Doğmayan arvadların göbəyinə yazı yazan Mirzə - Təbrizdən hekayə

Doğmayan arvadların göbəyinə yazı yazan Mirzə - Təbrizdən hekayə
27 oktyabr 2021
# 17:30

Kulis.az “Sözün güneyi” layihəsindən Qaradağ mahalının Mirzalı kəndindən olan və hazırda Təbrizdə yaşayan yazar Nadir Paşanın “Göbək duası” hekayəsini təqdim edir.

Mirzə Əbdülhüseyn hər il aşura günündə başdan ayağa qırmızı paltar geyinib, qırmızı börk qoyub, qılınc çəkib, kəndin böyük meydanında at oynadardı.

“Allah sənə nələt eləsin! Allah sənə nələt eləsin!” - səsi dörd yandan göyə qovzanardı; amma onun əsl işi dua yazmaq idi.

Yaxın-uzaq kəndləri gəzib-dolanıb fala baxıb dua yazardı, bəzən də dua yazdıranlar onun evinə gəlib dualarını yazdırıb çıxıb gedərdilər. Deməli, qadın müştəriləri, kişi müştərilərindən daha çox olardı. Ər vaxtı keçən qızlar, sonsuz qadınlar, günüsünün əlindən bezikmişlər, ərləri başqa qadınlara ilişmişlər həmişəki müştəriləri olurdular.

O gün keş börklü bir kişi Pirsaqqa dağından aşıb gələn Əhər çayının qırağında, hər yanı uca dağlarla hörülmüş kəndimiz Humaya yaxınlaşırdı. Mirzənin kəhər atının ayaqlarının tozu səhərin çisəyi ilə, Mustafa çiçəklərinin sarı tozuna qarışırdı. Kənd camaatı qoyun- quzularını çobana tapşırıb evlərinə dönərkən xırmanda toplanıb xosunlaşırdılar. Hamının gözü kəndə yaxınlaşan kimsədə idi.

Qənbər kişi boğazını arıtlaya-arıtlaya Əhməd ağaya sarı dönüb dedi:

- Ühü-ühü, Kasınnı Mirzə Əbdülhüseyndi, Abbasəlinin arvadının göbəyini yazmağa gəlir. Bəlkə əli düşdü, Abbasəli sonsuz qalmadı!

Əhməd ağa keçə börkünü alnının üstünə endirib, qaşlarını düyünləyib dedi:

- Qalıb Allaha... Bir də hardan bilək Abbasəlinin kişiliyi...

Mirzə xırmana yetişdi. Neçə gün idi kəndə səs düşmüşdü. Abbasəli naçarlıqdan gedib Mirzədən vaxt almışdı ki, gəlib qadınının əhvalına baxsın.

Şeyx Saleh Abbasəliyə demişdi ki, bala, get Mirzə Əbdülhüseyngilin kəndlərinə, yalvar-yaxar, gəlib əyalına bir çarə tapsın. Boş yerə döhtürlərin ciblərini doldurma!

Abbasəli də bir şişək götürüb gedir Kasına, Mirzəyə yalvarır-yaxarır ki, onların kəndlərinə gəlib qadınına bir çarə qılsın.

Abbasəligil bizimlə divar bir qonşu idilər. Birevli kimi idik. Evlərinin bütün künc-bucağını əlimin içi kimi tanıyırdım. Hinlərinəcən əl uzadıb yumurta götürmüşdüm. Un-buğda kəndisi, kiçik pəyələri, saman anbarı, yuyunduqları çalasər, bütünlüklə mənə doğma idi. Neçə yol Abbasəli qəfildən evlərinə qayıdanda, qaçıb yorğan-döşək yükünün dalında gizlənib cınqırımı çıxarmamışdım. Neçə dönə divarın dalında gizlənib arvadı İranın lüt canına çalasərdə kisə çəkəndə onun əndamına göz qoymuşdum.

O gün ki, Mirzə İranın göbəyini yazmağa gəlmişdi, bir qəribə duyğu məni yaxaladı. Dəcəllik yapışqan kimi yapışdı mənim qafama. Beynim qızışmağa başladı. İşlər yerbəyer olunca, qaçdım İrangilə. Evə gircəyin bir arıq qara pişik miyoldaya-miyoldaya eşiyə sıçradı. Bir az qorxdum. İstədim qayıdam qaçam, amma qayıtmadım. Qıvraqca yorğan-döşək yükünün dalına qaçdım.

Bağlamalar, yorğan-döşəklər bir az dal divarla aralı, sırayla bir-birinin yanına düzülüb, üst-üstə qalanmışdı. Onların aralarından evin içərisini görmək olurdu. Ürəyimdə birdən yüzədək saymağa başladım. İt öldü, pişik öldü, evə gələn olmadı. Üşəndim. İstədim çıxım qaçım, ancaq qorxdum ki, birdən İranla Mirzə qabağıma çıxalar.

Keçən il Qaraqəyədən gələn Əmniyənin qadalı-balalı görüntüsü gözlərimin önündə dayandı. Əmniyə Cavanşirin oğlu Nəbini sərbaz aparmağa gəlmişdi. Yorğunluğunu bəhanə edib kəndxudadan istəmişdi ki, bir nəfər gəlib kürəyini ayaqlasın. Kəndxuda da Əliş oğlu Xudaverdini çağırmışdı. Əmniyə hirslənib demişdi ki, kişi xeylağı onun kürəyini ayaqlasa, sümükləri əzilər, gərək bir cavan qadın gələ, içəridə də heç kim olmaya, çünki Əmniyə cənabları yaman utancaqdır. Əmniyənin əlçəkən günü olmadan, kəndlilərin qeyrəti coşa gəlib, onu az, amma şirin vurmuşdurlar.

