Gur işıq – Aysel Aslan

Aysel Aslan

Aysel Aslan

13 dekabr 2021
# 13:40

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Aysel Aslanın “Gur işıq” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Ermənilər kəndimizə girəndə artıq biz qəbristanlıq tərəfdən çıxırdıq. Birdən qarşı tərəfdən də atmağa başladılar. Bibim mənə -uzan, Mete, bizi mühasirəyə saldılar – dedi. Mən özümü kolluğa atdım, bibimsə qucağındakı körpə ilə arxa yuvarlandı.

Qəflətən gur işıq ətrafa yayılmağa başladı. Başımı ehmalca qaldırıb baxdım.

Tankın üstündəki projektorun işığı idi. Təpənin üstündən dərəyə, qarşı təpənin – yəni biz tərəfin – üzərinə salıb adamları pulemyotla “dənləyirdilər”.

Bibim pıçıltı ilə mənə tapşırdı ki, yerimdən tərpənməyim:

- Uşağı gizlədib gəlirəm, Mete. Heç yerə ayrılma.

Qaçaqaçda bibimlə mən babamgildən ayrı düşdük. Bibimin qucağındakı 25 günlük körpəni saymasaq, beş nəfər idik. Sonucu partlayışdan ayılanda baxdıq ki, Sarı baba ilə nəvəsi Türkay artıq keçinib. Tanımadığım xala isə yoxa çıxmışdı. Pıçhapıçla soraqladıq, hay verən olmadı.

Bibim bu gün günorta qazılan boş məzarın yanına çatanda projektorun işığını həmin səmtə saldılar. Bibim cəld uşağı boş məzara atıb özünü köhnə qəbirlərin arxasında gizlətdi. Artıq bibimin və uşağın yerini ermənilər görmüşdülər. Həmin yerə iki-üç dəqiqə aramsız güllə yağdırdılar. Sonra ara sakitləşdi. Gur işıq uzaqlaşmağa başladı. Bir müddət keçdikdən sonra görünməz oldu.

Sürünə-sürünə boş qəbir tərəfə getmək istədim. Boş qəbirlə mənim gizləndiyim kolluğun arasına bomba düşdü. Qorxumdan yerimə qayıtdım.

Uşağın ağladığını eşidib bibim özünü boş qəbrə yuvarladı. Ara sakitləşmişdi. Sürünə-sürünə bibimgilə sarı getdim. Gördüm ki, uşağını əmizdirir. Utandım, başımı aşağı saldım. O da mənim hənirtimi eşitcək sinəsini örtdü. Uşağı da üzü üstə qəbrə qoyub məzardan çıxdı:

- Ən təhlükəsiz yer oradır, Mete. Gəl sənin gizləndiyin kolluğa sarı gedək.

Bibim əlimdən tutub məni ehmalca yerə itələdi. Sürünməyə başladıq. Bibimlə sürünüb bayaq gizləndiyim kolluqda yerimizi yenicə almışdıq ki, boş mənzərə mərmi düşdü. Beş saniyə keçməmiş birini də bayaq bibimin arxasında gizləndiyi köhnə qəbrin arxasına atdılar.

Bibimin üzünə düşən işıqda gözlərinin bərəldiyini gördüm. Qışqırmaq istədi. Səsi çıxmadı. Ayağa qalxıb yüyürə-yüyürə boş məzara çatdı. Elə hıçqırırdı ki, az qalırdı ürəyi sinəsindən gumb eləyib çıxacaq. Onun ağzından çıxan qırıq-qırıq sözləri birləşdirməyə çalışdım:

-Tellliii! Balaaam! Bu məzar sənə çox böyükdü, qızıııım.

Bibim özünü qəbrə atdı. Bibimin ovucunda bappalaca bir əl var idi. Məzar isə boş idi. Tellini görə bilmədim. Partlayışdan sonra məzarın içinə torpaq tökülmüşdü. Bibim dırnaqları ilə havalı-havalı torpağı eşməyə başladı:

- Qanadlandınmı qızım?! Hardasan axı?! Ağla, başınqa dönüm, səs ver...

Gur işıq yenidən üzümə vuranda özümü təpədən aşağı atdım. Yuvarlanıb arxın içinə düşdüm.

Bibimin də içərisinə uzandığı boş məzara tankdan iki mərmi atıldı. Araya səssizlik çökdü. Keyimiş halda boş məzara sarı baxırdım. Məndən otuz-qırx metr aralıda isə ermənilərin qəhqəhələrini eşitdim.

Sakitcə üzü Füzuliyə sarı addımlamağa başladım. Əllərində şərab şüşəsi dayanmış qəhqəhələrə mənə baxan sarıyanız, qarayanız əli silahlı ermənilərin yanından keçdim. Məni öldürmədilər. Əsir də tutmadılar. Bir xeyli aralandıqdan sonra arxadan biri məni öz dilimizdə söyə-söyə:

- Ananla bağlı kino necə idi, körpə? Qucağındakı da qardaşın idi həə?

Geriyə baxdım. Boş məzar görünmürdü. Heç bibim də... Bircə boş məzarın başı üstündəki söyüd ağacı tankın gur işığının şöləsinədə boynunu bükürdü.

... Bu gün Xocavəndin Azıx kəndini 28 il sonra geri aldıq. Mənim bölüyüm sağ cinahdan - qəbristanlıq tərəfdən daxil oldu. Kəndə girən kimi ilk işim qəbristanlığa getmək oldu. Şərəfsizlər məzarlığı dağıtmışdılar. Qəbirlərimizi də təhqir etmişdilər:

- Cənab mayor, bunlar goreşindirlərmi?

- Nə olub, əsgər?

- Qəbirləri də eşiblər, sümükləri ətrafa səpələyiblər...

Gözlərim doldu. Ayağa qalxdım. 28 il əvvəl gizləndiyim kolluq yox idi. Arxın izləri qalmışdı. Yarıqlardan bilmək olardı ki, burada nə vatsa, arx olub. Söyüd ağacı isə qalırdı. Ayaq ucundakı boş məzara sarı yüyürdüm. Yer dümdüz idi. Qeyri-ixtiyari əsgərlərimin yanında –bibiiii!-deyə qışqırdım. Hamısı qıvrılıb mənə baxdı. Özümü toparladım. Yarım saat sonra kəndi tamam götürdük.

Axşam tabor komandirimiz və taborun əsgərləri ilə 28 il əvvəl ermənilərin tanklarının dayandığı yerə ermənilərdən qənimət kimi götürdüyümüz, üzərinə Azərbaycan Bayrağı sancılmış tankın projektorunun işığında söyüd ağacını suladıq. Əsgərlərdən biri qəbristanlıqda azan verib otuz il “Fatihə”siz qalmış ölülərimizin ruhuna dualar oxudu. “Boş məzar”ın sinəsinə çinar ağacı əkdik, suladıq.

Ermənilərin atıb getdiyi tankın belinə çıxıb kazarmaya geri qayıtmaq istəyəndə bir anlıq dayandım:

- Görəsən, bu köhnə tank o tankdır?

Sonra özümü ələ aldım:

- Yox əşşi... Bununkunun gur işığı acıqlı deyil, gülürdü...

# 4264 dəfə oxunub

Oxşar xəbərlər

İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

15:00 17 noyabr 2024
Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

13:05 16 noyabr 2024
"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

09:00 16 noyabr 2024
Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

16:30 15 noyabr 2024
# # #