"Atamın kəbinli arvadını qaçıranların evinə getmək qadağamız vardı..." - Bəhruz Tağızadə

"Atamın kəbinli arvadını qaçıranların evinə getmək qadağamız vardı..." - Bəhruz Tağızadə
20 dekabr 2025
# 10:00

Kulis.az Bəhruz Tağızadənin “Cincilim” romanının birinci hissəsini təqdim edir.

Hörmətli oxucu!

Mən bu romanda insan talelərini, dostluğu, sevgini, qarşılıqsız sevgini, narsizmi göstərmişəm. Əgər roman xoşunuza gəldisə, sizi düşündürdüsə və siz mənim bir daha belə bir roman yazmağımı istəyirsinizsə, kitabın tanınmasında müəllifə kömək etməlisiniz. Bunun üçün siz əlinizdə olan bu kitabı başqa bir oxucuya bağışla- yıb, özünüzə yenisini almalısınız. Yeniyetmə bir insana kitabı bağışlamaqla, onu narsizmdən qoruya bilərsiniz. Sevginin isim yox, feil olduğunu başa salmış olarsınız. Romanı oxuyan insan bəzi həyat elementlərini vaxtından əvvəl dərk edəcəkdir. Övladlarınızın bu romanı oxuması nəinki lazım, hətta vacibdir. Roman barədə istər müs- bət, istərsə də tənqidi fikirlərinizi sosial şəbəkələrdə bölüşməklə, mənə dəstək ola bilərsiniz. Ədəbiyyatımızın zənginləşməsi və gənclərin inkişafı üçün “Cincilim” tipli romanlar yaxşı materialdır. Əgər tiraj artarsa, sizə daha bir roman yazacağıma söz verirəm.


Müəllif

Maestro Niyazidən heç xoşum gəlmirdi. Nə vaxt televizoru açıb həvəslə cizgi filmi axtarırdımsa, ağ-qara televizorumuzun şüşəsi arxasında görürdüm. O zaman cəmi bir telekanalı göstərirdi: Az TV. Onun da antenasını ehtiram əlaməti olaraq evin ən hündür yerindən asıb üzünü İ şəhərinə tərəf döndərmişdik. Ancaq alüminium çubuqlu antena yenə başımıza oyun açırdı. Ələlxüsus da küləkli havalarda dalğanı tutması üçün babamla birlikdə bir saat əlləşirdik. Babam məni televizorun önündə gözətçi qoyurdu:

– Göstərəndə deyərsən. Qışqırırdım:
– Baba, göstərdi! Göstərdi!

Ya da alınmırdı, babam: “Allah kəssin!” – deyib antenanın gövdəsinə təpik vururdu.

Min bir əziyyətlə cizgi filminə baxmaq istəyəndə görürdüm ki, Nailə İslamzadə “hörmətli tamaşaçılar...” deyib, bəyaz dişlərini göstərə-göstərə mənim üçün maraqsız söhbətlərə başlayırdı. Kimliyindən asılı olmayaraq bütün televizora baxanlara hörmətli deyirdi. Mən düşünürdüm: Niyə hamıya hörmətli deyir? Bəlkə, biri hörmətsiz adamdır?! Maestro Niyazi ondan beş-betər idi. Bir topa qara paltarlı adamı qarşısına yığıb, əlinə qaynaq elektrodu alıb yelləyir, sağa-sola çırpınır, əsəblərimi pozan adamayovuşmaz musiqilər səsləndirirdi. Görmüşük, musiqiyə ya oynayarlar, ya da onu dinləyərlər. Bunların nə çaldığını, niyə çalındığını heç kim bilmirdi.

