Bu gün tanrıya dua etməlisiniz - Per Petterson

Bu gün tanrıya dua etməlisiniz - Per Petterson
26 mart 2023
# 15:00

Norveç yazıçısı Per Petterson 1987-ci ildə nəşr etdirdiyi “Ağzımda kül, ayaqqabılarımda qum” adlı ilk kitabında 1960-cı illərdə Norveç kəndində ailəsi ilə bir yerdə yaşayan Arvid adlı kiçik bir uşağın hekayəsindən bəhs edir.

Bu gün Tanrıya dua etməlisiniz

Per Petterson

Bir səhər müəllim ilk dərsə gəldi, yavaş-yavaş masanın arxasında oturdu, ətrafına baxdı və dedi ki, Tanrıya dua etməlisiniz, bu gün nüvə müharibəsi başlayacaq.

Boğazını təmizlədi, nəfəs aldı və bir daha dedi: "Nüvə müharibəsi." Bədəni titrədi bunu deyərkən, sinfə sükut çökdü.

Nüvə müharibəsi!!!

Arvid evdə danışanda eşitmişdi, bunun nə demək olduğunu bilirdi. Bu, hər kəs üçün ölüm demək idi, zarafat deyildi.

Qonaq otağından qonaq gələn əmisi Rolfun səsi qorxulu və narahat idi. Rolf əmi ruslara demək olar ki, əkinçilərə nifrət etdiyi qədər nifrət edirdi və Arvid gizlicə qulaq asmaq istəyəndə etdiyi kimi pilləkənlərin başında oturmuşdu.

Atası rusların qəddar olduğunu düşünmürdü, heç olmasa Rolf dayının düşündüyü qədər qəddar olmadıqları qənaətində idi, lakin o, bundan tam olaraq əmin deyildi. Onun əmin olmadığı səsindən aydın görünürdü, amma əmisi Rolfdan fərqli olaraq səsi otaqda cingildəmirdi. Dərs bitdikdən sonra evə getmək üçün yola düşdü. Tənəffüs vaxtı çatanda o, stolunun üstündən asdığı çantanı götürüb qoltuğunun altına soxdu və heç kimin fikri onda olmadığı vaxtı dəyərləndirib səssizcə uşaq meydançasının qapısından əkildi.

Həmin gün daha dörd dərs var idi, amma nüvə müharibəsi başlayacaqdı deyə, məktəbdə qalmağın heç bir mənası yox idi. Evdə anasının yanında qalmağa üstünlük verirdi. O, evə doğru addımladı, Elvisi sevən o deyil, anası idi, amma Arvidin əynində Elvis yazısı olan qəhvəyi çəkmələr, mavi ziq-zaq sviter və yayda belə çıxarmadığı beret vardı.

Arvid, Torolf Enganın həmişə geyindiyi və hamının ilişdiyi bu ağ zolaqlı bereti gözlərinin üzərinə doğru dartdı, çünki belə daha cazibəli idi.

O, qorxmurdu, birdən-birə bütün bunlardan çox yorulmuşdu, atdığı hər addım böyük zəhmət tələb edirdi, dərisinin altında getdikcə daha çox yorğunluq yığınlarını hiss edirdi, onu az qala barmaqları ilə tuta bilirdi, çəkmələri isə qumla doldurulmuş kimi ağır idi.

O, atası ilə danışıb çox ağlamamaq barədə razılığa gəldikləri üçün ağlamırdı, amma sifəti ağappaq kartonu xatırladırdı, sərt və quru idi, gözünü qırpmaq çoxlu iradə tələb edirdi.

Evə həmişəkindən tez çatanda anası ona qəribə-qəribə baxdı, amma heç nə demədi. Arvid bunu olduqca təbii hesab etdi, çünki ölmək üzrəsənsə, mübahisə etməyin mənası yoxdur. Anasının şam yeməyi hazırlamaması da qəribə idi. Arvid bir qədər fikirləşəndən sonra anladı ki, aclıqla ölümü gözləməyin faydası yoxdur. O, mətbəx masasına çökdü, bir stəkan südlə iki dilim fıstıq yağı çəkilmiş çörəyi tələsik yedi.

“Təşəkkür edirəm” dedi və növbəti dörd gün ərzində bir söz demədi. Bədəni buz kimi idi, niyə heç nə baş vermədiyini, niyə heç kimin narahat olmadığını başa düşə bilmirdi Əvvəlki halına qayıtmaq nə üçün belə uzun çəkdi, bunu başa düşmürdü. O, Tanrıya dua etmirdi, inanmırdı, amma sinif yoldaşlarından bəziləri dua etmiş ola bilərdi.

Gözlərini tavana dikərək çarpayıya uzanıb aşağı mərtəbədəki qonaq otağındakı radiodan gələn səhər dualarına qulaq asırdı. Eşitdi ki, atası işə getmək üçün evdən çıxır, günorta evə gəldiyini də eşitdi. Axşam mətbəxdən valideynlərinin davasını dinlədi.

O, ayağa qalxmaqdan imtina edərək, sadəcə uzandı. Axırda atası bunun cəfəngiyyat olduğunu desə də, anası narahat olub Arvidi həkimə apardı. Qəribə həkim idi, boğazına baxmırdı, sinəsinə qulaq asmırdı, sadəcə danışırdı, amma axırda hələ də yorğun olan Arvid özünü yaxşı hiss etməyə başladı və günün ortasında yuxuya getdi

# 2243 dəfə oxunub

Müəllifin son yazıları

# # #