Kulis.az Simran Qədimin “Posthəqiqətin həqiqəti” adlı essesini təqdim edir.
Son illər həm intellektualların, həm də özünü intellektual kimi göstərməyə çalışanların dilindən düşməyən, mətbuatda da tez-tez səsləndirilən belə bir tezis var: biz bu gün posthəqiqət (post-truth) dövründə yaşayırıq. Bəs nədir bu posthəqiqət? Hansı anlamları ifadə edir? Doğrudanmı hansısa yeni dövrə keçmişik? Belə demək olarsa, posthəqiqətin həqiqiliyi həqiqətdir, yoxsa yalan?
2016-cı ildə Oksford lüğəti "post-truth"u ilin sözü seçdi. Tərcümədə bu termin “posthəqiqət” və ya “həqiqət sonrası” kimi ifadə olunsa da, mənaca həqiqətin dəyərdən düşməsini, etibarsızlaşmasını bildirir. Artıq elə bir dövrə ayaq basmışıq ki, burada həqiqət önəmini itirib, insanlar yalana reaksiya vermir, onu veclərinə almırlar. Çoxumuz yalanı asanlıqla qəbul edirik. Sosial şəbəkələrin yaratdığı "əks-səda otağı”nda təkrar-təkrar öz səsimizi eşitməkdən məmnunuq, “komfort zonası”ndan çıxmaq istəmirik. Əgər əvvəllər mötəbər mənbə, sözünə inanacağımız bir şəxs, avtoritet axtarırdıqsa, indi bundan könüllü imtina etmişik.
Həqiqət işini bitirib yoxa çıxıb, hazırda posthəqiqətin meydanıdır.
Qədim Çin fəlsəfi konsepsiyası: yin-yanq simvolu
Əslində isə, posthəqiqət yeni bir anlayış deyil. Termin kimi son dövrlərdə dövriyyəyə buraxılıb məşhurlaşsa da, anlam baxımından hər kəsə tanışdır. Köhnə mövzu bir başqa adla təzədən gündəmə gəlib, mahiyyətcə eynidir, amma formasını dəyişib, müasir görkəm alıb. Tarixə boylananda inqilabi fərqin olmadığı aydın görünür. Axı insanlar həmişə yalanla doğrunun, uydurmayla gerçəyin iç-içə keçdiyi, yin-yanq simvolu kimi bir-birinə qarışdığı dünyada yaşayıblar. Guya tarixin hansı dönəmində həqiqət mütləq hakimiyyətdə olub ki? Bizi keçmişdə də aldatmağa, manipulyasiya etməyə çalışmayıblarmı? Əslində, yalana, uydurmalara inanmaq bir çox adamlara sərf edib, yalanla yaşayıb, yalanla özlərində rahatlıq tapıblar.
Hər kəs söz kimi həqiqəti bilmək istədiyini deyir, amma bir çoxları həqiqətlə qarşılaşanda üzünü çevirib, qulaqlarını qapayıb yan keçir.
Doğruyla yalanı, həqiqətlə uydurmanı ayırd etmək üçün təşəbbüs göstərmək – vaxt ayırıb araşdırma aparmaq, düşünüb-daşınmaq, əziyyət çəkmək lazımdır. Bəzən bu mümkün olmur; ya vaxt tapılmır, ya savadımız çatmır, ya da enerjimiz olmur. Bəzənsə reallığın xoşagəlməzliyi ilə üzləşməkdən, ağır, sərt gerçəklikləri görməkdən qorxuruq; birdən dincliyimiz pozular, çaşbaş qalarıq, çox da dərinə gedib illüziyaları dağıtmayaq... Axı ortada belə bir reallıq var: şirin yalanlar acı həqiqətlərdən gözəldir, içimizdə xoş hisslər oyadıb, bizi sakitləşdirir, rahatlandırır.
Əksər hallarda emosional məmnunluğu rasional təşvişdən üstün tuturuq.
