Yazıçının maddi sərbəstliyə ehtiyacı yoxdur... - Uilyam Folkner

Yazıçının maddi sərbəstliyə ehtiyacı yoxdur... - Uilyam Folkner
22 sentyabr 2024
# 15:00

Kulis.az Uilyam Folknerin "Sənət və məsuliyyət" essesini Nəriman Əbdülrəhmanlının tərcüməsində təqdim edir.

Mən olmasaydım da, başqa birinin mənim, ya da Heminqueyin, Dostoyevskinin yazdıqlarını qələmə alacağına inanıram. Deyirlər ki, Şekspirin dramlarını üç ayrı adam yazıb, lakin “Hamlet” və ya “Yay gecəsi röyası” əsərləri ilə bağlı vacib məqam həmin əsərləri kimlərinsə yazdığı deyil, yalnız bir nəfərin qələmə almasıdır. Sənətkarın kimliyinin fərqi yoxdur, yalnız onun yaratdığı əsər vacibdir, çünki sənətdə deyiləcək yeni bir şey qalmayıb. Şekspir, Balzak, ya Homer eyni məsələlərdən yazıblar, onlar min illər boyunca yaşasaydılar, naşirlərin başqa yazıçılara heç ehtiyacı da qalmazdı. Yazıçının şəxsiyyəti - onun özü üçün çox önəmlidir. Yazıçını tanımayanlar isə onun özü ilə deyil, yazdıqları ilə məsğul olmalıdırlar.

Mənsub olduğum ədəbi nəsil nümayəndələrinin şəxsi ideallari ilə bağlı xəyallarını gerçəkləşdirməkdə oxları daşa dəydi. Buna görə də mən sənətkarları mümkünsüzü gerçəkləşdirmək cəhdində fövqəladə uğursuzluğa görə qiymətləndirməyin tərəfdarıyam. Məncə, hamısını bir daha qələmə ala bilsəydim, kitablarımı daha yaxşı yazardım. Bu, sənətkar üçün normal şeydir. O, daim yaxşı kitab yazmaq naminə çalışır, sınaqlar keçirir, hər dəfə də öz-özünə deyir: “Bu dəfə bacaracağam, düşündüyümü bu dəfə bitirəcəyəm”. Amma bunu, əlbəttə ki, bacarmayacaq, belə bir halın normal qarşılanması da bu səbəbdəndir. Çünki bir dəfə bacarsa, təxəyyülündə canlandırdığı kitabını yaratsa, artıq geriyə dönə, bıçağı öz boğazına çəkməkdən, idealın o biri tərəfinə keçməkdən, intihar etməkdən başqa çıxış yolu tapa bilməz. Mən uğursuzluğa düçar olmuş şairəm. Bəlkə də, hər bir romançı əvvəl şeir yazmaq istəyir, yaza bilmədiyini gördükdə isə hekayə qələmə almağa başlayır. Hekayə şeirdən sonra ən cox əziyyət tələb edən ədəbi formadır. Hekayə yazmaq məsələsində də oxunun daşa dəydiyini, yəni şeir və hekayədə uğursuzluğa düçar olduğunu görən sənətkar roman yazmağa başlayır.

Yaxşı roman yazmağın əlverişli düsturu - 99 faiz qabiliyyət... 99 faiz intizam... 99 faiz əməkdir. Yaxşı romançı gördüyü işdən qətiyyən razı qalmamalıdır. Yazdığı kitab heç də onun düşündüyü qədər yaxşı olmayacaq. O, hər zaman arzulara dalmalı, yaza biləcəyindən daha yaxşısını qələmə almağa çalışmalıdır. Sənətkar sadəcə müasirlərindən və özündən əvvəlki nəsildən yaxşı yazmaqla kifayətlənməməli, özündən də yaxşı olmağa çalışmalıdır. O, iblislərin yönəltdiyi varlıqdır. İblislərin nəyə görə məhz onu seçdiyini isə bilmir, bunu araşdırmağa heç vaxtı da yoxdur. Sənətkar əxlaq əsiri deyil, o, hamını qarət edəcək, hər kəsdən borc alacaq, dilənəcək, oğurluq edəcək qədər sərbəst varlıqdır - təki yazdığı kitab gözəl olsun.

