraq “mənim məsləyim yoxdu...” deməklə, əslində, məsləyinin boyasız, rəngsiz, ilahidən gələn bir təbiət və insan sevgisi olduğunu bildirir, bununla da dövrünün qarma-qarışıq ab-havasında öz mövqeyini sərgiləyir.

A.K.Korovin bu xatirə oçerkinin ikinci bölümündə dahi yazıçının ömrünün sonlarına aid təsvir etdiyi epizodda onun xəstəlikdən əziyyət çəkdiyini, bununla belə başqalarına necə qayğı göstərməsindən söz açır, səxavətli və böyük ürəkli bir insan olmasını önə çəkir.

Bizcə, böyük yazıçının xarakterindəki bəzi mühüm cizgilər qısa da olsa, bu kiçik yazıda öz əksini tapmışdır və bunun oxucularda maraq doğuracağına ümid edirik.

A.P.Çexovla görüşlərimdən

I

Səhv etmirəmsə, bu görüş, 1883-cü ildə olmuşdu.

Moskvada Dyakov və Sadovı küçələrinin kəsişməsində "Şərq nömrələri" adlı bir mehmanxana vardı, amma nəyə görə məhz "Şərq" – bu, bəlli deyil... Bu nömrələr ən ucuz mebellərlə təchiz olunmuşdu. Əsas girəcəkdə baş qapı kip örtülsün deyə üç kərpici iplə bağlayıb yuxarıdan asmış, arxasına bərkitmişdilər...

Alt mərtəbədə Anton Pavloviç Çexov, yuxarıda, ikinci mərtəbədə isə, Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq Məktəbinin hələ o zaman şagirdi olan İ.İ.Levitanyaşayırdı.

Bahar fəsliydi. Biz Levitanla Myasnitskidən – məktəbdən gəlirdik, rəsm üzrə üçüncü və sonuncu imtahandan sonra mən – portret, o isə – mənzərə janrına görə gümüş medallar almışdıq.

Mehmanxanaya daxil olunca Levitan mənə dedi:

– Gəl Antoşaya baş çəkək (yəni Çexova)...

Anton Pavloviç qalan otaq papiros tüstüsüylə doluydu, stolun üstünə samovar qoyulmuşdu. Elə oradaca qalac, kolbasa, pivə vardı. Divanın üstü vərəqlərlə, mühazirə dəftərləriylə doluydu – Anton Pavloviç universitetdə həkimlik üzrə buraxılış imtahanlarına hazırlaşırdı.

O, divanın bir qırağında oturmuşdu. Əyninə boz rəngli gödəkçə geymişdi, o zamanlar tələbələrin çoxu belə gödəkçələr geyərdilər. Otaqda ondan başqa tanımadığımız gənclər – tələbələr vardı.

Onlar ucadan danışır, mübahisə edir, çay, pivə içir, kolbasa yeyirdilər. Anton Pavloviç oturub susurdu, aradabir ona ünvanlanan suallara cavab verirdi.

O, yaraşıqlıydı. Üzü geniş və aydın, gözləri gülümsərdi. Kimləsə söhbət edəndə, bəzən qarşısındakı danışan adama diqqətlə baxır, sonra başını aşağı salıb, xüsusi bir tərzdə mülayim-mülayim gülümsəyirdi. Bütün görünüşü, işıqlı üzü, gen sinəsi adamda inam hissi oyadırdı. Sanki o, adama bir səmimiyyət, arxa-dayaqlıq enerjisi ötürürdü... Gəncliyinə, cavanlığına baxmayaraq, hələ o zaman, o, yaxınlaşıb gerçəyi soruşmaq, dərdin, ələmin nədənliyini öyrənmək, qəlbinin dərinliklərində bəslənənləri etibar etmək istədiyin mehriban bir baba təsiri bağışlayırdı. Anton Pavloviç sadə və təbii idi, özünü süni aparan və müştəbeh deyildi. Onun fitri təvazökarlığı, xüsusi ölçü-biçi hissi, hətta utancaqlığı daim duyulurdu.

