Gülən adam – Orxan Cuvarlı yazır

Gülən adam – Orxan Cuvarlı yazır
14 may 2022
# 13:25

Keçmiş dərin quyu kimidir. Hərdən əyilib bu quyuya diqqətlə baxanda adda-budda xatirələr ay işığı kimi suda öz əksini tapır.

Təhsil aldığım yerləri – Günəşli Antalya, küləkli Bakı, şaxtalı Şamaxı günlərimi keçmişimin əsas hissəsi sayıram.

Bu şəhərlərin hər biri həyatımın ortasından qırmızı xətt kimi keçib. Mən bu şəhərlərdə böyümüşəm, şəxsiyyətim, zövqüm formalaşıb, dost, xatirə, düşmən qazanmışam, sevinc, sədaqət, xəyanət görmüşəm.

Kölgəm bu şəhərlərin qürub çağlarında uzanıb.

Bu şəhərləri istisi, soyuğu, bürküsü, ayazıyla xatırladığım qədər insanları ilə də xatırlayıram.

Bakı Dövlət Universitetinin şam ağaclarının fonunda uzanan həyəti, bufeti, Jurnalistika fakültəsinə qalxan pillələri yaddaşıma bir çox çöhrəylə həkk olunub. Onlardan biri də Ulucaya məxsusdur.

Onunla ilk tanışlığımız dəqiq xatirimdə deyil. Mən ondan bir kurs yuxarı idim. Dəqiq yadımda qalan bir şey var ki, rus sektorunda oxuyan Ulucayın ədəbiyyatla məşğul olduğunu öyrənəndə xeyli təəccüblənmişdim. İndi bu cümlələri yaza-yaza onu da yəqin edirəm ki, mən bircə dəfə də olsun onun rusca danışdığını eşitməmişəm.

Ulucay heç vaxt hamının sevdiyi adam olmayıb. Onun ilk baxışdan soyuq, təkəbbürlü təsir bağışlayan xarakteri adamlarda yanlış təəssürat yaradıb, münasibətlərinə təsir göstərib.

Məni bir çox şeylə təəccübləndirən bu oğlanı vaxt keçdikcə hər yerdə, hər vəziyyətdə görmək mümkün idi: hərdən universitetin həyətində gitarasıyla qızları başına yığan, hərdən bir küncə çəkilib kitab oxuyan, hərdən fakültənin futbol komandasının formasıyla yaşıl meydanlarda tər tökən, hərdən bir kafenin küncündə pivəsini qurtumlayan…

Sonralar ədəbiyyat yolumuzu kəsişdirdi, Gənc Ədiblər Məktəbinə yazıldıq, Yazıçılar Birliyinə gedib-gəlməyə başladıq.

Biz onda trio idik: Ulucay, mən, Müşfiq Şükürlü. Mən Ulucaydan, Müşfiq məndən bir yaş böyük.

Ədəbiyyat sevgimiz qısa müddətdə bizi isinişdirdi. Bəzən Akademiyanın parkında çəmənlikdə oturub, ağaclara söykənib saatlarla hansısa kitabdan, əsərdən qızğın söhbətlər edirdik.

Sonra mən təhsilimi davam etdirmək üçün Antalyaya getdim, əlaqələrimiz səngidi.

Bir yanvar səhəri karqo işçisinin zənginə oyandım. Bakıdan xırda bir hədiyyəm var idi. Qutunu açanda Ulucayın ilk şeirlər kitabını – "Günəşə atılan mərmilər"i gördüm. Kiçik bir qeydlə imzalamışdı:

"Əziz dostum Orxana və Antalyaya sevgilərlə".

O kitabı bir neçə saata, Aralıq dənizinin sahilində oxuyub bitirdim. Şeirlər yanvar sazağı kimi canımdan keçmişdi.

Ulucaydan hər yeni misra, şeir oxuyanda o giziltini yenidən canımda hiss edirəm.

Onu tanıyanlar bilir, qəribə, astagəl yerişi var. Fəqət sənətdəki addımları heç də elə olmadı. Qısa müddət ərzində şeirləri sevildi, tanındı, uğur qazanmağa başladı.

Qışda onunla Bakının yarıqaranlıq pablarından birində susmuşduq. Həmin görüşdə özüylə "gizlənqaç" oynadığını başa düşdüm. Pivəsindən bir qurtum alıb indicə telefonunda yazdığı misraları mənə oxudu. Şəstlə şeirin əvvəlinə əlavə etməyi də unutmadı:
"Dostum Orxan Cuvarlıya".

Ulucay yaxşı sözü, istedadlı adamı min ağacdan tanıyır. Hərdən sırf bu hissi İlahinin ondan əsirgəmədiyinə görə bəxtiyar adam olduğunu düşünürəm.

Onun üzündən gülümsəmə heç vaxt əskik olmur. Təkcə yaxın dostları o gülümsəmənin fərəh dolu bir təbəssüm ya acı bir təəssüf olduğunu hiss edir.

Mən onu daima gülən üzüylə xatırlayıram.

Doğum günün mübarək, gülən adam!

# 3251 dəfə oxunub

Oxşar xəbərlər

Mənim xalam qızı - Jalə İsmayılın hekayəsi

Mənim xalam qızı - Jalə İsmayılın hekayəsi

15:30 23 aprel 2024
Yol - Rüstəm Dastanoğlunun hekayəsi

Yol - Rüstəm Dastanoğlunun hekayəsi

17:30 22 aprel 2024
Sağlıq – Kamal Abdullanın hekayəsi

Sağlıq – Kamal Abdullanın hekayəsi

09:00 22 aprel 2024
Torpağın ruhu - Rüstəm Dastanoğlunun hekayəsi

Torpağın ruhu - Rüstəm Dastanoğlunun hekayəsi

14:00 19 aprel 2024
4-cü cild - Mehriban Vəzirin hekayəsi

4-cü cild - Mehriban Vəzirin hekayəsi

09:00 19 aprel 2024
Açıq kosmos - yer əhvalatı - Sənan İsmayılov

Açıq kosmos - yer əhvalatı - Sənan İsmayılov

17:00 18 aprel 2024
#
#
# # #