Kulis.az Azad Qaradərəlinin "Məndən sonra" memuar romanından Akif Səmədə həsr etdiyi "Az gördüyüm Akif Səməd" fəslini təqdim edir.
Eldar Baxış mənə bir çox baxımdan doğmadı, əzizdi. Bu barədə çox yazmışam. Amma həm də mənə ona görə əzizdir ki, Azərbaycan radiosu kimi bir dərgaha ayağımı açdı. Bura mənim təkcə yazılarımın səsləndiyi yer olmadı, həm də iş yerim, dolanışıq mənbəyim oldu. Burada ən çox ünsiyyətdə olduğum adamlardan biri İsa İsmayılzadə idisə, ən az ünsiyyətdə olduqlarımdan biri, fəqət, o az ünsiyyətlə yaddaşımda pozusu olmayan iz qoyan Akif Səməd idi. İsa müəllim haqqında çox yazmışam, amma Akif haqqında ya yazmamışam, ya da az yazmışam.
Əvvəlcə, belə bir suala cavab axtaraq ki, Akiflə niyə az ünsiyyətdə olurdum? Birincisi, Akif radioda rəhbərliyin qoyduğu tələblərə, baş redaktorların məcburən düzüb-qoşduğu saat neçədən neçəyə qadağasına tabe olan adam deyildi. Həyatda sərbəst olduğu kimi, burada da sərbəst idi və camaat Rastropoviçin az qala ayağına yıxılanda, Akif efirdə onu dolamışdı və bu da “letuçka”da böyük hay-küyə səbəb olmuşdu. Hamı gözləyirdi ki. Akifi işdən çıxardacaqlar. Akifsə özünəməxsus şəkildə bizi başına yığıb demişdi: “Ayə, hamınızın ürəyinnən keçəni mən efirdən demişəm dana. Yoxsa yalan demişəm...” - xısın-xısın gülüşmüşdük...
İkincisi, Akifin başındakı buxara papaqdan qoyan aşıqlar, Akif kimi papaqlı kişilər radioya gələndə, müsahibəni Əhməd Oğuza, Elxan Məmmədliyə və qeyrilərinə verəndə qonaqlığı Akifə verirdilər. Hətta belə bir zarafat da vardı aramızda: “Müsahibə onlara, qonaqlıq Akif Səmədə.”
Akifin qonaqlıqda olmadığı gün çətin olardı. İndi mən bu yeyib-içən adamın yaxasından tutub deyəydim ki, gəl mənimlə ədəbiyyat söhbəti elə?
Amma bəzən o özü məni axtarıb tapırdı...
Radioda lap təzə işləyən vaxtlarım idi. Gərək ki, “Ulartı” adlı ikinci hekayələr kitabım çıxmışdı. Akifə də bağışlamışdım. Veriliş hazırlayırdım ki, Akif gəldi bizim uşaq redaksiyasına və dedi:
- İndicə bir tədbirdən gəlirəm. Hökümət adamları da vardı. Fatma Abdullazadə dedi ki, bir məcburi köçkün yazıçı verin, prezident təqaüdünə təqdim edək. Mən sənin adımı çəkdim. Bir neçə adam, dayan görüm kimlər idi, bax biri elə Aqil Abbas, biri Vaqif Bəhmənli… Deyəsən, Vaqif Yusifli də mənim təklifimi müdafiə etdilər... sabah get Yazıçılar İttifaqına, kitablarını da apar, ver Fikrət Qocaya. Hə, yaxşı yadıma düşdü, bir də Ələkbər Salahzadə səni müdafiə elədi... Apar ver, de ki, Akif Səməd deyən yazıçı mənəm... Sonra hansısa blankları-zadı doldurmalısan... Alarsan də, nə versələr. Qənimətdir...
Key-key Akifin üzünə baxdım və həmişə özümdən yaşlı bildiyim bu adama yenə bir az rəsmi cavab verdim:
- Akif müəllim, axı mən Yazıçılar Birliyinin üzvü deyiləm...
- Nə?!.
Akif bu “nə”ni elə dedi ki, elə bil mənə bir sillə çəkdi. Sonra başını aşağı salıb çıxıb getdi...
Sonralar onunla bulvardakı çayxanaların birində görüşmüşdük.
“Ay Akif müəllim, bu mükafatı almağına alardım e... Axı bunun sonrası da var... Səni televiziyaya çıxardacaqlar, təqaüdə görə prezidentə təşəkkür eləmək var...”
