Cin qapını bağlayır - Kənan Hacının hekayəsi

Cin qapını bağlayır - Kənan Hacının hekayəsi
3 mart 2024
# 14:41

Bu gün tanınmış yazıçı Kənan Hacının doğum günüdür.

Kulis.az onu təbrik edir və "Cin qapını bağlayır" hekayəsini təqdim edir.

- Ay qız, mənim qol saatım hardadır? Gecə yatanda tumbanın üstünə qoymuşdum.

Sinan sübh tezdən yuxudan qalxıb əl-üzünü yuyandan, gözü saatı axtarırdı. Qolunda saat olmayanda ona elə gəlirdi ki, sol qolu yoxdur, ya da vaxtın əhatə dairəsindən kənara düşüb, özünü narahat hiss edirdi. Ülkər qızı Ayanı məktəbə hazırlayırdı. Ərinin səsini eşidib, dəhlizdən yataq otağına keçdi.

- Özün bilirsən, mən sənin əşyalarına əl vurmuram, bəlkə mətbəxdə çıxarıb qoymusan? - dedi.

İşə gecikirdi, uşağı da məktəbə aparmaq lazım idi. Saat isə tapılmaq bilmirdi. Hansısa əşyasını tapmayanda əsəb cərəyan kimi bütün bədəninə yayılırdı, belə hallarda fikirləşmək qabiliyyətini də itirirdi. Ülkər təmkinli idi və onun sakit təbiəti ilə uzlaşan bu təmkin, bəzi hallarda Sinanı daha da hövsələdən çıxarırdı. Çox vaxt da unudub hardasa qoyduğu əşyaya görə Ülkəri günahlandırırdı: "Sənin əlindən mən harasa bir şey qoya bilmirəm, yenə telefonun adaptorunu hara atmısan?" Məlum olanda ki, adaptoru özü götürüb, günahlarının lal etirafı başlayırdı. Heç vaxt Ülkəri səbəbsiz yerə danladığı üçün üzr istəməzdi, sükutla səhvini ört-basdır etməyə çalışırdı.

Saat yağlı əppək olub göyə çəkilmişdi. Sanki heç yerli-dibli onun qol saatı olmamışdı. Şeytanı lənətləmək də işə yaramadı, saat tapılmadı ki, tapılmadı. Sinan evdən deyinə-deyinə çıxdı. Balaca Ayan belə hallara (valideynlərini arabir yüngül mübahisələrinə) öyrəncəli idi, səbirsizliklə atasının evdən çıxmağını gözləyirdi. Sinan, nəhayət, saatı axtarmaqdan yoruldu, təslim olub tələsik pencəyini geyindi və dəhlizə cumdu. Son ümid kimi pencəyinin ciblərini də eşələdi. Saat cidd-cəhdlə ondan gizlənirdi. Günün belə başlamağı ovqatını pozdu. Qapıdan çıxanda Ülkərə səsləndi:

- Sən də ora-bura bax, tapsan, mənə zəng vur. Ona öyrəşmişəm, başqa saat taxa bilməyəcəm.

- Narahat olma, evdə olacaq də. Tapıb qoyaram yerinə.

Ülkər axşama qədər evi ələk-vələk elədi, Sinan bir neçə dəfə evə zəng vurdu, amma hər dəfə onu məyus edən cavablar aldı:

- Saat yoxdur...

Gecə yatmazdan əvvəl saatı qolundan açıb dolabın üstünə qoymuşdu, dəqiq yadında idi. Sən vurmadın, mən yıxılmadım, bəs saat necə oldu? Bu hadisədən sonra bir neçə dəfə evdə qəribə dəyişikliklərin baş verdiyini hiss elədi. Sanki bu damın altında onlardan - Sinan, Ülkər və Ayandan başqa da kimsə vardı. Gizli bir əl hiss olunmayacaq dərəcədə nələrəsə (qapıya, pəncərəyə, pərdələrə, əşyalara) toxunurdu. Bunu Ülkərə və Ayana deməyə qorxurdu, qadınını və qızını şəkk-şübhəyə, vahiməyə salmaq istəmirdi. Hər vəchlə bu hissi özündən kənarlaşdırmağa çalışırdı, amma gizli əl buna imkan vermirdi.

