Çemodanında yatdığım çinli, məndən qələm istəyən erməni uşaq - Orxan Cuvarlıdan hekayə

Çemodanında yatdığım çinli, məndən qələm istəyən erməni uşaq - Orxan Cuvarlıdan hekayə
16 noyabr 2021
# 09:00

Kulis.az "Hekayə günü"ndə Orxan Cuvarlının “Yol” hekayəsini təqdim edir.

Türk Hava Yollarının məni Bakıdan İstanbula aparan nəhəng hava gəmisində arxamda qoyduqlarımı çək-çevir edəndə, gözümü pəncərənin o tayında pələsəng olmuş təkəmseyrək buludlardan ayıra bilmirdim.

Bu səyahəti siqaretin siqaretə, məktubun məktuba calandığı, rəsmi ünvanlardan gözlədiyim cavaba qovuşa bilmədiyim günlərdə, uzun tərəddüdlərdən sonra gözə almışdım.

Ailəvi işlərimlə əlaqədar dünyanın düz vaxtlarında su yoluna çevirdiyim Moskvaya getməyim pandemiyaya görə mümkünsüz məsələyə çevrilmişdi. Həmin vaxtlar Rusiya Federasiyası sərt karantin rejiminə görə əcnəbi vətəndaşları ölkəyə buraxmamaq qərarı almışdı. Ölkəyə giriş edə bilmək üçün diplomatik icazə və bəzi kriteriyalara uyğunluq vacib idi. Mən bu şərtlərə uyğun olmadığımdan rəsmi qurumlarla əlaqəyə keçdim. Aidiyyəti qurumların uzun-uzadı xahiş məktubuma "К сожалению, это невозможно" (red: Təəssüf ki, bu, mümkün deyil) cavabından sonra ovqatım pozulsa da, ümidimi üzməməyə çalışırdım.

İnsanın həyatında elə mərhələlər olur ki, sən həmin dövrdə yaxşını pisdən, müsbəti mənfidən, doğrunu yanlışdan ayırd etməkdə çətinlik çəkirsən. Bu çətinliklərin sancısı məni bir neçə gün düşündürdü və nəhayət, Moskvaya üçüncü bir şəhərdən – İstanbuldan uçmağı qərarlaşdırdım.

İndi dəfələrlə səmadan zilləndiyim buludları ilk dəfə görürmüş kimi təəccüblə izləyirdim. Üç saat sonra trapla irəliləyə-irəliləyə yağışlı İstanbulun qoxusunu içimə çəkirəm. Uzun illər Türkiyədə yaşamış biri kimi bu ölkəyə xeyli isinişdiyimi təkrar hiss edirəm. Birgünlük İstanbul gəzintisinin ertəsi günü Moskvaya uçmaq üçün gəldiyim geniş, işıqlı Yeni hava limanı nədənsə mənə dar gəlir. Yüklərimi təhvil verib pasport kontroldan keçməyə hazırlaşıram. Artıq neçənci təyyarə səfərimin olduğunu unutmuşam, bu səyahətlərin özünəməxsus həyəcanı, vərdişləri olur; öyrəşdiyin, amma hər səfərində maraqla, bir az da lovğalıqla təkrarladığın şeylər.

Pasportumu şüşədəki balaca dairədən gömrük məmuruna uzadıram. Türkiyədə məmurlar Azərbaycan pasportu görəndə daima gülümsəyir. Möhürü vurandan sonra bığaltı təbəssümlə "Yahşi yol, qardaş" deyir. Gömrük-keçid otaqlarının ortasındakı turniket açılır və yaşıl işıq yanır.

Turniketdən keçəndə "sənə yaşıl işıqdır" ifadəsi yadıma düşür və düşünməyə başlayıram. Axı niyə yaşıl müsbətin, icazənin, qırmızı isə rəddin, mənfinin təcəssümüdür? Burada da, işıqforda da… Rənglərin hegemoniyası. Yaşıl icazə. Qırmızı rədd.
Qırmızı xəbərdarlıqdır, həyəcan siqnalıdır, SOS-dur. Amma yaşıl elə deyil. Aramla, bir az da ləngərlə önündəki maneəni aradan qaldırır. Saniyəlik ümid işartısı…

Bunları düşünə-düşünə nəhəng gözləmə zalına diqqət kəsilirəm. Müxtəlif anons səsləri, insan basırığının uğultusu, arabir müvəqqəti sükutun qulaqbatıran səssizliyi məni bir müddət yerimdə saxlayır.

Yaxınlıqdakı oturacaqlardan birinə əyləşirəm. Əlimdəki dəri portfeli açıb sənədlərimi sahmana salıram, bir daha diqqətdən keçirirəm. Az sonra qarşımdakı ekranda iri hərflərlə getməli olduğum qapının nömrəsi yazılır: "G-10". İnsan izdihamı bir nöqtədən başqa nöqtələrə axışmağa başlayır.

