#

Adlar - Valentin Rasputinin hekayəsi

Adlar - Valentin Rasputinin hekayəsi
24 avqust 2024
# 10:00

Kulis.az Valentin Rasputinin "Adlar" hekayəsini Həmid Piriyevin tərcüməsində təqdim edir.

Biri vardı, biri yoxdu. Bir ana vardı və onun da dörd oğlu vardı. Dörd ağıllı oğlu...

Nağıl burda qurtarır.

İstəsən, bu nağıldan istədiyin əhvalatı çıxara bilərsən. Amma uşaqlıq bitib insan böyüdüyü kimi, bu əhvalatdakı nağıl da gözlənilmədən qurtarır və həqiqətdə baş verənlər başlayır.

Bağışla, nağıl, əlvida, uşaqlıq - qırx birdə müharibə başladı və nağılları uşaqlarla bir yerdə Şərqə apardılar, sonra isə ananın üç oğlunu başqa anaların uşaqları ilə bir yerdə Şərqdən Qərbə köçürtdülər. Dördüncü oğul hələ balaca idi və müharibəyə yaramırdı. O nağıl oxuya bilirdi, amma o dövrdə nağıllar lal və kar idi, lal-kar idilər, nə səsləri çıxırdı, nə də hay verirdilər, yəqin, müharibə onların səsini kəsmişdi, o dövrdə deyildiyi kimi desək, nağıllar kontuziya almışdı və rəflərdə atılıb qalmışdılar.

Dördüncü oğul nağıl yerinə müharibə haqqında məlumatlara qulaq asırdı. Məlumatlarda ölənlər haqqında danışırdılar, o ölənləri heç bir dirilik suyu ilə həyata qaytarmaq mümkün deyildi. Məlumatlarda kənd və şəhər adları çəkilirdi, bu məlumatlar əsasında tarixlə coğrafiyanı öyrənmək olardı. Məlumatlar dini mətn kimi səslənirdi, bu gün, sabah və əbədiyyən yıxılma, geri çəkilmə, ölmə.

Qırx birdə - müharibə olmasına baxmayaraq, illər həmişəki axarı ilə gedirdi - Moskva ətrafında ananın birinci oğlu öldü. Onun adı Vasili idi və bu ad ona yaraşırdı.

- Moskva ətrafında, Moskva ətrafında, - deyə anası dodaqaltı təkrarlayıb içindəki sökülmüş parçaları bərpa etməyə çalışırdı, amma o parçalar birləşmək istəmirdi. Ana Moskvanı tanıyırdı, elə onu azca sakitləşdirən şey də bu idi.

Qırx üçdə Kursk yaxınlığında ananın ikinci oğlu öldü. Onun adı Pyotr idi və öləndən sonra ardında təkcə bu ad qaldı, elə bil on iki nömrəli vaqondan çıxıb qayıtmadı, qatar isə onu gözləməyib yoluna davam etdi. Qıraqdan baxana elə gələrdi ki, qorxulu heç nə yoxdur: on iki nömrəli vaqonda o qədər adam gedirdi ki, üstəlik, dünyada Pyotr adlı xeyli insan yaşamağa davam edirdi, amma ananın bircə Pyotru vardı və ana onu itirəndə dünyasının yarısını itirdi.

Müharibə isə hara getdiyi bilinməyən qatar kimi dayanmadan gedirdi. Bu qatarın öz stansiyaları vardı, o stansiyalar haqqında məlumatlarda xəbər verilirdi, amma bəs haçan axırıncı stansiyaya çatacaq? - Bunu heç kim bilmirdi. Qatar özü də çatıb dayanmağa tələsmirdi, müharibə heç vaxt tələsmir.

Ananın üçüncü oğlu qırx beşdə Berlin ətrafında öldü. Cəmisi bir addım atsaydı, sülhə çatmış olardı, minlərlə addımdan cəmisi biri, amma o yıxıldı və bir də durmadı. Onun adı Nikita idi və onun adını sonra qranit plitəyə yazdılar. O plitə günəşə ünvanlanmışdı və başqa planetlərdə yaşayanlar da plitənin üstündəki xırda adları oxuya bilərdi. Müharibədən sonra barıt qaldı, silah-sursat qaldı, amma ananın müharibəyə gedən oğullarından heç nə qalmadı, onlar da müharibə kimi yoxa çıxıb getdilər, elə bil dünyaya bir-birini tamamlamaq üçün gəlmişdilər. Ana onların adını doğum tarixi kalibrli gilizlər kimi toplayıb gizlətdi, gizlətdi ki, uşaqlar onları təsadüfən tapıb dava-dava oynamasınlar.

