“Çılpaq göbəyi olan qızla sevgi yaşamaq istəmərəm”

“Çılpaq göbəyi olan qızla sevgi yaşamaq istəmərəm”
12 fevral 2013
# 08:45

(“Le Figaro” qəzeti Fransa)

Yazıçı və semiotik Umberto Ekonun bu yaxınlarda, bir tərcümə sənətindən, ikincisi isə eybəcərliyin tarixindən bəhs edən iki essesi Fransada dərc olunmuşdur. Eko “Figaro Magazine” qəzetində Roma İmperiyasının süqutuna bənzətdiyi dövrümüz haqqında fikirlərini paylaşır.

Bütün dünyada çap olunan bestsellerlər müəllifi, eyni zamanda fransız şairləri Keno (Raymond Queneau) və Nervalın (Jerar de Nerval) tərcüməçisi, həmçinin böyük redaktorluq təcrübəsi olan Eko “Təxminən eyni şeyi demək” adlı əsərində tərcümə əsərləri haqqında baxışlarını ifadə edir. Bu kitab 2003-cü ildə İtaliyada çapdan çıxıb, tərcümənin nəzəriyyəsi deyil, daha çox “tərcümə təcrübələrinin” (kitabda belə bir başlıq da var) toplusundan ibarət, ümumi prinsiplərin ortaya çıxarıldığı bir kitabdır. Digər yandan, “Gözəlliyin tarixi”ndən sonra (2004-cü il.) “Gülün adı” romanını yazmış müəllif, bu yaxınlarda antik dövrdən indiyə qədərki dövrü əhatə edən “Eybəcərliyin tarixi”ni yazıb. Onun fikirləri sadəliyi və möhtəşəmliyi ilə insanı cəlb edir: “Tərcümə həmişə sadə mətn çevirməkdən daha böyük mahiyyəti ifadə edir”, ya da “Eybəcərlikdən danışarkən, gözəllik anlayışına toxunmadan keçmək mümkünsüzdür ”.

Umberto Eko böyük hiylələrin üstünü açaraq, bizə İnternet, yazılı mətnin taleyi, “soyuq müharibənin” iti sürətlə ötüb keçməsi, rok, televiziya, Corc Kluni, İyeronim Bosxe, şər, xeyir, krinolinlər (orta əsrlərdə qadın donu) və əlbəttə ki, Roma İmperiyası haqqında çox dəyərli məlumatlar verir. Beləliklə dövrümüzdə yaşayan sonuncu ensiklopedistlərdən biri ilə intellektual səyahət.

- Siz deyirsiniz ki, tərcüməçi “danışıq aparmaq” məharətinə sahib olmalıdır.

-Bir dildən o birinə tamamilə üst-üstə düşən tərcümə mümkün deyil, çünki yüzdə-yüz uzlaşan sinonimlər mövcud deyil. Mənim əsərim “Təxminən eyni şeyi demək” adlanır və bütün “danışıqlar” məhz bu “təxminən” sözü ətrafında cərəyan edir. Fəqət, bu yeganə düyünlü termin deyil. Bəs bizim tərcümə etdiyimiz bu “eyni şey” nədir? Söz birləşməsidir, yoxsa nə isə daha geniş mənalı bir anlayışdır?

Təsəvvür edin ki, yazıçı öz obrazının necə axmaq olduğunu göstərmək üçün onun nitqinə axmaqca cinaslar (deyilişi eyni, mənaları fərqli olan sözlər) əlavə edir. Söz oyunlarının tərcüməyə uyuşmadığını bilərək cinas sözləri tərcümə etmək lazımdırmı? Yox. Verilmiş vəziyyətdə obrazın axmaqlığı, bizim “eyni şey” adlandırdığımız sözlərdir. Burada tərcüməçi, cinasların başqa qarşılıqlarını tapmaq məcburiyyətindədir. Xarici görünüşcə o sözün əsli ilə hərfbəhərf uyğunlaşmayacaq, ancaq mənaca uyğunlaşacaq. Çünki, qarşıya məqsəd kimi qoyulmuş “eyni şey” cinas sözləri olduğu kimi çevirmək deyil, sadəcə oxucuya obrazın axmaqlığını göstərən söz oyununu çatdırmaqdır.

- Danışıq aparmaq, siyasət aləminə aiddir...