Aeroportların iri şüşələri, geniş qalereyaları mənə həmişə parıltılı görünüb. İri şüşələrin o üzündəki təyyarələrə baxa-baxa getməli olduğum qapıya sarı addımlayıram. Təyyarələrin ətrafında bir neçə texniki işçi görünür. Onlar müxtəlif rənglərdə jiletlər geyinib; sarı, qırmızı, yaşıl. İşçilər müştərək hərəkət edir; dəqiqələr sonra səmaya qalxacaq yüz neçə tonluq nəhəng hava gəmilərinə son dəfə texniki baxış keçirirlər. Nədənsə, onları izləyə-izləyə kamikadzelər yadıma düşür. Kamikadzelərin təyyarələrinə dönüş üçün yanacaq vurmurlar. Ölüm mələkləri…

İnsan daima ölümü gözləyir, xatırlayır. Amma kamikadzelərin ruhi vəziyyəti, psixoloji durumu mənə daima maraqlı gəlib. Onlar ölümü gözləməyin, xatırlamağın fövqündə hisslər yaşayır. Səni saatda yüzlərlə kilometr sürətlə ölümə aparan dəmir tabut. Təyinat nöqtəsi, tapşırığın icrası və məhzun son…

Onuncu qapıya çatmaq üzrəyəm. Burada izdiham yoxdur. Yəni var, amma qələbəlik kimi görünmür. Növbədə dayanan rus sərnişinlər diqqətimi çəkir. Türk Hava Yollarının səliqəli geyinib-kecinmiş iki əməkdaşı təyyarəyə gedən borunun girişindəki sensorlu qapıda dayanıb. Pandemiyaya görə hər ikisi şəffaf dəbilqədə və tibbi maskadadır. Onların mimikaları aydın deyil. Böyük ehtimalla, bu an dodaqlarında təbəssüm var. İşlərinin çətinliyini düşünməkdən özümü saxlaya bilmirəm. Onlar hər zaman; əhvalı yaxşı olanda da, ürəyi sıxılanda da, qayğılarla əlləşəndə də, sevinci aşıb-daşanda da daima gülümsəmək, insanlara müsbət ovqat ötürmək məcburiyyətindədirlər. Saxta təbəssüm.

Bayaqdan sabit dayanan növbədə hərəkət başlayır. Uzun növbə ilan kimi boruya sarı axır, axdıqca seyrəlir, adamsızlaşır. Əməkdaşlar biletlərin barkodunu aparata tutur və minik talonunun bir hissəsini cırıb sərnişinlərə qaytarır. Aparatın ritmik səsləri geniş zalda hökm sürən sükutu pozur. Anidən bu yeknəsəq səslərin eyniliyi durğunlaşır və mən bu durğunluq içərisində qəflətən ad-soyadımı eşidirəm.

Səs arxadan gəlir. Arxaya dönürəm, çaşbaş halda səsin sahibini müəyyənləşdirməyə çalışıram. Üzbəüzdəki kostyumlu məmur sanki mənim tutulduğumu hiss edir və bu dəfə bir az tərəddüd və boğuq səslə, bir az da yarısual, yarıtəsdiq intonasiya ilə soyadımı təkrarlayır. Razılıq kimi başımı tərpədirəm. Əlindəki siyahıdan indi xatırlamadığım daha iki nəfərin ad-soyadını oxuyur. Onların kimliyi də məlum olandan sonra məmur bizi kənara dəvət edir. Növbədən uzaqlaşırıq. Hər üçümüzün təəccüblü baxışları ona zillənəndə biletoxuyan aparatın səsi çox-çox uzaqlardan gəlirdi.

Məmur arğaz, çal saçlı biri idi. "Elə bil başına kül səpələyiblər" - şəvə kimi saçlarının arasındakı adda-budda çallıqlara baxıb ağlımdan keçirirəm. Siqaret çəkənlərə xas xırıltılı səsi vardı. Sanki hərflər boğazındakı görünməz maneədən güclə keçirdi. Məlum olur ki, bizi təyyarənin salonuna buraxa bilməsi üçün xüsusi icazə vərəqələrimizi təqdim etməliyik. İçimdə nəyinsə qırıldığını hiss edirəm. Təyyarənin intəhasız səmada bir cüt işığa çevrilməsinə dəqiqələr qalıb.