Mən o vaxt elə düşünürdüm ki, babam hər şeyi bilir. Soruşurdum ki, Niyazi nə edir? O da bilmirdi. Nailə İslamzadəyə birtəhər dözürdüm, Niyaziyə tab gətirə bilmirdim. Axı o nə etmək istəyirdi? Dirijorluğu dünyanın ən asan işi sayırdım: elektrodu al əlinə, eləcə yuxarı qaldır, o tərəf-bu tərəfə yellə, vəssalam! Bir dəfə özümü məcbur eləyib, onun səsləndirdiyi musiqiyə axıra qədər qulaq asdım. Maestro təxminən qırx dəqiqə mənə işgəncə verdi, sonra üzünü çevirib qarşımda baş əydi. Məni söysə, daha yaxşı idi. Ar- dınca yenə Nailə İslamzadə göründü: “Hörməti tamaşaçılar, indi isə sizi “Aktual ekran” verilişini izləməyə dəvət edirik”. Beş-altı yöndəmsiz kişi göründü. Yığılıb nədənsə danışmağa başladılar. Televizoru söndürüb eşiyə çıxdım. Çinar doqqazımızın ağzında oynayırdı. Mənlə yaşıd olan bu oğlan bizdən iki ev aralıda yaşayırdı. Biz məcbur dost olmuşduq. O mənim ilk dostum idi. Hər ikimiz birinci sinfə getməyə hazırlaşırdıq.

Məni görən kimi dedi:

– Könkagilə təzə qız gəlib, gedək baxaq.

Könkailin evləri məhləmizin yuxarısında, bərbər Qəzənfərin evinin yanında, kanalın qırağında idi. Onların evlərindəki böyüklər bizim evimizin böyüklərinə salam vermirdilər. Nədirsə atam, babam, nənəm Könkagildən kimisə görəndə yönlərini dəyişirdilər. Sən demə, Könkanın xalası atamla nişanlı olub. Hətta kəbinləri kəsilib. Toy günü gəlin başqasına qoşulub qaçaraq atamı rüsvay edib. Bu hadisədən sonra iki nəsil arasında düşmənçilik başlayıb. Atam qaçanları bir şərtlə bağışlayıb ki, bir daha kəndə ayaq basmasınlar.

Böyüdükcə mənə və bacıma o evə getmək qadağası qoyulub. Başqa bir evə də qadağamız vardı: atamın kəbinli arvadını qaçıranların evi... Ancaq biz lap uşaq olduğumuzdan qadağaya məhəl qoymurduq.

Qəzənfərin çəpərinin yanında Çinar balaca, kirli barmağını uzadaraq artırmada Könkayla oynayan qızı göstərdi:

– O de ha!

Təzə qız atamın kəbinli arvadını qaçırmış adamın qızı idi. Kuklanı sol əlində tutub Könkaya nəyisə sübut etməyə çalışırdı. O zaman nə biləydim ki, bu ağ qız mənə həyatı- mın ən xoşbəxt və ən bədbəxt gününü yaşadacaq, xəyal- larımı ömürlük həbs edəcək, könlümə girib başqa birisini ora buraxmayacaq. Ən şirin həyat şərbətini və ən acı zəhəri daddıracaq, son nəfəsimdə də yaddaşımdan ata bilmədiyim, həsrətindən ən çox göz yaşı tökdüyüm qadın olacaq. Həyatımın özünə, yaşamımın mənasına, mənasızlaşan günlərimin səbəbkarına çevriləcək.

– Ağ qızdır. – Mən dedim.
– Bakıdan gəlib. Dıbış dayım deyir, Bakıda suya xlor vururlar, ona görə qızları ağdır.
– Könka da ağdır axı.
– Yəqin onu da anası xlorlu suda çimizdirir.

Biz bu ağ qıza baxmaq üçün Könkagilə getdik. Bəhanəmiz Könkanın bizdən bir yaş kiçik qardaşı Tosunu oynamağa çağırmaq idi. Artırmaya qalxdıq. Düz-əməlli salam verməyi də bilmirdik. Çinar sözə başladı:

– Tosu evdədir?
– Yox, mamayla gedib. – Könka cavab verdi.

Təzə qız gah mənə, gah Çinara baxıb kuklasının saçını darayırdı. Sol biləyinə iplə gözmuncuğu bağlamışdı. Xamır kimi Toppuş əllərini, barmaqlarını tam açanda buğumlarında batıqlar əmələ gəlirdi.

Kəndimizin qızlarından fərqli, təmiz paltar geyinmişdi. Adam onun toppuş biləyini dişləmək istəyirdi.

Çinar ağ qıza müraciətlə dedi:
– Adın nədir?
– Cincilim.

