Əbədi günahkarlıq – Orxan İsmayıl

Orxan İsmayıl

Orxan İsmayıl

17 dekabr 2021
# 13:52

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Orxan İsmayılın “Əbədi günahkarlıq” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Tanrı sehrli əbabil quşuna mükəlləfiyyət verdi. O, dünyalardan keçib insanların təbiətinə qənim kəsildiyi, təkini didib-dağıtdığı, suyunu zəhərlədiyi, havasını korladığı Yerə təşrif buyurmalı, insanlardan - ölçüyəgəlməz günah və tamah sahiblərindən üç nəfəri seçməli, onların çiyinlərinə qonub qulaqlarına günahsızlıq tilsimini cikkildəməliydi. Bununla da həmin üç insan artıq Yerin əşrəfi olmaqdan imtina edib günahsızlığa can atacaq, sərvətin böyüklüyünə yox, şəxsiyyətin bölünməzliyinə qibtə edəcək, haqsızlığın bataqlığında çirklənmiş yaş əlcəklərini çıxarıb doğruluğun şəffaf sularında yuyacaq, xeyirxahlığın alovuna yaxın tutaraq qurudacaqdı. Bundan sonra bu əlcəkləri geyinib ancaq və ancaq təmiz tutacaqlardan, laxlamayan qulplardan tutmaq olardı.

Əbabil quşu dəniz sahilində salınmış kiçik bir qəsəbənin üstündə o yan-bu yana uçdu. Əvvəlcə insanları onların başları üzərindən izlədi. Sonra bəzilərini getdiyi ünvana ötürdü, bəzi adamların tələskənliyinə səbəb axtardı, bəzi tərpənməzlərə heyrət etdi. Pis açılan ağızlar, yaxşı eşitməyən qulaqlar gördü, min məna ifadə edən gözlərə baxdı. Könlü istədiyi qədər uçdu, cikkildədi, pırıldadı. Adamlardan ehtiyat etməyib istədiyi yerə qondu. Axı o gözəgörünməziydi.

Sahilin kənarları boyu polad məhəccərlər çəkilmiş, məhəccərlər on-on beş metrdən bir uzun dirəklərə bərkidilmişdi. Ətrafdakı oturacaqların hamısı insanlarla dolu idi. Yer tapa bilməyənlər, oturmağa meyli olmayanlar piyada yol ölçürdülər. Oturanlar ayaqda olanlardan daha çox danışırdılar. Gözlərini sakit dalğalara dikib səs-səmir çıxarmayanlara da rast gəlmək mümkün idi.

İki oğlan və bir qız deyə-gülə irəliləyirdilər. Onlar hərəkətdə ikən tez-tez yerlərini dəyişirdi. Hərdən isə dayanıb hansısa yönə zillənir, orada yerləşən nə haqqındasa ucadan danışır, kiçik mübahisələr edir, bir-birilərini dümsükləyirdilər. Yollarına davam etdikdə növbəti dayanacaq məntəqəsində hər şey yenidən təkrarlanırdı.

Əbabil quşu onları çox izlədikdən sonra seçəcəyi üç nəfərin elə həmin gənclər olmasına qərar verdi. Onun bu qərarının arxasında tanrının dərgahında belə təsdiqini tapmış, daşlaşmış səbəblər dayanırdı. Bir səbəb o idi ki, Yer üzündəki günah sahiblərinin əksəriyyəti kişilər idi və bu nisbəti yuvarlaqlaşdıranda ümumi günahların üçdə ikisi kişilərin payına düşürdü. Ona görə seçilmişlərin ikisinin kişi, birinin qadın olmasında ədalətsiz nəsə yox idi. Digər səbəb beləydi ki, əbabil quşu gəncləri seçmişdi və gənclik günahsızlıq zirvəsindən kin-küdurət bataqlığına aparan ilk ləpirlər idi. Bu ensiz ləpirlər tezliklə geniş cığırlara çevriləcək, cığırlar şumal yollarla əvəzlənəcək, yolların sonunda isə mənzil başına - bataqlığın ağzına çatanların dəstələri sıralanacaqdı. Arxadan gələn bataqlığa ən yaxın dayananı itələyib qabağa salacaq, insanlar bata-bata bataqlığın dərinliklərinə sürüklənəcəkdi.