Baharın günəşli günlərindən biriydi... Levitanla mən Anton Pavloviçi Sokolnikiyə getməyə çağırdıq.

Aldığımız medallar haqda söhbət açdıq. Oradakı tələbələrdən biri soruşdu:

– Siz onu boynunuzda gəzdirəcəksiz? Qapıçılar kimi?

Levitan ona cavab verdi:

– Yox, bu medalları gəzdirmirlər... Bu, sadəcə elə-belədi... Məktəbi bitirəndə fərqlənmə nişanı kimi verilir.

– Sərgilərdə itlərə verildiyi kimi... – deyə başqa bir tələbə əlavə etdi.

Anton Pavloviçdən fərqli bu tələbələr ayrı cür idilər. Onlar çox höcətləşirdilər və hər şeyə özünəməxsus müxalif mövqe göstərirdilər.

– Əgər sizin məsləyiniz yoxdusa, – tələbələrdən biri Çexova müraciətlə dedi – siz yazıçı ola bilməzsiz.

– Məsləyim yoxdu demək olmaz axı – bir başqası bildirdi – mən hətta başa düşə bilmirəm, necə ola bilər ki, məsləkiniz olmasın.

– Mənim məsləyim yoxdu – Anton Pavloviç cavab verdi.

– Siz məsləysiz bir insan olduğunuzu deyirsiz... Bəs əsəri ideyasız necə yazmaq olar? Sizin ideyanız yoxdu?

– Nə ideyam var, nə məsləyim... – Çexov cavab verdi.

Tələbələr qəribə höcətləşirdilər. Onlar açıq-aydın Anton Pavloviçdən razı deyildilər. Götürdükləri istiqamətin didaktikasına, ideoloji və ibrətamizlik xəttinə onun cavab vermədiyi göz önündəydi. Onlar idarəçilik, rəhbərlik, təsir etmək və öyrətmək istəyirdilər. Sanki onlar hər şeyi bilir, hər şeyi başa düşürdülər. Anton Pavloviç üçünsə bütün bunlar, görünür, çox darıxdırıcıydı.

– Sizin hekayələriniz kimə lazımdı? Onlar nəyə aparıb çıxaracaq ki? Nə müxalifliyi var, nə ideyası... Məsələn, siz "Russkie vedomosti"yə gərək deyilsiz. Bəli, yazdıqlarınız əyləncədi yalnız...

– Yalnız əyləncədi – Anton Pavloviç cavab verdi.

– İcazə verin soruşum, niyə siz Çexonte imzası işlədirsiz? Belə bir Çin təxəllüsü nəyə gərəkdi?

Çexov gülümsündü.

– Ona görə ki, – deyə tələbə davam etdi, – siz tibb doktoru olanda bir vaxt ideyasız və etirazsız yazdıqlarınıza görə vicdanınız rahat olacaq...

– Doğru deyirsiz... – deyə gülməyə davam edən Çexov cavab verdi.

Həm də əlavə etdi:

– Gəlin Sokolnikiyə gedək... Gözəl gündü... Orada artıq bənövşələr çiçəkləyir... Təmiz hava... bahar...

Biz Sokolnikiyə yollandıq.

"Krasnıe vorotı"dan konkaya mindik, "Krasnıy prud"un, vağzalların, dəmir damları qırmızı və yaşıl rəngli olan taxta evlərin yanından ötərək getdik. Biz Moskvanın kənarıyla gedirdik...

İstəkli Levitan yarımçıq söhbəti davam etdirdi.

– Necə bilirsiz, – dedi o, – bax, mənim də heç bir ideyam-filanım yoxdu... Mən rəssam ola bilərəm, ya yox?

– Mümkün deyil, – tələbə cavab verdi, – ideyasız insan heç nə edə bilməz...