Digər iki nəfər telefonda valideynlərinin Rusiya Federasiyası vətəndaşı olduğunu təsdiq edən sənədləri məmura göstərir. Bu müddət ərzində mən də boş dayanmıram. Rəsmi ünvanlarla yazışmalarımı və indi xatırlamadığım müxtəlif sənədləri həyəcanla ona təqdim edirəm. Amma çifayda…

Bütün bunları inamsız halda edirəm. Böyük ehtimalla, məmur da nəzakət xatirinə sənədləri nəzərdən keçirir. Moskvaya bir neçə zəngim uğursuz olur və çarəsizliyimi daha da artırır. Məmur da son bir cəhdlə Domodedova aeroportundakı ofisləri ilə əlaqə saxlayır. Telefonla danışdığı müddətdə gözünü məndən ayırmır. Nəticə nə olsa da, ona sonsuz minnətdarlıq hissi içimi çuğlayır.

İnsan ən çarəsiz anlarında onun naminə atılan hər xırda addıma belə böyük əhəmiyyət verir. Təəssüflə başını bulayıb zəngi sonlandırır. Bayaqkı növbədən əsər qalmayıb. Sensorlu qapının girişindəki iki əməkdaş da səmirsiz mənə zillənib. Üzlərindəki ifadəni görməsəm belə, onların da kədərləndiyini duyuram. Hava gəmisində bir sərnişin əskikdir.

Pilot uçuşa keçmək üçün əməkdaşlarla mənim barəmdə son dəfə dəqiqləşdirmə aparır. Təsdiqdən sonra şəffaf şüşənin o üzündəki nəhəng dəmir parçası ağır-ağır hərəkətə gəlir. Bir nəfər əskiklə. Mənsiz. Bir neçə dəqiqə sonra onlar mavi göy üzündə ağ ləkəni xatırladırdı.

***
Həmin axşam dostumla Beyoğlunun Nevizade adlanan hissəsində kafelərin birində üzbəsurət oturmuşuq. Mən arabir önümdəki bir parç pivədən qurtumlayıb olub keçənləri yerli-yataqlı ona danışıram. Ətrafımızda xeyli futbol cəfakeşi matç izləyir. Onların təhlükəli epizodlarda kafeni bürüyən uğultusunda dostumun səsini qırıq-qırıq eşidirəm; "fikir eləmə", "onda", "keçən il", "gəlmişdi", "apardım", "taksi", "düşəndə", "qoymadı".

Uğultu çəkilib gedəndə beynimdə dostumun sözləri arasında rabitə qurmağa çalışıram. İçki beynimdəki bütün tərəddüdləri, sualları dumanlandırır, yox edir. Çox keçmir ki, azarkeşlərin müştərək qol sevinci kafeni lərzəyə gətirir. Kafedən çıxıb hay-küylü barlar küçəsini arxada qoyuruq. Balıq bazarının yanı ilə basırıq İstiqlal küçəsinə çıxıb üzü Taksim meydanına tərəf addımlayırıq.

İstiqlal küçəsində müxtəlif ölkələrdən turistlər görünür. Yanımdan keçən hər adamdan fərqli dillərdə nələrsə eşidirəm. İstiqlal küçəsinin simvoluna çevrilən qırmızı tramvayın cingiltisi gecənin səslərinə qoşulur. Bu küçəyə heç də yad olmayan qovrulmuş şabalıd ətri burnumu çalır. Biz addımladıqca geyim mağazalarının neon işıqlı, dəbli vitrinləri, binaları bir-birinə bağlayan çilçıraqlar gerimizdə qalır.

İstanbulda keçirdiyim bir həftədə şəhəri eninə-uzununa ölçürəm. Bu günlər ərzində Türkiyə ilə ürəyimdə möhkəm bağların olduğunu bir daha yəqin edirəm. Türkiyədə yaşadığım illər ərzində bir gün İstanbulun qənbərlər döşənmiş dar məhəllələrini, Mərmərə dənizinin adamsız sahilini bu əhvalla gəzişəcəyim heç ağlıma gəlməzdi.

Türkiyə həm də küçə ləzzətləri ilə məşhurdur; çiy küftəsindən kokoreçinə, çörəkarası balığından kumpirinə, midye dolmasına qədər - hər biri ayrı aləm olan küçə təamları.

Sahildəki təmiz havanı ciyərlərimə çəkdikcə uzun müddət hiss eləmədiyim aclıq hissi qayıdır. "Bir tək mən ac deyiləm" – sahildə qağayılara çörək ova-ova fikrimdən keçirirəm. Qağayılar çörək parçalarını acgözlüklə dimdikləyib yenidən səmaya qalxırlar.

