Sabir bağı adlanan xırdaca bağın skamyalarının birində oturub şairin heykəlinə baxırdım. Skamyada əyləşdiyimə görə daş üstə oturan şairdən çox perspektivli görünürdüm.
Elə bu zaman bir qara qarğa gəlib bağın alçaq hasarı üstünə qonaraq, mənimlə çox yaxın bir məsafədə dayandı. Başını o yan-bu yana burub, məni diqqətlə süzməyə başladı. Qarğanın qorxmazcasına bir-iki addımlığımda dayanması məndə maraq oyatdı. “Nə yaxşı qorxmur əə, bu? Əl atsam tuta da bilərəm ki, bunu!”
Bu fikirlərdə olarkən, qarğa o yan-bu yana bir-iki qarış yeriyib belə dedi: “Məni heç vaxt tuta bilməzsən, çünki əl atmaq fikrini duyarsam, dərhal qaçmaq üçün aramızdakı məsafə mənə bəs eləyir!”
Baa, işə düşdük dəə! Bu nədi, olmaya qarğa danışır? Mən qarğaya tərəf dönüb: “Əşi, neynirəm ee, səni tutub? Ətin də yeyilmir!”- dedim ki, görüm, o doğrudan da danışa bilirmi, yoxsa mənə belə gəlir? Qarğa dərhal cavab verdi: “İnsanlar belədi dəə, həmişə yemək, ət barədə düşünür. Nə yaxşı bizim ətimiz yeyilmir, yoxsa nəslimizi kəsərdiniz!”
Baxdım ki, qarğa nə dimdiyini aralayır, nə də ondan səs gəlir. Sadəcə, üzünə baxanda onun tərəfdən mənə fikirlər gəlir. Çox maraqlıdı, düşündüm, bəlkə bununla bir az söhbətləşim?
Dedim: “Qarğa qardaş, sən düz deyirsən, ətiniz yeyilməli olsaydı, bu qədər yaxına qonmağa da risk eləməzdin. Özü də ətinizi yemirik deyə, sizə mundar deyirik. Bəs sizi, məsələn, tülkü, çaqqal yeyirmi?”
Qarğa bir xeyli gülüb: “A kişi, tülkü-çaqqal bizi hansı ağılla tutub yeyə bilər?” – dedi. Mən: “Bəs deyirlər, guya ağzında pendir olan bir qara qarğanı nə vaxtsa tülkü aldadıb?”
Qarğa əsəbiləşdi: “Kişi, birincisi, o təmsili nə vaxtsa Krılov goplayıb. Guya bir qarğa ağzında pendir budağa qonubmuş. Tülkü onun pendirini əlindən almaq üçün ağacın dibindən yuxarı boylanaraq qarğaya deyib ki, eşitmişəm, sənin çox gözəl səsin var, oxusaydın qulaq asardım. Guya qarğa da tərifə uyaraq oxumaq istəyib. Ağzını açan kimi pendir düşüb, tülkü də göydə qapıb. Bunu o rus təmsilçisi yazıb, sizdə də bax, bu kişi dilinizə tərcümə eləyib. Düzdü, bundan qabaq o təmsili Abbas Səhhət tərcümə eləmişdi. Ancaq, insafla deməliyəm ki, Sabirinki daha şirin alınıb. Lakin Sabir təmsilin arxasına belə bir beyt artırıb:
Olmasaydı cahanda sarsaqlar,
Ac qalardı mənim kimi yaltaqlar…
Kişi qarğanı sarsaq adlandırıb, ancaq biz sarsaq deyilik, tülkü kimiləri bizi aldada bilməz! Yaltaq sözlərdən, yersiz təriflərdən özünü itirən qarğalar yox, siz insanlarsınız, bildin?!”
Qarğa xeyli qəzəbli görünürdü. Onun könlünü almaq üçün söhbətin yönünü dəyişmək istədim: “Yaxşı, qardaş, eşitmişəm, qarğalar çox yaşayır, bəs sənin neçə yaşın var?”
Qarğa yenə durduğu mərmər daşın üstündə var-gəl eləyib əsəbi halda: “Bilirsənmi, quşlar heç vaxt öz yaşını deməz!”- dedi.
