Kulis.az "İlin hekayəsi" müsabiqəsində iştirak edən Racu Şıxlının "Böyürtkən kolu..." hekayəsini təqdim edir.
Doğulduğum Ağdamdan qaçqın düşəndə cəmi 6 yaşım var idi. Ağcabədiyə-xalamgilə pənah gətirmişdik...
Xalamgilin yamyaşıl, gül-çiçəkli çəmənliyi və böyürtkən kolları ilə göz oxşayan bağları var idi. Günümün çoxunu bağda-böyürtkən kollarının dibində keçirərdim. Kökün həyatımda ilk tanış olduğum dostum idi böyürtkən kolları. qalın, bir-birinə sıx, incə budaqlarla ətrafa şaxələnmiş kolların iri tikanları var idi. Ləzzətli meyvəsi olardı. Amma bir dəfə də olsun o kolların giləmeyvəsindən yeyə bilməmişdim. Zərif, xırda yarpaqların arasında gizlənən al-qırmızı, qara böyürtkəni asanlıqla tikanlı budaqlardan dərib yemək olmurdu. Hələ 7 yaşlı bir uşaq üçün bu istək əlçatmaz idi...
Qonşuluqda yaşayan dəcəl bir uşaqla da elə həmin kolun dibində tanış olmuşdum. Kolun bu tərəfindən mən, o biri tərəfindən o. Sevinirdim ki, indi daha bir dostum da var. Adı Fuad idi. Bir-birimizin üzünü sərbəst görməsək də kolun dibindən qışqırardıq, gülüşərdik, maraqlı uşaq təxəyyüllü söhbətlər edərdik. Bəzən də köynəyimizi çıxardıb əllərimizə dolayıb, tikanlarla sıx örtülmüş böyürtkən kollarının budaqlarını sağa-sola eşələyib, birtəhər bir-birimizin üzünü görməyə çalışardıq. Sevinirdik ki, kolların amansız, iri ucları iti olan tikanları arasından gözümüzü, burnumuzu görəcəyik. Amma böyürtkən kolu qısqanc budaqları ilə bu sevincimizi havaya sovururdu. Bir gün qərar verdik ki, kolun üstünə çıxaq və bir-birimizi açıqlıqda görək. Amma bədənimizin tikanlara keçməsindən qorxurduq. Xalamın köhnə bir palazı var idi. Qərar verdik ki, sabah o palazı kolun üstünə sərib, üstünə qalxarıq. Həm bir-birimizi rahat görərik həm də kolların tikanlarından xilas olarıq...
Növbəti gün...Səhər saatları olardı. Qışqırıq səsinə oyandım. Mən cəld pijamada həyətə qaçdım. Anam qarşımı kəsib məni qucağına götürdü və cəld içəri apardı. O günü həyətdə nə baş verdiyini, qışqırıq səslərinin kimlərə aid olduğunu bilmədim... indi bir şey haqqında fikirləşirdim. Birazdan bağda kolların dibində Fuadla görüşəcəydim. Palazı kolun üstünə salıb, üstünə çıxacaydıq və nəhayət üz-gözümüzü görmək həsrətinə son qoyacaydıq. O günü anam məni evdən çölə çıxmağa qoymadı. Səbəbini soruşdum heç onu da demədi. Beləcə o gün üçün həyəcanla gözlədiyim an baş tutmamışdır...
Aylar ötüb, illər bir-birini əvəz etdi. Mən artıq böyüyüb 16 yaşına çatmışdım. Bakıda yaşayırdıq. Amma köçkün adı üzərimizdə idi. Evimizdən didərgin düşmüşdük axı. Bizə yerli camaat qaçqın deyəndə az qalırdım özümü öldürəm ki, axı biz qaçmamışıq. Zorla çıxardıblar bizi. Bakıda da zülümlü günlərimiz bizi bir an belə tək qoymamışdır. Kirayələr, kirayələr. Müxtəlif xarakterli ev sahibləri. Qəribə qonşularımız. Beləcə dövran sürür, biz də bu dövranın gərdişində çalxalanırdıq. Çalxalandıqca da əzablar həyatımızın leytimotivinə çevrilirdi. Məktəb illərində ən çox sevindiyim aylar tətil ayları idi.
