Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Əfsanə Osmanovanın “Dost” hekayəsini təqdim edir.
Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.
O, dəryazı damın divarına söykəyib, həyətdə quraşdırılmış əl-üz yuyana yaxınlaşdı. Ot biçməkdən təzəcə gəldiyindən tamam tər içində idi. Səhər tezdən bağa gedendə gün hələ qalxmamışdı. Otların şehi ayağında və şalvarının balağında nəm izlər buraxır, səhərin sərinliyi hətta bir az üşüdürdü də. Amma artıq günəş yerindən qalxmış, şəfəqlərini ətrafa yaymışdı. Və hava xeyli isti idi. Köynəyini soyunub, əl-üz yuyanı taqqıldatdı. Amma əl-üzyuyanda su yox idi. O, əsəbi halda deyindi;
- Laləzar, niyə əl-üz yuyanda su yoxdur?
- Bıy Oktay Gəlmisən? Vallah səhər doldurmuşdum. Yəqin uşaqlar suyla oynayıblar. Sənəm, ay Sənəm, mənim əlim xəmirlidir. Balaca vedrəni götür, qaç, hovuzdan su gətir atana. Tez ol, bəsdir qaz balası ilə oynadın, at onu anasının yanına, - deye ana çəmənlikdə qaz balası ilə oynayan qızına səsləndi.
- Aleks, Aleks, al bu çörəyi də ye, indi gəlirəm, - deyib, qız vedrəni götrüb qaçdı. Tezcə də qayıdıb su ilə dolu vedrəni atasına verib, yenidən tez çəmənliyə qayıtdı.
- Aleks, Aleks, ağıllı qaz, mən gəlincə hamısını yemisən hə? Əhsən sənə.
- Sənəm, qızım, qaz balasının adını Aleks qoymusan? - deyə atası soruşdu.
- Hə ata, nece beyəm, xoşuna gəlmir?
- Niyə Aleks, nə olub öz adlarımıza? Özümüzdə ad yoxdur beyəm.. Bilirsən ki, belə şeylərdən xoşum gəlmir. Gəl onun adını Səməndər qoyaq.
- Səməndər, - deye Sənəm dodağını büzdü. Aydın görünürdü ki, bu ad onun xoşuna gəlmədi amma o, etiraz etmədi çünki, bu evin qaydalarına görə ata ilə mübahisə etmək olmazdı, -yaxşı olsun, - deyə o, razılaşdı.
İndi gözləri yaşla dolmuş halda, ağ-appaq qazını tumarlayan Sənəmin gözlərinin qarşısında bu hadisə — Səməndərə nece ilk defə bu ad qoyduqları gün canlandı. Səməndər böyüyüb, gözəl, iri, ağ-apbaq bir qaz olmuşdu. İndi daha Sənəm, Səmədərin adını da, özünü də çox sevirdi. Onu bütün günü əzizləyir, əlində yemləyirdi. Tək olanda həmişə onunla söhbət edirdi. Bu gün ise Sənəm dərsdən qayıdanda qazı ayağı bağlı pilləkənin yanında gördü. Pilləkəni bir nəfəsə adlayıb mətbəxə qaçdı. Içəri daxil olub, tənginəfəs halda həyacanla anasından soruşdu:
- Ana, Səməndərin ayağını niyə bağlamısan?!
- Necə yəni niyə, - anası Sənəmin həyəcanlı halını görməməzlikdən gəlib, mümkün qədər etinasız halda cavab verdi, - Axı, iki gündən sonra atanın ad günüdür. Tutub qoymuşam ki, atan gələn kimi kəssin. Basdırma edəcəyəm. Kabab etmək üçün. Basdırma ətin kababı yaman dadlı olur. Həm də belə atanın çox xoşuna gəlir.
Sənəm zarıdı, - Ana Səməndəri kəsməyin…, gedin başqa şey kəsin! Nə bilim toyuq kəsin, ya da ki, elə o qırmızı xoruzu kəsin! Onsuz da bütün günü toyuqları incidir. Mən fikir vermişəm, bütün toyuqların üstünə çıxıb, onları tapdalayır. Neçə dəfə daşla qovmuşam amma yene bildiyini edir. Həm də necə kökəlib, onu kəsin, nə olar! Axı, niye ele mənim Səməndərimi kəsmək istəyirsiniz?