Yenə xətrinə dəydiyimi zənn elədim, xırda bir üzrxahlıq kimi: “Hə, düz deyirsən, bizdə də qadınlardan yaşını soruşmaq ədəbsizlik sayılır,” - dedim. Qarğa tərəfdən yenə fikirlər gəlməyə başladı: “Bax, sən bayaqdan mənə “qardaş-qardaş” deyirsən, nə bilirsən, bəlkə qardaş yox, bacıyam?”
Mən ona dərhal: “Xətrinizə dəymişəmsə, bağışlayın!”- dedim.
Qarğa təzədən başladı: “Mən uşaq olanda babam söyləyirdi ki, sizdə bir Molla Nəsrəddin olub, bir qarğa tutub. Soruşublar ki, a Molla, bunu neynirsən, əti də yeyilmir? O da qayıdıb ki, eşitmişəm, bu qarğalar üç yüz il yaşayır, istəyirəm bunu saxlayıb öyrənəm, söhbət doğrudurmu? Onu eşidən ağsaqqallardan biri deyib, a kişi, sən axı, üç yüz il yaşaya bilməzsən, onun yaşını hardan biləcəksən? Molla dərhal öz sarsaqlığını anlayaraq qarğanı buraxıb. İndi, gör, sarsaq olan insanlardı, yoxsa qarğalar? Yalandan təmsil yazmaqla deyil ki?”
Baxdım ki, qarğa insanlar sarıdan yanıqlıdı, həm də həmcinslərini çox ağıllı canlı kimi qələmə verir. Hücuma keçərək: “Balam, bu qədər ağıllısınızsa, bəs bir avam Molla o qarğanı necə tutubmuş?”- deyə soruşdum. Qarğa başını o tərəf-bu tərəfə əyərək, mənə diqqətlə nəzər saldıqdan sonra: “Bilirsənmi, əziz dost, qarğalar da tora düşür, lakin çox təsadüfi hallarda. Babam deyərdi ki, Molla o qarğanı tutmaq üçün tövlənin qapısının ağzından içərisinə qədər taxıl səpibmiş. Qarğa da elə bilib, Molla dəyirmana dən aparanda yolda töküb. Sən demə, Molla qapının tutalğacına ip bağlayıb, axurda gizlənibmiş. Əhvalat qış fəslində, aclıq vaxtlarda olub. Qarğa dənləyə-dənləyə tövləyə girəndə, Molla qəfil qapının ipini çəkib, qarğa da qalıb içəridə, bax, belə. O boydana kişi bir qarğadan ötrü, eşşəyin axurunda gizlənibmiş. Eşşək olmasaydı, qarğa heç Mollanın toruna düşməzdi. Babam deyirdi ki, ac qarğa kişinin hənirtisini uzaqdan hiss eləməliydi, sadəcə, eşşəyin hənirtisi ona mane olub. Yəni, Molla o qarğanı eşşəyin köməkliyi ilə tuta bilib, indi bildin?”
Mən dinməzcə ona baxırdım, aramıza bir az sükut çökdü. Lakin qarğa dimdiyi ilə Sabirin heykəlini göstərib, əsəbi şəkildə sükutu pozdu: “Bu kişi də inanıb ki, guya tülkü bizi aldada bilir. Halbuki, iki qarğa ən hiyləgər tülkünün ovunu əlindən ala bilir. Biri quyruğunu dimdikləyir, tülkü arxaya çevrilən kimi o birisi də onun qarşısındakı tikəni götürüb uçur, bax, belə!”
Mən onun Sabirdən incikliyini hiss edib soruşdum: “Olmaya, qarğalar şairin heykəlini qəsdən batırır?”
Qarğa dərhal başını bulayıb: “Yoox, biz elə qanacaqsız deyilik! Belə şeyləri göyərçinlər eləyir!” – deyə, sözümə etiraz elədi.
Bir də onda ayıldım ki, bayaqdan bir qoca qara qarğa ilə söhbət eləyirəm. “Olmaya, başım xarab olub”,-deyə düşündüm…