Bir gecə yatmazdan öncə Ülkər ev qapısının açıq olduğunu gördü. Halbuki əri işdən gələndə qapını öz əliylə bağlamışdı. Sinan yeməyini yeyəndən sonra divanda yerini rahatlayıb futbola baxmışdı və evdən çölə çıxmamışdı. Ülkər, əvvəlcə, duruxdu, qapını bağlayıb yataq otağına qayıtdı.

- Sinan, mən qapını bağlamışdım, sən harasa çıxmışdın?

Yenicə mürgüləməyə başlayan Sinan yarıyuxulu halda: - Yoox, - dedi.

- Bəs qapını kim açıb?

Yuxu beynindən soğuldu, yorğanı üstündən çəkdi və qalxıb oturdu:

- Necə yəni? Bu vaxt qapını kim aça bilər?

Bədənindən üşütmə keçdi, şübhələr bir anda hücum çəkib beynini mühasirəyə aldı. Səksəkə aramsız külək kimi iliyinə işlədi. Qaranlığın çeynəyib udmaqda olduğu gecə də bu müəmmadan baş açmağa macal tapmamışdı. Mağara dövründən insanın özüylə gətirdiyi ibtidai qorxu hər üçünə hakim kəsilmişdi. İndi qorxu otaqda at oynadırdı. Qapını açan dördüncü şəxs kim idi? Bu sualın cavabı yox idi.

Bəlkə o, Sinanın bioqrafiyasının xaricində saxladığı naməlum qadın idi?! Axı bu, ağlasığmaz bir işdir. Evi mümkünsüzlük soyuğu bürüdü, qızla anası çiyinlərini qısıb büzüşdülər. Sonra tədricən düşüncə girdabına yuvarlandılar, yuxu başlarının üstünü kəsdirib onları müvəqqəti olaraq bu dünyadan qopardı.

Saatın itməsi isə onları əməlli-başlı xoflandırdı. Tərslikdən yataq otağındakı divar saatı da vaxtı göstərməkdən imtina etdi. Bu evdə vaxt anlayışı itdi. Hansısa, qorxunc və naməlum qüvvənin mistik şıltaqlığı ailədəki nizamı büsbütün pozdu.

Sinan hər dəfə işə gecikirdi və bunun üstündə müdiriyyət dəfələrlə onu danlamışdı. Məktəbdə müəllimlər Ayanı neçə dəfə dərsə gecikdiyi üçün tənbeh etmişdilər. Evdə qalan Ülkər havaya baxıb vaxtı müəyyən etməyə cəhd etsə də, buna nail ola bilmirdi. Sanki hava da vaxtın əhatə dairəsindən kənarda idi. Onlar vaxtın sərhədini aşmışdılar. Vaxtdan kənarda qalan insan sanki dibsiz bir boşluğa düşür və əl atıb tutmağa heç nə tapa bilmir. Bu ailə boşluqda idi. Həmin o naməlum qüvvə bu evdə vaxtı qətlə yetirmişdi. Ülkər bütün bacarığını sərf edib vaxtı göstərən cihaza çevrilmək istəyirdi. Sanki itmiş saat ər-arvadın mənəvi gücünün sınaq daşı idi. Vaxt onlardan gizlənməklə nəsə, mühüm bir mesaj verirdi. Lakin bunu nə onlar, nə də bu hekayəni nəql edən yazıçı bilmirdi.

İki-üç gün bu boşluqda çabaladılar. Bir gün ailəvi Sinanın dostunun ad gününə gedəsi oldular. Yolboyu sanki yer də ayaqlarının altından qaçırdı. Vaxtdan kənarda yol da ilğıma bənzəyir. Bilinmirdi ki, getdikləri yoldur, yoxsa, havanın üstüylə yeriyirlər. Ad gününə də gecikdilər. Ev sahiblərinin giley-güzarı qapıdaca onları yağış kimi islatdı. "Bu qədər gecikmək olar, ay sizi Allah saxlasın. Evdən bir az tez çıxardınız da". Deyə bilmədilər ki, axı vaxtı itiriblər. Vaxt səylə onlardan gizlənir, onlarla gizlənqaç oynayır. Bəlkə elə yatmış divar saatının arxasında gizlənib?! Bilmirdilər... Çarpayının altınacan baxmışdılar, vaxt saatla birgə qeybə çəkilmişdi.

