“Gülüstani-Şərif”

“Gülüstani-Şərif”
25 yanvar 2016
# 13:32

Nahid Hacıyev

1. Susmağın çıxmazlığı və ya atmaca.

Müasir nasirlərimizin yazdığı kitabları əldə etməyin ən rahat yolu təqdimatlarda, imza günündə iştirak etmək, kitabı almaq, üstəlik də imzaladıb “bax gəldim ha” minnəti ilə baxmaqdı. Müxtəlif səbəbdən təqdimata getmədikdə və kitab, “Şahbaz Xuduoğlunun mənə öyrətdiyi ifadə ilə desək” “Kitab mağazalarına” ulaşdıqda əldə etmək zorlaşır. Səbəbləri izah etsəm, uzunçuluq olacaq.

Şərif Ağayarın “Gülüstan” romanını oxuduqdan sonra təhlil, tənqid və tərifinə əsərdə olduğu fəsillər və başlıqlarla yanaşmağın düz olacağını yəqin etdim. Gəl ki, formanı təyin etmək, adət olunmuş təhlil və tənqid üslubundan fərqli, yeni və daha əyləncəli gedişlər tapmaq mənim üçün maraqlı, maraqlı olduğu qədər də yorucu bir prosesə çevrilir. Əsərin ruh halından tutmuş, alt qatlarından çıxan, dil foksluğunun və üslub fərqliliyindən vərəq-vərəq izah edən və ən əsası can deyib can eşitdiyi ətrafından yazmağa meylli “hörmətli” ədəbiyyatçılardan fərqlənmək istəyi, etmədiyin cinayətə görə qarnı yekə polis məmurunun qarşısında günahının olmadığını izah etmək kimi bir şeydi bu. Əslində, həmən tənqidçiləri və izah etdiyi əsərlərin bədii keyfiyyətini, son yazdığım cümlə kimi başa düşə bilmirəm. Nədir bu üslubçuluq, izmlik, növlərin mənşəlliyi sevdası, anlamıram? Nədir bu oxuyub sarsılmalar, tarı-mar olmalar, zehniylə bəşəri tərk etmələr? Baxdığımız film və oxuduğumuz kitablardan həzz alma dərəcəsinin fiziki qanunauyğunluqlarına, daxili sarsıntıların ölçü nəzəriyyəsi olmadığı üçün “illaf” çoxaltma dərəcəsinə nə hacət? Bütün işlərimizdə olduğu kimi, hisslərimizdə də özümüzün kəmliyi vardır. Kəmliklərinizi düzəldin, tənqidizmlər. Və kitablara münasibət bildirmək alışqanlığına bulaşın. Zira bu millətin kitab və ədəbiyyatı olmasa, şanına nəğmələr qoşulan qəhrəmanlıq dastanlarımız da olmayacaq. Çünki, biz, qəhrəmanlarımızı tarixdən yox, ədəbiyyat səhifələrindən, yazıçı və şairlərdən öyrənməyə alışmış bir toplumuq.

2. “Gülüstan” ı film kimi görmək və ya Ş. Ağayarın L.Trierlə müqayisəsi?

Dünyanın hansı ucunda yaşayırsan yaşa, insan eyni, duyğular eyni, göz yaşları eynidir. Kitabın arxa üz qabığında “Gülüstan” haqqında qısa izahı oxuduğum an, yadıma Trierin “Dogvill” filminin düşməsi də eynilik prinsipinin pozulmamasıdır. Şərif rejissor olub “Gülüstan” adlı film çəkərsə, necə olar deyə düşündüm və fikirləşdim. Yeni bir macəra peyda oldu. Həqiqət budur ki, “Gülüstan” da Trierin adı çəkildiyi məqamı oxumasaydım, eyniləşdirmənin bezdirici həddə çatdığı ədəbi mühitimizdə mən də, təkrarçılığa bulaşmazdım. Ancaq Şərif yazmaqla mənə şərait yaradır.

Kitabı hər əlimə aldığımda xəyali təsvirlə otağı boşaltdım, “Gülüstan”ın “Dogvill”də olduğu kimi maketini yaratdım. Tom rolunu Adəmə, Qreys rolunu isə Həyata verdim. Əslində, mahiyyət etibarı ilə “Dogvill” ilə “Gülstan” eyni məkan, eyni paralel, eyni günəş altındadır. İnsan həyatı, qəzəb, sevinc, haqsızlıq, hətta göz yaşları eynidir. Ancaq bu düz deyildi. Bu qədər eynilik ola bilməzdi. Bu iki məkanın “allah”larından biri məğlub olmalı, mütləq “vahidliyə” dönməli, həqiqəti izah edən ən ali nitqə inanmalı idim. Ancaq kimə? Kimə inanmalı? Müqayisə etmə prinsipinə əl atıram ki, toplanan ballar qərarımı göstərsin.

