Kulis.az "İlin hekayəsi" müsabiqəsində iştirak edən Nahid Hacıyevin "Federiko" hekayəsini təqdim edir.
90...101...103FM “Avstraliyada dünyanın heç bir yerində görmədikləri canlı ilə qarşılaşan ingilislərin qaşları təəccübdən Tauer körpüsü kimi yuxarı doğru açılmış qalır. “What it is?” (Bu nədir?) deyib cavab gözləsələr də yerli camaat “Kenquru, kenquru” qışqırıb sarı adamları başlarından edirlər. Aborigen dilində “Yeri get də başımdan” mənasına gələn “Kenquru” sözü elə həmin vaxtdan heyvanın adı kimi dünyaya tanıdılır”. Radiodan səslənən məzəli məlumata dayı da, mən də gülümsədik. Bu gülümsəmə ilk ünsiyyətimiz oldu. Sonrası isə hekayə...
İtalyan Federiko bilmədiyimiz, heç bir zaman da bilməyə ehtiyac duymayacağımız texniki məsələləri bizlərə izah etmək üçün gəlir. Hava limanında qarşılamaq vəzifəsi dayı ilə mənə verilib. Qərarımı soruşan olsaydı razı olmayacaqdım. Soruşan olmadı. Qonağın gəlmə günü, saatı yazılmış kağızı masamın üzərinə qoyub – Uğurlar – dedilər, vəssalam.
Dayı - Şirkətin elan etdiyi vakansiyaya uyğun gəldiyi hesab edilən (biz uyğunlaşdıra bilmirdik) 62 yaşlı Əliheydər (Bir müddət şirkətdə heç kim adını çəkmədi, eləcə - Dayı – deyə xitab etdi) adlı Azərbaycan vətəndaşı.
Yarım ingiliscəm ilə müxtəlif “Play market” proqramlarından öyrənə bildiyim B-1 italyancamla nələr edə biləcəyimin həyəcanına qapılsam da, hansı səbəbdən qonağı 62-lik dayı ilə mənim qarşılamalı olduğumu yol boyu içimdə sorğuladım. Güman ki dünyada əl hərəkətləri ilə ünsiyyət qurmağın ən yaxşı üsul olduğunu sübut etmək istəyənlər, məndən “Cəngavər” düzəldib nəticələri haqda “Biznes Forum”larda qəhrəmanlıq hekayəsi kimi danışmaq, iqtisadiyyatda yeni mərhələyə keçmək istəyirdilər. İçimdəki “Don Kixot”luq hər yadıma düşəndə üzüm gülür. Belə baxanda, qəhrəmanların taleyi eynidir – Xoşbəxtliyi güc yolu ilə qazanmaq. Hər şey rahatlıqla əldə olunsaydı Sanço ilə yola çaxmaqdansa gözəllər gözəli HR rəhbəri Dulsineya ilə getməyim doğru olardı. Poliqlot olan Dulsineya ilə xaricdən gələn istənilən qonağı Ni hao, Hello, Bonjur, Comesta... daha neçə dillərdə rahatlıqla qarşılaya bilərdim. Rahatlıq – Qorxaqların seçimidir.
Şirkət rəhbərimizin bəzi davranış və qərarlarını heç vaxt anlaya bilməmişəm. Hər nə olursa olsun, yaşı ötmüşlərin işə qəbul edilməsində məntiq, iqtisadi izah axtarsam da susmalı oldum. İllərdən bəri şəxsi inkişafım üçün oxuyub öyrəndiklərimdən əmin olduğum nəticə bu idi ki; Gözüm qaralanda peyda ola əcaib varlıq insanlarla davranışımın doğrusunu-yanlışını hesablayıb sirli aləmə xəbər göndərmək üçün hər zaman pusquda dayanıb. Susmağım da bu səbəbdəndir.