Bu məqamda məşhur Qədim Şərq pritçasını yada salmaqda fayda var:
"Uzun axtarışlardan sonra, axır ki, Həqiqət tapılır. Həqiqəti tapan şəxs onun çox gənc, gözəl yox, əksinə, həddən artıq yaşlı, eybəcər olduğunu görür. "Bəs mən bunu – sənin bu qədər çirkin, qorxunc olduğunu insanlara necə söyləyim?" deyə soruşur. Təlaşa düşən Həqiqət bir an belə tərəddüd etmədən bərk-bərk tapşırır: yalan söylə!".
Beləliklə, tənqidi, şübhəçi düşüncənin əhəmiyyəti bir daha gündəmə gəlir. Skeptisizm hələ ibtidai siniflərdən, lap uşaqlıqdan öyrənilməli, zamanla inkişaf etdirilib sağlam təfəkkürün formalaşmasında başlıca rol oynamalıdır. XVII əsrdə tənqidi düşüncəyə böyük önəm verən, hər şeyə, hətta ətraf mühitə, öz varlığına da şübhəylə yanaşan məşhur fransız filosofu Rene Dekart deyirdi: "Düşünürəmsə, deməli, varam".
Düşünməkdən boyun qaçırmaq öz əllərinlə varlığını başqalarına təslim etməkdir.
Mövzunu ümumiləşdirsək, belə bir qənaətə gələ bilərik: həqiqət heç vaxt həyatımızın mərkəzində olmayıb, həmişə haradasa küncdə-bucaqda, əlçatmaz bir yerdə gizlədilib. Düzdür, bəzən bizə onu göstəriblər, amma üzərinə bir xeyli bər-bəzək vurulmuş, qiyafəsi dəyişilmiş, min cür cildə salınmış şəkildə. Keçmişlə müqayisədə əsas fərq odur ki, əvvəllər insanlar yalanların içində yaşasalar da, əksəriyyətin bundan xəbəri yox idi. Axı onlara başqa şans tanınmamışdı. Təhsilin, kitabın olmadığı, cəhalətin hökm sürdüyü mühitdə deyilənlərə inanmamaq, alternativ fikir formalaşdırmaq mümkündürmü? Bunu hansı biliklə, hansı məntiqlə, necə edəsən?
Bu gün isə vəziyyət nisbətən fərqlidir. İstəsə, hər kəs özünü inkişaf etdirə, savadını, dünyagörüşünü artıra bilər. Bilik əlçatandır, tənqidi düşüncənin yaranması, alternativ fikirlərin formalaşması üçün zəmin hazırlamaq olar, amma... Yalanın daha asan, daha peşəkarlıqla uydurulub tirajlandığı, müasir media alətlərinin, xüsusən də, sosial şəbəkələrin vasitəsi ilə dərhal yayıldığı posthəqiqət erasında bunu etmək istəyən yoxdur. Sadəcə, hər kəsin başı nəyəsə qarışıb. Bədənimiz real dünyada, beynimiz virtual aləmdədir. Bununla yanaşı, yalan xəbərlərdən, informasiya bombardmanlarından o qədər bezib laqeydləşmişik ki, çox vaxt uydurmalara inanmasaq da, özümüzü inanmış kimi göstəririk.
Vaxt ayırsaq, araşdırma aparsaq, enerjimizi xərcləsək belə, Həqiqəti tapacağımıza inanmırıq. Tapsaq da, fikirləşirik ki, bunun kimə, nə faydası var?
Posthəqiqət həyatımızın bütün sahələrinə nüfuz edib, amma gəlin onun ən üzdəki növlərindən birini – gecə-gündüz təkrarlanaraq beynimizə yeridilən reklamları nəzərdən keçirək. Məsələn, “Coca-Cola” şirkəti daim öz məhsulunu gəncliklə, idmanla, əyləncəylə assosiasiya etməyə çalışır. Sanki bu içki böyük-kiçik hər kəsə yalnız cavanlıq, sağlamlıq və şənlik gətirir, hamını sevindirir. Halbuki qazlı-şəkərli içkilər zərərlidir, piylənməyə, şəkər xəstəliyinə yol açır. Bunu, demək olar, hamı bilsə də, düşünmək istəmir. “Beyinyuma maşını”nda təmizlənib, paklaşıb istehlakçı zombilərə çevrilməyimizdən məmnunuq.
Həqiqət təkrarlanmayanda arxa plana keçir, yalan təkrarlananda gəlib həqiqətin yerini tutur.