...Yazıçı yalnız sənəti qarşısında məsuliyyət daşıyır. Yaxşı sənətkar isə həddən artıq qəddar, mərhəmətsiz olmalıdır. Romançının bircə arzusu var. Həmin arzu ona o qədər əzab verir ki, ondan xilas olmağa məcburdur. Sənətkar xilas olanadək rahatlıq tapmaz. Hər şey - şərəf, qürur, yaxşı insan olmaq, təhlükəsizlik, xoşbəxtlik – onun üçün mənasını itirəcək, hər şeyi kitabının gözəl olmasına qurban verəcək. Anasını qarət etmək lazım gəlsə, romançı bir saniyə belə tərəddüd etməz. Təhlükəsizlik, xoşbəxtlik və qürurun yoxluğu isə sənətkarın yaradıcılığında rol oynamır. Bunlar, sadəcə, yazıçının rahatlığı, məmnunluğu üçün əhəmiyyətlidir, halbuki, sənətin özü rahatlıq və məmnunluq yaratmır.

Sənət şəraitə də baxmır, sənətkarın hansı şəraitdə yaşadığının fərqi yoxdur. Bu günədək mənə təklif edilmiş ən yaxşı iş – ümumxanada idarəçi işidir. Məncə, sənətkarın çalışa bilməsi üçün bundan ideal bir şərait ola bilməz. Belə bir iş ona maddi sərbəstlik verər, qorxudan və aclıqdan uzaq salar, başının üstündə bir damı olar. Aradabir haqq-hesab kitabları ilə məşğul olmaqdan, ayda bir dəfə də polis şöbəsinə gedib pul verməkdən başqa bir çətinliyi də yoxdur. Səhərlər oralarda sakitlik olur, yazmaq üçün ən münasib məqamdır. Axşamlar əyləncələrdə iştirak etmək istəsə, sıxıntılardan qurtular, ətrafındakı yetərincə insanı tanımaq imkanı yaranar, cəmiyyətdə müəyyən təbəqəyə mənsub olar. Əsas haqq-hesab işlərini ev sahibəsi öz öhdəsinə götürdüyünə görə, yazıçıya bir iş də qalmır. Evin bütün sakinləri qadınlardır, sənətkara da “cənab” deyə müraciət edirlər. Məhəllənin bütün içki qaçaqmalçıları da onu “cənab” adlandırır. Üstəlik, o, polisləri adıyla çağırmaq hüququna malikdir. Yəni, sənətkarın istədiyi nə varsa – rahatlıq, tənhalıq, nəşə - münasib məbləğ qarşılığında əldə edə bilər. Pis şərait yalnız yazıçının qan təzyiqini artıra bilər. Belə vəziyyətlərdə sənətkarın vaxtı daha çox hirslənməyə və darıxmağa sərf olunacaq. Təcrübələrim göstərdi ki, mənə sənətim üçün lazım olan vasitələr yalnız kağız, tütün, yemək və bir qədər də viskidir. O qədər də vasvası adam deyiləm, amma bəd ayaqda şotland viskisinə də qane olaram.