- Sovet dövründə - Y nəslinin nümayəndəsi radionun səsini azaldıb sözə başladı –
İdarələrə cavan işçilər göndərildiyində, indiki iş yerimizdə mənə göstərilən münasibətin eynisi onlara yaşadılırdı. O vaxtın “Əşi, cavandı, təcrübəsi yoxdur”u ilə, indinin “Yaşlıdı, enerjisi yoxdur”u eynidir... Həyatın ironiyası. Şirkətdə mənimlə bağlı min cür mənfi fikrə qapılanlar haqqında heç vaxt pis düşünmürəm, xəbərin olsun. Bunu deməkdə məqsədim odur ki, imkan düşəndə onları bu haqda məlumatlandırarsan. Hərənin bir cür həyat baxışı olsa da, davranışlar çox hallarda eynidir. Çətinə düşəndə hər kəs “Şəxsi fikrimdir”ə əsaslanır. Di gəl qəlb qırmaq məsələsində hamı eyni cür davranır. Hansısa lazımsız söz, hərəkət kiminsə qəlbini qırdıqdan sonra fikirlərin şəxsi olub-olmamasının heç bir önəmi yoxdu. Bəzən hesab etdiyin kimi həyat sənin olmur. Etdiklərin, dediklərin hamıya aid ola bilir. Təbiətdə olsan başqa canlını, cəmiyyətdə olsan başqa canlını düşünməyə məcbursan. Deməyim odur ki, tək olduğunuza inanmayın, bir az hamı olun... Allah verən ömrü yaşa görə yox, içinizdəki enerjiyə görə yaşayın... Nə bilmək olar, bəlkə mənə qarşı davranışınızı hesablamaq üçün işə götürülmüşəm... Araya sükut çökür. Maşının arxa oturacağından əcaib varlığın soyuq nəfəsini boğazımdan hiss edirəm. Tək deyilik.
“Kenqurular doğduğu zaman balası ilk öncə dırmaşıb anasının kisəsinə girir”. Eşitdin? Pay dədə. Di gəl bunu izah elə - Radioya işarə edir - “Uşağınız var?”
Gözləmə zalındayıq. Federiko gecikir. Ölçüb-biçilmiş marşrut xətləri öz təyinatından çıxa bilirsə, deməli nəzakət qaydaları da hərdən sıradan çıxmalıdır. Və bəzən “Əl hərəkətləri dünyanın ən yaxşı ifadə vasitəsidir” haqda “Biznes Forum”larda çıxış etmək yanlış olmaya bilər. Yol boyu danışılanlar xoşuma gəlsə də, içimdəki 62 yaş sindromu (təxmini - yaşlı insanlar tükənib və təzə heç nə vəd edə bilməzlər – kimi bir şey) dayıya aqressiv, inamsız yanaşmama səbəb olur. Səbəblər əsəblərimə toxunarkən, danışıb-danışmaması arasında var-gəl edirəm. Açılmış əllərimi yumruq sıxıb “Ya Allah!” sədası ilə sol gözünü qaraltmağım an məsəlidir. Lakin oxuyub öyrəndiklərim tək olmadığımıza işarə edib qollarımı saxlayır.
“Maşında, deyirəm, cavabınızı eşitmədim. Uşağınız var?”. “Var” deyib cümlənin ardını gətirmək istəyən insanlar kimi qabarıb içimə doğru çəkilirəm.
Dayı sözlü olduğumu hiss edən kimi, “Problemli məsələ varsa eşitməyə hazıram” deyir.