- Danışıq aparmaq anlayışı həm semantikada, həm də siyasətdə həlledici rola sahibdir. Mütləq həqiqət mövcud olmadığı üçün, daim danışıqlar aparıb, ortaq mövqedə qərarlaşmaq lazım gəlir. Belə danışıqlar nə qədər tez-tez baş versə, o qədər yaxşı olar.

- Lütfən fikrinizi bir qədər dəqiqləşdirin.

-İnsanlar danışıq aparmayanda, vuruşurlar. Bu da doğrudur ki, danışıqlar “soyuq müharibə”lərin xüsusiyyətlərindən biri idi. Belə müharibələr zamanı, hər iki tərəf bir-biri ilə aşağıdakı kimi davranırdı: “Mən oraya soxulmuram, sənsə buradan çıx rədd ol”. Ya da: “Mən atom silahımı azaldıram, sən də özününkünün istehsalını dayandır”. Bu susqun, üstüörtülü danışıq aparmaq yolu idi. Bu gün biz artıq bu cür danışıq sənətindən məhrumuq. Biz güc nümayiş etdirmə, göz-gözə dayanma siyasətinə qayıtmışıq.

- Siz 1972-ci ildə həmin zamanların, Orta əsrlər dövründə qaldığını deyirdiniz. Bəs indi nə deyirsiniz?

-Mən bunu bir mühəndisin, sənaye sivilizasiyasının tənəzzülünü xəbər verən kitabını oxuduqdan sonra yazmışdım. Onda demişdim ki, Orta əsrlər keçid dövrüdür və biz də keçid dövründə yaşayrıq... Lakin, eyni zamanda asanlıqla istənilən başqa dövrə bənzər bir dövrdə yaşadığımızı da sübut edə bilərəm! (Gülür). Ciddi desəm, o vaxt yazdıqlarımdan imtina etmirəm, amma onlar elə də mühüm şeylər deyildi. Bizim dövrümüz böyük miqyaslı köçlərinə görə təqribən eramızın 500-ci illərində Roma İmperiyasının süqutu dövrlərini xatırladır. Böyük imperiyanın iflası hələ də davam edir: Sovet imperiyasının süqutundan sonra, Amerika imperiyasının qürubu başlandı. Həmçinin müqəddəs Avqustinin barbarlıq dövrü ilə paralellər aparmaq olar, Roma yanğınlarını Nyu-yorkun yanmış əkiz qüllələri ilə müqayisə etmək olar.

- Bəs bizim əsrimiz hər hansı başqa bir əsrdən nə ilə fərqlənir?

- Ağlıma gələn ilk cavab: bizim əsrin sürətidir. İndi mən istəsəm bir saatdan sonra Milanda ola bilərəm. Həmçinin sürətlənmənin başqa növü də var. Krinolini (XIX əsrin ortalarından Avropada dəbdə olan qadın geyimi. Bu həcmli görünmək üçün içinə məftillər keçirilən qadın donu idi-tərc.) yüz ilə yaxın geyiniblər, mini yubkanı isə cəmi on il geyindilər. Qaz lələyindən olan qələmi əsrlər boyu, çap maşınını isə düz yüz əlli il boyu istifadə ediblər, mənsə yeni əməliyyat sistemlərinin çıxması ilə əlaqədar kompüterimi tez-tez dəyişdirirəm.

Əsrimizə xas başqa bir cəhət isə, ömrün uzanmasıdır. Napoleon dövründə qırx yaşında dünyasını dəyişən insan, bütün həyatı boyu cəmi bir əlamətdar tarixi hadisə görmüşdü, o da Fransa inqilabı idi. İndi isə İkinci dünya müharibəsini, Sovet İttifaqının süqutunu və əkiz-qüllələrin dağılmasını görən insanlar var. Bizim həyatımız uzanıb, lakin daha da təlaşlı olub, həyatımızda daim həzm etməyə çətinlik çəkdiyimiz çoxlu hadisələr baş verir. Biz bununla kifayət qədər uğurla başa çıxırıq, amma bu sinir sistemimizdən qeyri-adi bir dözümlülük tələb edir.

- Tərcümə həm doğma dildə, həm də xarici dildə peşəkar bilik səviyyəsi tələb edir. Bizim dövrümüzdə ki, bir çox adam doğma dilini yaxşı bilmir.