Ananın dörd oğlu vardı, amma biri qaldı. Müharibədən sonra o böyüdü və eyni ildə bütün qardaşları ilə yaşıd oldu, çünki qardaşları iki il fərqlə doğulub iki il fərqlə ölmüşdülər, o isə gec doğulmuşdu və yaşamağa davam etdi. Onun adı Andrey idi və təkcə onun adı bütün mənasını və səslənişini qoruyub saxlaya bildi.

Onun adı Andrey idi və hamı onu Andrey çağırırdı - hamı, təkcə anasından başqa. Anası da onu öz adıyla çağırmaq istəyərdi, amma sağ qalan oğlunu bir adla çağırmaq anaya heç cür müyəssər olmurdu. Əvvəlcə ananın ağlına doğum tarixlərinə uyğun kalibrli gilizlər gəlirdi və ana onların adını çəkirdi, axırda isə qalan sonuncu adı çağırırdı - bu ad yaşayan oğlunun sağ, xoşbəxt adı idi.

- Vasili, Pyotr, Nikita... Andrey, - ana çağırırdı. - Vasili, Pyotr, Nikita... Andrey.

Dördüncü oğul hirslənirdi:

- Məni adam kimi çağıra bilmirsən?

Ana o adları toplayırdı və ağlında hərəsini öz qutusuna yerləşdirirdi: bu Vasilidir, Moskva ətrafında ölüb, bu Pyotrdur, Kursk ətrafında ölüb, bu Nikitadır, Berlin yaxınlığında ölüb, bu isə Andreydir - üç qutunun ağzını bağlamaq olar, amma dördüncünü açıq saxlamaq lazımdır. Amma dördüncü qutudakı adı götürmək lazım gələndə, o biri qutular da öz-özünə açılırdı və o qutulardakı adlar qəfil göz yaşları kimi bayıra atılırdı.

- Vasili, Pyotr, Nikita, Andrey. - Ana adları çağırırdı və qorxub gözlərini yerə dikirdi.

- Sən məni dolamısan? - dördüncü oğul hirslənirdi.

- Yox, yox, Vasili, Pyotr, Nikita... Andrey.

Sonra ana dünyasını dəyişdi və ölən oğullarının adını da özüylə apardı. Dördüncü oğul tək qaldı. Hamı onu Andrey çağırırdı, pasportunda yazılan şəxsi adıyla. Bu vaxt Andrey özünü itirirdi. Təkcə öz adını eşitmək onu qorxudurdu, daha ölən qardaşlarının adları onun adını qorumurdu. Andrey indi-indi başa düşürdü ki, anasının atəş kimi atdığı gilizlər xəbərdarlıq imiş. Anası ölən oğullarının adını deməklə bildirmək istəyirdi ki, onun daha bir oğlu var, o oğul sağ və sağlamdır, başqa anaların da oğulları var, hamısı sağ və sağlam...

# 1342 dəfə oxunub

Oxşar xəbərlər

Bəyaz fillər - Ernest Heminqueyin hekayəsi

Bəyaz fillər - Ernest Heminqueyin hekayəsi

11:49 6 oktyabr 2024
Sərçə - Samirə Əşrəfin hekayəsi

Sərçə - Samirə Əşrəfin hekayəsi

12:00 5 oktyabr 2024
Bu həm edamdır, həm də tamaşa... - "Qətl günü" romanından parça

Bu həm edamdır, həm də tamaşa... - "Qətl günü" romanından parça

19:00 4 oktyabr 2024
Sevgi şəhəri - Babək Məmmədlinin hekayəsi

Sevgi şəhəri - Babək Məmmədlinin hekayəsi

10:31 4 oktyabr 2024
Bitməyən həsrət - Hekayə

Bitməyən həsrət - Hekayə

17:55 3 oktyabr 2024
Evli kişini sevən qadın - Sülhiyyə Şirinovanın hekayəsi

Evli kişini sevən qadın - Sülhiyyə Şirinovanın hekayəsi

12:00 3 oktyabr 2024
# # #