Gecədən xeyli keçmiş evə qayıtdılar. Onlar bilmirdilər ki, gecə yarıdan keçib, elə zənn edirdilər ki, qonşular hələ oyaq olar. Sinan açarı qapının kilidinə saldı, burdu, qapı açılmadı. Bir neçə dəfə bihudə cəhd elədi. Deyəsən, qapı açılmaq fikrində deyildi. Yüz dəfə bu açarla qapını açıb-bağlamışdılar. Bu dəfə nə baş verdi? Ülkər matı-qutu qurumuş halda divara söykənib qalmışdı, Ayanın yuxusuzluqdan gözləri yumulurdu. Sinan isə elə hey üyüdüb tökürdü:

- Noldu bu zəhrimara? Əcəb işə düşdük e, - bir az da içdiyindən əsəbi halda qapını yumruqlamağa başladı.

Ülkər onu sakitləşdirməyə çalışdı:

- Ayıbdır, qonşular eşidər. Bir az yavaş ol.

Qonşulardan kimsə oyaq imiş. Yan qapının kilidinin şaqqıltısı eşidildi. Orta yaşlı, saqqallı bir kişi sinəsini arıtlayıb kal səslə dilləndi:

- Qapını aça bilmirsiz, deyəsən.

Sinan pərt halda mızıldandı:

- Zibilə qalsın. Əlli dəfə açıb-bağladığım qapıdır. Nəsə bu dəfə tərslik edir.

Qonşunun səyləri də nəticə vermədi. Qapı insafa gəlmədi.

- Bir dəqiqə gözləyin, - qonşu bunu deyib evə girdi və əlində taburetlə qayıtdı.

Taburetin üstünə çıxıb qapının yuxarısındakı nəfəslikdən sivişdi və içəri adladı. Şaraq-şuruq səs eşidildi və qapı açıldı.

Qonşu təəccüblə Sinanın üzünə baxdı:

- Kimsə qapını içəridən bağlayıb. Evdə kimisə qoyub getmisiz, bəyəm?

Təəccübdən üçünün də gözləri bərəldi.

- Necə yəni içəridən bağlanıb? Biz qapını çöldən bağlayıb getmişik, - Sinan dedi.

- Sinan, vallah-billah, qapı içəridən bağlanmışdı, açarlıq deyil.

Heyrət və təəccüb hər üçünün dilini lal elədi. Bu müəmmanın qarşısında söz tapıb deyə bilmədilər.

- Bağışla, səni də narahat elədik bu gecə vaxtı...

- Olan işdir. Amma bu qapını yüz faiz kimsə içəridən bağlayıb, - qonşu tam əminliklə dilləndi.

Səhərisi gün Ülkər bu əhvalatı telefonda anasına danışdı. Gülnisə arvadın qənaəti isə bu oldu:

- Ay qız, evinizdə cin var, elə qapını da o bağlayıb. Uşağa demə, qorxar.

Cin uşaqlıqdan Ülkərin altşüurunda özünə yuva qurmuşdu, Gülnisə arvadın dilindən öz adını eşitcək, quyruğunu bulayıb dikəldi. Qızın bədəni qeyri-ixtiyari titrədi. Ciyiltili səsi Gülnisə arvadın qulağını cırmaqladı:

- Ay maa, qorxuraaam...

Lap bu günlərin söhbətidir, Amerikada hansısa, siyasətçi bir xanım keşişləri evinə "cinçıxarma" mərasiminə dəvət etmişdi. Keşişlər də gəlib yaxşıca yeyib-içmişdilər, bir neçə dua oxuyub çıxıb getmişdilər. Elə bilirsiniz, xurafat təkcə müsəlmanlara aid xəstəlikdir? Demokratiyanın beşiyi başında da sancaqlı dualar asılır.

Gülnisə arvad qızına toxtaqlıq verdi:

- Molla Xədicəni çağırarıq, gəlib dualar oxuyar, onda cinin ayağı biryolluq evinizdən kəsilər.