Mən ilk dəfəydi belə ad eşidirdim. Dedim:
– Cincilim? Yox bir, pərpətöyün.
– Sənə qalmayıb. Guya sənin adın nədir?
– Mənim adım Ərəldir.
– Ərəl? Yox bir, ərik ağacı. Məndən başqa hamı güldü. Çinar:
– Məndə yapışqanlı şəkillər var. Van Dammın, Rembonun... Dıbış dayım Remboyla əsgərlik yoldaşı olub. İstəyirsən, sənə dayımla ova getməyimizdən danışım?
– Danış da, neyləyim.
– Dayımla meşədəydik. Gördüm, ayı gəlir üstümüzə. Dayımı çağırdım. O, baltanı atdı. Balta ayının başına dəyib iki yerə böldü. Amma tez başını bitişdirdi, balta qaldı başında. Qaçdı. İkinci dəfə meşəyə gedəndə şıqqıltı eşitdim. Baxdım ki, ayıdır. Başında balta. Yanında da balaca balaları. Onların da başında balaca-balaca baltalar vardı.

Cincilim Çinarın sözlərini ciddiyə alıb gözlərini bərəltmişdi.

Könkayla Cincilimin ana nənəsi Xuraman qapqara kömür kimi arvad idi. El arasında ona “Xortdan Xuraman deyirdilər. Amma qızları, nəvələri gözəl idi. Bütün şüurlu ömrüm bu cür çirkin varlıqdan belə gözəl qadınların necə doğulmasını düşünməklə keçib. Böyük uşaqlar Xortdan Xuramanın bir dəfə ölüb-dirilməsini danışmış, bizi də inandırmışdılar. Guya arvadı dəfn ediblər, gecə xortdayıb, qəbirdən çıxıb, evə qayıdıb. O, doğrudan da ölüb-dirilən adama bənzəyirdi.

Çinarın ağ qızı təəccübləndirməsi məni qıcıqlandır- mışdı. Mən də belə şeylər danışıb onun diqqətini çəkmək istəyirdim, amma bacarmırdım. Axı nə deyəydim ki, qız mənim də sözlərimə belə təəccüblənəydi. Dıbış dayısına görə Çinara paxıllığım tuturdu. Deyirdim, kaş mənim də belə dayım olaydı. Amma böyüyəndə Dıbış kimi dayım ol- madığı üçün Tanrıya şükür etdim.

Hər yay mən rayonun o başındakı kəndə – Əhəd ba- bamgilə gedirdim. Bu yay da ana babamın sifarişiylə onla- ra getməyə hazırlaşırdım. Babam kəndin kolxoz sədri idi. İlk nəvəsi olduğumdan məni çox istəyirdi. Orda nə istəsəm alırdılar, ona görə özümü dünyanın xoşbəxti sayırdım. Ata nənəm saçımı qırxdırıb təmiz yola salmaq istəyirdi. Qəzənfərə sifariş yollamışdı: uşağın başını keçəl qırx, tükü yenilənsin.

Qəzənfər mənim inadıma baxmayaraq, saçımı dibdən qırxdı. Keçəl başla təzə qızın gözünə görünmək istəmirdim. Tərs kimi, geri qayıdanda kəndin aralığında böyükləri ilə birlikdə qarşıma çıxdı. Xalasıgildən gəlirdi. Özümü adamların arasında gizlətmək istəsəm də, məni gördü. Görən kimi də lağ elədi:

– Keçəl-keçəl, noxudu keçəl!

Səsi “Nu poqadi” cizgi filmindəki dovşanın səsinə bənzəyirdi.

Böyükləri gülərək ona irad bildirdilər. Ürəyimdə Qəzənfərə bildiyim bütün söyüş və qarğışları yağdırdım.

Səhəri gün Əhəd babamgilə yola düşdüm.