- Həmişə belə olub və mən bunu ciddi problem hesab etmirəm. Bir tərəfdən aktiv lüğətin ixtisar olunmasından danışa bilərik. Digər tərəfdən, televiziyanın köməyi ilə hər bir vətəndaş orta səviyyədə söz ehtiyatlı toplaya bilir, bu dil bilgisini xeyli miqdarda artırır. Mən İtaliyada bir sürücüdən elə söz eşitdim ki, onun atası heç vaxt bu sözü işlətməyib, o özü isə belə söz ehtiyatına televizora baxaraq yiyələnib. Beləliklə, dil bilikləri kompensasiya olunur.

- Bəs insanların kitab oxumadan, sadəcə televiziya verilişlərini izləyərək söz ehtiyatlarını artırması bir yazıçı kimi sizi narahat etmirmi?

- Qulaq asın, mən həmişə insanların daha az oxuduqları ilə bağlı şikayətlər eşidirəm. Əslində isə bizim əsrdə kitab oxuyanların sayı, bundan əvvəlki əsrlərə nisbətən qat-qat çoxdur. “Fnac” kitab mağazasında kitab vərəqləyən çoxlu gənc görmək mümkündür. Mənim gəncliyimdə isə kitab mağazaları qapalı məkanlar idi. O zamanlar mağazaya girən adamın qabağını satıcı dərhal kəsib deyirdi: “Sizə nə lazımdır”. Bu bir anda kitab almaqla bağlı bütün istəyini öldürürdü.

- Hə, amma əvvəllər təsəvvürü gücləndirmək üçün ancaq kitab verirdilər, başqa heç nə. İndi isə biz rəsmlərlə əhatə olunmuşuq.

- Rəsmlər həmişə olub. Qotik kilsəsi nədir, oxumağı bacarmayan kasıblar üçün bir növ rəsmlərlə dolu televiziya deyilmi?

- Sizin “Eybəcərliyin tarixi” kitabınız xronoloji əsərdən daha çox tematik əsərdir. Bizim əsr özünə xas bir eybəcərlik doğurubmu?

- XX-əsrdə, hətta bir az da ondan əvvəl, avanqard incəsənət provokasiya kimi ortaya atılmışdı. Sifarişlə ortaya çıxan incəsənətdə isə eybəcərliklə bağlı bir sıra mübahisəli dəyərləndirmələr görə bilərik. Alman ekspressionistləri burjua cəmiyyətini ifşa etmək üçün olduqca iyrənc simaya malik insanlar təsvir edirdilər və əlbəttə bu yolla eybəcərliyi göstərmək üçün gözəl rəsmlər çəkmişdilər. Tədricən həyatımızda başqa fenomenlər ortaya çıxıb: gözəlliyi eybəcərlikdən ayırmaq müşkül məsələyə çevrilib.

Bu gün gənclər təkcə İntibah dövrünün gözəllik anlayışına uyğun olan Corc Kluni və ya Nikol Kidmandan zövq almırlar, həm də mənim şəxsən iyrənc hesab etdiyim satanist-roker Merlin Mensonu da bəyənirlər. Elə bu ideyanı illüstrasiya ilə ifadə etmək üçün, kitabıma İyeronim Bosxenin bir rəsminin surətini yerləşdirdim, bu rəsmdə o İsanı təqib edənlərin eybəcərliyini göstərmək üçün sifətlərini deşiklə çəkmişdi. Bununla yanaşı yerləşdirdiyim ikinci rəsmsə öz pirsinqini fəxrlə sərgiləyən bir pankın rəsmi idi... Gənclər Merlin Manson və onun pirsinqini necə qəbul edir? Bu artıq gözəllik və eybəcərlik məsələsi deyil. Birini o birindən ayırd etmək artıq müşkül məsələyə çevrilib. Bu anlayışlar bərabərləşməyə başlayıb.

- Bu bərabərləşmə əxlaqi baxımdan xeyirlə şər arasında fərqin itməsinə səbəb olurmu?