Əmniyənin suyu süzülmüş qiyafəsi gözümün önündən gedib-getməmiş Mirzə ilə İran içəri girib qapını işgillədilər. Mirzənin gözləri gülürdü, amma İran üşənə-üşənə qalmışdı. Sanki elə bu gün ağır xəstəlikdən qurtulmuşdu. Rəngi heyva kimi saralmışdı, qıçları titrəyirdi. Mirzə saqqalını tumarlıya-tumarlıya dedi:

- Bacı, Abbasəliyə tapşırmışdım gərək sənin boynunda qüsl olmaya! Paksan? Cənabət quslu almısan?

İran başı ilə “hə” cavabı verdi. Mirzə keş börkünü çıxarıb dazlaq başını balaca dərbəçədən gələn əsimə tapşırıb, otuz üç yaşlı İranı başdan ayağa göz süzgəcindən keçirdi. Əlli beşini geridə buraxan qurd, ətli-qanlı gənc qoyun.

Yaşamının başa-başında neçəsinin göbəyini yazsa da beləsinə rast gəlməmişdi. Meydan Mirzə Əbdülhüseynin idi. İran nə edəcəyini bilmədən durduğu yerdə quruyub heykələ dönmüşdü.

“Görəsən Mirzə dua yazıb verəcək, ya Şeyx Salehin qadını deyən kimi göbəyini yazacaq” - qafasından keçirdi ki, Mirzənin kobud səsi onu özünə gətirdi:

- Ay bacı, nə buz kimi donub bir yerdə qalmısan, uzan, mənim işim gücüm var!..

İran istər-istəməz kiçik döşəkcənin üstündə uzandı. Köynəyini köksünün yaxınınadək çırmalayıb gözlərini yumdu. Yığcam məmələrinin alt yanından göbəyinin bir qarış aşağısınadək dərbəçədən düşən günəşin tellərinin altında on dörd gecəlik ay kimi parıldayırdı. Sanki qoyun quyruğunu ortadan kəsib daş üstünə sərmişdilər. Onun lüt gövdəsini çox görmüşdüm, amma bu gövdə başqa bir gövdə idi.

Mirzə İranın göbəyinin dövrəsini dəsmalla silib “Bismillah!” dedi və yazmağa başladı. On-on beş dəqiqə göbək yazılandan sonra Mirzə alnının tərini silib dedi:

- Bacı düzün axtarsan, da mənim əlimdən bir iş gəlməz. Sənin qarnında neçə dinsiz, qorxunc cin yuva salıb. Onları çıxartmaq hər kəsin işi deyil!

Mirzənin sözü İranı qasırğa toxunmuş ağac kimi silkələyib yerindən qopardı. Başını bir az yuxarı qovzayıb qəmli gözlərini Mirzənin gözlərinə dikdi:

- Nə deyiiiisən Mimimirzə! Yanı mən uş-uşaq üzü-ü-ünə hə-hə-həsrət qalacıyam? İranın gözlərinin piyaləsi aşıb-daşıb üzünə calandı. İri gözlərini yaş damlaları yuyub daha da gözəlləşdirmişdi. Mirzənin oxu ceyranın lap ürəyinə saplanmışdı. Daha işi bundan artıq yubatmaq olmazdı. Mirzə özünü sarsılmış göstərərək İrana dedi:

- Ağlama bacı, çarə yoxdu, bu cur əcinnələrə toxunmaq çox çətin işdir. Amma sənə də ürəyim yanır. Qorxulu da olsa, bu işi görəcəyəm, amma sən cənabət qüslü almısan, bu halda cinləri sənin qarnından çıxarmaq olmaz. Gərək elə bu dəqiqə sənin boynuna qüsl gələ, ərini də çağırmaq olmaz. O gəlincə əcinnələr ikimizi də işdən salarlar.

Əcci-məcci-latərəcci... İranın tumanı aşağı gedib Mirzə şalvarının qayışını açıb-açmamış öz-özümə dedim:

“Oğlan, bəyəm Mirzə çıxardan cinlər yorğan-döşək yükünə sarı cumdular? Onda gərək sən də dəli Süleyman kimi həmişə əyri ağzınla kəndin çöllərini tumançaq dolanasan...”

- Silkələnib götürüldüm. Yastıqlar evin ortasına dığırlandı. Mis teşt yumalanıb qablama qazanların üstünə aşdı, evə dəhşətli bir cingilti düşdü. Qıvrılmış ilan kimi qapıya sarı sıçradım. Hələ qapının işgilini açmamışdım ki, Mirzə ilə İranın huşdan getmiş gövdələri evin ortasında idi. Qapını açıb eşiyə çıxdım.

Abbasəli əlində dəyənək qapının eşik üzündə dayanıb göyə baxırdı...

Açıklama yok.

Nadir Yaşar

# 12487 dəfə oxunub

Oxşar xəbərlər

İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

15:00 17 noyabr 2024
Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

13:05 16 noyabr 2024
"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

09:00 16 noyabr 2024
Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

16:30 15 noyabr 2024
#
#
# # #