Ayrılıq - Paşalı Eyvazın hekayəsi

Ayrılıq - Paşalı Eyvazın hekayəsi
24 dekabr 2024
# 13:09

Kulis.az Paşalı Eyvazın "Ayrılıq" hekayəsini təqdim edir.

Nərgiz xanım nasazlamışdı. Saat on olmasına baxma­yayaraq, hələ də yerində qurcalanırdı və qalxmağa tən­bəllik edirdi. Bir az əvvəl rayona yola düşən həyat yol­daşı Murad müəllimi də (Murad müəllim yaxın rayonda işləyirdi və hər gün işə gedib-gələ bilirdi) həmişəki kimi darvazadan deyil, evin qapısından yola salmışdı. Həyat yoldaşı qayğıkeşliklə yerindən qalx­mamasını desə də, o, qapıya qədər gəlməyi özünə borc bilmişdi. Çıxarkən Murad müəllim dönə-dönə tapşırmışdı ki, yatıb dincəlsin, qalxmasın. Bir neçə dərman da ver­mişdi ki, qəbul etsin.

Son günlər evdəki dedi-qodular, xüsusən gəlininin tez-tez ayrılıqdan söhbət salması və oğlunun da səssiz qalması Nərgiz xanımın narahatlıq dolu anlarını ar­tır­mışdı. Oğlu ilə gəlini bağlı qapılar arxasında saatlarla pıç-pıç edir, otaqdan çıxanda oğlunun üzündəki dəyişimi görəndə nəyinsə qırılıb-düşəcəyindən ehtiyat edirdi. Oğ­lunun tez-tez ah çəkməsi, fikirli gəzməsi, qısası, özündə olmaması ananın yuxusuna haram qatmışdı. Ucundan-qulağından həyat yoldaşına çıl­dırsa da, çox şeyi açıb-ağartmamışdı. Adi halda qonşuya gedərkən həyat yol­daşından izn istəyən Nərgiz xanım bu hərəkətilə səhvmi, düzmü etdiyini bir türlü anlaya bilmirdi.

Evdəki ab-havaya gərginlik qatan bu söz-söhbətin acı nəticələr verə biləcəyini düşünəndə əsim-əsim əsirdi. Fi­kirləşirdi ki, bəlkə yanılır, ya da hər şey öz axarına dü­şəcək. Deyib həyat yoldaşının qanını qaraltmaq istə­mirdi. Bir neçə ay öncə ürəyindən əməliyyat olmuş Murad mü­əllimə hirs­lənmək, qan qaraltmaq olmazdı. Həkimi dönə-dönə tapşır­mışdı ki, stresdən uzaq dursun. İndi ona necə desin ki, oğlun ayrılmaq istəyir, daha doğrusu, ayrılır. Mu­rad müəllim buna dözəcəkmi? İnanmırdı ki, oğluna və nəvələrinə sonsuz bağlı olan Murad müəllim bu ayrılığa tab gətirə.

Oğlugilin otağından gələn səslər onu xəyaldan ayırdı. Qa­rmaqarışıq səslər içərisindən nəvəsi Əlinin dediyini ayırd edə bildi: ” Heyvanlara gedirik?” Nərgiz xanımın içinə bir qorxu düşdü. Onu qorxudansa “heyvanlara ge­dirik”in ar­xasında nəyin dayandığını anlaması idi. Üç il öncə acıq edib atası evinə gedən gəlini yaş yarımlıq Əlini də apa­rmışdı. Kənddə gününün çoxusunu heyvanlarla ke­çirən nə­vəsi geri qayıtdıqdan sonra hərdən heyvanlara getmək istə­diyini dilə gətirirdi.

“Kəndə gedirlər? Heç söhbət salmamışdılar? Yox­sa...” Az öncə qalxmağa tənbəllik edən Nərgiz xanım ağırlaşan bədəninə bürüdüyü yorğanı kənara atıb ayağa qalxdı. Qapı dinləməyə adət etmədiyindən bir müddət dəhlizdə durub göz­lədi. Səslər ucaldığından qapıya qulaq verməyə ehtiyac da qalmadı. Gəlini dil qəfəsə qoymur­du: ” Daha dözə bilmi­rəm. Mən də öz həyatımı yaşamaq istə­yirəm. Nə vaxtadək evdəkilərdən icazə alıb çölə çıxa­cağam? Xətrim istədiyini geyinmək, telefonla istədiymlə danışmaq istəyirəm. Seçim sə­nin: ya mən və uşaqlar, ya da köhnəlik aşiqləri atan və anan!..”

Oğlundan səs çıxmırdı. Yalnız nəvəsi Əli susmurdu:

– Heyvanlara gedirik? Bacı da gedir?