Emirqan sahilində bir cərgə boyunca portativ oturacaqlarda əyləşmiş balıqçılardan gözümü çəkə bilmirəm. Onlar tilovlarını Mərmərənin xırçın sularına atıb səbrlə gözləyirlər. Hər tilov suya atılan daha bir ümiddir… Hərdən bu ümidin qırmağına bir ruzi düşür. Dənizə, tilovun suyun səthindəki başlığına zillənən ifadəsiz baxışlar ani bir qımıldanmada sevinclə əvəzlənir, işıldayır. Balıqçılar daha sonra tilovu aramla özünə çəkir, dənizdən qismətinə düşən payı ehmalca yanlarındakı vedrəyə atırdılar. Təbiətin səxavəti!

Küləyin təsiri ilə qabarıb-çəkilən dalğalar özünü qəzəblə sahilə çırpırdı. Həmin günlər Qalata qülləsini, Dolmabağça sarayını, Qız qülləsini gəzir, Üsküdar, Eminönü, Kadıköy, Beşiktaş, Ortaköy və Emirqan sahilləri boyunca iki qitəni ayıran bu dar körfəzi göz dolusu seyr edirdim.

Kim bilir, bu körfəz iki qitədən başqa, daha nələri, kimləri ayırır? Dənizin bu üzündəki və qarşı tərəfindəki həyat. Fərqli talelər, təkrarsız həyatlar, oxşar nigaranlıqlar, bənzər qayğılar… Bosfor körfəzi iki qitəni ayırsa da, iki dənizi qovuşdurur.

Burada Qara dəniz və Mərmərə dənizinin suları bir-birinə qarışır, qovuşur, eyniləşir. Hər dəniz öz sahillərindəki insanların yorğunluğunu, qum dənəciklərinin narınlığını, axşam mehlərinin zərifliyini canına çəkir, kilometrlərlə daşıyır, buralara gətirir və nəhayət, o şeylərin hamısı bu dar boğazda birləşir, bərabərləşir, bir şəhərin alın yazısına çevrilir.

Axşam gəzintisinə çıxan şəhər sakinlərindən uzaq bir oturacaqda heyranlıqla şəhərin gecə görkəmini, əzəmətli Boğaziçi körpüsünün əlvan işıqlarını izlədikcə bu şəhərə bir daha bağlanıram.

***
Avtobus gecənin zil qaranlığında aeroportun nəhəng giriş qapılarından içəri daxil olanda Yeni hava limanının işıqlarla əhatələnmiş nəhəng silueti zülmət içərisində işaran yeganə həyat əlaməti kimi görünürdü. Moskvaya getmək haqqında verdiyim qəti qərardan dönmək fikrində deyildim. Bu qətilik günlər əvvəl ağlıma bir fikir gətirdi; bu dəfə tamam başqa ölkədə - Belarusda bəxtimi sınamaq qərarı aldım.

Aeroportun beynəlxalq uçuşlar terminalının qabağı sərnişinsiz idi. Yüklərimi götürüb bir həftə əvvəl qəfil sarsıntı ilə ayrıldığım hava limanına daxil oluram. Günün istənilən saatında burada səssizliklə qarşılaşmağın mümkünsüz bir şeydir. Koronavirus testi üçün uçuşdan səkkiz saat əvvəl gəlmək məcburiyyətində qaldığım aeroportda yuxusuzluqdan gözlərini ovuşduran təhlükəsizlik işçisindən tibb məntəqəsi barədə soruşuram. Göstərdiyi istiqamətə doğru addımladıqca mənimlə birgə bir neçə çinli sərnişinin də ora sarı getdiyini görürəm.

Əvvəlcə kassaya yaxınlaşıb pasport və uçuş məlumatlarımı təqdim edirəm. Şüşənin o tayındakı xanım məndən 250 türk lirəsi istəyir və mən ovcumda saxladığım pulu kəsik dairədən ona uzadıram. Az sonra qəbz və sıra nömrəmlə birgə növbədə idim. Növbə mənə çatanda ağ xalatlı, çəlimsiz tibb bacısı mənə şəffaf arakəsmənin arxasındakı çarpayını işarə edir. Çox keçmədən əlində test kitiylə geri qayıdır. Uzun çubuğun bir ucuyla burnumdan, digər ucu ilə isə boğazımdan yaxma götürür. Bir müddət gənziyimdə göynəmə hiss edirəm.

Gözləmə zalının dəmir oturacaqlarından birində əyləşirəm. Gecədən xeyli keçib. Bir neçə saat boş-boş oturmağa səbrimin çatmayacağını duyuram. Bayaq mənimlə bərabər addımlayan çinlilər də yanımda əyləşib. 7-8 nəfərdən ibarət olan bu qrup xısın-xısın, bir az da həyəcanla söhbət edirlər. Onların rəngarəng çemodanları diqqətimi çəkir.

