Əmanət - Sahilə Sultanova

Sahilə Sultanova

Sahilə Sultanova

13 dekabr 2021
# 20:30

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Sahilə Sultanovanın “Əmanət” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

- İndiki bizi formalaşdıran nədir? Keçmişdə etdiyimiz səhvlər, atdığımız addımlar? Dayan-dayan yoxsa talenin özüdür bəlkə elə keçmişə səbəb olan. Tale, Tanrı varmı belə bir şey? Yenə gicləyirəm deyəsən; deyinə-deyinə binaya daxil oldu. Özünü ələ almağa çalışsa da elə hey mızıldanırdı. Yaşadığı mənzilin qapısına çatanda ətrafa baxdı.

- Görəsən, buranı kim təmir edib. Heyranlıqla rəngləmiş və bəzədilmiş divarlara baxdı. Bir həftə bundan qabaq qızının toyuna getdiyi üzbəüzdəki qonşuları Qasım kişi yadına düşmədi.

- Fındıq, oğlum mən gəldim. Gedərkən qapını kilitləmək yaddan çıxmışdı və açarkən də qəribəliyi hiss etmədi. Həmişə sahibinin qucağına qaçan Fındıq qapının qabağında mıs-mırığını tökərək uzanmışdı. İtlər nə qədər vəfalı olsa da son bir həftədə artıq üçüncü dəfə idi ki, sahibi onu unutmuşdu. Gözü yemək və su qabına sataşdı.

- Ah, çox üzr istəyirəm, fındığım necə yaddan çıxara bilərdim bunu axı. Özümü sənə bağışlatmağım üçün bir dəqiqə vaxt ver mənə. Tez mətbəxə qaçaraq rəfdən götürdüyü paketi qaba boşaltdı. Fındığın onu bağışlaması çox çəkmədi. Onu razı salma planı uğurla tamamlanmışdır.

Yataq otağına keçərək paltarını dəyişdi. Sevdiyi Boston Celtics köynəyini əyninə keçirərkən biləyinə qazılmış yazını gördü.

Nur. Fındıq. Zahid Xəlilov küç. Ev 157. Mənzil 84

Yaddaşını və ağlını yavaş-yavaş əlindən alan Altsheymer xəstəliyi onu sükuta qərq etdi. Artıq iki iliydiki bu zibildən əziyyət çəkirdi. “Elmlər Akademiyası” metrosunun qarşısında evinin harda olmasını xatırlamağa çalışanda artıq nələrinsə yolunda getmədiyini anlamışdı. Və diaqnoz Altsheymer. Qaranlıq bir həyatının olması ona keçmişinin silinməsini istəyərdi, lakin bu xəstəliklə yox. Müalicəsi olmayan bu xəstəlik getdikcə şiddətini artırır, beyin hüceyrələrini məhv edirdi. Həkiminə son hüceyrə məhv olana qədər mübarizə aparacağam desə də, içdən-içə artıq məğlubiyyəti qəbullanırdı. Bayram günləri işə getmək, öz doğum gününü başqalarından öyrənmək onu ümidsizliyin qollarına atırdı. Bu xəstəlik çalışdığı redaksiyanın heç vaxt bilməyəcəyi bir sirr olaraq qalmalıydı. Bu işə ehtiyacı varıydı. Həzin sonu gecikdirən dərmanların belə alınması yüksək məbləğdə vəsait tələb edirdi.

Qonaq otağına keçdi. Ən sevdiyi məşğuliyyəti televizorun qarşısına keçib divanda uzanmaq idi. Taa yuxuya keçənədək Fındıqla qucaqlaşar gözünü mavi ekrandan çəkməzdi. Otağında çox əşya yox idi. Sakitliyi, xoşbəxtliyi əşyalarda görməməsi buna səbəb idi. Gözü masa üstü jurnallarla örtülmüş iki rəsm çərçivəsinə sataşdı. Bir rəsm köhnə, hardasa otuz ilin şəkliydi. Ona gülümsəyən kişi, qucağında körpə olan qadın, və altı-yeddi yaşlarında olan qıvrımsaç qız. İkinci rəsm daha yeni, yaxın keçmişə aid saymaq olardı. Məzun günündən xatirə şəkli çəkdirən üç qız və arxa fonda universitet. O günləri qırıq-qırıqda olsa xatırlaması ona qəribə tərzdə xoşbəxtlik verirdi. Yaşadığı mənzil “Elmlər Akademiyası” metrosunun yanındakı hündür binada yerləşir və pəncərəsindən baxarkən şəhərin gözəlliyi onu valeh edirdi. Saatın axşam yeddi olduğunu görüb pəncərədən boylandı. Universitetlərdən çıxan tələbələr onu keçmiş günlərə apardı. İlk sevgini, ilk bölüşməyi, ilk sevinci məhz tələbəlik illərinə təsadüf etmişdi. Otuz altı illik həyatında ancaq tələbəlik illəri yaddaşında arada parlayan, közərən lampanın işığı kimi yanıb sönürdü.