– Bilirsiz...Maşında danışdıqlarınız məni düşündürdü. Qısa tanışlığımızda sizə qarşı yanlış hərəkətim olubsa bağışlayın... Son gülər əsəblərim yerində deyil... Uşaqlar başdan-ayağa problemdi... Hələ oğlan uşağı... Yaxınlarda sünnəti haqda evdə mübahisə oldu. Mən “Edilməlidir” dedim, yoldaşım “Edilməli deyil” dedi. Mən “Səbəbi izah elə, niyə edilməməlidir?” dedim, yoldaşım “Sən kişisən, öncə sən “Niyə edilməlidir” onu izah elə” dedi. Müsəlmançılıqdan girib, alimlərinin sitatlarından, laborator testlərindən, insan bədəninə xeyrindən, sağlamlıqdan, sünnət toylarına xərclədiyim pullardan uzun-uzadı danışdım. Qadın instinktləri nə dediklərimdən çox “Necə haqlı çıxım” düşüncəsinə qapıldığı üçün “İndi sən de, niyə edilməməlidir?” sualını bir-iki dəfə təkrarladım. Cavab möhtəşəm oldu “Uşağın psixologiyasına ziyandı”.
Elan: Roma-Bakı reysi ilə hərəkət edən ... təyyarə on beş dəqiqə ərzində hava limanımıza eniş edəcəkdir.
Gözlədiyim reys. Üzüm gülür. Y nəslinin adamı peşimandı. Uzun cəhdlərdən sonra inadı sınmış cinayətkarı danışdırmağa müvəffəq olan dedektiv ədası ilə “Psixologiyanın duduşa nə dəxli var?” dedi. Həyatımda bu qədər məzəli sual eşitməmişdim. Özümü qapalı otaqdan keşişə dərdlərini söyləyən günahkar bəndə kimi hiss etdirəm.
– Mən də sizin kimi ilk başda “Psixologiyanın duduşa nə dəxli var?” dedim (Xatırlayıram ki, yuxarıda məzəli hesab etdiyim sual həmin gün mənə mənasız dialoq kimi gəlmişdi). Yoldaşım “Çox dəxli var” dedi. Üstəlik “Həyatın nə olduğunu başa düşməyən, acını, qorxunu içdən yaşamayan birinə.
Həm də 4 yaşlı birinə, bunu necə izah edək?” deyib məndən cavab gözlədi... (Uzaq keçmişdə mənə heç kimin heç nəyi izah etmədiyini xatırladım)
“...Böyüdüyündə “Niyə məni sünnət etdirmisiniz?” desə, nə cavab verəcəksən? (Kimlərəsə belə bir sual verdiyimi xatırlamadım). Müsəlmançılığı səbəb gətirəcəksən? Qayıdıb desə ki, “Məndən dinimi soruşmuşdunuz, bəlkə xristianlığı seçəcəkdim?” Nə deyəcəksən?” (Uşaq vaxtı televizorun aylarla sönülü olub, multfilmlərə baxa bilmədiyim Aşura günlərində belə xristianlığı seçmədiyimi xatırladım) Çaşbaş qaldım. Nə deyəcəm, bilmirəm... O zamanlar üzümə şal atıb, əl-qolumu dartışdıraraq ayaqlarımı aralayan dəllək nəyimlə oynadığının (psixologiyanı deyirəm) fərqində idimi?
Monitorda Roma-Bakı reysinin “Çıxış qapı” işarəsi yaşıl rəngə boyandı.
“Federiko” yazılı kağızı sinəmə sıxıb qapıya yaxınlaşıram. Dayı diz üstündə qeyd dəftərcəsinə nələrsə yazır. Çıxış qapısında görsənən arıq, ağ-qara saçlı adam sinəmə sıxdığım kağıza tərəf yürüyür. Liman görüşlərinə xas, alına doğru dartılmış səliqəli qaşları diqqətimdən qaçmadı. Yalnız uzun ayrılıqdan sonra əzizi ilə görüşənlərin qaşları belə dartıla və təkcə mənəvi tərəfdən rahatlıq tapan birinin qaşları bu qədər səliqəli ola bilər. Qaşlar AN məsələsidir. Başqa heç nə. Dünyada bütün xalqların başa düşdüyü hərəkətdə - əl uzadıb salamlaşdıq. Ardınca o, “Hi” dedi, mən “Comesta”. Qarşılıqlı gülümsədik. Dayını göstərib “This is our old person, Alihaydar” deyib əl sıxışdırdım. Dayı nə dediyimi anlamasa da Federiko ucuz malı baha qiymətə satan Sədərək alverçiləri kimi dişini ağartı. Çamadanlara kömək edib maşına doğru yürüdüyümüzdə aldadıldığını hiss edən müştəri kimi ani gələn fikir beynimi deşməyə başladı. Hər addımda geri qaldığımı hiss edən dayı beynimdəki götür-qoyun səsini eşitdiyindən ritmini pozmadan geri çönüb baxır, dəftərçəsinə qeyd etməyə səbəb axtarırmış kimi məni izləyi.