Ətrafımda xeyli insan müxtəlif formalarda yatıb. Bəziləri ayaqqabılarını cütləyib, bəziləri gödəkcələrini balınc əvəzi edib, bir qismi oturaq vəziyyətdə yuxulayıb. Yatmayıb telefonla oynayanlar, başı söhbətə qarışanlar da az deyil. Bel çantamı ayaq ucuma qoyub əllərimi, boynumun arxasında çataqlayıram. Aeroportun nəhəng, ucsuz-bucaqsız tavanı kəhkəşana bənzəyir. Yatıb qalmaqdan qorxsam da, göz qapaqlarımın ağır-ağır, səhnə pərdəsi kimi qapandığını hiss edirəm.

***
Anons səsi məni yuxunun isti qucağından alıb oyadanda saatıma baxdım. Bu narahat yerdə dörd saat yatdığıma inana bilmirəm. Başımın altındakı sərtlik məni təəccübləndirir. Dikəlib hansı formada yatdığımı aydınlaşdırmağa çalışıram. Yanımda əyləşən çinli məsum təbəssümlə məni izləyir. Bir neçə saat onun çəhrayı çemodanına baş qoyub yatdığımı görürəm. Yarıyuxulu halda üzrxahlıq edirəm.

Yuxulu adamlara xas, bir az da məzəli yerişlə ödəniş etdiyim yerə yaxınlaşıram və test nəticəmi götürüb dəri portfelimin ön cibinə qoyuram. Bu dəfə heç bir tərslik olmadı. Nə o çal saçlı məmur gəldi, nə biz kənara çağırıldıq, nə də pilot əməkdaşlarla dəqiqləşdirmə apardı. Dəqiqələr sonra mən "Belavia" aviaşirkətinə məxsus iri hava gəmisində, tutqun səmadan bir həftə həyəcanla, narahatlıqla gəzdiyim İstanbula, evlərin rəngbərəng dam örtüklərinə baxırdım. İstanbul get-gedə kiçilir, dam örtükləri, qızılı meşə pambıq kimi buludların arxasında görünməz olurdu.

***
Qırmızı şərfli stüardessa əlində bir topa vərəqlə kabinin giriş hissəsində göründü. O, vərəqləri həm sağda, həm də solda əyləşən sərnişinlərə paylaya-paylaya bizə sarı gəlirdi. Biz deyirəm - yanımda; hər iki tərəfimdə bir ailə əyləşib. Nənə, ana, ata və iki azyaşlı qız. Belə səyahətlərdə yanıma, ən yaxşı ehtimalla isə önümdəki ya da arxamdakı oturacaqlara mütləq bir uşaq düşür. Uşaqları çox sevsəm də, yolboyu dayanmadan ağlamaqları ürəyimi üzür. Ətrafımda əyləşən qızcığazlar da bu ənənəni pozmur, təxminən qırx dəqiqə idi ki, dayanmadan səs-səsə verib ağlayırdılar. Ağ vərəqlər sanki uşaqların da diqqətini bir anlıq yayındırır. Onların hər ikisi kirimişcə dayanmışdı.

Stüardessanın önümdəki masaya qoyduğu ağ kağıza - bəyannaməyə baxıram. İki cərgədən ibarət, anket xarakterli bu bəyannamədə müxtəlif məlumatları; doğulduğun tarixi və yeri, pasport bilgilərini, son iki həftə ərzində olduğun ölkələri, getdiyin ölkədə nə qədər qalacağını, son günlərdə koronavirusa yoluxub-yoluxmadığını və ya xəstə olduğundan şübhələndiyin biriylə təmasda olub-olmadığını, getdiyin yerdən əlaqə saxlanıla biləcək bir yaxınının nömrəsini qeyd etməlisən. Portfelimdən çıxardığım qələmlə müvafiq xanaları rusca doldurmağa başlayıram. Sonda tarix və imza. Gözucu sağımdakı qız və nənəsinin bayaqdan hərəkətlərimi izlədiyini, diqqətlə pasportuma baxdıqlarını hiss edirəm. Mən imzanı çəkəndən sonra balaca qız əlini mənə sarı uzadıb gözləri ilə qələmimi işarə edir. Qələmimi təbəssümlə ona uzadıram və birdən baxışlarım qızın nənəsinin arasında ağ vərəq olan mavi pasportuna və üzərindəki yazılara sataşır: "Republic of Armenia".

***
Təyyarə enişə hazırlaşanda pilot Minskdə havanın müsbət 4 dərəcə olduğunu anons edir. Zəminə sərt eniş edirik. Təkərlərin asfaltla təmasından çıxan qorxunc guppultu bizə qədər gəlir. İstanbulun Yeni hava limanından sonra Minsk aeroportu mənə çox kiçik və darısqal görünür.

