Eynullanın ikinci toyu - Qalib Şəfahətin novellası

Eynullanın ikinci toyu - Qalib Şəfahətin novellası
29 noyabr 2023
# 10:40

Kulis.az Qalib Şəfahətin "Eynullanın ikinci toyu" novellasını təqdim edir.

Kişi durub-durub təzədən eşqə düşdüyü zaman bu “Taclı mələk” deyilən məxluq Eynullanın kefinə lap soğan doğramışdı.

Aradan neçə illər keçmişdi. Eynullanı beyindən-başdan çıxarıb başa sala bilmişdilər ki, “Ay Eynulla, qızın da ərə gedib, özünün ailəsi-uşağı var, indi birtəhər özün öz başını girələyirsən, bir azdan sonra əldən-ayaqdan düşəcəksən, sənə kim baxacaq? Qulağı batmış kimi evin altında niyə tək oturmusan?

A bədbəxt oğlu bədbəxt, xəstə adamsan, şəkərin var, Allah eləməmiş, qəflətən qalxar, heç bilən də olmaz, başına nə iş gəlib. Birini al, gətir evin altına qoy, hay deyəndə hayına çatıb əlindən tuta bilsin”.

Eynulla çox götür-qoy edəndən sonra ağlı kəsib, axır qərara gəldi ki, yox, qohum-qardaş məni istədiyindən deyir. Yoxsa kimin nəyinə gərəkdi Eynulla evləndi, ya evlənmədi?!
Bircə qızı eşidəndə narazı qalmışdı. Atasına deməsə də, başqası ilə çatdırmışdı ki, vaxtı ilə atam-anam bir-birini ürəkdən istəyiblər. Mən o evdə anamın hənirtisini duyuram. İstəmirəm anamdan sonra o evə başqa bir qadının nəfəsi dəysin. Atamdı, düzə atası deyilik ki, əlimizdən gələn köməyi edəcəyik.

Eynulla qızının dediyini eşidib çox dilxor olmuşdu. Yenə Eynullanı başa salmışdılar ki, ay Eynulla, qızın dediyinə baxma, neynəyəsən, anasını sən öldürməmisən ki?! Bir qəza idi, başınıza gəlib. İndi qızının ailəsi-uşağı, öz işi-gücü var. Nə vaxta kimi sənin əlindən tuta biləcək? İki ev arasında itib-batar. Qız da bir az nəm-nüm edib sonra başa düşəcək. Qızın axırıncı ismarışı belə olmuşdu:
– Gələn doğma anam deyil ki, yad qadındı, qorxuram, atamla aramıza girib özü ilə bərabər soyuqluq gətirsin.

***

Eşidən-bilən əli üzündə mat-məəttəl qalmışdı: “Qətibə Eynullanın tayı-tuşu deyil. Bəs nə əcəb Qətibə Eynullaya gəlsin?”

Bir neçə nəfər də deyinərək:
– Əə, bu Eynullaya dedilər, get yaşına-başına uyğun birini tapıb evlən, daha demədilər, özündən 20 yaş kiçik qız al. Hələ orası bir yana, yenə qız ərdən çıxmış olsaydı, canı cəhənnəmə, deyərdin, ərdən çıxmış qızdı, daha cavan-sütül oğlana gedəsi deyil ki, qocadan-qoltaxdan birini tapıb özünə bir gün ağlayacaq. Qətibə subay-sultan bir qız, Eynulla da qartımış kişi, görəsən, Qətibə Eynullanın nəyinə gəlir? Yox, burda nəsə var!
Hərə bir tərəfə yozdu. Biri deyirdi, Eynullanın əlli iki yaşı var, Qətibənin otuz iki, arada iyirmi yaş fərq var. Yəqin, qızın problemləri var, yoxsa bu yaşa evdə qız qalmazdı. Bir başqası dedi, Eynullanın imkanı yaxşıdı, yəqin, qız ona görə gəlir, eşidən-bilənin biri də dedi, noldu, Eynulla bu neçə ildə evlənmədi, durdu, durdu, əcəl girələyəndə evlənmək yadına düşdü? İnsanın bu yaşda yola gəlməyi adama qəribə gəlir.

***

Arvadı Sənəm dünyasını dəyişəndən sonra yaxınları Eynullaya məsləhət bilib çox minnət elədilər ki, qağa, artıq olan olub, Allahın qəzasından heç kəs qaça bilməz. Bircə sənin başında görünməyib ki? Özünü toparlayıb bir halal süd əmmiş tap, evinə-eşiyinə sahib çıxsın. Yoxsa sən təkbaşına itib-batarsan. Qızın çox körpədi, onu da böyütmək lazımdı. Evdə qadın olmasa, sənin üçün çətin olar. Bizim də özümüzün öz dərdimiz-sərimiz var, bir dəfə, iki dəfə əlindən tuta bilərik.