Qəfildən qapı açıldı və nəvəsi Əli səsləndi:

– Baba! Baba!..

Nərgiz xanım keyləşmiş əlləri ilə onun başını sı­ğallayıb dedi:

– Baba işə gedib. Neynirsən?

– Heyvanlara gedirik, bacı da gedir, ata da, ana da... Ba­ba da bizimlə getsin...

Nərgiz xanım açıq qapıdan oğlugilin otağına boy­landı. Ortalığa düzülmüş çamadanları gördü. Oğlu da, gəlini də bəzənmişdilər. “Deyəsən...”

– Ay oğul, sabahın gözü açılmamış bu nə hazırlıq, tas-taraq? Xəbər gəlib nədi?–deyə qorxa-qorxa soruşdu.

Oğlu başını aşağı saldı. Gəlinsə iki yaşlı qızını geyin­dirirdi. Sükut bir neçə dəqiqə çəkdi. İşini qurtaran gəlin ça­madanlardan ikisini götürüb qızı ilə birlikdə otaqdan çıxdı. Hələ də sualına cavab gözləyən Nərgiz xanımın ağzı açıldı, nə açıldı:

–Ay namərd oğul, deməli, ayrılırsan? Bu boyda na­mərdlik olar ki, xəstə atana deməmiş aradan çıxmaq istə­yirsən? On il öncə öz isti ocağını səndən ötrü atıb-gələn ata­nı gedişinlə öldürməkmi istəyirsən? Sənin kirələrdə qalma­man üçün evini satdı, beş otaqlı həyət evi aldı. On ildir ki, şəhərlə kənd arasında qoşur. Dilim-ağzım quru­sun, bir gün qəfil qəzaya tuş gəlib həyatını itirə biləcəyini bilə-bilə təqaüd yaşına kimi işdən ayrilmaq istəmir. Nə­yiniz yoxdur? Nə vaxtdan böyükləri eşitmək qəbahət sa­yılır, azadlığı bu­xovlayır? Beynini dolduran həyat yolda­şın üç il öncə səni ən qorxulu günlərində atıb-getmədimi? Həmin günlərin ağrı­larını ürəyinə vurub əməliyyat keçirən atan sənin yanında idi. Bəlkə səhv deyirəm? Bir dəfə sizi suçladımı ki, mənim bu günə düşməyimin əsl səbəbkarları sizsiniz? İndi ayrı­lırsan, atanla üz-üzə gəl­məkdən qorxub qaçırsan. Unutma ki, sən öz-özündən qa­ça bilərsən, amma vicdanın mühakimə­sindən qaça bil­məzsən. Qoltuqlarda yaşamağamı gedirsən? Atanın xe­yir-duasını almadan xoş gün görəcəyini sa­nırsan? Heç fikirləşdinmi ki, atan bu ayrılıq ağrısına dözə bilə­cəkmi? Ya, Allah eləməmiş, atana bir şey olsa, vicdanın sı­zıl­damayacaqmı? Yazıqlar olsun sənə!

Nərgiz xanımın səsi və bütün bədəni titrəyirdi. Ürə­yini boşaltdıqca yüngüllük tapmağa çalışsa da, oğlunun biganə şə­kildə durub susması onu haldan çıxarırdı. Su­surdu oğlu. Göz­lərini qaldırıb yuxarı baxmağa cəsarət etmirdi, ya da...

Gəlin artıq pilləkəni düşürdü. Oğlu da yerdə qalan iki ça­madanı götürüb qapıdan çıxırdı. Pilləkənin başında Nərgiz xanım artıq oğlunun qərarlığını görüb bircə kəlmə dedi:

– Allah üzünü qara etsin!

İstədi ki, içəri keçsin, qəfil darvazanın qapısı açıldı. Mu­rad müəllimi görən hər kəs şaşırdı. (Telefonunu unut­duğu üçün Murad müəllim yarı yoldan qayıtmışdı). Tək­cə balaca Əli həmişə olduğu kimi özünü babasının qucağına atıb qış­qırdı:

– Heyvanlara gedirik, baba! Ata da, ana da, bacı da. Sən də gəl gedək.

Murad müəllim də çaşbaş qaldığından bir anlıq özlü­yündə “Zooparkamı?”–fikirləşdi. Amma gördükləri bunu demirdi. Həmişə babasının üstünə atılan nəvəsi onun əlin­dəki salafan paketi qurcalamadı. Babasının susqun­luğunu gö­rüb duruxdu və səsini çıxarmadı. Gəlini əlində dolu ça­madanlarla birər-birər darvaza qapısına yaxın­laşdığını gör­dükdə bir az bundan əvvəl nəvəsinin “hey­vanlara gedirik” ilə nə deməsinin arxasındakı mətləbi ya­vaş-yavaş anladı. “Deməli, gedirlər... Mənə demədən, məni gözləmədən ayrılırlar...”