Yazıçının maddi sərbəstliyə ehtiyacı yoxdur. Ona lazım olan yalnız qələm və ağ kağızdır. Bildiyimə görə, havayı pul yazıçılığa müsbət təsir göstərmir. Yaxşı yazıçı yazmaqla məşğul olduğuna görə, heç vaxt heç bir quruma daxil ola bilməz. Yüksək səviyyəli yazıçı deyilsə, o, daim özünü aldadacaq ki, vaxtım yoxdur, maddi azadlığım yoxdur. Oğrular, alkoqol qaçaqmalçıları, ya da at oğruları arasından da yaxşı sənətçi çıxa bilər. İnsanlar o qədər qorxaqdırlar ki, dözə biləcəkləri çətinlik və yoxsulluğun səviyyəsini dərk etmək iqtidarında da deyillər. Onlar öz dözümlülüklərinin səviyyəsini anlamaqdan qorxurlar. Yaxşı yazıçını heç nə yox edə bilməz, ona yalnız ölüm qalib gəlmək iqtidarındadır. Yaxşı yazıçının uğura və ya varlanmağa ayıracaq vaxtı da yoxdur. Uğur qadına oxşayır, qarşınızda olanda küncə çəkilərsiniz, o da üstünüzdən keçib gedər. Uğura dirsəyinizi göstərmək ən yaxşı üsuldur. Bəlkə, onda sizin əvəzinizə qarşınızda o diz çökər.

Yüksək səviyyəli yazıçının peşəkarlığına heç nə pis təsir göstərə, amma səviyyəsiz yazıçıya da kimsə kömək edə bilməz. Belə qələm sahibinin bir problemi də yoxdur, çünki mənfəəti naminə ruhunu çoxdan satıb.

Romançı kinoya hər zaman güzəştə gedir, çünki filmin təbiəti işbirliyi tələb edir, bunun özü də güzəştdir, çünki sözün mənası – işi birgə görməkda budur. Bu günədək ən yaxşı anladığım aktyor Hemfri Boqartdır. Onunla birgə “To have and have not” (“Vardır, yoxdur”) və “The big sleep” (“Böyük yuxu”) filmlərində çalışmışıq. Corc Oruelin “1984” əsərinin ssenarisini yazmaq istərdim. Beynimdə həmişə inandığım, romanlarımda eyham vurduğum fikrimi, yəni, insanın əsas azadlıq şüarı sayəsində yox edilməyəcəyini göstərən final var.

İşlədiyim filmlər arasında ən uğurlu saydıqlarım ssenarini bir kənara qoyub çəkilişdən əvvəl səhnələri aktyorlarla birgə redaktə etdiklərimdir. Ssenari yazmaq işinə ciddi yanaşmasaydım, filmlərə və özümə olan hörmətim üzündən bu işə heç baş qoşmazdım. Amma artıq bilirəm ki, yaxşı ssenariçi ola bilməyəcəyəm, odur ki, ssenari yazmaq mənim üçün romançılıq qədər böyük prioritet sayılmayacaq.

MGM (Metro Golden Mayer kinostudiyası) ilə razılığa gəlib evə qayıtmağa hazırlaşırdım. Birgə çalışdığım inzibatçı mənə dedi: “Burada yenə işləmək istəsən, xəbər ver, mən də yeni müqavilə üçün studiyadakıları axtarım”. Təşəkkür edib evimə getdim. Təxminən altı ay sonra idarəçi dostuma teleqraf göndərib həmin studiya ilə işləmək istədiyimi bildirdim. Az sonra da bir Hollivud agentliyindən ilk həftəlik maaşımın çekini aldım. Çaşmışdım, çünki əvvəlcə studiyadan rəsmi sənəd, ya müqavilə gözləyirdim. Öz-özümə dedim, yəqin, müqaviləni poçtla göndərərlər. Halbuki, bir həftədən sonra agentlikdən zərf gəldi, içində də ikinci həftənin maaş çeki vardı. Bu, 1932-ci ilin noyabr ayından başlayıb 1933-cü ilin may ayınadək davam etdi. Sonra studiyadan teleqram gəldi: “Uilyam Folkner, Oksford, Miss. Haradasınız? MGM Studiyası”. Belə cavab yazdım: “MGM Studiyası, Culver Siti, Kaliforniya. Uilyam Folkner”.