Bir cüt ayaq oynaşan çiyinlərdə qərar tudu, qulaqlara tilsim oxundu. Alt və üst dimdiklər bir-birindən aralanıb, yenidən birləşdi. Gənclər hər hansı toxunuş hiss etmədilər, səs duymadılar, onlarda yalnız ani silkinmə yarandı. Silkinmə işıq sürətilə keçdi.

Onlar günahsızlıq qazanmışdılar və bundan sonrakı həyatlarını buna uyğun yaşamalıydılar.

Əbabil quşu oğlanlardan birinə suyun saflığını, o birinə havanın təmizliyini, qıza isə təbiətin gözəlliyini bəxş edib geri uçdu

Su oğlan bulaq kimi qaynadı, çay kimi kükrədi. O bulaq ki, orada mənəviyyatı, ruhu doydurmaq üçün bəs qədər su vardı. O çay ki, suyu daxili aləmin yanmış, münbitliyi pozulmuş yerlərinə nüfuz edərdi. Bu bulaq əsla qurumayacaqdı. Bu çay yatağında qovrula-qovrula qalıb buxara qarışmayacaqdı.

Hava oğlan istiliyi, həlimliyi ilə yelpazə olub qəlbləri nəşələndirdi. Buludlarından nur çisələləndi, təmizliyi vicdanın, ləyaqətin ciyərlərinə çəkildi.

Təbiət qız pöhrə-pöhrə, tala-tala, yamac-yamac gözəlləşdi. Öz füsunkarlığı ilə ağızları açıq qoydu. Onun ehtişamı qarşısında gözlər bərələ qaldı.

Günahsızlıq qazanmış bu üç gəncin hər biri özünü digər ikisi olmadan təsəvvür edə bilmirdi. Bu birgəliyi pozmaq ən böyük günah sahibi olmağa tən idi. Onlar təmizliyin, saflığın və gözəlliyin Yerdəki elçiləri idilər.

Onların bir-birinə məhəbbəti o qədər böyük idi ki, bu məhəbbətin şöləsi böyük bir məmləkəti işığa qərq etməyə, qüdrəti isə ağlasığmaz xarüqələr yaratmağa çatardı.

Gənclər insanlara günah törətməməyi təbliğ etməyə başlamışdılar. Onlar suyu, havanı, təbiəti, insanlığı, bəşəriyyəti qorumağın vacibliyi haqqında moizələr oxuyur, çıxılmazlıq halında belə günaha bulaşmamağı tövsiyə edirdilər. Su oğlan əqidələrdəki çirkabı yumağa, Hava oğlan başları, çiyinləri üzərinə səpələdiyi məkrsizlik damcıları ilə islatmağa, Təbiət qız ağacsız, çəmənsiz, qupquru səthlərdən ibarət şüurlarda boy qaldıran çiçəklərə, ucalan ağaclara vəsilə olmağa can atırdı. Təmiz əqidəli, məkrsiz, əlvan şüurlu adamlarsa günaha meylli olmazdılar.

Onların hər görüşü tayı-bərabəri olmayan təsvirlər yaradırdı, misilsiz söhbətlərə, müzakirələrə, etiraflara səbəb olurdu. Su oğlan qolunu Təbiətin qızın boynuna dolayırdı, Hava oğlan onun dümağ əllərindən tuturdu. Oğlanlar başlarını bir-birinə dayayıb qucaqlaşanda Təbiət qız qollarını geniş açıb hər ikisini ağuşuna alırdı.