Levitan tələbəyə:

– Siz lap timsahsız! – dedi – Mən indi neyləməliyəm? Atmalıyam sənətimi?

– Atmalısız...

Anton Pavloviç gülərək söhbətə qarışdı:

– O, rəssamlığı necə ata bilər axı? Yox! İsaak hiyləgərdi, atmaz... O, boynundan asmağa medal da alıb... İndi isə Stanislavı gözləyir... Stanislav isə, balaca məsələ deyil... Elə beləcə də adlanır: Stanislav, əngimə ilişdirmə haa...

Biz gülüşdük, tələbələr incidi.

– Əgər mən günəş altında şam ağacını, baharı çəkmək istəyirəmsə hansı ideyadan söhbət gedə bilər, hə?

– Lütfən... başa düşürsüz? Şam ağacı – bir məhsuldu. Tikinti məhsulu... Başa düşürsüz?.. Odun – xalq malıdı... Bunu təbiət xalq üçün yaradır... Başa düşürsüz?.. – deyə tələbə coşdu. – Xalq üçün...

– Amma mən, ağac kəsməyə iyrənc bir şey kimi baxıram... Onlar da bizim kimi canlıdı, budaqlarında quşlar oxuyur... Onlar – yəni quşlar – bizdən yaxşıdı... Mən rəsm çəkirəm və bunun odun olduğunu fikirləşmirəm.. Bunu mən fikirləşə bilmərəm... Siz əsil timsahsız!.. – dedi Levitan.

– Nədən bəs oxuyan quşlar bizdən yaxşıdı?.. Lütfən... – tələbə qeyzləndi.

– Bu, mənə toxunur, – Anton Pavloviç dedi, – İsaak, sən bunu sübut etməlisən.

– Zəhmət çəkin sübut edin ki... –fövqəladə önəm doluifadəli və iti baxışlarını Levitana zilləyən tələbə ciddi-cəhdlə israr etdi.

Anton Pavloviç güldü.

– Axmaqlıqdı... – deyə Levitan onun sözünü kəsdi.

– Tezliklə Sokolnikidi, biz artıq yaxınlaşırıq...

Levitanın yanında əyləşmiş bir xala, əlindəki kisəcikdən qırmızı boyanmış bir pasxa yumurtası çıxarıb ona uzatdı və dedi:

– Yeyərsən, gözəl oğlan... (Levitan çox gözəl idi.) Atam rəhmətə gedib... İndi qırxıdı... Rəhmət oxuyarsan ona...

Levitanla Çexov gülüşdülər. Levitan yumurtanı aldı və kimə rəhmət oxumağı bilməkdən ötrü qadının atasının adını soruşdu...

– Nə danışırsan, gözəl oğlan, bəlkə sən keşişsən?

Qadın bir balaca kefliydi.

– Tələbəyik, tələbəyik... Qoltuğu kitablı bir tayfayıq, bundan o yana heç kimik... siz də başlamısız...

Biz Sokolniki dairəsinə çatdıq.

Vaqondan düşəndə bizimlə gələn qadın Levitana üzünü tutub ayrılmaq məqamında bunları dedi:

– Valideynimə rəhmət oxuyarsan... Onu Nikita Nikitiç çağırardılar... Seminariyanı bitirəndə isə saçların daha gözəl olacaq... Peçatnikiyə gələrsən... Anfisa Nikitişnanı hamı tanıyır... Yedirib- doyuraram səni... Oxumuş da olsan, yəqin acsan...

Anton Pavloviç gülürdü, tələbələr ciddiydi. Sanki basılmış durumdaydılar. Adama elə gəlirdi ki, iyrənc bir narahatçılıq onları addım-addım izləyir. Onların içi bir çox zəhlətökən ideyalarla doluydu. Bəzi ağır və düşünülmüş ideyalar onları cənginə almışdı,sanki hansısa bir buyruqla gənclikləri buxovlanmışdı. Onların sadəlikləri, səmimiyyətləri çatışmırdı, özlərini həyatın axarına verə bilmirdilər. Amma bahar çox gözəl idi! Levitan meşənin gözəlliyinə işarə edib: "Baxın, necə də gözəldi" – deyəndə, tələbələrdən biri belə cavab verdi: "Fövqəladə heç nə yoxdu... sadəcə darıxdırıcıdı... meşədi də... cəhənnəməcən!.. Burda nə var ki?.."