- Bu kitabımda qoyulan ən çətin suallardan biridir. Gözəllik-xeyir və eybəcərlik-şər eyniləşdirilməsi yəqin ki, əbədidir. Klassik antik dövrdə artıq cadugər qadınların ovuna çıxırdılar və onları olduqca çirkin varlıqlar kimi təsəvvür edirdilər, çünki onlar şər idilər. Eyni zamanda həmin klassik antik dövr Sokratı çirkin və xeyirxahlıqla dolu birisi hesab edə bilirdi. Sonrakı əsrlərdə romantizmin məhsulu olan əsərlərdə, xarici görünüşcə qorxunc, ancaq qızıl kimi ürəyi olan insanlardan bəhs edilir. Təkcə Viktor Hüqonun “Gülən insan” və Kvazimodo obrazları buna misal idi.

Eybəcərlik-şər eyniləşdirməsi günümüzə qədər gəlib çatıb. Rasizm məhz bu bərabərlikdən doğur: yad adam həmişə eybəcər kimi qəbul edilir. Hələ o vaxtlar, qədim yunanlar və romalılar barbarları çirkin insanlar kimi təsvir edirdilər. Əksinə bu gün isə eybəcərlik-şər bərabərliyi ciddi cəhdlə inkar edilir, şərin tərənnümü baş verir. Rokerlər özlərini pozitiv aləmdən hesab edirlər, lakin narkotika və satanizmin tərəfdarlarıdırlar.

Bu yeni və maraqlı fenomendir. Şərin tərənnümü həmişə olub (Jil de Re (Gilles de Rais) qara Məsih...), fəqət indiyə qədər bu gizlin baş verirdi. İndi belə şeyləri televizorda göstərirlər və uşaqlar nahar vaxtı buna baxırlar. Bu reaksiyanı şərin hər yerdə mövcudluğu hesab etmək mümkündürmü, ya da elə bu şərin səbəblərindən biridirmi? Eybəcərliyə baş əymək müharibə və qırğınlara gətirib çıxarırmı? Bu haqda bilmirəm, heç fikir bildirmək də istəmirəm. Mənim yerimə kim olur olsun, cəmiyyətdə yayılmış bu pozğunluğa meylliliyi hiss edə bilər.

- Deməli xeyir gizli fəaliyyətə keçir, şər isə populyarlıq qazanır?

- Bəli, tam olaraq əvvəllər baş verənin əksi baş verir. Bəlkə də mən yaşıma görə belə pessimist nəticəyə gəlmişəm. Gənclər bunu tamamilə normal hesab edir. Şəxsən mən çılpaq və pirsinq vurulmuş göbəyi olan gənc bir qızla sevgi yaşamaq istəmərəm, bunu çirkinlik hesab edirəm. Amma onun dostları bunu cəlbedici sayırsa, artıq heç nə deyə bilmərəm.

Əgər mənim terrorizmi ya da müharibəni əxlaqi cəhətdən dəyərləndirməyimi istəyirsinizsə, bu haqda danışa bilərəm. Lakin, zövqlər haqqında əxlaqi dəyər vermək mənim işim deyil. Mən ki, eybəcərliyin nəzəriyyəsini deyil, tarixini yazmışam, məhz insanlara mahiyyətlərin dəyişə biləcəyini çatdırmaq üçün bunu etmişəm.

- Yazılı əsərlər nəyi dəyişdirə bilər?

- Yazılı əsərlər heç vaxt indiki zamanı dəyişdirə bilmir, onlar ancaq gələcək zamanı dəyişdirir. Siz kitab oxuyursunuz, o sizdə dərin təəssüratlar yarada bilər; o tədricən düşüncə tərzinizi, şəxsiyyətinizi dəyişdirməyə başlayır və sabah, ya da birisi gün özünüzü tamam başqa cür aparmağa başlayırsınız. Buna görə də beynəlxalq problemlərin həlli üçün intellektuallardan yardım istəyənlər tamamilə yanılırlar.

- Siz fransız siyasəti ilə maraqlanırsınız?

- Əlbəttə. Bir tərəfdən, Fransa mənim ikinci vətənimdir. Digər tərəfdən, Fransada nə baş versə, istisnasız İtaliyadakı hadisələrə təsir edir, həmçinin əksinə təsir də mümkündür. Çoxlu yüzilliklər ərzində beləcə davam edib. İndi biz hamımız Fransada nə isə yeni şeylə baş verdiyini görürük. Nikola Sarkozinin kartları payladığını görürəm. Amma bilmirəm, o nə oynayır: poker yoxsa vist.

# 4644 dəfə oxunub

Müəllifin son yazıları

# # #