Babama rəsmi dairələrdə sədr deyilsə də, ayaması Termos Əhəd idi. Ən inadkar xasiyyəti nənəmdən başqa heç kimin çayını içməməsi idi. Hara getsə, nənəmin çayını termosda özüylə götürürdü. İşdə, sahədə, maşında yanından əskik olmurdu. Nə xeyirdə, nə şərdə başqa adamın dəmlədiyi çayı içərdi. Moskvaya qurultaya gedirdi, termosu özüylə aparırdı. Bütün kənd bu suala cavab axtarırdı: görəsən,

Əhəd kişi niyə başqa adamın çayını içmir? Babam səhraya düşüb, susuzluqdan yanıb ölərdi, amma nənəmdən başqa kimsənin dəmlədiyi çayı içməzdi. Nənəmi tapmayanda, çaysızlıqdan başı ağrıyanda, quru çayı çeynəyib tüpürərdi. Səbəbini nə nənəm, nə babam heç kimə demirdi. Bir dəfə hələ anam ərə getməzdən əvvəl övladları babamla zarafat ediblər. Anam xəlvətcə çay dəmləyib, süzüb nənəmə verib. Deyib, apar papama, içsin, görək, başqa adamın dəmlədiyi- ni biləcəkmi. Nənəm çayı aparıb, qoyub babamın qarşısına. Nəlbəkidəki su babamı şübhəyə salıb, çaydan ikicə qurtum alandan sonra nənəmə deyib:

– Güleyşə, bu sənin dəmlədiyin çay deyil! Övladlarının gözü kəlləsinə çıxıb. Sonra gülüşüblər.

Nənəm bunun zarafat olduğunu deyəndə, babam çay qarı- şıq süfrəni aşırıb. Böyük qanqaraçılıq salıb. Hamının xət- rinə dəyib. Bundan sonra ev sakinləri anlayıb ki, çay möv- zusunda papayla zarafat etmək olmaz.

Bu söhbət bütün kəndə yayılmışdı.

Babamı təmiz adam kimi tanıyırdılar. Heç kim deyə bilməzdi ki, Termos Əhəd kimdənsə rüşvət alıb. Qara-qura işlərdə adamlar babama yox, nənəmə yaxınlaşırdılar. Hamı bilirdi ki, kolxozu babam, babamı da nənəm idarə edir.

Mən babamla nənəm yatan otaqda yatırdım. Gecə özümü yatmışlığa vurub onlara qulaq asırdım. Kolxozun ən mühüm işləri o qoşa çarpayıda həll olunurdu. Nənəm hey deyərdi ki, kişiylə 30 ildən çox bir yastığa baş qoymuşam. Amma fikir vermişdim, onlar yanaşı yatsalar da, hərəsinin öz yastığı vardı. Düşünürdüm, bəs nənəm niyə belə deyir? Babamın damarını ustalıqla tuta bilirdi. Kənddə kiminsə mühüm işini aşırmaq üçün xahiş edir, sonra o adamın qadın böyüklərindən “hörmətini” alırdı. “Hörmət” rüşvətin vicdandan və məcəllədən təmizlənmiş forması idi. İnsanlar rüşvəti babama yox, nənəmə verirdilər. Nənəm “hörmət” sayəsində dörd qıza cehiz yığmışdı. Nənəm bütün bu işləri babama güvənərək edirdi. Yaxşı bilirdi ki, heç kim, hətta birinci katibin özü belə Termos Əhədin arvadını sorğu-sual edə bilməz.
Babam iki adamın sözünü yerə sala bilmirdi: biri nənəm, o biri ata babam… İsmayıl kişi…

Babalarımın arasında tamam başqa mənəvi bağlar vardı. Hələ qohumluqdan əvvəl Əhəd kişinin oğlu Rusiyada vəfat edir. Onun cənazəsini İsmayıl kişi gətirir. Əhəd ba- bam bu yaxşılığa görə özünü İsmayıl babama həmişə borclu sayır. Onunla möhkəm dost, mənəvi qardaş olur.

İsmayıl babam atamın toy rüsvayçılığından sonra sarsıldığını görüb, dərdini Əhəd babama danışır. Kənddə onun oğluna heç kim qız verməyəcəkdi! Oğlunun fikir çəkdiyini, özünə qəsd edəcəyindən qorxduğunu deyəndə Əhəd babam heç kimin fikrini öyrənmədən: “Böyük qız sənindir, gəl, apar!” – deyib və anamı atama verib.

Atamı yuva qurması üçün yox, başının qarışması, qaçan arvadını unutması üçün evləndiriblər. Bu, Əhəd babamın həyatda ən böyük səhvi, İsmayıl babamın isə ikinci böyük səhvi olub. Onun birinci ən böyük səhvi ata dediyim o əclafı nənəmin bətninə əkməsi idi. Cümləni təkrar oxudunuz? Bəli, bəli, məhz əclaf. İnsan nəslinin kəsilmə təhlükəsi olsaydı belə, babam ata dediyim bu əclafı, arvadını qumarda uduzan şərəfsizi əkməməli idi. Lap nənəmin analıq istəyini tapdalamaq bahasına da olsa, ata dediyim Murtuzanı əkməməli idi.