Unutmadığı şeylər də var idi. Həkim də demişdi bu xəstəlik sizə bağlı olan vərdişlərinizi məhv etməyə qadir deyil. Ən böyük vərdişi məhz axşamlar bu pəncərədən səhəri nə qədər çirkin və iyrənc olan Bakının axşam bir o qədər gözəl və ecazkar olan mənzərəsini seyr etməkdən ibarət idi.

Səhər ayıldığında ilk olaraq redaksiyaya getməyəcəyini işçilərə bildirmişdi. Bu gün üstündəki ağırlıq ona mümkün sonun gəldiyini hiss etdirirdi.

- İndi yox, indi yox deyərək Fındığı qucağına alıb bağrına basdı. Gözləri yenə köhnəlmiş şəkildəki ailə ilə toqquşdu. Bir anda olanları anlamaqda çətinlik çəkdi. Gülən ailə artıq ağlayırdı.

- Nur, biz çıxırıq evdən qardaşından muğayat ol. Qaqaşını yedizdirmişəm. Özün də acsan stolun üstündəki yeməyi yeyərsən. İki-üç saata gələcəyik. Nənən nasazdı ona dəyib qayıdırıq. Samiri gözündən ayırma. Amandı.

Anasını diqqətlə dinləyən beş yaşlı Nur başını yellədərək hər şeyi anladığını anasına bildirdi.-Narahat olma,anacan biz gözəl vaxt keçirəcəyik qaqaşla.

- Hər ehtimala qonşuya da demişəm gəlib yoxlayacaqlar sizi.

- Yaxşı, yaxşı - vecsiz halda dilləndi.

- Mənim ağıllı qızım, atasına oxşayıb bu xasiyyətində - gülərək xanımına ilişdi.

Valideynlərini yola saldıqdan sonra qardaşı oynayan otağa yönəldi.

- Qurban olaram sənə, sən neynirsən burda, oynayırsanmı.

Qardaşı anlamasa da bacısının xoş sözlərini sanki anlayırmış kimi dodağını qaçırdırdı. Qardaşını qucağına alaraq mətbəxə xalçanın üstündə oyuncaqlarının yanına otuzdurdu.

- Samir, sən burda oyna mən də çay içim. Sonra dərslərə baxım.

Çaydanın soyuq olduğunu görüb, qaz sobasının paylayıcısını açdı. Çöldən gələn səslə əlindəki kibritin yerə düşməsi bir oldu. Özünü həyətə atdı. Təngnəfəs həyətə çatdığında atasının beton divara çırpıldığını gördü. Yerdə çırpınan anasına tərəf qaçmaq istəsə də qonşuları izin vermədi. Başqasının qollarında anasının ölümünə şahid olan kiçik qızcığazdan başqası deyildi Nur.