Teleqrafçı qadın soruşdu ki, hansı məlumatı göndərirsiniz? Dedim, bax, bunu. Qadın dedi: “Qaydalara görə, məlumatsız teleqraf göndərə bilmərəm, bir söz yazmalısınız”. Göstərilən nümunələrə baxıb birini seçdim - evlilik ildönümü təbrikini xatırladan yazı idi, onu göndərdim. Sonra studiyadan zəng etdilər, mənə ilk təyyarəyə minib Nyu-Orleana gəlməyi, studiyanın rəhbəri Brauninqə vəziyyətim barədə məlumat verməyi buyurdular. Oksfordda qatara minib səkkiz saata Nyu-Orleana çata bilərdim, amma studiyanın əmrinə tabe olub Memfisə getdim, oradan Nyu-Orleana gec-gec də olsa, təyyarə reysləri olurdu. İlk təyyarə üç gündən sonra uçdu. Saat altıda Brauninqin qaldığı hotelə gedib məlumat verdim. İçəridə ziyafət vardı, Mənə dedilər, yatıb dincəlim, səhər tezdən işə başlayım. Əsərin necə əsər olduğunu soruşdum, Brauninq dedi: “Bunu öyrənmək istəyirsənsə, o biri otağa get, orada başa salarlar”.

Dediyi otağa getdim. Orada ssenarinin gedişatına nəzarət edən bir nəfər tək-tənha oturmuşdu. Özümü təqdim etdim, əsərlə bağlı məlumat istədim. Dedi ki, əsərlə dialoqları yazanda tanış ola bilərsiniz. Bunu Brauninqə deyəndə, az qaldı, adamı söysün, amma sonra təklif etdi ki, gedib yatım, sabahdan işə başlayım.

Ertəsi gün Brauninqlə çox gözəl gəmiyə minib Grand İsleyə getdik. Film studiyadan yüz mil uzaqda çəkiləcəkdi. Ora nahar vaxtı çatdıq, axşamçağı da Nyu-Orleana qayıtdıq.

Üç həftə beləcə davam etdi. Arada əsərdən xəbərim olmadığına görə, həyəcanlanırdım, amma Brauninq hər dəfə deyirdi: “Narahat olma, get yaxşı yat ki, sabah tezdən işə başlayaq”.

Bir axşam Grand İsle adasından qayıdandan sonra otağıma yenicə girmişdim ki, telefon zəng çaldı. Brauninq idi. Dedi ki, tez otağına gəlim. Getdim. Əlində teleqram vardı: “Folkner qovuldu. MGM studiyası”. Brauninq dedi, fikir eləmə, indi bəzi adamlarla əlaqə saxlayıb sənə yeni iş taparam, üstəlik, üzr məktubu da yazdıracağam. Bu zaman qapı döyüldü, yeni bir teleqram gətirdilər: “Brauninq qovuldu. MGM studiyası”. Beləcə, evə qayıtdım. Yəqin, Brauninq də harasa getdi. Ssenari gedişatını yazan adamın isə hələ də əli çənəsində, otağında oturub işlədiyini güman edirəm.

Yazıçının məsuliyyəti gördüyü işi yaxşı bitirməkdir. Bundan başqa, hər hansı məsuliyyəti qalsa, onu istədiyi kimi yerinə yetirməkdə sərbəstdir. Mən həddən artıq məşğulam, xarici dünyanı düşünməyə macalım yoxdur. Əsərlərimi kimin oxuması, filankəsin mənim, ya başqalarının kitabları haqqındakı fikirləri ilə də maraqlanmıram. Özüm təyin etdiyim meyarlara uyğun olmalıyam – yəni, Müqəddəs Antonionu, ya Əhdi-Ətiqi oxuyanda hiss etdiyimi eynilə qələmə almalıyam. Həmin kitablar mənə, sanki quşun uçuşuna tamaşa edərkən aldığım zövq qədər yaxşı təsir göstərir. Yenidən həyata qayıda bilsəydim, kərkəs olmaq istərdim. Heç kəs kərkəsi narahat etmir, onun həyatında təhlükə yoxdur, həm də, yemək sarıdan da vasvası deyil, nə tapsa yeyir.