Şərifin “Gülüstan” adlı ölkə, dünya modeli – 5 bal

Trierin “Dogvill” adlı dünya modeli – 5 bal

Şərifin Adəm adlı obrazı – 4 bal

Trierin Tom adlı obrazı – 3 bal

Şərifin Həyat adlı obrazı – 3 bal

Trierin Greys adlı obrazı – 5 bal.

Nəticə: Ş – 12 bal, T – 13 bal.

Qalib bəllidir.

Mənə görə Şərif Trierə üç canlıya və bir cansıza görə uduzur. Greys, it, alma və sümük. Tək qalibiyyət isə Adəmdir.

Greysin saflığına və kirlənməyinə məğlub olan Tom aciz, Həyatın saflığına və kirlənməyinə məğlub olmayan Adəm güclü obrazdır.

Gresylə Həyatın tale yazısında çox cüzi fərqlər var. Hər ikisi kirli dünyadan qaçmağa cəhd etmiş, əzabın dibini yaşamış, zorlanmış, təhqir və təqib olunmuşdur. Həyat obrazının Greysə məğlubluğu düşdüyü dibdən çıxmamsında, cəmiyyətə uduzmasındadır. Trier adi sümük parçasını itə qaytarıb, - heç kimin haqqını oğurlamaq olmaz - deyərək Greyisin paklaşdığını göstərə bildiyi halda, Şərif Həyatı intiharla yoxa çıxarır. Məgər başqa yol yox idimi? Kirlənmiş dünyası, namusu ilə Azərbaycan cəmiyyətində itmiş qadının yaşamaq, sevinmək, sevmək haqqını mental dəyərlərə qurban verməklə, qadınlara çıxış yolunu göstərməmək yazıçının da cəmiyyətin xəstə psixologiyasına uduzduğuna işarə etmirmi?

3. “Gülüstan”a ədəbiyyatdan baxış və ya Bakıxanovun “Gülstani-İrəm” və Bəxtiyarın “Gülstanın”ından Şərifin “Gülstanı”ını nə ayırır?

Cəsarət və mərhəmət - bəşəriyyətin ən çox ehtiyac duyduğu hissdir. Uşaq dili ilə desəm Şərifin “Gülüstan”ı Bəxtiyarın və hətta Bakıxanovun “Gülüstan”ını döyər. Bəxtiyarın “Gülüstan”ı pafoslu vətən sevgisindən başqa bir şey deyil. Düşünürəm ki, Bəxtiyar nə Goranboyu görmüşdü, nə də onun bəxtsiz Gülüstan kəndini. Bəxtiyar Azərbaycanın halına “Gülüstan müqaviləsi”ndən ağladığı halda, Şərif havadan, torpaqdan, sudan, oddan və ən əsası insandan ağlayır. Bakıxanovun 100 illik tarix həqiqətlərini, Şərif mərmiyə tuş gələn Adəm ömründə anladır. Şərif Ağayarın “Gülüstan”ı cəmiyyəti, insanları, Azərbaycanı təmizlənmək, saflaşmaq, vahid olmaq, sonun başlanğıcı üçün, diriliş üçün Gülüstan qəsəbəsinə çağırır. Başlanacaqsa, burdan başlansın deyir. Yanacaqsa, qiyam qalxacaqsa, qurtuluş olacaqsa, burdan olmalıdır deyir.

4. Tənqid, tərif və obrazların obrazlığı.

“Gülüstan”da ən zəif işlənən mövzu zamandır. Zaman anlayışı o qədər boşluqdadır ki, bəzən insan özünü qara dəlikdə hiss edir. Gedəcəyi məkanın, dövranın hansı dövran olduğunu unudur. Oxucu olaraq Azərbaycanın, cəmiyyətin dünəni, bu günü, sabahına eyni anda səyahət edə bilirik. Əkrəm Əylislinin “Daş yuxular”ı qədər yaxın, fin evləri qədər uzaq, İsmayıllı hadisələri qədər unutmağa hazır oluruq. Zaman-zaman Adəmin gəncliyinə keçid verib, zaman-zaman “Gülüstan”la paralel ömür yaşayıb, hadisələrə xırda bağlılığı olan insanların taleyinə şahidlik edirik. “Gülüstan”da hadisələrin başlıqlara bölünməsi əslində zaman ardıcıllığından qaçmaq, obrazların baş verəcək hadisələrə bağlılığını gizlətməyə yönəlmiş, xəstə bir mühiti faş etmək prinsipinə söykənən ədəbi gediş olaraq görürəm. Və bəzən başlıqlar və başlıqların açması “Gülüstan kürdləri” qədər sönük, 37-lər məhləsi qədər simvolik, “Göylər hər şeyi görür” və ya “Saman yolu” adlandırılması ilə Allah axtarışına çıxan fəlsəfəçilikdir. Bəzən bu fəlsəfəçilik (“Saman yolu” – Tanrının xoşbəxtlik oğurlamışdı... İnsanlar heç yerdə xoşbəxtliyi tapmırdı) ucuz və qəti təsdiqlənmiş fikir kimi görsənir.