– Ay kətmən, siz heç nə başa düşmürsüz! – Levitan təkrar etdi.

Biz xiyabanla irəliləyirdik.

Meşənin sehrli gözəlliyi vardı. Bahar günəşinin şüaları altında şamların başucları tünd mavi göyün dərinliyində qırmızımtıl alov rəngdə bərq vururdu. Qaratoyuqlar aramsız olaraq oxuyurdu və ququ quşları uzaqlarda bizim bu ecazkar yer üzündə kimin nə qədər ömrü qaldığınınsirli hesabını aparırdı...

Çiyinlərinə qalın yun şərf salmış tələbələrdə də bir canlanma əmələ gəldi, onlar oxumağa başladılar:

"Nə etməli?" yazanın

Sağlığına gəl içək.

İçək... o ideallar,

O arzular güləcək...

Anton Pavloviç Levitanla yanaşı gedirdi, qabaqda da tələbələr... Uzaqdan onların uzun saçlarının çiyinlərinə necə töküldüyü görünürdü, o zaman bu dəb idi.

– O nə quşudu uçur elə? – onlardan biri Levitana üzünü tutub soruşdu.

– O, yəqin ki, qızılquşdu... – Anton Pavloviç zarafatla dedi.

Uçan qarğaydı!

– Məncə, Sokolnikidə (Sokolnik – qızılquş ovçusu; qədim Rusiyada alıcı quşlara baxan saray xadimi; həm də Moskvada yer adı– tərc.)daha qızılquş yoxdu...– deyə Çexov əlavə etdi – Mən heç vaxt o cür qızılquş görməmişəm... Təmiz qızılquş… Qızılquş ovçuları nə düşünürlər... Olsun ki, qızılquş və qızılquş ovu Rusiyada yayılıbmış...

Biz meşənin kənarına çatdıq. Dəmir yoluna aparan bir cığır vardı qarşımızda. Üstünə süfrələr sərilmiş masalar gördük. Çay içən xeyli insan vardı... Samavarlar tüstüləyirdi... Biz də bir masanın arxasında əyləşdik, çay süfrəsi Sokolnikidə dəb idi. Xidmətçilər dərhal bizə yaxınlaşdılar...

Onların tabaqlarında bulka, suxarı, quru balıq, hisə verilmiş kolbasa doluydu...

– Buyurun, gözəl cənablar...

Yaxınlığımızdakı o biri masanın arxasında bərk keflənmiş “Oxotnıy ryad”ın ticarətçilərinə oxşayanlar oturmuşdu və bizə pis nəzərlərlə baxırdılar.

– Ey siz... tələbələr... – Onların arasından möhkəm sərxoş olan biri bizəsarıüz tutub dilləndi. – Əgər... – deyə o, bizə yumruq göstərdi.

Yanında bir başqası onu dilə tutdu ki, bizə baş qoşmasın.

– Onlara baş qoşma... Nəyinə lazım... Bəlkə onlar heç tələbə deyil... Nə borcuna...

– Tələbəsən, dərsini oxu... avarasan avaralığını elə... – deyə gözləri qapanmaqda olan sərxoş bizə tərəf söyləndi...

Bu kompaniyaya xoş gəlməməyimiz göz önündəydi, bizə – “tələbələrə” düşmən münasibəti göstərmələri aşkarca bilinirdi.

Anton Pavloviç kiçik qeyd dəftərçəsini çıxarıb və sürətlə nəsə qeyd elədi.