Romançı texnika ilə maraqlanırsa, onda cərrahi əməliyyatın incəliklərini, ya da kərpickəsmə işini təkbaşına öyrənsin. Yaxşı yazmaq üçün xüsusi bir mexaniki üsul, yaxud düstur yoxdur. Ədəbiyyat nəzəriyyəsinə əməl etmək istəyən gənc qələm adamı bir yazıçı kimi axmaqlıq edir. Öz səhvlərinizi özünüz üzə çıxarın - insanlar səhv edə-edə öyrənirlər. Yaxşı sənətkar heç kəsin ona ağıl öyrədəcək qədər ağıllı olduğuna inanmır, onda ağlagəlməz dərəcədə özünəinam var. O, sələfi olan yaşlı yazıçıya nə qədər hörmət etsə də, ondan irəli getməyə can atır.

Bəzən yazı texnikası yazıçının cilovunu əlinə alıb xəyalı ilə məşğul olmaq istəyəndə, lap başlanğıcdan ona nəzarət etməyə başlayar. Bu, gücün göstərilməsidir, belə halda, yazıçının öz əsərini tamamlaması kərpicləri məharətlə yan-yana düzməyi xatırladır, çünki o, ehtimal ki, ilk kəlmədən sonuncu kəlməyədək romanının bütün sözlərini yaxşı bilir. “Mən öləndə” əsərini yazanda başıma belə bir iş gəlmişdi. Bu, asan deyildi. Səmimi-qəlbdən yazılmış heç bir romanı asanlıqla qələmə almaq mümkün deyil. İstifadə edəcəyim bütün vasitələrin əlimdə olması işimi asanlaşdırırdı. On iki saatlıq iş günündən sonra romanımı yazırdım, altı həftə ərzində bu cür işlədim. Qısaca belə deyim ki, xəyalımda bir qrup adam canlandırır, onları universal və təbii fəlakətlərin, sellərin və yanğınların içinə atırdım. Yazıçı bir şəxsiyyət kimi, öz əsərini mühakimə edəndə özünü aldatmamalı, qərəzsiz, dürüst və cəsarətli olmalıdır. Kitablarımın heç biri öz ölçülərimə uyğun olmadığı üçün yazdığım, mənə ən çox acı və kədər yaşatmış hər bir romanımı əvvəlki romanlarımdan az mühakimə edirəm, çünki ana oğru, ya da qatil oğlunu rahib oğlu ilə müqayisədə daha çox sevir. “Səs-küy və hiddət” romanını nəzərdə tuturam. O hekayəti mənə əzab verən xəyalımdan qurtulmağa çalışa-çalışa, beş dəfə yazmağa cəhd elədim. Həmin əsər iki itkin qadının, Ceddi və onun qızının faciəsi haqqındadır. Dilsi - ən çox sevdiyim obrazlarımdandır, çünki güclü, cəsur, sakit və dürüstdür. Məndən daha dürüst, cəsur, əliaçıqdır.

Müasirim olan yazıçıların əsərlərini oxumuram. Oxuduqlarım gənclik illərimdə sevdiyim, köhnə dostlarımla görüşürmüş kimi, tez-tez təkrar mütaliə etdiyim romanlardır. Bəzi adamlar İncili oxuduqları kimi, mən də hər il Çarlz Dikkens, Çozef Konrad, Migel de Servantesin əsərlərini, “Don Kixot”u oxuyuram. Sonra Flober, Onore dö Balzak, özünün ideal dünyasını yaratmış Fyodor Dostoyevski, Lev Tolstoy, Vilyam Şekspirin əsərlərini mütailə edirəm. Herman Melvillin külliyatını arada oxuyuram, şairlərdən Kristofer Marlonu, Ben Consonu, Robert Herriki, Con Donnu, Con Kitsi, Persi Biş Şellini sevirəm. Hələ də Hyüsmanın şeirlərini mütaliə edirəm. Bu kitabları o qədər təkrar-təkrar mütaliə etmişəm ki, artıq əvvəldən-axıradək də oxumuram. Sadəcə, bir epizodu, ya bir xarakteri yadıma salır, sanki dostumla söhbət edirəm.