Miqrant kartını doldurduqdan sonra ölkəyə giriş etmək üçün sərhəd-keçid məntəqəsinə yaxınlaşıram. Uzatdığım miqrant kartını və pasportumu alan belaruslu xanım məmur mənə bir neçə sual verir və üstümdə nə qədər pul olduğunu xəbər alır. Yanındakı boz telefonun dəstəyini ağır-ağır qaldıranda içimdəki əndişə pillə-pillə artır; Olmaya, yenə bir problem çıxacaq? O, qısa danışıqdan sonra dəstəyi eyni astagəlliklə yerinə asdı və əminliklə pasportumdakı boş vərəqlərdən birinə və miqrant kartıma möhür vurdu.

Pasportlar bizim müxtəlif vaxtlarda, ayrı-ayrı ölkələrdəki xatirələrimizin qısa icmalı, yaddaş kartı kimidir. Hərdən pasportumu vərəqləyəndə içindəki cürbəcür, rəngli möhürlərə, möhürün içərisindəki tarixə baxdıqca həmin səyahətlərim film lenti kimi gözümün önündən keçir. Çemodanımı götürüb daha bir yoxlanışdan keçirəm və şəhərə çıxıram.

***
Maşın Minskin dar küçələrindən, boz yaşayış yerlərindən ötdükcə keçmiş SSRİ şəhərlərinin bənzər solğunluqda olduğunu fikirləşirəm. Doğulduğum Bakı, Rusiyanın indiyəcən olduğum müxtəlif şəhərləri, Tbilisi, bu gün isə Minsk bu qənaətimi bir az da gücləndirir. Bu şəhərlərin hər birində müşahidə etdiyim rəngsizlikdən bir hissə xatırlayıram.

Bütün bu şəhərlər sanki bir mozaikanın parçaları kimidir. İndi mən yarpaqsız ağacları, Minskin çılpaqlaşmaqda olan təbiət lövhələrini arxada qoya-qoya, beynimdə bu mozaikanın parçalarını birləşdirməyə çalışıram; sonda ortaya çıxan mənzərə də bomboz, rəngsiz alınır.

Ta ki yanımda əyləşən Vəli adlı sürücü həmyerlimiz 6-7 saatlıq bir məsafənin olduğunu deyənə qədər gedəcəyimiz yerin - Belarusun şimal-şərqindəki Rusiya sərhədinin yaxınlıqda olduğunu düşünürdüm. Onun bu sözlərindən sonra gödəkçəmi çıxarıb arxayınlaşmağa çalışıram. Neçə günün yorğunluğunu indi daha çox hiss edirəm. Minskin basırıq küçələrini geridə qoyub beton magistrala çıxanda Vəli radioda müxtəlif dalğaları çevirirdi.

Bir neçə dəqiqə sonra Vəli maşını kənara çəkdi və biz yol kənarındakı balaca kafeyə daxil olduq. O qədər yorğunam ki, bu saatlar ərzində aclığımı hiss etmədiyimin fərqinə varıram. Üzərində qırmızı və ağ dama-dama örtükləri olan üç masadan ibarət kafedə bizdən başqa iki nəfər də var idi. Vəli nə istədiyimi soruşur, əllərimi "fərqi yoxdur" mənasında yana açıram. Piştaxtanın arxasındakı qadın divara bərkidilmiş balaca televizorda hansısa rus serialını izləyə-izləyə Vəlinin sifarişlərini qəbul edir. Az sonra Vəli əlindəki sinidə çay, şirniyyat və yemək dolu boşqabla masaya qayıtdı.

- Dranikidir. Bunların milli yeməyi. - o, sual dolu baxışlarımı hiss edib məni qabaqlayır.

Heç vaxt müxtəlif ölkə mətbəxlərinin təamlarını dadmaqdan çəkinmirəm. Bıçaq və çəngəl götürüb dranikini hissə-hissə kəsməyə başlayıram və dadıram.

- Qəşəng dadı var, bəyəndim. - çayımdan bir qurtum alıb Vəliyə deyirəm.

Yeməyi bitirəndən sonra qaranlığa düşməmək üçün vaxt itirmədən yola düzəlirik. Bozqırların ortası ilə ilan kimi qıvrıla-qıvrıla uzanıb gedən beton yolla məsafəni əritdikcə, bu çöllərdə həyata aid rəngli bir detal tapmağın heç də asan məsələ olmadığını düşünürəm. Minskdən sonra daha üç şəhəri - Beqoml, Lepel və Polaçkı arxada qoyuruq.