Eynulla daş atıb başını tutmuşdu:
– Yox! – demişdi: – İndiyə qədər Sənəmlə baş qoyduğum yastığa başqası ilə baş qoya bilmərəm. Heç biriniz narahat olmayın, uşağı özüm tək böyüdəcəm. Qoymaram, o uşağın boynunda kiminsə minnəti qalsın.

Eynulla ilə Sənəm institutda oxuyarkən bir-birini sevib Leyli-Məcnun olmuşdular. Neçə illər uşaqları olmamışdı, kənardan müdaxilə olmasaydı, heç yadlarına da düşməzdi. Yaxınları demişdi ki, ay Eynulla, sonsuz qalarsan, camaat bizə nə deyər? Hərə ağzında bir züy tutar. Adını sonsuz Eynulla çağıracaqlar. Ya onu boşa getsin, boşamırsan, eybi yox, əl altından biri ilə evlən, qoy sənin də bir uşağın olsun. Öləndə sonsuz ölmə.
Eynullaya söz çox təsir etmişdi. Qohumlarını əməlli-başlı məzəmmət eləmişdi:
– Mən tez-tez yuva dəyişən quşam, nəyəm?! – demişdi.

Evlənəndən yeddi il sonra qızları dünyaya gəlmişdi. Eynulla doğum evində tək qızını çıxarıb gətirmişdi, arvadı ilə bir yerdə övlad sevincinin tamını dada bilməmişdilər. Arvadı, qızı doğulandan sonra ömrünü ona bağışlamışdı.

Çətinliklə də olsa, qızını böyüdüb boya-başa çatdırdı. Qızı böyüdükcə Eynullanın arzuları, istəkləri də böyüdü. Mənəvi imkanları ilə yanaşı, maddi imkanları da xeyli böyümüşdü. Qızı universiteti bitirib ailə qurmuşdu. Qızını köçürəndən sonra başa düşməyə başladı ki, yaxınları düz deyir, təklikdən, tənhalıqdan bir vaxtlar böyüyən maddi və mənəvi imkanları getdikcə kiçilib gözündən düşürdü. Ona elə gəlirdi, ya gözləri böyüyür, ya da istəkləri kiçilir. Onda nəsə çatışmır. Başa düşdü ki, gözünə su vermək lazımdı. Ona görə də qohumları ilə razılaşdı.

***

Qətibəyə quşu qonandan sonra Eynullanın sir-sifəti yaz günəşindən sonra təbiətin qırışığı açılan kimi açılmışdı. Üz-gözündən sevinc tökülürdü. Əvvəllər arada nəm-nüm etsə də, daha qəti fikrə gəlmişdi:
– Düz deyirlərmiş, bunların sözündə həqiqət var. Mütləq evlənmək lazımdı.
Hər Qətibəni görəndə Eynulla sifətdən-sifətə düşür, cilddən-cildə dəyişirdi. Bilmirdi necə rəftar etsin ki, Qətibənin ürəyinə daha tez yol tapa bilsin. Qətibənin hər sözü-söhbəti yağ olub canına yayılırdı.

Qətibə demişdi ki, Eynulla, gərək bizim toyumuz böyük olsun. Xırda məclis qurmağı istəmirəm. Mən kimin qızından əskiyəm? Mənim tay-tuşlarım hamısı toyla evdən çıxıb, gəlin köçüb! Mən niyə el adət-ənənəsi ilə gəlin köçməməliyəm?
Eynulla həmin an razılaşmışdı:
– Baş üstə! – demişdi. –Təki sən məndən belə şeylər istə. Eynulla sənin bu arzularını yerinə yetirməyəcəksə, daha nəyi Eynulla olur?!

Təklikdə öz-özünə çox götür-qoy etmişdi. Axırda yenə Qətibənin sözlərinə haqq qazandırmışdı: “Qətibə düz deyir! Qətibə kimdən əksikdi! Qətibənin arxasında Eynulla kimi bir kişi dayanır! Elə Eynullanın özünü götürək, Eynulla kimdən əksikdi? Eləsi var, iki uşaq anasını evdə qoyub, yenidən özünə əməlli-başlı toy çaldırır. Mən niyə çaldırmayım? Hələ, üstəlik, arvadım çoxdan rəhmətə gedib. Qızımı da el adəti ilə gəlin köçürmüşəm. Elə mən özüm də subay-sultan oğlan kimi bir şeyəm”.

