Aşiqi-sadiq mənəm... - Yaqut Sabirqızının hekayəsi

Aşiqi-sadiq mənəm... - Yaqut Sabirqızının hekayəsi
11 iyun 2024
# 14:00

Kulis.az Yaqut Sabirqızının "Aşiqi-sadiq mənəm..." hekayəsini təqdim edir.

Hər gün səhər yeməyini bir yerdə yeyərdiər. Sonra qadın süfrəni yığışdırar, elə yemək masasının üstündəcə işlətmədiyi ağ nimtənəni sərər və ərinin işə geyəcəyi paltarları ütüləyərdi. Çünki kişi səhər qərar verərdi geyinəcəyi paltarları. Təkcə işə getsəydi gündəlik kostyumunu geyinərdi . Yox, əgər gün ərzində hansısa tədbirə gedəcək olsaydı, onda başqa kostyumlarını geyinərdi saroçka-qastuk ilə. Bir də görürdün qadın hər şeyi tələsik hazırlayıb səliqə-sahmanla, kişi birdən deyir yox, bugünkü plan dəyişdi. Onda qadın təzədən kişinin başqa paltarını hazırlayırdı. Kişi həddindən artıq ərköyün idi. Onun bu ərköyünlüyü qadının onun nazını çəkəcəyini bildiyi üçün illərlə davam edirdi. O, həyat yoldaşının nə qədər ağırlığında yükü daşıyacağını cavanlıqlarından bilirdi. Ona görə də onu yükləyirdi ki, yükləyirdi. Qadın isə həm ərinin, həm də uşaqlarının yumşaq dillə desək, nazlarını çəkməyi özünə borc bilirdi və bunu ürəkdən edirdi

Onlar səhər yeməklərini elə mətbəxdəcə yeyərdilər. Çay dəmlənər, dəmlənən kimi kişinin qarşısına bir stəkan çay gələrdi. O, yeməkdən əvvəl bir acı çay içərdi. Allah verəndən süfrələrinə yığardılar. Bu yemək mərasimi vaxtı əlbəttə ki, aralarında söhbət də edərdilər. Ya da ki, kişi telefonunda "Youtube" saytında muğamat açar, qəzəllərin sözlərini ifaçı ilə bir yerdə sinxron deyə-deyə həyatın bütün ləzzətlərini yeməklə bərabər bu sözlərdən, qafiyələrdən, şeirin mənasından alardı. Füzuli. Füzuli aşiqi olmaq dünyanı sevməkdən, dünyanı zaman məfhumu ilə bölmək kimi düşüncələrin nə qədər yanlış olduğu fikrinə gəlmək demək idi. Sevgi həmin sevgidir. Həm Allah-Təalaya, həm də onun yaratdığı insana. Hisslər də eyni idi. İnsan insanı sevər. Bu, məgər ayıb bir şeydir? Yüksək hisslərdən danışanda Allahın yaratdığı insanı sevmək, onun qayğısını çəkmək, onunla qocalmaq, dünyaya övlad gətirmək, onların nazını çəkmək. Bu özü bir ibadət deyilmi? Ya Allahı sev, ya da onun yaratdığı insanları? Nəyi düz deyil ki? Elə Onun yaratdıqlarını sevmək Allahı sevmək deməkdir...