Başını buladı. Sonra da əlini qaldırıb əlimin üstünə qoydu. Çox rahat idi. Heç elə bil belə rahat olmamışdı... və gözlənilmədən haçansa ona verdiyim “Aşiqlər” kitabım haqqında danışmağa başladı. Mən elə bilirdim ki, bu əl boyda elmi-publisistik kitaba o heç baxmayıb da. Amma kitabı elə təhlil etdi, elə danışdı ki, mat qaldım. Və əlavə etdi ki, sən telefilmlə danış, qoy bu kitab haqqında yaxşı bir film çəksinlər...
Mən bunu etməyinə etdim, film də çəkildi, o balaca kitab üç o həcmdə yenidən nəşr də olundu. Amma Akif bunları görə bilmədi. İndi təəssüf hissi ilə yazdığım bu sətirlərin arasından Akifin nurlu sifəti görünür və o yorğun görkəmilə söyləyir:
Sən kövrəlmə, ay atam,
Dözümə yol gedirəm.
Nə vaxtdı itib-batan
İzimə yol gedirəm.
Yanmaq yaraşır ömrə,
Qulam allahdan əmrə
Nəsimi, Yunis Əmrə,
Sözümə yol gedirəm.
Daşda bitən kolmuşam,
Öz-özümü yolmuşam,
Özümdən yol almışam,
Özümə yol gedirəm.
Akif bizdən cismən uzaqlaşsa da, ruhən yaxınlaşır. Sağlığında az görüşdüyüm o usta şair indi tez-tez görüşümə gəlir. Bu qədər yaxın olduğumuzu heç bilməzdim... Elə bu gün səhərki kimi: qəfil “Adəmdən...” kitabı əlimə keçdi, nə keçdi! Hələ yazdığı avtoqrafa baxın: “Akif Səməddən Eldar Baxışın müridi Azad bəyə... Ağamalı Sadiq Əfəndinin müridindən. Eşq olsun! 26.12.97.”
Eşq sənə olsun, ay Akif Səməd! Eşq Eldar Baxışa olsun! Eşq Ağamalı Sadiq Əfəndiyə olsun!
Eşq gəlib neçə sənədi,
Eşqdi könlün sənədi.
Əğyar? Nə əğyar? O nədi?
Akifə neyələr, yar eylər...
S.A.(Söz Ardı)
1. Akiflə münasibətimizdə həmişə bir qədər məsafə olub. Mən çox bərk yeriyən, o astagəldi. (Son vaxtlar isə radionun binasına qalxan pillələri o qədər yavaş qalxardı ki, söhbətimizi yarımçıq saxlayıb, sən get deyərdi, mən hələ bir az nəfəs alacam, bir siqaret çəkib, gələcəm…)
Qaçaq Nəbinin xanımı Həcərlə bağlı qalmaqal da münasibətimizə soyuqluq gətirmədi. Sadəcə, mən Həcərin Nəbidən sonra getdiyi kişidən olan övladlarının sağ olduğunu, atalarının qəbrinin belə işğala qədər fotosunun olduğunu deyəndə bir xeyli susub, “nəvlim, ay Azad bəy, bəlkə mən haxsızam… amma… bu arxiv niyə belə danışır?” deyib heyrət etmişdi.
“Arxivi kimin tərtib etdiyi məsələsi də var axı, Akif bəy”.
Mənim nəyə işarə etdiyimi duyub, “ola bilsin, bu fikrin ortaq məxrəcə gəlməyimizə yaradı, amma mən yenə də arxivdən yanayam”, dedi və bununla da, o məsələyə nöqtə qoyduq.
2. Akifin vəfatı bütün ədəbi cameə üçün ağır itki oldu. İsa İsmayılzadə, Eldar Baxış, Ağamalı Sadiq Əfəndidən sonra (Akif onların üçündən də gəncdi, hətta məndən də) onun ölümü həzm olunası deyildi. 44 yaş şair üçün nədi axı?! Bu onun, olsa-olsa, yaşadığı zaman kəsiyi idi, yazacağı zaman hələ qabaqda idi…
Amma az qala vəfatından ötən 20 ilə yaxın zaman məsafəsi deyir ki, Akif Səməd o 44 ili də yaşamayıb, yazıb, yazıb…
Qar-boranla gəlib yazımız belə,
Qışımız elədi, yazımız belə.
Əzəldən yazılıb yazımız belə
Akifə yar qismət, yar ayrılığa…
("Məndən sonra" memuar romandan)