Molla Xədicə vaxtın sərhədini necə adlayacaqdı? Axı onlar vaxtın əhatə dairəsindən kənarda idilər... Gülnisə arvadın da səsi vaxtın o üzündən gəlirdi. Bu ekzotik hiss Ülkərə qəribə gəldi. Anasının dediklərini Sinana deyəndə əri bu məsləhətə başını bulamaqla reaksiya verdi. Ülkər molla Xədicəni çağırmaq üçün inad edəndə Sinanın səbri tükəndi:

- Başınız xarabdır, vallah. Evə mollanı onda çağırırlar ki, iraq olsun, kimsə düşüb ölsün. İncimə, ananla sən orta əsrlərdə qalmısınız. Gör, nələrə inanırsınız.

- Bəs neyləyək? İtmiş vaxtımızı necə bərpa edək? İndi günün hansı vaxtıdır, bilirsən? - deyə Ülkər soruşdu.

Sinan çaşbaş qaldı, vaxtı müəyyən etmək üçün pəncərədən çölə boylandı.

- Hələ günortadı...

- Həftənin neçənci günüdür? Bilmirsən. Artıq günləri də qarışdırırıq. Uşaq dünən məktəbə gedib, görüb ki, məktəbin qapısı bağlıdır. Ona deyiblər ki, bu gün istirahət günüdür. Yolda adamlar da ona təəccüblə baxırmış. Uşaq gəlib evdə o ki, var ağlayıb.

Molla Xədicə gəlib evin yuxarı başında oturdu, qoltuğundan yıpranmış bir kitabça çıxarıb anlaşılmaz sözlər oxumağa başladı.

- Eviniz cadulanıb, ağəz. Mən indi bu duaları oxuyub gedəcəm, sabah yenə gələcəm. Beş gün dalbadal bu dualar oxunmalıdır ki, o məxluqun ayağı evinizdən kəsilsin, bir də bu tərəflərə üzükməsin.

Molla Xədicə beş gün Sinangildə yeyib-içdi, dincəldi, arada yuxuladı. Ayılıb pürrəngi çay istədi. Nə istəyirdisə, yerinə yetirirdilər. Ev yiyələri molla Xədicənin qulluğunda necə lazımdır, dururdular. Duaların müstəcəb olacağı gün gəlib çatdı. Daha bu evdə molla Xədicəlik bir iş qalmadı. Çıxaçıxda gözü Sinanın əlində idi. Sinan cibindən şax bir əllilik çıxarıb arvadın ovcuna basdı. Molla Xədicə ovcundakı pula baxıb ayaq saxladı.

- Qonşu, bu, çox azdır, başuva dönüm. Bundan birini də əlavə et.

Sinanla Ülkər baxışdılar. Sinan arvadı dilə tutmağa çalışdı:

- Xədicə xala, vallah, ayın axırıdır, evdə pulumuz qalmayıb. Olanımız elə odur. Azdırsa, çox hesab elə. Başqa vaxt xəcalətindən çıxarıq.

Molla Xədicə mızıldana-mızıldana başmaqlarını geyinib qeybə çəkildi.

Dərindən köks ötürdülər. Sinan: - Yaman üzlü arvaddır, beş gündür bizdə yeyib-içir, əlli manatla razı qalmır, - dedi. - Guya neylədi ki? O pul da ona çoxdur.

- Gözü doymur da, deyən gərək, qoca arvadsan, neynirsən bu qədər pulu? - bunu da Ülkər dedi.

Ülkər evdə yır-yığış eləyəndə çarpayının böyründəki tumbanı geri çəkdi ki, oranı süpürsün. Sinanın neçə gündən bəri axtardığı saat gözünə dəydi.

- Aaa, Sinan....

Sinan səsə gəldi.

- Nədi?

- Saat, - Ülkər şəhadət barmağını çarpayının küncündə sferblatı işaran saata tərəf tuşladı.

- Buna bax e, sürüşüb düşüb tumbanın arxasına!

Vaxt üzlərinə güldü. İtirdikləri vaxt evin içində bərqərar oldu.

Ülkər nə desə, yaxşıdır?

- Görürsən, molla Xədicənin duasının gücünə bax e!

-Yaxşı görək, sən Allah. O, dua oxumasaydı, saat tapılmayacaqdı? - Sinan molla Xədicənin dualarına şəkk gətirdi.