…Gözəl xurma ağaclarının əhatəsində yerləşən məktəbin həyətində tələbələr tənəffüsə çıxıb, o tərəf bu tərəfə gəzişirlər. Əyinlərində gözəl ipək libaslar olan qızlar məktəbin həyətində bir tərəfə çəkilib əlində qələmi və kağızı olan gənc oğlana maraqla baxıb öz aralarında xısınlaşırlar. Gənc oğlan onların maraqlı baxışlarını hiss edir, amma biruzə verməsə də gözündə, dodaqlarında bir təbəssümün qaçışdığı hiss olunur. Qızlar get-gedə daha da coşur, gülüşür və nəyin isə mübahisəsini edirlər. Onların arasında uzun boylu, uzun, zil qara saçlı, gözəl yanağında xalı olan, öz rəfiqələrindən şıltaqlığı, dəcəlliyi, danışığı və maneraları ilə seçilən biri avazla nə isə oxuyurdu. Digər qızlar da o oxuyub misraların axırına çatanda birdən xorla təkrarlayırdılar. Bu iş görünürdü ki, onlara böyük zövq verirdi və bu əyləncədən çox xoşları gəlirdi. Gənc oğlan isə onları izləyir, məmnunluğunu, təbəssümünü, sevindiyini biruzə verməyərək, altdan-altdan onlara baxır, başını yelləməkdən özünü güclə saxlayırdı. O, artıq baş rolda olan, görünür, bu dəstənin ilhamvericisi bu gözəl qız idi, ona xüsusi diqqət yetirirdi. Nəhayət, tənəffüs bitdi, hamı yavaş-yavaş həyətdən məktəbə daxil olmağa başlayırdı. Gənc oğlan hərdən əlindəki kağıza nə isə yazırdı, onun tərpənmək fikri yox idi. Məktəbin həyəti sərin, kölgəli ağacların çox olması onu bura gətirib çıxartmışdı. Bərk istilərdən sonra hərdən bir gələn səba yeli insanda gözəl hisslər oyadırdı. Həmin qız da addımlarını ağır-ağır ataraq elə bil ki, rəfiqələrindən geri qalmaq istəyirdi. Meh bu gözəl, gənc qızın əynindəki donunu, uzun, işıltılı saçlarını, örpəyini elə dalğalandırırdı ki, elə bil qədim əfsanələrdəki meh məlaikəsi idi. Onun yerişi, duruşu da meh kimi zərif idi. Elə bil əsən mülayim külək özü onu qanadlarında gətirirdi gənc oğlana sarı. Gənc oğlan qızın ona yaxınlaşdığını hiss edir, amma özünü o yerə qoymurdu. Qız tam oğlanın qarşısında dayanmışdı. Gənc dizinin üstünə qoyub yazdığı kağızdan başını qaldırmırdı. Gələn qonağın birinci söz açmasını gözləyirdi və özünün danışmaq fikri belə yox idi. Görək bayaqdan rəfiqələrinin yanında qoçaqlığı ilə seçilən bu banunun hünəri hara qədər çatır? Gözəl gənc qız, banu, mələk isə heç özünü o yerə qoymadan, ona olan diqqətsizliyi heç yaxınına buraxmadan hikkə və əda ilə küləyin üzünə dağıtdığı saçlarını başının hərəkti ilə yana ataraq sözə başladı:

Yenə nə yazırsan? Bayaqdan orda qızlarla sənin şeirlərini oxuyuruq.

Oğlan yenə dinmir. Başa düşmüşdü, amma özünü o yerə qoymurdu.

Banu yenə , bu səfər əliylə dağılan saçlarını o gözəl üzündən çəkə-çəkə dedi:- Çox gözəl yazırsan. Sözlərin, onların mənaları insanın ürəyini oxşayır. Hələ onların arasındakı o incə yumor, yumşaq istehza, dolamalar, ikimənalı, deyərdim, çoxmənalı sözlər xüsusi zövq verir.