Gənclərin sevgisi durmadan şiddətləndi. Su oğlan artıq Təbiət qız olmadan yaşaya bilməyəcəyini anladı. O, digər dostunu - Hava oğlanı da eyni qızğınlıqla sevirdi, hərçənd, get-gedə onun sevgisində parçalanma yaranırdı. İki yerə bölünən sevgi parçalarının bir hissəsində eşq, ehtiras, atəş, digər hissəsində isə sədaqət, hörmət, lütf vardı.

Hava oğlan da oxşar hisslər yaşayırdı. Onun qəlbində Təbiət qıza başqa bir nəhayətsiz sevgi baş qaldırmışdı. Bu sevgi Təbiət qızın təkcə böyük dost kimi etimadını qazanmaqdan ibarət deyildi, həm də bir kişinin bir qadına bəslədiyi ilıq duyğuları təzahür etdirirdi. Hava oğlan Təbiət qıza tək sahiblənməyi ağlına belə gətirmirdi, çünki bununla digər dostunu - Su oğlanı incidə və günaha bata bilərdi.

Təbiət qızın vəziyyəti daha qəliz olmuşdu. O, hər iki oğlanı sevirdi. Onları bir-birindən fərqləndirməyə, hansısa cəhətlərini tutuşdurub daha yaxşısını üzə çıxarmağa cürət etmirdi. Təbiət qız Su və Hava oğlanı günaha batmadan, eyni qaydada, eyni şövqlə sevməyə çalışırdı.

Artıq üç qiymətli dost əzabkeş sevgi mücahidlərinə çevrilmişdi. Bir-birilərini əvvəlki kimi qucaqlasalar da, gözləri, bənizləri başqa hikmətdən xəbər verirdi. Su oğlan Təbiət qızı qucaqlayanda qaynayır, buxarlanır, Hava oğlana sarılanda isə coşur, çağlayırdı. Hava oğlan Təbiət qızı görəndə bütün istiliyi ilə onun vücuduna hakim kəsilir, Su oğlanla danışanda isə özünü ələ ala bilmir, yelə, tufana çevrilirdi. Təbiət qız onların heç birini öz gözəlliyindən məhrum etmirdi. Hər iki dostunu ən geniş düzündə gəzdirməyə, ən görməli yerlərində şənləndirməyə çalışırdı.

Günahsızlığı təbliğ edən, günah dəryasında barmaqlarının ucunu belə islatmamağa çalışan gəncləri sevgi pərən salmışdı. Onlar gec-gec görüşür, az-az danışırdılar. Uzunmüddətli ayrılıqlar hər üçünü əldən salmışdı. Su oğlan Təbiət qızı ürəksiz, candərdi qucaqlayırdı. Əslində isə sevgisinin qüdrəti onu qucağına alıb bütün dünyanı dolaşma yetərdi. Hava oğlan Təbiət qızla az dərdləşir, onun suallarına quru cavablar verirdi. Təbiət qız onlara boz, səhra, quraq tərəfini göstərmək istəməsə də, gözləlliklərini nümayiş etdirib onların ağıllarını başdan almağa da həvəslənmirdi.

Vaxt keçdi, onlar bir-birilərindən tamam ayrıldı. Bu ayrılığın iztirabı Su oğlanın son damlalarını da qurutdu, Hava oğlanın səmasını qaraltdı, Təbiət qızın çəmənlərini viran qoydu, çiçəklərini soldurdu.

Əbədi günahsızlıq qazanmış üç dost da Yeri təşkil edən əsas qüvvələrə - suya, havaya, torpağa zərər vermədən yaşaya bilmədilər. Bu isə ən böyük günah sayılırdı.

İnsanların tilsimləlmiş halda belə zərərli işlər görməsi Yer üzündə günah işlətmədən yaşamağın mümkün olmadığını, ən müqəddəs hisslərin belə günahsızlığın qol-budağını darayan orağa çevrilə biləcəyini göstərirdi.

Dekabr, 2021-ci il

# 1621 dəfə oxunub

Oxşar xəbərlər

Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

11:24 22 noyabr 2024
İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

15:00 17 noyabr 2024
Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

13:05 16 noyabr 2024
"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

09:00 16 noyabr 2024
#
#
# # #