Anamgil dörd bacı, iki qardaş idilər. Böyük dayım gənc yaşında vəfat etmişdi. Mən həmin yay babamgilə gedəndə hələ kiçik dayımla kiçik xalam subay idi.

Kənddə təzə ali təhsil almış Fəzail adlı gənc bir oğlan vardı. Camaat utopiya, paradoksal, prioritet, sekulyar kimi sözləri ilk dəfə bu gəncin dilindən eşitmişdi. Dərin biliyi olmasa da, bu cür sözlərlə özünü hamıya savadlı göstərə bilmişdi. Babam da onu bilikli oğlan kimi tanıyırdı. O, ba- bamı inandırmışdı ki, yadplanetlilər ildə otuz amerikalını müqavilə ilə öz planetlərinə aparırlar. Babam düşünürdü ki, yadplanetlilər niyə bizimlə yox, amerikalılarla müqavilə bağlayırlar? Bizim onlardan nəyimiz kəmdir? Kişinin canını qayğı almışdı: “Tutalım, uçan boşqab gəldi kəndimizə, otuz adam istədi, kim öz balasına başqa dünyaya getmək icazəsi verəcək? Xəlvətə salıb məndən istəsələr, biri de- maqoq Əlövsət... Bəs iyirmi doqquzu?”

Babam bilirdi ki, Əlövsət başqa planetdə bizi təmsil eləyən zibil deyil. Əlacsızlıqdan göndərərdi onu. Daha doğ- rusu, canını ondan qurtarmaq üçün… Əlövsətin ən böyük səhvi nənəmdən yox, babamdan yazması idi. O, babamı nəinki işləməyə, heç yaşamağa da qoymurdu. Əlövsət babam üçün həm də bir meyar idi. Hər içki içəndə Əlövsəti söyməyə başladısa, hamı bilirdi ki, artıq sərxoşdur. Gərək içməyi dayandırsın. Yoxsa söyə-söyə birinci katibə qədər gedib çıxacaq. Əlövsətə söyəndən sonra kişini içməyə qoymurdular.

Bəs elədirsə, Əlövsəti söyməyinə qədər içməsinə niyə icazə verirdilər? Çünki Əlövsətdən hamının zəhləsi gedirdi. Onun söyülməyi hamının xoşuna gəlirdi. Beşinci rumkadan sonra babam qəfil qayıdırdı ki, Əlövsətin bacıları qız vaxtı kol-kos dibində gədələrlə mazaqlaşırdı.

Sovetlər Birliyi dağılhadağılda hardansa ağız-ağıza qoyulmuş boşqaba bənzəyən uçan aparatlar İran səmasında kəşfiyyat aparmağa gəlirdi. İrana yaxın olduğumuzdan bu aparatları arada bizim kəndlərin sakinləri də görürdü.

Mən də bir dəfə anamla inək sağmağa gedəndə uçan naməlum obyekt gördük və yadplanetlilərin varlığına inandıq.

Fəzail eşitdiklərini bir az da bəzəyib babama danışır, babam da öz əhatəsindəkilərə deyirdi. Babam Fəzaili kolxoza aqranom götürmüşdü. O, kişinin yanında hərlənir, çox vaxt onunla evə nahara gəlirdi. Subay xalam Müjgan bu dəmşalağı istəyirdi. Fəzailə görə xalam rayonun birinci katibi Kərimovun oğluna “yox” demişdi. Bu işdən ən çox heyifsilənən atam oldu. Kərimov kimi bir nəhəngin oğluyla bacanaq olmaq şansı əlindən çıxmışdı. Xalamdan savayı heç bir qızı babamın bir sözünü iki eləməmişdi. Hər axşam evdə Kərimovun oğlunun söhbəti gedirdi. Babam nə qədər əlini stola vurdusa da, xeyri olmadı. Xalam hönkür-hönkür ağlayaraq: “Siz məni başa düşməzsiniz”, – deyəndən sonra babam ondan əl çəkib nənəmi yanladı: “Sakitcə öyrən gör qızın könlündəki kimdir?”