Gənc yenə də dinmir. Banu danışdıqca onun simasında gah təbəssüm, gah da ciddiyyət ifadə olunurdu. Bu mələyin belə ürəklə onun qarşısına gəlməsi, banunun yarıciddi, yarızarafat onun min zəhmətlə yazdığı şeirlərinə belə atüstü fikir bildirməsi, yəni gəncin ciddi yaradıcılığını ayaqüstü təhlil etməsi xoşuna gəlirdi. Ciddiyyəti isə ondan idi ki, bu söhbətin harasa gedib çıxacağı məlum idi, amma hara çıxacağı hələ bəlli deyildi. Amma onun simasında görsənən bu qeyri-müəyyənlik banunun heç eyninə də deyildi. Arada əlləri ilə küləyin dağıtdığı saçlarını düzəldir, əyin başına sığal çəkir və elə hey onun qəzəllərini tərifləyir, dilboğaza qoymurdu. Axırda yenə ona gülümsər gözlərlə baxan gəncə sualla müraciət edir:
Sənə bir sualım da var. Ana dilində yazdığın bu gözəl qəzəlləri hamıya hədiyyə edirsən. Heyfın gəlmir? Niyə onları bir yerə toplayıb divan bağlamırsan?
Nəhayət, gənc kağızlardan başını qaldırıb gözəlin üzünə baxdı. Banunun ciddiyyəti, üzü kimi fikirlərinin də gözəlliyi onu ayağa qaldırdı. Sən demə bu şıltaq qızın gözəl ağlı, düşüncələri də varmış. Amma oğlan banu haqqında ciddi fikrini ona belə tezliklə bildirmək istəmirdi. Hələ onu sınağa çəkməli idi. Gənc gözəllə üzbəüz dayanmışdı. Qızın yanaqlarının allığı gəncin gözlərində günəşin qürubu kimi şölələnirdi.

Gənc oğlan bu zərif, incə gözəldən bayaqkı gülüşlərinin heyfini çıxmaq istəyirdi. Ona görə də banuya türkcə qəzəllərini dosta-tanışa hədiyyə etdiyini, indi isə daha ciddi işlərlə məşğul olduğunu, böyük əsərlər yazdığını bildirdi. Banu onun bu sözlərindən heç də incimədi. Çünki özünə böyük inamı vardı. Bilirdi ki, bir işi istədisə ona mütləq nail olacaq. Ürəyində gənc şairə- Hələlik qoy sən deyən olsun!- deyib məktəbin girişinə sarı hikkə ilə tozanaq qopararaq addımladı...

...Telefonda muğamat, masada səhər yeməyi davam edirdi. Kişi tosterdə qızarmış incə çörək dilimlərinə yağ və pendir çəkib ağzına apara-apara diabetlər üçün hazırlanmış kiçik həblərlə şirin etdiyi çaydan bir qurtum alıb tikəsini udandan sonra dilləndi: - Görürsən, Füzuli nə deyir? Necə deyir? Füzuli başdan ayağa qəzəllərində oyun oynayır. Özü insanların ixtiyarına verib. Kimin ürəyi, canı necə qəbul edirsə, elə də yozsun.

Masanın qarşı tərəfində əyləşən yoldaşı kişi tərəfindən əyri qoyulmuş qaşıq çəngəli səliqəyə sala-sala deyir:- Bizdə də hər fikrə qarşı bir hədsizlik var. Tamamilə hər şeyi ilahi ilə bağlayarıq. Amma özü gör nə deyir. Gözəli təsvir edir. Hiss olunur ki, bu real insandır. Sən ona mələk, ilham pərisi deyə bilərsən, amma Füzuli onu üzünün xalına kimi təsvir edir, saçlarını, geyimini, hətta təhsil aldığı məktəbə qədər göstərir. Məgər sevgini, hadisələri yerdən göyə qaldıranda ülviləşir? Sevgi elə yerdə də gözəldir. O, insanlar üçün ilahidən bir hədiyyədir. İnsanı saxlayan elə sevgidir. O, insanı xırdalanmağa qoymur.

Kişi armudu stəkanı ona uzadaraq: - Göre, gör nə deyir. Xanəndənin qəzəli əruzda yerli-yerində ifası da kişiyə ləzzət edir. – Uff .

Qadin skəkanı ondan alıb elə şıltaq-şıltaq: -Elə orası pisdir də, oxumur. Deklamasiya deyir. Xanəndə elə oxumalıdır ki, səsi ürəkdən tikan çıxartsın. Ürəyin tellərini oynatsın...