Eynulla əməlli-başlı elçi göndərmişdi. El adəti ilə qızın “hə”si alınmışdı. Toyun vaxtı da müəyyənləşmişdi. Hər şey ölçüb-biçili, hər şey planla getməli idi. Eynulla ilə Qətibə əvvəl özlərini toparlayıb, işlərini-güclərini sahmana salıb sonra özlərinə bir toy çaldırmalıydılar, bir toy çaldırmalıydılar ki, dillərdə dastan olmalıydı. Bu “Taclı mələk” deyilən zəhrimar gəlib özünü ortaya pərçimlədi, elə pərçimlədi ki, bütün işlər öz məcrasından çıxıb kəllə-mayallaq oldu.

Qətibə ilə özlərinə təskinlik verdilər: “Eybi yoxdu! – deyirdilər, – Cəhənnəmə olsun taclı mələk də, onu bizim həyatımıza pərçimləyən də!.. Çox qalası deyil ki? Uzaq başı bir aya daşı atılıb çıxıb gedəcək”.

Arxasınca ciddi karantin rejimi lap amanlarını kəsdi: “Görüşmək olmaz, olsa da, ara məsafəsi saxlamaq lazımdır. Ağızda maskanın olması mütləq vacibdir!”

Daha sonra karantin bir az da sərtləşdirildi: “Çölə çıxmaq olmaz. Olsa da, gərək sms-lə icazə alasan. Çölə çıxmaq məqsədini bildirəsən. İki saatdan artıq çöldə gəzmək qəti qadağandır. İcazəsiz çöldə tutuldunsa, inzibati qaydada cərimələnməlisən!”
Eynulla dilxor olsa da, Qətibə ilə ancaq votsapla əlaqə saxlaya bilirdi. Əvvəlcə “Taclı mələyi” söyüb bulayır, arxasınca da özlərinə təskinlik verirdilər.

Danışıb qurtarandan sonra Eynulla öz-özünə deyinirdi: “Bu nə bəla idi, biz düşdük, daha denən, get, yıxıl, öl, yaşama! Ev dustağısan ay Eynulla, ev dustağı!”

Sonra da özünə təskinlik verməyə çalışırdı: “Eh, ay Eynulla, bu sənin bəxtindəndi… Amma neyləməlisən, dözməlisən, gələn bəla elnən gəlib, təkcə sənin başına gəlməyib ki? Atalar deyib, elnən gələn bəla toy-bayramdı”.

***

...Eynulla halsız vəziyyətdə yatağına uzanıb gözlərini tavana zilləmişdi. Zəng gələndə əlini zorla atıb telefonu götürdü. Dili söz tutar-tutmaz, zarıya-zarıya:
– Ölürəm, ay Qətibə, ölürəm! – kəlməsini birtəhər ağzından çıxara bildi.

Qətibə gördü, bu xına o xınadan deyil, təcili yardıma zəng edib ünvanı verdi. Eynullanı komatoz vəziyyətdə xəstəxanaya yerləşdirdilər. Sərt karantin rejimi olduğundan xəstəxanaya heç kəs gəlib-gedə bilməzdi. Üç gündən sonra ölənlərin siyahısında Eynullanın da adı çıxdı.

Dəfn mərasimini polislər icra edirdi. Eşidib-bilən qohum-tanış, ancaq onlayn vasitəsi ilə mərhumla vidalaşa bilərdi.

Telefonda Qətibənin hıçqırtısı eşidilirdi. Dəfnə rəhbərlik edən polis zabiti, soyuqqanlı cavab verdi:
– Bilirəm, xanım ağırdı, amma neyləmək olar, bizi də başa düşün, bundan sonra hələ bir neçə nəfəri dəfn etməliyik. Xahiş edirəm, bir az yığcam danışın.

Qətibə telefonda yenə hönkürüb ağladı. Əlində tutduğu salfetka ilə göz yaşını silib iniltili səslə:
– Eyy, ay Eynulla, sən neylədin, indən sonra mən sənsiz nə edəcəm? Niyə məni yarı yolda qoyub getdin, ay Eynulla?! Bu gün üçün bizim toyumuz olmalı idi! – deyə bildi.

Özü öz səsindən diksinən kimi oldu, diqqətlə gözünü ekrana zillədi. Ekranda yazılmışdı: “Təyin olunan vaxt başa çatdığına görə görüntü dayandırılmışdır”.

# 1452 dəfə oxunub

Oxşar xəbərlər

İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

15:00 17 noyabr 2024
Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

13:05 16 noyabr 2024
"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

09:00 16 noyabr 2024
Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

16:30 15 noyabr 2024
#
#
# # #