- Qızım, başa düş, bura heyvanxana deyil. Ev quşlarını ona görə saxlayırıq ki, lazım olanda onların ətini yeyek. Bilirəm, sən hələ balacasan, çox şeyi başa düşmürsən. Amma həyat belədir. Sən anlamalısan…
Onda Sənəm ağlamağa başladı, - Anaaa, Səməndəri kəsməyin! O mənim qazımdır. Mən icazə vermirəm, kəsməyin mənim qazımı!
Anası qızının bu halından çox pis oldu. Ürəyi sızladı. Amma büruzə vermədi. Qəddar görünməyə üstünlük verdi. Üzünü kənara çevirib, əlini stula vurub, dedi:
- Bəsdir zırıldadın! Qaz kəsiləcək, vəssalam! Özün də çıx burdan, məni işimdən elemə.
Sənəm qapını çırpıb, güllə kimi otaqdan çıxdı.
- Sənəm, qapını yavaş ört! Bu nə əda...
Anası Sənəmin arxasınca səslənsə də artıq onun getdiyini görüb, sözünü yarıda saxladı. O, fikirli halda stula əyləşdi. Bir an fikrə getdi. Sonra yerindən sıçrayıb ayağa qalxdı. Tez eyvana çıxdı:
- Sənəm, ay Sənəm, qazı at dama. Daha hava qaralır. Sabah.., bəlkə sabah kəsərik, - deyib, çiyinlərindən yük götürülmüş, birisi kimi rahatlıqla nəfəsini dərdi. Sonra nədənsə öz-özünə gülümsəyib, yenidən bətbəxə — işinin başına qayıtdı.
Anasının xasiyyətinə yaxşı bələd olduğundan Sənəm anladı ki, anası qazı kəsməkdən vaz keçdi. Onda o, sevinərək qazın yanına gəldi. Onu tumarlayıb dedi:
- Səməndər, görürsən? Deyəsən anamın sənə yazığı gəldi. Sən xilas oldun! Amma hələlik sən onlara inanma. Bir də gördün fikirlərini dəyişdilər. Mən bilirəm nə edəcəyəm. Sən sadəcə mən deyənləri et, - Sənəm gülümsəyərək dedi və qazı qıvraq hərəkətlə qucağına alıb, heç kim görməsin deye, əyilə-əyilə həyətin baxçasına tərəf qaçdı. Bağçanın ən sonunda olan uca palıd ağacının dibində dayandı. Lap tənginəfəs olmuşdu. Nəfəsini dərdi. Qazın ayağını açdıb, çəpərə yaxınlaşdı. Səməndəri bərk-bərk qucaqlayıb, tumarladı. Sonra onu çəpərin üstünə qoyub dedi:
- Səməndər, sən mənə de görüm, sən göydə uçan köçəri qazları görmüsənmi? Onlar da eyni sənin kimidirlər. Sən onların nəsilindənsən. Ola bilsin onlar bacıların, qardaşlarındır. Nə bilim bəkə bir daha uzaq qohumların—xalan oğlanların ya da bibin qızlarıdır. Sənəmin danışdıqlarından heç nə anlamayan yaziq qazcığaz iki ağız “qa” elədi. Sənəm tez onun dimdiyindən yapışdı:
- Şşş, sus, səs salma! Eşidərlər. Hə, mən bilirəm onlar başının üzərindən uçub gedendə, sən onlara diqqətlə baxmısan. Aranızdakı oxşarlığı da sezmisən. Yəqin sən öz-özünə” Bəs mən niyə uçmayım, onlara qoşulmayım? Görəsən onlar hara gedirlər? Mən də onlarla uçsaydım, dünyanı gəzib-dolaşardım, macara dolu bir ömür sürərdım” demisən, bilirəm, əzizim, bütün bunlar senin ağlından keçib. Bəs niyə uçmadın?