Nyu-Orleanda yaşayanda hər kəs Ziqmund Freyddən danışırdı, amma onun əsərlərini heç oxumamışam. Yazdıqlarını heç Vilyam Şekspir də oxumamışdı. İnanmıram ki, Melvill də Freydi oxusun, Mobi Dikin də oxumadığından əminəm. Bir qədər Anton Çexovu xatırlatdığına görə, Jorj Simenonun əsərlərini mütaliə edirəm.

Ən sevdiyim xarakterlər vəhşi, qəddar, əyyaş, fürsətgir, etibarsız insanlardır, yəni, xarakterinə görə ən pis olduğunu deyə biləcəyimiz, amma yenə də müəyyən bir xarakterə sahib olan Sara Gemp, sonra missis Harris, Falstaf, Prins Xol, Don Kixot və əlbəttə, Sançodur. Ledi Makbeti hər zaman nəzərimdə saxlayıram. Bottom, Ofeliya, Merkusio da, xanım Gemp də həyatla mübarizə aparıblar, imtiyazlar istəməyib, şikayət etməyiblər. Hek Fin və Cim. Tom Soyeri heç vaxt sevmədim – cığalın biridir. Bundan başqa, Corc Harrisin 1840, ya da 1850-ci illərdə Tennessi dağları haqqında yazdığı romanındakı Süt Lovinqudu sevirəm. Onun özü ilə bağlı heç bir illüziyası yox idi, əlindən gələni edirdi, bəzən qorxurdu, bunu bilir, heç də utanmırdı, başına gələnlər üzündən heç kəsi günahlandırmamış, lənətlər yağdırmamışdı.

Düşünürəm ki, insanlar roman oxuduqca, bəziləri oturub roman yazmağa davam edəcək. Təbii ki, şəkilli jurnallar və komikslər axırda insanın mütaliə həvəsini öldürə bilər.

Sənətkarın tənqidçiləri dinləməyə vaxtı yoxdur. Tənqidçiləri yazıçı olmaq istəyənlər oxuyurlar, yazmaq istəyənlərin isə buna vaxtı yoxdur. Tənqidçinin vəzifəsi - sənətkarın özünə istiqamət vermək deyil. Mexanizm kimi düşünsək, sənətkar tənqidçidən bir pillə üstündür, çünki tənqidçini hərəkətə gətirəcək şeyləri yazır. Tənqidçi də sənətkardan başqa hamını hərəkətə gətirir.

Vaxtımın çoxu onsuz da əsərlərimi yazmaqla keçir. Gərək kitablarım məni razı salsın, əgər salırsa, danışmağa ehtiyac yoxdur. Əsərlərim məni məmnun etməsə, barələrində danışmağım onların səviyyəsini yüksəltməz. Kitabların yaxşı olması üçün onların üzərində daha ciddi çalışmaq lazımdır. Mən ədəbiyyatçı deyil, yazıçıyam, boş-boş danışmağı da sevmirəm.

Tənqidçilər kitablarımda qohumluq münasibətlərinin bol olduğunu deyirlər. Bu onların fikridir. Dediyim kimi, tənqidçilərin yazdıqlarını oxumuram. İnsanlar haqqında yazan adam hekayənin inkişafı üçün vacib deyilsə, xarakterlərin qohumluq münasibətlərinə - məsələn, bəlkə burun formalarına - diqqət ayırmaz. Yazıçı həqiqətə və insan qəlbinə ünvanlanırsa, o zaman qohumluq əlaqələrinə, ya da burunların formasına ayırmağa vaxtı qalmaz. Məncə, fikirlərin və gerçək həyata dair məhdud biliklərin həqiqətlə bir əlaqəsi yoxdur.

# 2382 dəfə oxunub

Müəllifin son yazıları

# # #