- Ata, ata deyə bağıraraq onu cilovlayan qollardan xilas olub maşına tərəf qaçdı. Bu dəfə daha möhkəm qollar onun qarşısını kəsdi. Nuru qucağına alan qonşuları Elşən kişiydi. Elşən uşağı da maşına qoyub təcili yardım maşının arxasıyca xəstəxanaya tərəf sürdü. Yol boyu Nur dincəlmir, hıçqırıqları boğazında düyünlənirdi. - Ana ölmə bizi tək qoyma deyə hönkür-hönkür ağlayırdı. Və bir an dayanması Elşəni də ona tərəf çönməyə vadar etdi. Samir, Samir qaqaş evdə qaldı, ağlayacaq, qayıdaq Elşən əmi qayıdaq yalvarıram. İlk döngədən Elşən maşını evə tərəf döndərdi. İş çıxışı saatı olduğundan bir anda özlərini tıxac da tapmışdılar. Nurun narahatlığı dayanmadan artırdı. Elşən nə qədər təmkinli olsa da uşaqdan xəbərsiz olması onu da narahat etmişdi. Evə çatmaları qırx beş dəqiqə çəkmişdi. Maşını saxlayan kimi hər ikisi evə doğru qaçdı. Qapını açarkən Elşən az qala qaz qoxusundan huşunu itirəcək kimi olsa da özünü evə ata bildi. Nur bir göz qırpımında özünü mətbəxə atdı. Elşənin dizi üstə qucağında qardaşı hönkür-hönkür ağlamasını görəndə qışqırığı aləmi götürdü. Üçünün də məzarında anlamışdı olanları bu kiçik qız. Ata, anasını qəzada itirən qızcığaz öz səhvi ucbatından qazdan boğulan qardaşını da torpağa tapşırmışdı. Əmisi onu həyata döndərdi, öz övladlarından ayırmadı. Oxumağında da köməklik etmişdi.

Ağlına köhnə evləri gəldi. Görmək istədi oranı bəlkə son dəfə. Məlum hadisədən sonra əmisi onu orada saxlamamışdı. Qonşular, evlər, küçələr yerində qalıbmı görən. Getməliyəm oranı görməliyəm. Bəlkə də həyatımın “puzzle”dakı tamamlanmayan son parçasıdır o ev.

Küçəyə daxil olanda nəfəsi kəsiləcək kimi oldu. Ailəsini itirdiyi o yol artıq mərkəzi yollardan biri olmuşdu. Diqqətlə evləri süzdü. Yolun başındakı ev yadına düşdü. Gülnaz xalagilin evi. Uşaqlarla oynadığımız park bu evin qarşısında idi. Bəs uşaqlıq dostlarım Nigar, Nərgiz, Seymur haradadırlar? Başına girən sancı onu işıq dirəyinə söykənməyə məcbur etdi.

- Olmaz, olmaz, indi olmaz bir az daha dayanın beyin hüceyrələrim, deyərək göz yaşını sildi.

Evlərini gördü. Bütün uşaqlıq xatirələri, qardaşını, anasını, atasını yadına saldı. Xəstəlikdən sonra hafizəsi bu qədər aydın xatırlamamışdı heç nəyi. Bütün keçmiş gözünün önündə film fraqmenti kimi canlanırdı.

Ev qapısı açılır. Anası əlində çay stəkanları olan sinini qucağında körpə olan atasının oturduğu masaya qoydu. Necə də xoşbəxtdirlər. Qəhər boğazında düyünlənmişdi. Yolun o biri tərəfində diz çökən qız - ana, ana mən burdayam deyə fəryad edirdi. Yoldan keçənlər təəccüblə onu seyr edirdi.

- Gəl, qızım, gəl çay iç. Anasının səsi qulağında cingildədi. Başını qaldıranda ailəsi onu gözləyirdi.

Son cəsarətiylə, son sağ qalmış beyin hüceyrəsiylə güc toplayıb ayağa qalxdı və özünü ailəsinə çatdırmaq üçün yola atdı.

Ətrafında hər kəs-qızım, dayan yaşıl işıqdır maşın vuracaq dayan,deyə qışqırırdılar. Çığlıqlar səmanı bürümüşdü. Lakin o ailəsinə qovuşacaqdı.

Bir iki addım atmışdı ki, yüksək sürətlə gələn maşına çırpıldı. Zərbənin şiddəti onu otuz il bundan əvvəl anasının cansız bədəninin uzandığı yerə sürükləmişdi. Çırpınan bədəni ruhunu azad buraxmaq istəmirdi sanki və gözləri yenə ailəsini axtarırdı. Başına toplaşan hər kəs bu bədbəxt qızın son sözlərini böyük kədərlə dinlədi.

- Mənə əmanət olan heç bir şeyə sahib çıxa bilmədim nə qardaşıma, nə də canıma...

# 2003 dəfə oxunub

Oxşar xəbərlər

İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

15:00 17 noyabr 2024
Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

13:05 16 noyabr 2024
"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

09:00 16 noyabr 2024
Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

16:30 15 noyabr 2024
# # #