Əsərdə ən yaxşı işlənmiş forma isə təhkiyədir (Xırda qüsurları çıxmaqla. Nümunə; ... Yəqin ki, bu Abadxeyir torpaqlarında olmuşduda “yəqin ki” tapmacası). Şərif təhkiyəsi ilə obrazın önündə getmir, ən pis halda onunla birgə addımlayır.

Mövzudan kənar olaraq qeyd edim ki, III şəxsin dilindən bəhs edilən əsərlərdə “yəqin ki, “bəlkə də”, “güman ki”, “baxmayaraq” və s. kimi ifadələrin işlənməsi yanlışdır. Çünki III şəxsdən çıxış edən təhkiyəçi anlatdığı hadisənin, yaratdığı obrazın sirlərinə, məhrəm hisslərinə qədər bələd olma məcburiyyəti daşıyır.

“Gülüstan”da Adəm və İnqilab Dadaşovdan başqa “diri” başqa obraz yoxdu. İnqilab obrazında ölüm yerində və zamanında işləsə də, Adəm obrazında ən böyük səhv sonda ölməsidir. Həqiqət budur ki, Adəm əsərin başından sonuna qədər ölümə yaxın olmadı. Toplumdan qaçdı, iğtişaşlardan gizləndi, direktorun danlağına “üzr istədi”, polis rəisinə tabe oldu, Həyat üçün mücadilə etmədi, Ehtiramın dilinə məğlub oldu və hətta Kinkonq ləqəbli müəllimdən də çəkindi. Həqiqət və cəsarət, qorxmazlıq obrazında çıxış etməyən Adəmin sonda topluma qarışıb gülləyə tuş gəlməsi inandırıcı görsənmir. Adəm kimi hər şeyi içində yaşayan ədəbi obrazlar ən uzağı Jan Batis Qrenuy kimi özünü içəridən yeməli, günahının acı nəticəsini yoxsul, ac insanların iştirakı ilə göstərməli idi.

Həyatın taleyində heç bir rol oynamayan Adəm həyat səhnəsində rol tapmadığı qadına çarəsizlikdən intihar rolunun ifasını tapşırır. Ləkələnmiş sevgisinin acı taleyinin bütün tərəflərini öyrənməyə söz versə də, özünü Həyatın xilaskarı olaraq hiss etməyə çalışsa da, həm Adəmin, həm də oxucunun şahid olduğu yalnızca bir başlıqlı kədərli qadın ömrüdür. Bəs hanı mücadilə? Qapısına gələn yaralı, daxildən itmiş qadına “rədd ol” demək Adəmin öyrəndiyi həqiqətlərin, axtarışların nəticəsi olmamalıydı.

Yazıçı tərəfdən əsərin kilid obrazları Adəm və Həyat nəzərdə tutulsa da, mənə görə “Gülüstan”ın kilid obrazı İnqilab Dadaşovdu. Əsər onunla başlamasa da, hadisələr onun iştirakı ilə rəng alır. “Gülüstan”ı sonluğa dartan İnqilabın dirənişi və həqiqət dolu çağırışlarıdır. “Gülüstan”da İnqilab adlı obraz olmasa nə Adəmin qəbul etdiyi qərarlar olardı, nə də başa düşdüyü həqiqətlər. İnqilab olmasaydı “Gülüstan” camaatının itiqamı da, xalqın üsyanı da olmayacaqdı. İnqilab obrazını yaratmaqla Şərif əsər boyu yaşatdığı bütün obrazlarla deyə bilmədiyini İnqilabın ortalıqda qalan cəsədi ilə deyə bilir.

5. “Gülüstan”ın uğuru.

“Gülüstan”ın ən böyük uğurlarından biri (qarışıq görsənsə də) yaşadığımız gerçəkliklərin obraz və ya məkan olaraq Gülüstan qəsəbəsində özünə yer tapması, şahid olduğumuz real hadisələrin müxtəlif hekayətlərlə əks olunmasıdır.

İkinci ən böyük uğur, obrazlara verilmş adların xarakterləri ilə eynilik daşımasıdır. Adəm obrazında Adəm adı çarəsiz, gücsüz, həqiqəti dərk edib, haqsızlığa göz yuman, susan bəşər insanlarını tam olaraq ifadə edir. Biz, Molla Xəyanət kimi, Allaha xəyanət etmiş, din kölgəsində gizlənmiş, islamın düşdüyü acı duruma baxıb, Həyat obrazına verilmiş adın müasir insanın, Azərbaycan cəmiyyətindəki toplumun əyninə nə geniş, nə də dar biçildiyinə şahidlik edirik.

Mənə görə Şərif Ağayarın “Gülüstan”ı bir yazıçının yaza biləcəyi ən gözəl tarixi əsərdir.

# 1032 dəfə oxunub

Müəllifin son yazıları

# # #