Pilləkənin başında duran Nərgiz xanım həyat yol­daşının sifətində donub-qalan ifadəni görüb özünü sax­laya bilmədi. Hönkürtüsü aydın eşidildi. Qorxduğu başı­na gəlmişdi; görən Murad müəllim bu ayrılıq ağrısına tab gətirə biləcəkmi?

Murad müəllim ağır-ağır addımlarla pilləkəni qalxdı. Yarıda dayandı. Hələ də bir söz demirdi. Onun bu sus­qunluğu təkcə Nərgiz xanımı qorxudurdu. Murad müəl­lim nəfəsinin çatmadığını hiss etdi. Ayaqları da sözünə baxma­dı. Sinəsindəki qəfil ağrı daş kimi sallanaraq onu haldan salırdı. Yavaş-yavaş gözləri qaralırdı. Birdən dar­vaza qapısında gözlərini ərinə dikib-duran gəlin qaşqa­baqlı şəki­l­də dilləndi:

– Gəlmirsən? Səni çoxmu gözləyəcəyik?

Gəlin bununla sanki olub-bitən hər şeyə biga­nəliyinin möhürünü vurduğunu, ayrılmaqla geridə qoy­duqlarına acı­masızlığını göstərirdi.

Murad müəllim ömründə oğluna acı söz deməmişdi. Hət­­ta oğlu onun yanında qışqırsa da, qəbahət iş tutsa da, sə­sini çıxarmamışdı. Gözünün ilki və tək övladı oldu­ğundan bir sözünü iki eləməmişdi. İndisə ağrı içində qovrula-qo­v­rula ondan nəsə soruşmağı fikrindən keçirdi. Ona görə də pilləkəni qalxmaq istədi ki, oğluna yaxın­laşsın. İkinci ad­dımı atanda əlindəki salafan paket yerə düşdü və içindəkilər yerə dağıldı. Müvazinətini itirən Mu­rad müəllim pilləkənlə üzüaşağı yuvarlandı. Başı daş pillələrə dəyib əzildi və qan ləkələri pilləkəni qırmızıya boyadı. Pilləkənin sonunda üzü üstə yerə düşdü. Balaca Əli qışqırdı:

– Babam düşdü!...

Babasına özünü ilk çatdıran da o oldu. Əlini ba­ba­sının qana bulamış sifətinə vuraraq dedi:

– Baba, baba! Sənə noldu? Dur, heyvanlara gedək...

Gözləri dörd açılmış və olacaqları qabaqcadan hiss edən Nərgiz xanım özünü pilləkəndən aşağı atdı. Çatıb həyat yol­daşının başını yuxarı qaldırdı. Murad müəllimin ağzından və qulağından qan gəlirdi. Tez Murad müəl­limin nəbzini tut­du: vurmurdu. Ata ürəyi ayrılığa dözmə­mişdi. Nərgiz xanım dönüb əvvəlcə baş verənlərin şo­kunu atlatmayan oğluna, sonrasa darvaza qapısı ağzında çamadanları hələ də əlindən buraxmayan gəlinə baxdı. Və onu yarı yolda tək qoymuş hə­yat yoldaşının başını sinəsinə sıxaraq acı-acı hönkürdü...

Balaca Əlisə hələ də qanlı əllərini babasının üzünə sü­r­tüb qışqırırdı:

– Baba...baba!.. Dur, heyvanlara gedək!..Heyvanlara...

# 274 dəfə oxunub

Oxşar xəbərlər

Üçüncü həyat - Əsəd Qaraqaplanın yeni hekayəsi

Üçüncü həyat - Əsəd Qaraqaplanın yeni hekayəsi

09:00 24 dekabr 2024
Kəndə gün çıxanda qayıdacağıq - Elçin Hüseynbəylinin hekayəsi

Kəndə gün çıxanda qayıdacağıq - Elçin Hüseynbəylinin hekayəsi

17:00 23 dekabr 2024
Mən nənəmi çox sevirəm - Ulucay Akif

Mən nənəmi çox sevirəm - Ulucay Akif

11:00 23 dekabr 2024
Paris Nortdam kilsəsində top atəşi - Sabir Əhmədlinin hekayəsi

Paris Nortdam kilsəsində top atəşi - Sabir Əhmədlinin hekayəsi

10:00 21 dekabr 2024
Əncir qurusu - Rəhman Əlizadənin hekayəsi

Əncir qurusu - Rəhman Əlizadənin hekayəsi

17:00 19 dekabr 2024
Karvan dayandı - Ənvər Məmmədxanlının hekayəsi

Karvan dayandı - Ənvər Məmmədxanlının hekayəsi

11:05 19 dekabr 2024
#
#
# # #