Qaz elecə susub, məlun-məlun Sənəmin üzünə baxırdı. Sənəm gözlərini qıyıb, bicliklə gülümsədi, - Həə, mən bilirəm niyə. Deməyınə ehtiyac yoxdur. Sən məni qoyub gedə bilmədin. Cünki, mən seni çox istədiyim kimi, sən də məni çox istəyirsən! Mən bilirəm ki, sən uça bilirsən. Yadındadir, bir dəfə həyətdə ikimiz oynayırdıq. Mən səni qovurdum. Sən birdən qanadlarını geniş açıb, havaya qalxdın! Havada süzüb, dövrə vurdun. Bax, onda mən də uçmaq istədim! Sənə əməlli paxıllığım tutdu... Axı, mən də səninlə birgə əvvəlcə yerdim, sonra qaçdım. Biz ikimizdə eyni sürətlə qaçırdıq. Lap yanaşı gedirdik! Amma sən havaya qalxdın, mən isə yerdə qaldım. O an mənə elə gəlmişdi ki, mən də qollarımı geniş açsam, uça bilərəm! Ancaq olmadı, mən uça bilmədim... Sən isə, sən isə xoşbəxtsən ki, uça bilirsən! Bax dostum, məndən nigaran qalma. Uç get! Özü də bu dəqiqə. Yoxsa gec-tez səni kəsib yeyəcəklər. Mənə belə baxma. Onlar pis adam deyil. Sadəcə olaraq onlar başa düşmürlər ki, sən mənim dostumsan. Səni yemək olmaz. Amma xahiş edirəm, getməzdən əvvəl mənimlə danış. Mən bilirəm, sən danışmağı bilirsən. Qorxma, mən heç kimə sənin danışa bildiyini demərəm.
Qaz eləcə susur, sakitcə Sənəmin üzünə baxırdı.
Yaxşı, nə dayanmısan? Danışmaq istəmirsən, danışma. Hə, uç get! Indi məni axtaracaqlar. Gəl səni bir də qucaqlayım.
Sənəm qazı bir də qucaqladı. Sonra onu çəpərin üstündən qovaladı.
- Kış-kış-kış, get, hə get! Get isti ölkələrə. Amma məni unutma. Əlvida!
Sənəmin gözlərindən yaşlar damcıldadı. O gözlərini silib, tez evə qaçdı. Səhəri gün günortaya yaxın anası Sənəmdən soruşdu, - Səməndəri görməmisən ki? Bütün həyəti axtardım, hinə də baxdım. Heç yerdə yoxdur.
Sənəm gözlərini anasından gizlədərək, - bilmirəm, mən onu axşam hinə qoymuşdum,- deyib, tez otağa keçdi. Anası təəccüblə Sənəmin arxasınca baxıb, düşündü, - Sənəm ola, Səməndərin itməyini beləcə sakit qarşılaya? Elə istəyirdi ki, qızını çağırıb, işin nə yerdə olduğunu öyrənsin, bu vaxt həyət qapısı döyüldü. Anası eyvanın kənarına gedib darvazaya sarı səsləndi:
- Kimdir? Qapı açıqdır gəlin. Gülnaz bacı sənsən? Orda niyə dayanmısan, keç içəri.
- Yox, ay Laləzar bacı, dayanmayacağam. Gəldim soruşum görüm qazın itməyib ki? Ciyəri yanmış itlər mənim çəpərimin yanında bir qazı parçalayıblar. Yerdə qalan tüklərindən görünür ki, ağ qazimiş. Mənim qazlarım hamısı boz rəngdədir. Dedim yəqin sizinkidir. Gəldim sənə deyim ki, bir də boşuna axtarmayasan.
Anası o dəqiqə başa düşdü ki, bu Səməndərin tükləridir. Yazıq qazı gecə itlər parçalayıb. Amma qonşuya dedi:
- Yox, yox, bizim deyil. Dəqiq bizim deyil. Qayğına görə çox sağ ol, Gülnaz bacı, - və söhbəti uzatmadı ki, qonşu tez çıxıb getsin. Bu vaxt qulağına “qaz” sözü dəyən Sənəm hövsələsiz özünü bayıra atdı, - Ana o kim idi? Nə deyirdi? Deyəsən hansısa qazdan danışırdı.
Anası özünü toplayaraq mümkün qədər etinasız bir səslə dedi, - Heeeç, Gülnaz xala idi. Deyir dünən evlərinin üstündən— lap hündürdən ag rəngdə bir qaz uçub, gözdən itib. Soruşur ki, sizinki deyil? Yəqin Səmədər imiş. Uçub isti ölkələrə gedib. Gərək qanadını kəsərdik. Heyif, yeyə bilmədik, o köklüyünə qazı...
Hə heyif..., -Sənəm, anasının sözlərini təsdiqləyərək “heyif!”- dedi. Amma Səməndərin havada nece süzdüyünü təəsəvvür edib, gözləri güldü. Məhəccərə yaxınlaşıb, sevinclə səmaya baxdı və yavaşca bu sözləri pıçıldadı “Əlvida dostum, salamat qal!”