Tanınmış şairi həbsdən qurtaran təsadüf

Tanınmış şairi həbsdən qurtaran təsadüf
23 iyul 2020
# 17:11

Kulis.az Nəriman Qasımoğlunun “Gülhüseyn Hüseynoğlu haqqında Qasım Qasımzadənin xatirələrindən” yazısını təqdim edir.

Kulisin mərhum yazıçımız Gülhüseyn Hüseynoğlunun anım günündə haqqında dərc olunan yazını oxudum. Onun Qasım Qasımzadə ilə münasibətləri, aralarında dostluğa aid bəzi ayrıntıları xatırladım.

Mənə danışdıqları barədə bir az sonra. Öncə istərdim Q.Qasımzadənin öz qeydlərindən bir parçaya müraciət edim. Bunlar İslam Səfərliyə aid bir televiziya çıxışının mətnində, eləcə də mətbuatda dərc etdirdiyi bir məqaləsində yer alır:

“Yaşadığımız dövrlərin dözülməz sitəmlərini ancaq 37-ci il qurbanları çəkməmişdi. 40-cı illərdə, həmçinin 50-nin əvvəllərində yaradıcı ziyalıların bütün nəsilləri vahimə-qorxu içərisində idi. Həmyaşlarımızın bir dəstəsi – Gülhüseyn, İsmixan, Azər, mərhum dostumuz Hacı Zeynalov milli mənafe fədailəri kimi həbs edildikdən sonra ədəbi qüvvələrin yeni nəslinə etimadsızlıq güclənmiş, təqiblər artmışdı. O zaman, hələ 1948-ci ildə tələbə ikən "Azərbaycan gəncləri" qəzeti redaksiyasında ədəbiyyat və incəsənət sahəsinə mən məsul idim. "Ədəbi gənclik" rubrikası altında portret-oçerklər verirdik. Əvvəl İslam Səfərli, növbəti nömrədə isə Gülhüseyn Hüseynoğlu barəsində şəkilləri ilə birlikdə məqalə dərc etmişdik. Sabahı eşitdik ki, Gülhüseyni tutublar. Komsomolun Mərkəzi Komitəsində birinci katibin yanındakı yığıncaqda öz yoldaşlarımızdan birisi (vaxtilə orqanda işləmişdi) məni ittiham etdi ki, yaradıcılığını partiyaya, sovet dövlətinə həsr edənlər dura-dura (özünü nəzərdə tuturdu, yeganə gənc şair idi ki, Berya haqqında şeir yazmışdı) tərifnamə çap etdirmisən, indi buyur cavab ver. Mən bu kəmfürsət, namərd həmlədən özümü güclə ələ alıb onun öz üsulu ilə hücuma keçdim: "Nə bilmək olar, - dedim, - bəlkə elə günü bu gün evinə çatmamış səni də tutdular... Sənin də "xalq düşməni" olmadığını biz hardan bilək?" Gülüşdülər, elə bil, təhlükəli xata-bəladan sovuşdum...”

Gallery

İndiki oxucular üçün bəlkə də o dərəcədə inandırıcı gəlməz ki, qəzetdə sənin haqqında şəklinlə birgə yazı gedə və buna görə xeyli şöhrətlənəsən. Hamıya qismət olmurdu, təbii. Qəzetlər barmaq sayı, olanlar da ciddi senzura altında çapdan çıxırdı. Ədəbiyyata yeni gəlmiş, 22 yaşlı Qasım ozamankı ədəbi gəncliyin əsil havadarı imiş, "Azərbaycan gəncləri" qəzetində yaxından tanıdığı, dostlaşdığı gəncləri təbliğ edirmiş. Sonradan, 1947-ci ildə onu qəzetdə yeni yaranan şöbənin müdiri vəzifəsinə irəli çəkiblər və iki il ədəbiyyat və incəsənət şöbəsinə rəhbərlik edib. Yuxarıda Gülhüseyn Hüseynoğlu ilə bağlı keçən epizodun pərdəarxası bir “məqamı” var və bu, onların hansı münasibətdə olduqlarına dair Qasım müəllimin şəxsən mənə danışdıqları bəzi ayrıntılara da işıq tutur.

Öncə qeyd edim ki, Gülhüseyn müəllimlə dostluqlarının tarixi tələbəlik illərinə gedib çıxır. Q.Qasımzadə danışırdı ki, yuxarıda adlarını çəkdiyi şəxslərlə tez-tez görüşər və söhbətlərində millətin taleyinə dair o zaman üçün xeyli romantik görünən arzularını dilə gətirərmişlər. Amma dostlarının gizli antisovet təşkilatından (“İldırım”) onun xəbəri yoxmuş. Həmin təşkilatın intensiv fəaliyyəti zamanı, bəlkə də təhlükəsizlik orqanlarının artıq izinə düşdüyü bir vaxtda Qasım müəllim məzuniyyət götürüb ailəsi ilə Kəlbəcər yaylağına köçübmüş.