Tapşırıq verilmişdi.

Xalamın Fəzaili istədiyini biləndə Əhəd babam buna nəinki etiraz etmədi, hətta xoşuna da gəldi. Fəzaili mərifətli, savadlı oğlan bilirdi. Fəzail savadlı olmasa da, həqiqətən mərifətli idi.

Bir dəfə xalam Avropa mətbəxindən təsirlənib, narla çolpa qızartmışdı. Həmin gün babam Fəzaili də, sürücü- sünü də özü ilə nahara gətirdi. Fəzail nənəmin xörəyini tə- riflədi:
– Güleyşə xala, xörəyiniz ləzzətlidir. Əlinizə sağlıq.
– Halalınız olsun, ay oğul, Müjgan bişirib.
– Sağ olsun! Xalam cilvələndi:
– Nuş olsun!

Ertəsi gün şər qovuşanda babam Fəzaili sənəd dalın- ca evə göndərmişdi. Nənəm, xalam və məndən başqa evdə heç kim yox idi. Taxtapuşa çıxdığıma görə nənəm mənə qulaqburması verib küsdürmüşdü.

Dodağımı büzüb stolun altında sakitcə oturmuşdum. Nənəm babam dediyi sənədin dalınca gedəndə xalamla Fəzail ikilikdə qaldılar və şirin söhbətə başladılar.

Xalam Fəzailə süzdüyü çayın nəlbəkisində su olub-ol- madığını yoxlaya-yoxlaya dedi:

– Deyəsən, narlı çolpa çığırtması xoşuna gəlmişdi?
– Əla bişirmişdin. Əlinə sağlıq.
– İstəsən, hər gün bişirərəm o çığırtmadan.
– Mən də istəyirəm. Amma özümdən böyük qardaşlarım var. Anam deyir, növbəni gözlə.
– Özün bil, sən yeməsən, Kərimovun oğlu yeyər.
– O hərəkəti edərsən?
– Bəs neyləməliyəm?! Hər gün papamla qırğına çıx- malıyam?! Barmağıma bir üzük də taxmırsan. Papamın da xoşu gəlir səndən. Səni Ərələ kirvə tutmaq istəyir. Daha sözünün qarşısına çıxa bilmirəm.
– Bir az anlayış istəyirəm səndən. Bilirsən ki, özümdən böyük iki subay qardaşım var. Elçi göndərə bilmirəm.
– Hünərin çatır, qaçırt.
– Kimi? Termos Əhədin qızını? Dədən məni asar!
– Onda ya üzük taxıb ad elə, ya da narlı çolpa qızartma- sını biryolluq unut.
– Doğrudan Ərələ kirvə tutmaq istəyir məni?
– Hə. İsmayıl kişidən də razılıq alıb. Gələn ay sünnət elətdirəcək. Bu il uşaq birinci sinfə gedəcək.
– Bu yaxşı oldu. Qulaq as. Sentyabra qədər gözlə, işimi Bakıya dəyişdirim. Səni qaçırtsam, gərək bir neçə il kəndə ayaq basmayaq. Dədəni tanıyırsan özün. Həm də iş-güc olmalıdır.
– Mamama dedim, kömək edəcək bizə. Fəzail, daha tab gətirə bilmirəm. Papam bir az da dirəşsə, Kərimovun oğlu- na “hə” deyəcəm.
– Ya sentyabrın axırı, ya oktyabrın əvvəli qaçırdacam səni. Neyləyim, elçi göndərə bilmirəm.

Nənəm əlində bükülü içəri girəndə söhbət bitdi. Sənədləri Fəzailə verəndə dedi:

– Rahat çayını iç. Xalam süzmüşdü çayı.

Axıra qədər içib ayağa durdu.

Xalamın dilindən qorxulu söz eşitmişdim: “Qaçırt”.

Fikirləşirdim ki, bu, babamdan qorxmur.