- Tapılsaydı, indiyə qədər tapılardı da. Arvad gəlib dualar oxuyan kimi üzə çıxdı.

Səhəri gün Ülkərin qardaşı Elvin onlara qonaq gəldi. Gözü divar saatına sataşanda bir anlıq çaşdı.

- Vay dədə, saat nə tez yeddi oldu?

Sonra qol saatına baxanda məlum oldu ki, saat hələ heç beş olmayıb.

- O saat işləmir, ay qaqaş, - Ülkər gülümsədi.

- Bir batareya alıb dəyişdirin də. Saatınız yatıb. Onu elə saxlamayın, yaxşı əlamət deyil.

Ülkəri gic gülmək tutdu. Qardaşı təəccüblə ona sarı döndü.

- Nədi, nəyə gülürsən? - deyə soruşdu.

- Heç gör, ağlımıza gəlib? O gün Sinanın qol saatı yoxa çıxdı, sonra da divar saatı işləmədi. Ağlımıza min cür qara-qura fikirlər doldu. Neçə gündü vaxtsız yaşayırdıq, o gün evi süpürəndə qol saatını tumboçkanın arxasından tapmışam, - Ülkər qəziyyəni qardaşına nəql elədi.

- Ər-arvad ikinizin də başı qaçıb, vallah, - Elvin başını buladı.

Həmin gün axşam yenə evdən birlikdə çıxdılar. Yaxınlıqdakı bazardan ayın-oyun almalı idilər. Bazarı gəzib-dolaşdılar, aldıqlarını aldılar və evə qayıtdılar. Sinan açarı bir neçə dəfə burdu, qapı yenə açılmadı.

- Lənət şeytana! Deyəsən, yenə cin qapını arxadan bağlayıb, - Sinan əsəbindən qapıya bir-iki yumruq endirdi.

Ülkər ərini sakitləşdirməyə çalışdı:

- Bir dəqiqə dayan, bizdən iki mərtəbə aşağıda qapı-pəncərə ustası yaşayır. Yadındadır, bir dəfə gəlib pəncərələri nizamlamışdı, evə hava vururdu. Get onu çağır. Ayanla burda gözləyərik.

Altı-yeddi dəqiqədən sonra Sinan qonşusu usta Fərruxla qayıtdı. Fərrux qapı-pəncərələrin qənimi idi, bütün bağlı qapıların dilini bilirdi. Bir şərtlə, gərək arağını bol edəydin. İçməsə, işləyə bilmirdi. Bu dəfə də kefi saz idi. Pilləkanları qalxanda arağın iyi Ülkərin burnunu qıcıqlandırdı.

- Nədi, qapı dalında qalmısuz? Fərrux ölməyib ki.

- Ay Fərrux qardaş, bilmirəm, evdə cin var, nədi, qapını bağlayıb çıxırıq, qayıdanda heç cür açılmır. O gün Sinan yuxarıdan hoppanıb evə, baxıb ki, qapı içəridən bağlanıb. Bu necə ola bilər?

Fərrux "cin" sözünü eşitcək əlini əlinə çırpıb necə şaqqanaq çəkdisə, elə bil avtomat darağını boşaltdı.

- Alə, cinin işi-gücü yoxdu? Bu saat o cinin başına bir oyun açım ki, olmayan dədəsi yadına düşsün.

Fərrux iş alətlərini çantasından çıxarıb bir xeyli kilidi qurdaladı. Nəhayət, qapı açıldı.

- Qonşu, cini nahaq bu işə qatırsan, burda cinlik bir iş yoxdur, zamok xarabdı, zamok! Zamoku dəyişdir, ay zalım.

Üçü də dərindən nəfəs aldılar və qəfildən hamını gülmək tutdu. Usta Fərrux da onlara qoşulub çiyinləri atlana-atlana gülməyə başladı.

23-26 sentyabr, 2023-cü il

Şabran Yaradıcılıq Evi

# 1500 dəfə oxunub

Oxşar xəbərlər

İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

15:00 17 noyabr 2024
Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

13:05 16 noyabr 2024
"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

09:00 16 noyabr 2024
Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

16:30 15 noyabr 2024
# # #