Deyirdi, məni həbsdən xilas edən, çox güman, bu təsadüf oldu, yoxsa məni də aparmışdılar. Onun Gülhüseyn Hüsenyoğluna aid “Azərbaycan gəncləri”ndə portret-oçerk dərc etdirməsi yaylaqdan qayıtdığı günlərə təsadüf edibmiş. Əslində, Q.Qasımzadədən hər hansı təqib təhlükəsini sovuşduran başqa bir məqam onunla bağlı olubmuş ki, Gülhüseyngilin təşkilat özəyinin həbs edilən üzvləri nəciblik göstərərək, ümumilikdə “millətçi dairə”yə daxil olan dostları barəsində müstəntiqlərinə heç bir açıqlama və ya ifadə verməyibmişlər. Qasım müəllim bunu da minnətdarlıqla xatırlayırdı.

Dostluqlarına dair maraqlı bir epizod yazıçının həbsdən qayıdanda küçədə Qasım müəllimlə rastlaşmağı ilə bağlıdır. Bu epizodu təəssüf ki, bəzən başqalarının adına çıxırlar. Qasım müəllim yenicə evləndiyi həyat yoldaşı Tamara xanımla şəhərdə gəzintidə imiş. Bir də baxır təsadüfən üzləşdikləri şəxs Gülhüseyndir. Qucaqlaşıb öpüşürlər. Gülhüseyn həbsdən yenicə qayıtdığını bildirir. Qasım o zaman üçün məbləği az olmayan bir dəst pul çıxarıb dostunun cibinə basır.

Bu epizodu mənə danışanda zarafatla demişdim, əsil bəy balası kimi davranmısan, əhsən. Bəs o qədər pul səndə haradan idi? Gülərək bildirmişdi ki, valideynləri onu Şahsuvar bəyin nəvəsi kimi qoymurmuşlar korluq çəkə, tanınan gənc şair övladlarına tez-tez pul göndərirmişlər ki, kefindən qalmasın.

Qasım müəllim dünyasını dəyişəndən sonra mənə danışdığını Gülhüseyn Hüseynoğlunun öz dilindən də eşitdim. Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Xalq şairi Qabilin 70 illiyi qeyd olunurdu. Çıxışçılardan biri Gülhüseyn Hüseynoğlu idi. Qabildən, dostlarından söz salarkən Q.Qasımzadəni də yad edərək həyatında iz salan həmin epizodu xoş bir xatirə kimi iştirakçılara danışdı.

Sovetlərin hələ güclü olduğu dövrdə bir dəfə Qasım müəllimdən Gülhüseyn Hüseynoğlu barədə soruşanda ki, necə olur, milli amallar uğrunda mücadilə vermiş bir şəxsi indi millətçi kimi heç yada salan yoxdur, gənclər arasında yazıçılardan daha çox başqalarının adları çəkilir, onun yox, deyirdi, hazırda millətçi karyerası ilə məşhurlaşanlardan Gülhüseyn özünü kənar tutur, onlara “keqebe”nin potensial agentləri kimi baxır.

Gülhüseyn Qasım müəllimlə məhrəm söhbətlərində ad da çəkirmiş ki, bəs filankəsin millətçiliyinə qəti inanmır, əsil millət davasını aparanları həbsə salırlar, bunu isə hökumət tez-tez təltifləyib şöhrətləndirir. Qasım müəllim bunu da əlavə edirdi ki, neyləsin, başı çox çəkib...

Şəxsi həyatı da faciəsiz ötüşmədi. Qızının həlak olmasından Qasım müəllimin necə sarsıldığını, bəd xəbəri eşitcək həyəcanla evinə birgə getməyimizi o məşum hadisənin üstündən xeyli keçsə də yaxşı xatırlayıram.

Ömrünün son illəri idi, bir dəfə mənə zəng edib Müşfiqə şeir həsr edib-etmədiyimi soruşdu. Bir şeirimin olduğunu dedim, şeiri ona göndərdim. Və heç şəksiz, həyatı boyu Müşfiq yaradıcılığına mehr salması Müşfiqlə repressiya yoldaşlığına sədaqətindən də gəlməmiş deyildi.

# 5389 dəfə oxunub

Müəllifin son yazıları

# # #