Xatırlayıram ki, geri qayıdanda o, mənə dedi:

– Baharda nəsə üzücü bir əlamət var... Dərin intizar və narahatçılıq... Hər şey canlanır, ömür sürür... təbiətin yaşamasına baxmayaraq onda bir anlaşılmaz kədər var.

Biz tələbələrdən ayrılandan sonra o, mənə və Levitana gülümsünərək dedi:

– Bu tələbələr əla həkimlər olacaqlar... Bunlar yaxşı güruhdu... Onların başlarının ideyalarla dolu olmasına qibtə edirəm...

II

Bizim Sokolniki gəzintimizdən uzun illər keçmişdi və mən Krıma – Yaltaya 1904-cü ildə gəlişim zamanıVerxnıy Autkedəki evində Anton Pavloviç Çexova baş çəkdim. Alaqapıdan içəri girdikdə bağ evinin həyətində boynunu uzadaraq bir ayağı üstə dayanmış bir durna gördüm qarşımda. Məni görüncə qanadlarını gərdi,sanki mənə nümayiş etdirirdi – hərəkətə gəlib rəqs etməyə başladı, durnalar bu cür oyunbazlığı yaxşı bacarır.

Anton Pavloviçi otağında tapdım. O, pəncərə önündə oturub “Novoye vremya” qəzetini oxuyurdu. Mən ona:

– Nə qəşəng durnanız var – dedim – elə şövqlə rəqs edirdi ki...

– Hə, bu çox gözəl və mehriban bir canlıdı... Bizim hamımızı çox sevir – dedi Anton Pavloviç – İkinci dəfədi ki, baharda uçub bizə təşrif gətirir. Qışlamaq üçün başqa, çeşidli ölkələrə, begemotların yanına uçub getmişdi və yenə qayıdıb yanımıza gəlib. Maşa (bacım) və mən onu elə sevirik ki... Uçub getməsi və yenidən qayıdıb gəlməsi – bu, çox qəribə və möcüzəlidi, doğru deyil? Fikirləşmirəm ki, o, ancaq bağımızda qurbağaları məhv etmək üçün qayıdıb yenə... Yox, o məğrurdu və rəqs etməsini istəməyimizlə kifayətlənir. O artistdi və əyləncəli rəqsinəgülüşməyimizi sevir. Artistlər cürbəcür yerlərdə oynamağı xoşlayırlar və oraya uçurlar. Xanımım da Moskvaya uçub gedib – Bədii Teatra...

Anton Pavloviç masanın üstündən bürmələnmiş kiçik kağız bir qotaz götürdü, öskürərək içinə tüpürdü və içində məhlul olan bərniyə atdı.

Onun otağı səliqəliydi, işıqlıydı, amma bir qədər xəstələrə məxsus kimiydi. Kreozot qoxusu gəlirdi. Masanın üstündə təqvim və artistlərin və tanışların xüsusi altlıqlı, yelpik kimi açılıb-düzülmüş çoxlu foto-şəkillərivardı. Divarlarda da foto-şəkillər asılmışdı, bunlar Tolstoyun, Mixaylovskinin, Suvorinin, Potapenkonun, Levitanınvə başqalarının portretləri idi.

Mariya Pavlovna otağa girdi və qulluqçu aşpaz qadının xəstələndiyini, başının bərk ağrıdığını bildirdi. Anton Pavloviç öncə buna fikir vermədi, sonra qəfil ayağa durub dedi:

– Ah, necə də unutmuşam... Axı mən həkiməm... Bəs nə... mən həkiməm axı... Gedim görüm ona nə olub...

O, mətbəxə xəstənin yanına getdi. Mən onun arxasıyca getdim və xatırlayıram ki, xəstəliyin ağırlığı altında əyilmiş qaməti diqqətimi çəkdi; o arıqlamışdı, çiyinləri möhkəm salıxmışdı, bunlar isə, pis xəstəlikdən əziyyət çəkdiyinin əlamətləriydi...