Bu şəhərlərdə ən çox alçaqmərtəbəli yaşayış binaları diqqətimi çəkir. Onlar bir-birinə bənzəyir. Nə vaxtsa buraların meqapolisə çevrilməsi mənə çox uzaq, əlçatmaz bir ehtimal kimi görünür. Yolboyu qarşımıza bir çox istismar müddəti bitmiş tikililər, zavodlar, fabriklər çıxdı. Sıx meşələri geridə qoyub torpaq yolla mənzil başına çatanda alatoranlıq idi. Dumanlı-çiskinli gecənin başladığı bir vaxtda, maşınımız burnunu asta-asta meşənin içində insan hənirtisinin tək əlaməti kimi görünən taxta bir evin qapısına dayadı.

***

– Saaaş!

Vəli ev sahibini səsləyəndən sonra taxta evin qapısının üstündəki işıq yandı. İçəridə eşidilən ayaq səsləri lap yaxına çatdı və qapı cırıltı ilə açıldı. Belaruslu bələdçi hündürboylu idi. Yetmiş yaşlarında olardı. İkiqat əyilib alçaq qapıdan çölə çıxdı. Damağına siqaret qoydu, əliylə siqareti bələyib odladı və nəhayət dərin bir qullab vurdu.

– Zdorova paçanı.

Ucuz araq qoxusu ikimizi də vurdu. Hərifin vəziyyəti yaxşı idi, axşamüstü özünə pis maya qoymamışdı. Biz indi gözlənilməz müsafirlər kimi idik; bu xumarlı məclisin kefini, ləzzətini yarımçıq qoymuşduq. Bələdçi məclisə davam etmək istəyindənmi ya qaranlığın düşməsini bəhanə etdiyindənmi işə boyun olmaq istəmirdi. Əllərini təslim olmuş günah sahibləri kimi göyə qaldırdı:

– Net, net, net, rebyata. Vı şto?! Vremya pozdno.- o nun səsində, sözlərinin tələffüzündə sərxoş inadına xas çalarlar duyulurdu.

Axırda könülsüz razılaşdı, səs çıxarmadı. Dinməz-söyləməz taxta evə girdi və bir neçə dəqiqə sonra əynindəki boz şinel, dizlərinin azacıq altından olan dəri çəkmələr və alnına bağladığı kiçik fənərlə geri qayıtdı. Yolun bir hissəsini onun qara "Niva"sı ilə gedəcəyimiz məlum olur. Yüklərimi maşının arxasına qoyub Vəliylə vidalaşıram.

Bələdçi maşını işə salanda motorun səsi vahiməli sükuta qərq olmuş gecənin səssizliyini dəlib keçdi. O, işıqları yandırmadan, aşağı sürətlə torpaq yola düzəldi. Maşınla elə də uzaq yol getmədik. Bir neçə yüz metrdən sonra o, maşını torpaq yolun qırağına verib saxladı. Əsas məsələ bundan sonra başlayırdı… Dumanlı gecədə bizdən azca aralıdakı sərhəd-keçid məntəqəsinin iri darvazası və müşahidə postlarının silueti görünürdü. Çox-çox uzaqlardan küləyə qarışıb gələn it hürüşmələri aydın eşidilirdi.

***
Bələdçi mənə çemodanımı qucağıma götürməyi və heç bir halda yerlə sürüməməyi tapşırır. Hər ikimiz telefonlarımızı səssiz rejimə salırıq. Bel çantam və portfelimi çemodana qoyub qucağıma alıram. Gecənin zil qaranlığında torpaq yolun bir xeyli kənarındakı sıx meşəlik ərazinin yaxınlığına çıxırıq. Burada heç bir yoldan, cığırdan söhbət gedə bilməz. Addımlamağa çalışdığımız ərazi şax-şəvəl, çır-çırpı ilə doldurulub.

Bələdçi mənə tərəf əyilir və qulağıma bu quru budaqları sərhədçilərin bilərəkdən buralara tökdüyünü pıçıldayır. Biz hər addım atdıqca qırılan budaqların çırtıltısı ətrafa yayılır və mən sərhədçilərin məqsədini anlayıram. Addımlarımı ehtiyatla, minaya uzadırmış kimi bir həyəcanla atır, bələdçi ilə aramızdakı məsafəni qısaltmağa çalışıram. Duman elə qatılaşmışdı ki, məndən bir neçə metr irəlidəki boylu-buxunlu bələdçi qaraltı kimi görünürdü.

Mən bələd olmadığım, böyük ehtimalla bir də ayaq basmayacağım bu yad ərazidə yorulduğumu hiss edirəm. Amma bu süstlük bir anda dəhşətli qorxu ilə əvəzlənir. İlahi, hanı bu bələdçi? Olmaya, gözdən itirdim? Göz-gözü görməyən bu yerdə onu necə tapacağam?