Maşına çatıb çamadanları yük yerinə yerləşdirdiyimdə fikrimi qətilədim. Sullarımın cavabı Federikonun “psixologiyasında” idi. Əmin olmaq şərtdi. Yol boyu Federiko, “Dünya necədi?”, “Yaşamaq necədi?”, “İşin necədi?”, “Xoşbəxtsənmi?”, “Problemin varmı?”, “Papa, mama necədi?” suallarımın hamısına lotereya udan adam sevinci ilə “Wonderful, wonderful” dedi. Əsəb gəldi. Özümdən çıxdım. Gözləmə zalında qollarımı saxlayan oxuduqlarım, yaxasından yapışıb qışqıra-qışqıra “Duduşun necədir?!” deyərək silkələdiyim Federikoya köməyə gələndə artıq gec idi. Boğazımda nəfəsini hiss etdiyim əcaib varlıq xəbərləri sehrli dünyaya göndərmişdi.
İtalyan Federiko bilmədiyimiz, heç bir zaman da bilməyə ehtiyac duymayacağımız texniki məsələləri bizlərə izah edib çıxıb getdiyi gün işdən çıxarıldım. Balaca ağ kağızı masamın üzərinə qoyub - Uğurlar – dedilər, vəssalam. Qəhrəmanlıq hekayələrində hər zaman dəyişməyən bir nüans var – Xəyanət.
Qoltuğuma yüklədiyim əşyalar və “Nə edəcəm?” düşüncələri ilə ofisdən çıxdığım an çiynimə toxunan ələ ayaq saxladım. Dayı “Gələcək işlərində uğurlar” deyib “Qonağa elə etməməliydin”lə məni tənbehlədi. “Suallar verdim də. Nə etdim ki?” incik səslə etiraz etdim. “Siz fikir vermədiniz. Çıxış qapısında onunla görüşündə səliqəli qaşları, rahatlığı məni qorxutdu, psixama təsir elədi. Düşündüm ki, “Sünnət olmayan belə rahatdırsa, sünnət olanlar niyə narahatdır axı?” İnsanlarımıza fikir verin. Onundan doqquzunun qaşları dağınıqdı, səliqəsizdi. Oturduğumuz hər yerdə alnımız bostan ərazisi, dırnaqlarımız dırmıqdır elə bil. Qaşı ha qaşı, heç nə cücərmir.” Dayı gülümsəyib “Hər nə olursa olsun, adamın yaxasından yapışıb silkələmək “Biznes Forum”lara mövzu olacaq hərəkət deyil” əlavə etdi. Qoltuğumdakı yük yerə düşdü. Qapı ağzında məni saxlayan əl ikinci dəfə çiynimə toxunanda getməli olduğumu anladım.
Sonradan məlum olanlar:
Əliheydər (62 yaşlı dayı) - Şirkətin təsisçisi imiş. “Yeni işçi” adı ilə işlərə nəzarət edirmiş.
Qeyd dəftərcəsi – Aktivliyi yüksəltmək üçün işçilərin psixoloji vəziyyəti qeyd edilirmiş.
Federiko – Təhqir olunduğunu əsas gətirib işdən çıxarılmağımı tələb edibmiş.