Mətbəx evdən aralıydı. Mən həyətdə yenə rəqs edən və şellənən durnaya tamaşa etmək üçün dayandım, o, qanad çalıb yuxarı uçdu, bağın üzərində dövrə vurub yenidən qarşımda yerə qondu.

–Gözəl durnam! Nazlı durnam!.. – çağırdım onu və o, yaxınıma gəldi, öz iti gözləriylə çəpəki məni süzdü, görünür, çıxardığı oyuna görə məndən mükafat istəyirdi. Mən ona boş əlimi uzatdım. O, baxıdı və ucadan nəsə çığırdı... Bəs çığırıb nə deyirdi? Göstərdiyi tamaşaya görə, ona heç nə vermədiyim üçün yəqin ki, “fırıldaqçı!” və ya daha pis bir şeydeyirdi.

Sonra mən Anton Pavloviçə yanımda olan, Krımda yenicə çəkdiyim işlərimi verdim, fikirləşdim ki, onun bir qədər kefini açaram... – bu, gecə yatmış böyük gəmilərin rəsmləriydi... Anton Pavloviç bu rəsmlərin onda qalmasını məndən xahiş etdi.

– Qoyun qalsın... Mən hələ onlara təklikdə baxmaq istəyirəm... – dedi o.

– O, Moskvaya getməyə hazırlaşırdı. Mən bunu ona məsləhət görmədim. – onun tamamilə xəstə görünüşü vardı, öskürəkdən boğulurdu. Naharda o mənə dedi:

– Niyə çaxır içmirsiz?.. Mən sağlam olsaydım içərdim amma... Çaxırı çox sevirəm...

Onun sözlərində xəstəlik və kədər ovqatı duyulurdu.

Mən Krımda – amma Yaltada deyil, hardasa kənarda – bir parça torpaq almaq və özümə emalatxana tikmək istədiyimi bildirdim.

– Maşa, – deyə o bacısına dedi – bilirsən nə var, gəl öz torpaq sahəmizi verək ona... İstəyirsiz Qurzufda, lap qayanın yanındakını verək... Orada iki il,düz dənizin yanında yaşamışam... Qulaq as, Maşa, mən bu torpağı Konstantin Alekseyeviçə bağışlayıram... İstəyirsiz?.. Amma orada dəniz çox, səs-küylüdü – “əbədi”... İstəyirsiz?.. Orada balaca bir ev də var. Siz onu götürsəniz mən şad olaram...

Anton Pavloviçə təşəkkür etdim, çünki mən də dəniz kənarında yaşaya bilməzdim, ona yaxın yerdə yata bilməzdim, çünki həmişə ürək döyüntüm olurdu...

Bu mənim A.P.Çexovla son görüşüm oldu.

Sonra mən Qurzufda yaşadım və orada özümə emalatxana tikdim. Pəncərəmdən baxanda, qayanın yanında nə vaxtsa Anton Pavloviçin yaşadığı ev görünürdü. Bu evi mən tez-tez öz rəsmlərimdə təsvir edirdim. Qızıl güllər... və dənizin fonunda Anton Pavloviçin evi məhrəm ayrıntılarla seçilirdi. O, uzaq bir diyar ovqatı yaradırdı, və öz zəmanəsi tərəfindən yaxşı başa düşülməyən dahi yazıçının ruhu yaşayan bu kədərli evin yaxınlığında dəniz haray qoparırdı.

Anton Pavloviç dəfələrlə mənə demişdi:

– Məni qadınlar da sevmir axı... Hamı məni lağlağçı, məzhəkəçi hesab edir, bu isə doğru deyil...

Tərcümə: Zahid Sarıtorpaq

# 6055 dəfə oxunub

Oxşar xəbərlər

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

11:24 22 noyabr 2024
İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

15:00 17 noyabr 2024
Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

13:05 16 noyabr 2024
#
#
# # #