...Yenə məktəbin həyətinə tələbələr yığışıb ən sevimli məşğuliyyətləri olan şeirləşməyə başlamışdılar. Ağır cəbr, həndəsə dərslərindən sonra onlar şeirdən, qəzəldən ləzzət alırdılar. Gənc oğlan kənarda adət etdiyi yerdə, xurma ağacının kölgəsində əyləşib, dizinin üstündəki vərəqdə qələmini beytlərin üzərində gəzdirirdi. O qədər yazısına aludə olmuşdu ki, gənclərin hay-küyü, gülüşmələri, onu cəllb etmirdi. Aşağı baxdığından birdən qarşısında cüt dayanmış başmaqlar diqqətini cəlb etdi. Başmaqlar tanış başmaqlar idi. Dünən tozanaq qaldıran başmaqlar idi. Sahibini də tanıyırdı. Başını yuxarı qaldırmadan yenə o banunun gəldiyini anladı: - Mənə elə gəlir dünən bütün suallara cavab verdik- deyə o, beytin davamını yaza-yaza banuya diqqət yetirmədən söz atdı.

Banu yenə incimədi. Bu ərköyün qız gənc şairin gözəlləri, ülvi sevgini necə sevə-sevə ürəkdən vəsf etdiyini bildiyindən, onun oyununu anlamışdı.
– Yox, suallar çoxdur. Bax, sənin bu qədər şöhrətin var, gözəl söz ustadısan, niyə türkcə yazdığın qəzəlləri bir yerə toplamırsan? Qoy sənin türkcə də divanın olsun. Deyirsən hədiyyə etmişəm. Mən sənə kömək edərəm. Gəl onları hədiyyə etdiyin tanışlardan toplayaq qaytarmaq şərtilə, sən bir türkcə də divan bağla.

Gəncin üzündə bir tərəfdən təbəssüm oyandı, digər tərəfdən banunun onu işindən qoymağı, qələminin havadan asılı qalmağı pəjmürdə etdi. Onun ən istəmədiyi hal yazanda kiminsə gəlib abu-havanın içinə girməsi, düşüncələrinə qapılıb onları yazıya aldığı zaman çağrılmamış qonağın hamıya bağladığı qapını açması idi. Banu, bu şıltaq, ağıllı qız isə deyəsən şat qapı girməyi xoşlayan, hazır şeiri sevən, amma onun necə yarandığından xəbərdar biri deyildi. Amma sevgisinə görə ona bunu bağışlamaq olardı. Gənc oğlan artıq o aləmə bir də hər halda bu gün girə bilməyəcəyini duyub ayağa qalxdı. Banuya baxıb heç nə demədən məktəbin həyətindən uzaqlaşdı. Banu isə onun arxasınca baxıb, o cür gözəl hissləri tərənnüm edən gənc şairin laqeydliyindən inciməyib rəfiqələrinin yanına getdi...

...Qadın divardakı saata baxa-baxa, əlindəki stəkanı kişiyə uzadır. Kişi stəkanı alıb nimçədəki mürəbbədən dadır, Füzulinin aləmindən çıxa bilmirdi. Hər səhər bir kağıza gündəlik görəcəyi işləri yazırdı. Bu günkü planında çox işi olmadığı üçün rahat idi. Rahat nəfəs alırdı. Onu tələsdirmək istəyən yoldaşına – Sən bilmirsən, mən elə belə qulaq asmıram. Bilirəm, işə getməyə vaxt az qalıb. Yox, bəxtəvər olmuşam. Yeni mövzu işləyəcəm. Ona görə qulaq asıram. Amma dəhşətdir, dəhşətdir Füzuli. Füzulinin türkcə Divanında 8 qəzəlinin qafiyəsi türkcədir. Bax, bunun haqqında yazmalıyam. Bilirsən, onun bir qəzəli nə qədər mövzu verir?