Çünki o aylarda uşaqlığımın, ilk köçkün illərimin xatirələrlə dolu anlarını daşında, torpağında, hər ağacında, kolunda, yollarında, döngəsində iz buraxan kəndə-xalamgilə gedirdim. Amma bir neçə il idi ki, tətildə də gedə bilmirdim. Başımı Bakının füsunkar gözəlliyi yaman əsiri etmişdi məni. Nəhayət o ili qərar verdim ki, kəndə – Ağcabədiyə gedirəm getdim də. İlk olaraq bağa keçdim. Böyürtkən kolları ilə görüşmək üçün. Axı o kollar uşaqlığımın ilk dostu idi. Kollardan əsər-əlamət qalmamışdır. İndi uşaqlıq dostum amma, bircə dəfə də üzünü görmədiyim Fuadgilin həyəti ilə xalamgilin həyətini böyürtək kolları yox, daş hasarlar ayırırdı. Bu mənzərəyə çox məyus oldum. Yavaş-yavaş şəhərin stili kəndə də gəlirdi. Hündürmərtəbəli binalar, zavodlar, mərmər örtülü hasarlar, qırlanmış asfaltlar və s.
Köçkün həyatı uşaqlığımın bütün nişanələrini top-mərmilərində havaya sovurmuşdur. Birtək o illərimin nişanəsi böyürtkən kolları idi ki, onu da daş hasar kökündən çıxarıb, məhv etmişdi. Amma uşaqlığımın nişanəsi tam itməmişdi. Axı Fuad var idi. Üzünü görməsəm də dəcəl səsini ki, eşitmişdim. Köçkün Şıxlının ilk yerli dostu idi Fuad. Bu ümüdü içimdə təsəlli edib, cəld Fuadla görüşməyə getdim. Artıq sərbəst Fuadgilə keçə bilərdim. Məhəlləyə çıxıb, Fuadgilin qapısını döydüm. İlahi, necədə həyəcan var içimdə.
İlk dəfə olacaydı ki, yalnız səsi ilə oynadığım dostumun üzünü görəcəydim. Bircə dəfə əllərimiz bir-birimizə toxunsun deyə planlar qurduğumuz o illərin acığına indi üz-üzə dayanıb, əl tutuşacaydıq. Qapını bir orta yaşlı kişi açdı. Tanışlıq verib, Fuadı soruşdum. Eşitdiklərimə qulaqlarım inanmadı... Bəlkə yuxudayam. İndi oyanacam və yuxu olduğunu görəcəm. Ya da başqa qapını döymüşəm. Bəlkə heç mənim Fuad adlı uşaqlıq dostum olmayıb. Ya da xəyalımda qurmuşam o adı. Yox, bu nə yuxu idi nə də xəyal. Real həyat idi. Və amansız zamanın bizə göstərdiyi oyun. Bir pərdəli min şəkilli tamaşa...
Artıq illər öncə bir səhər məni yuxudan oyadan qışqırıq səslərinin aqibətini indi dərk etdim. O günü Fuadın nənəsi böyürtkən kollarının quruyan budaqları ilə təndir qalayıb, çörək bişirməyə hazırlıqlar görürmüş. Elə bu vədə Fuad ehtiyatsız davranıb təndirə düşür. Səsinə, fəryadına gec duyuq düşürlər. Qığılcımları təndirin boyunu aşan, çıtır-çıtır yanan böyürtkən kolları Fuadı öz ağuşunda yandırır. Fuad yanaraq çılğın, dəcəl həyatını itirir… Zamanın oyununa bax, sanki mənimlə gizlən-qaç oynayırdı. Yenə uşaqlığımın, köçkün həyatımın ilk şahidi olan dostum Fuadı görmək mənə qismət olmadı, olmayacaq da...
...İndi harada böyürtkən kolu görürəm, özümdən asılı olmayaraq kola yaxınlaşıb, salam verirəm. Həm ilk dostumu, həm də o dostluqda tapdığım, amma bir dəfə də olsa üzünü görüb əlini sıxa bilmədiyim Fuadı salamlayıram.