Özümü ələ almağa çalışıram və tanımadığım bir istiqamətdə gedib izimi yerli-dibli itirməmək üçün yerimdə dayanıram. Küləyin zəhlətökən vıyıltısından başqa heç nə eşidə bilmirəm. İndi nə edim? Nə irəliyə, nə də geriyə doğru uzanan yolu tanıyıram. Nömrəm ya internetim yoxdur, telefonun şarjı bitmək üzrədir. Bütün bu qorxuların canıma yayıldığı bir vaxtda bələdçinin mənə yaxınlaşan qaraltısını görürəm. O da bərk narahat olub. Mənə bir daha diqqətli olmağı tapşırır və yola davam edirik.

Bir neçə metrdən sonra addımlarımdan biri boşa getdi və sürüşən ayağım dizə qədər palçığa batdı. Tərsliklərə məhəl qoymamağa çalışıram. Az sonra bələdçi məni qolumdan tutub saxladı və bütün varlığıyla şəhadət barmağını "Sus" mənasında ağzına dayadı. Təxminən 50-60 metr o tərəfi işarə edib mənə sarı əyildi:

– Vot oni, tam stayat.
Bələdçinin göstərdiyi istiqamətə tərəf baxanda ucaboy rus sərhədçilərini görürəm. Onlar çiyinlərində avtomat siqaret çəkir və söhbət edirdilər.

– Sluşay, teper nado idti tişe. Daje dışat ostorojno. – o, daha bir xəbərdarlıq edir.

Bu dəfə addımlarımı daha da ehtiyatlı, sanki su üstündə yeriməyə çalışırmış kimi atıram. Biz sərhədçilərin təxminən otuz metrliyinə qədər yaxınlaşırıq. Bundan sonrakı yolu getmək daha çox diqqət, ehtiyat tələb edir. İndi naqolay, şax-şəvəlli yolla yox, düzənlik boyu getmək və iki xırda təpəni aşmaq lazım gələcək.

Bu yolu getməyi çətinləşdirən əsas şey düzənliyə və meşəyə tuşlanmış hərəkətli işıqlandırıcı idi. O, aramla sağ tərəfi aydınlandıra-aydınlandıra gedir, sonra eyni qaydada sola - başladığı istiqamətə doğru qayıdırdı. İşıqlandırıcının tuşlandığı yerlərin zülməti bir anda yoxa çıxır, postdakı sərhədçilər aydınlanan əraziləri müşahidə edirdilər. İndi həm də bu işığı izləmək lazım idi. Nə yeyin, nə də asta yerimək olardı. Addımlarımızı bu qurğunun sürətinə uyğunlaşdırmalı idik.

Bayaqkı maneəli yola nisbətən daha rahat olan cığırla yavaş-yavaş oradan uzaqlaşmağa başlayırıq. Gah gedir, gah dayanır, əlverişli, təhlükəsiz anı gözləyib yenidən davam edirik. Uzaqlaşdıqca söhbət edən sərhədçilərin səsi də hey azalır, eşidilməz olurdu. Birinci təpəni aşandan sonra nəfəsimizi dərmək üçün bir az ayaq saxlamağımızı xahiş edirəm. Onda ilk dəfə təhlükənin sovuşduğunu hiss edirəm. Saşa da bunu təsdiq edirmiş kimi xırıltılı gülüşlə çiynimə vurur;

– Oni ostalis na zadi.

Biz ikinci təpəni də aşıb sıx meşənin xeyli dərinliklərindəki torpaq yolun başladığı yerdə gözləyən ağ "Niva"nın bərabərinə çatdıq. Bələdçi digər sürücü ilə söhbətə başlayanda mən oturaq vəziyyətdə geridə qoyduğum çətin dəqiqələrin həyəcanını canımdan çıxarmağa çalışıram. Papağını gözlərinin üstünə qədər çəkən bu sürücü çemodanımı baqaja qoyub məni maşına səsləyir. Sanki Saşanın qara "Niva"sı - yəni, qara qoç, məni vurub ağ qoçun - bu ağ "Niva"nın arxa oturacağına atmışdı və səadət dolu günləri müjdələyirdi.

Biz ağ "Niva" ilə Saşanı və iki təpə o tərəfdəki sərhədçiləri arxamızda qoyub bir xeyli meşənin içindəki torpaq yolla irəlilədik. Bir neçə dəqiqə sonra meşənin içindən asfalt yola çıxıb Moskva magistralına burulanda qatı duman pərdə-pərdə çəkilməyə başlamışdı.

4-8 noyabr 2021. Kazan

# 3627 dəfə oxunub

Oxşar xəbərlər

İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

15:00 17 noyabr 2024
Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

13:05 16 noyabr 2024
"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

09:00 16 noyabr 2024
Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

16:30 15 noyabr 2024
#
#
# # #