Süfrəni yığışdıran yoldaşı işini görə-görə deyir: Bax, hamı deyir “Leyli və Məcnun” ərəb əfsanəsidir. Əlbəttə ki, bu danılmaz faktdır. Amma Dibaçədəki gözəlin təsviri, Füzuli ilə onun söhbəti Leylinin prototipi həmin türk qızı olub. Elə həmin gözəl banu da ondan xahiş edib türkcə Divan yazsın. Dibaçəni oxuyandan sonra buna tam əmin oldum. Füzuli həmin gözəldən ilhamlanaraq Leyli obrazını yaradıb. Füzulinin Leylisi türk qızıdır...

...Bu günkü hava çox sərtdir. Əsən külək qumu göyə sovurur. Şəhərdə göz gözü görmür. Artıq payız gəlib. Bu fəsildə qum fırtınaları çox olur. Hamı küçələrdə üzünü- gözünü bağlayıb gəzir. Gənc şair əbasının altındakı bağlamanı sinəsinə sıxaraq həvəslə məktəbin həyətinə daxil olur. Gözü bir nəfəri axtarır. Külək olmasına baxmayaraq, tələbələr yenə də məktəbin həyətində dalda bir yerdə toplaşıblar. Qızlar yığışan tərəfə baxır, banu görsənmir. Heç kim şeir oxumur. Hamı təlaşla nəyi isə müzakirə edir. Şair nə isə xoşagəlməz bir hadisənin olduğunu duyur. Birdən qızların ona tərəf gəldiklərini görür. Hövlnak, nigaran baxışlar bu xoşagəlməzin nədirsə ona birbaşa dəxli olacağını, onu yaralayacağını, sarsıdacağını başa düşür. Bir dəstə tələbə qız onunla üzbəüz dayanıb banunun valideynlərinin onu məktəbdən çıxartdıqlarını, istəmədiyi bir adama ərə verəcəklərini bildirirlər. Gənc şair başını aşağı salır, sinəsinə sıxdığı, banuya hədiyyə gətirdiyi tükcə Divanı daşa dönür. Banunun şıltaq, gülər üzü, bəzən tərs baxışları, ötkəm sözləri, şirin tərifləri gözünün önünə gəlir. Əsən külək qumu fırladaraq göyə qaldırır, məktəbin həyətində göz-gözü görmür. Gənc şair özünə gələndə artıq səhrada təktənha qaldığını, küləyin onu imamın qəbrinə doğru sovurub gətirdiyini görür. O, içəri daxil olur, qaranlıq məqbərənin şamlarını yandırır. Bir tərəfdə əyləşib Divanı dizlərinin üstünə qoyur. Şam işığında onun gözlərindən axan yaşlar allanıb şölələnir...

Axşamdır. Ər və arvad evlərindədirlər. Yenə çay süfrəsi ətrafında əyləşib qəzetlərə baxırlar. Səhər köşkdən qəzet alıb gələndə qonşu əlindəki qəzetləri görüb soruşur ki, indi qəzet alan var yəni? Qadın da onun təəccüblü sualına cavab verir ki, əlbəttə var. Bu qəzetdə yazımız çıxıb. Məqaləni kişi deyib qadın kompyuterdə yazıb. Amma qəzetdə çap olunanda öz yazdığın başqa cür görsənir sənə. Kişi qəzeti vərəqləyir yazısı olan səhifədə dayanır. Məqaləyə illüstrasiya olaraq Füzulinin böyük portretini vermişlər. Kişi Füzulinin şəklindən gözlərini çəkə bilmir. Baxır, baxır, baxır...

# 1369 dəfə oxunub

Oxşar xəbərlər

İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

15:00 17 noyabr 2024
Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

13:05 16 noyabr 2024
"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

09:00 16 noyabr 2024
Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

16:30 15 noyabr 2024
# # #