Görmüşük, kimsə qız qaçırdanda aləm bir-birinə dəyir, hay-haray qopur, qoymahaqoyma düşür. Qızın atası, əmisi, dayısı, qardaşı ov tüfəngini götürüb, qaçanları axtarır. Sonra minnətçilər araya girir, hamı aktyorluq qabiliyyətini işə salır Axırda da heç kimin burnu qanamadan barışıq olur. Polis də qızqaçırtmaya çox müdaxilə etmir. Hamının artistlik etdiyini bilir. Bir milləti ən yaxşı onun polisi tanıyır...
Bəzən qaçan qızla çox gec barışırlar. Hətta nəvələr də doğulur. Elə ilk barışıq addımlarını da onlar atır. Əvvəlcə nəvələri göndərir, dalınca özləri gəlir. Guya qız atası ağır kişidir, bağışlamır. Cehiz verə bilməyən və ya gec verən kasıb ailələrə qızlarının qaçırılması sərf edirdi. Özləri deyirdilər, qaç, sonra da tüfəng götürüb dalınca düşürdülər.

Hər dəfə mənim sünnətimdən söz düşəndə babam gülə-gülə deyirdi: “Nəvəmin duduşunu dibindən kəsdi- rib Əlövsətə göndərəcəm!”. Bu Əlövsət kim idisə, yaman qorxurdum ondan. Elə bilirdim, babam əvvəl-axır dediyi- ni edəcək, onu kəsdirib Əlövsətə göndərəcək, o da bişirib yeyəcək. Bir gün Əlövsətin öldüyünü eşitdim. Dünyada kiminsə ölümünə bu qədər sevinən olmamışdı – uçmağa qanad gəzirdim.

Sünnət olan uşaqlar sünnət olmayanlara “erməni” deyib lağa qoyurdular.

Nə qədər qorxsam da, həmin yay sünnət olundum. Fəzaili mənə kirvə tutdular. Sentyabrın sonu kirvəm xalamı qaçırtdı. Əhəd babam qəzəbləndi. Xalamı düz səkkiz il bağışlamadı. Ona görə yox ki, Fəzailə ərə gedib, ona görə ki, Termos Əhədin qızı heç vaxt qoşulub qaça bilməzdi. Xalam isə qaçmışdı. Babam deyirdi: “Allah əmriylə istəyəydi, verəydim, qızım mənə hörmətsizlik etdi!”

Səkkiz il xalamla əri kəndə gəlmədi. Nə nənəm Əhəd babamı barışığa razı sala bildi, nə İsmayıl babam. Yataq xəstəsi oldu – yenə barışmadı, ölüm yatağına düşdü – yenə barışmadı. Ölümünə bir gün qalmış:

“Balamı çağırın, halallaşım”, – deyəndən sonra xalam gəldi. Darvazadan heç kimlə görüşmədən: “Ay papa! Ay papa!” – deyib ağlaya-ağlaya birbaşa babamın yanına qaçdı. Onlar qucaqlaşıb-görüşəndə otaqdakı hər kəs, hətta mən də ağlamağa başladım. Səhərə yaxın babam xalamın gözü qarşısında can verdi.

Onda mən 8-ci sinifdə oxuyurdum.

Cincilim - Qanun.Az | Kitablar | Ədəbiyyat

# 511 dəfə oxunub

Oxşar xəbərlər

Adam kimi - Kəmalə Mirzəyevanın hekayəsi

Adam kimi - Kəmalə Mirzəyevanın hekayəsi

13:45 19 dekabr 2025
Mehmanın qisası - Miri Rəsulzadənin hekayəsi

Mehmanın qisası - Miri Rəsulzadənin hekayəsi

10:37 17 dekabr 2025
Çətin günün dostu - Somerset Moemin hekayəsi

Çətin günün dostu - Somerset Moemin hekayəsi

10:45 16 dekabr 2025
Qoxular - Günel Mehrinin hekayəsi

Qoxular - Günel Mehrinin hekayəsi

11:30 15 dekabr 2025
Sabaha bir gün qalmış - “Səksənincilər" layihəsindən Rafiq Babayevin hekayəsi

Sabaha bir gün qalmış - “Səksənincilər" layihəsindən Rafiq Babayevin hekayəsi

10:00 12 dekabr 2025
Xoşbəxtliyin dəyəri... - Nəcib Məhfuzun hekayəsi

Xoşbəxtliyin dəyəri... - Nəcib Məhfuzun hekayəsi

10:00 11 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər