Gül məni yedi YUXULARLARIM 10

Gül məni yedi YUXULARLARIM 10
14 iyul 2014
# 12:33

Niyə hamı bizimlə maraqlanır?

Skeletdən gözlər sallanırdı

Naxışlar, alqışlar, beşillik plan

Xlorsatanın şairi ilandan xilas etməyi

Şəklimi çəkib feysbuka qoyacaqlar, biabır olacam

Xoruz kimi banlamağım, məni yeyən rəngli kirpilər

Atamın meyiti məndən su istədi

Hörümçəyin başımdan tapdığı balaca oğlan

Xəzinənin puluna sevgilimi də götürüb...

Gördüm, yatdığım yerdə məni bir quş səsi oyatdı. Quş avazla belə oxuyurdu: “Dit-dili-ditdili!” Səsə diqqətlə qulaq asanda gördüm, quş belə deyir: “Səni ölüm hərləyir!” Qalxıb pəncərədən səs gələn tərəfə boylandım. Gördüm, oxuyan qarşımdakı böyük çinar ağacına qonmuş, həyatımda heç vaxt rast gəlmədiyim, çox gözəl və bəzəkli quşdu. Quşun nəğmə ilə mənə çatdırmaq istədiyi sözlər marağımı çəkdi. Belə sağlam çağımda, bu gənc yaşımda ölüm necə hərləyə bilər məni? Bəlkə quşun nəğməsini özüm üçün səhv yozuram, bəlkə elə, dəli oluram? Mən ki, quş dilini bilmirəm. Maraq üçün düşüncəmlə quşa belə sual göndərdim: “Ey quş, doğrudanmı məni ölüm hərləyir?” Quş qonduğu budaqda bir dəfə fırlanaraq sözlərini təkrar elədi: “Səni ölüm hərləyir!”

Mən aşağı düşüb onun qonduğu ağacın altına gəldim. Bu zaman quş uzun, min-bir rəngli qanadlarını çalaraq ağacdan uzaqlaşmağa başladı. Mən onun arxasınca qaçaraq sualımı təkrarlayırdım: “Doğrudanmı məni ölüm hərləyir?”

Quş beləcə başımın üstü ilə açıq səhər səmasında qanad çalıb uçur, mən də onun arxasınca qaçırdım. Gördüm, qəfildən ayağımın altındakı yaşıllıqlar bitdi və qarşımda qumlu bir səhra peyda oldu. Artıq, quşun arxasınca qaçdıqca ayaqlarım quma batır, hərəkətim ləngiyirdi. Hərdən qarşımda qalxan səhra küləyi burularaq qum burulğanı yaradır, qaynar qumu ağız-burnuma doldururdu. Tozlanan qum gözlərimə dolmasın deyə əllərimi üzümə tutur, dişlərimin arasında xırçıldayan qumu tüpürərək oxuyan quşun arxasınca qaçmağa davam edirdim. Bir xeyli beləcə qaçdıqdan sonra, gördüm, qarşıma iri kaktus ağacı çıxdı. Buraya kaktus meşəsi də demək olardı. Bir kaktusdan digərinə uzadılaraq bağlanmış iplərə çoxlu paltar sərilmişdi. Gördüm, nəhəng kaktusların dibində lüt qoca kişilər oturub söhbət eləyir. Onlar uzun müddət aclıq çəkmiş adamlar kimi eybəcər və arıq idilər.

Baxdım ki, arxasınca gəldiyim quş nəhəng bir kaktusun bənövşəyi çiçəyinə qondu. Qocalara yaxınlaşıb quş haqda nəsə soruşmaq istəyəndə ipdəki paltarlardan biri qəfildən vahiməli səs buraxaraq uça-uça üstümə cumdu. Mən dərhal o paltarı tanıdım. Bu, mən uşaq olarkən kəndimizin yas yerlərində eybəcər səsi ilə qorxulu dualar oxuyan saqqallı qocanın köynəyi idi. Bir vaxtlar onu küçədə görəndə necə qorxub qaçdığımız yadıma düşdü. Düymələrindən alov qalxan köynək qollarını açaraq üstümə şığıyıb dik duran yaxalığı ilə gözlərimi çıxarmaq istəyirdi. Əl-qol atıb, özümü köynəkdən qoruduqca, bu əcaib paltarın ayağa qalxmış sahibi uzaqdan baxaraq əyri çənəsini oynadıb gülürdü. Əyri qıçlarını, sinəsini ağ tük basmış bu iyrənc qoca dirijorlar kimi əllərini oynadaraq, sanki köynəyi kənardan idarə edirdi. Bu zaman kaktusa qonmuş quş yenidən oxudu: ”Dit-dili-ditdili! Səni ölüm hərləyir!” Quşun nəğməsini eşidən qorxulu köynək məndən əl çəkib öz yerinə qayıtdı və heç nə olmamış kimi, ipdən asıldı. Nəfəsimi yenicə dərmək istəyirdim ki, gördüm, indi də ipdəki şalvar üstümə cumdu. Paltar ətrafımda uçub dolaşaraq ayaqları ilə məni boğmaq istəyirdi. Mən bu şalvarı da tanıdım. Bu, maşın qəzasında ölmüş əsgər yoldaşımın şalvarı idi. Uzun illər bundan qabaq hərbi qulluq zamanı maşın qəzasında üç nəfər əsgər yoldaşım həlak olanda mən təsadüfən salamat qalmışdım.

Şalvar üstümə cumaraq ayaqları ilə məni boğub qumlu havada nəfəsimi kəsirdi. Ayaq üstə ləngər vura-vura dayanan üzü qanlı əsgər yoldaşımı tanıdım. O, gənc yaşlarında ölsə də haradasa yaşlaşaraq buradakı qocalarla eyni yaşda görünürdü. Gördüm, əsgər yoldaşım gənckən ölməyinin və mənim sağ qalmağımın öcünü almaq istəyir. Az qalırdı şalvar məni boğaraq başımı bədənimdən ayırsın.

Nəhayət, paltarla çarpışmada huşumu itirib qumluğa yıxıldım. Qumluq altımda burulğan yaradaraq məni öz içinə çəkirdi. Nə qədər əl-qol atsam da qum axınından xilas ola bilmirdim. Mən sanki iri bir qum saatında yuxarıdan aşağıya axırdım. Bir müddət axdıqdan sonra qəfil bir boşluğa düşdüm. Gözlərimi açarkən qarşımda nəhəng gülləri olan böyük bir bağ gördüm. Burada yaz ayının ortaları olduğuna görə hər yan gözəl və rahat idi.

Mən dayandığım yerdə fırlanaraq həm ətrafdakı gülləri seyr edir, həm də arxasınca gəldiyim quşu axtardım. Lakin, nəhəng güllər açmış yaşıl ağaclardan başqa bir şey görmədim. Güllərin saçdığı müxtəlif ətirlər biri-birinə qarışaraq adamı bihuş eləyirdi. Birdən ən qırmızı güllərdən birinin ətri məni özünə tərəf çağırdı: “Yaxın gəlsənə!” Mən yavaş-yavaş alçaqboylu, uzun qolbudaqlı ağacın nəhəng gülünə yaxınlaşdım. Bu zaman gülün özəyindən çölə sıçrayan üç dənə sarı tozlu tel belimə dolanaraq məni içinə çəkib ləçəklərinin ortasında oturtdu.

Mən gülün qeyri-adi ətrindən uyub nəhəng ləçəklərin arasında uzandım. Baxdım ki, gülün iri ləçəkləri getdikcə üstümə qapanır. Əvvəlcə heç nə anlaya bilmədim. Ləçəklər tam qapandıqdan sonra, gördüm, gülün tozlu milləri bədənimə dolanaraq damarlarımdan qanımı sorur. Nə qədər cəhd eləsəm tərpənə bilmirdim. Gül qanımı sorub qurtardıqdan sonra zoğlardakı tozlar ətimə daraşaraq hər tərəfdən məni yeməyə başladı. Bədənimin sürətlə yeyilib yoxa çıxmasından dəhşətə gəlirdim, lakin sarı tozların keyidici təsirindən ağrı hiss eləmirdim. Tozlar beləcə ətimi tam yeyib qurtardıqdan sonra, baxdım ki, artıq skeletəm. Fikirləşdim, yəqin, quşun dediyi elə bu imiş.

Bir müddət sonra ətrafımdakı ləçəklərini yavaş-yavaş açan gül yenə pardaqlanmış halına gəldi. Zoğlarla bağlanmış skeletim gülün tən ortasında halsız dayanmışdı. Bu zaman belimə dolanmış zoğlar skeletimi möhkəm sıxıb yuxarı qaldıraraq qəfil bayıra tulladı. Ətrafda düzülmüş nəhəng güllər yerə yıxılmış dümağ skeletimi seyr edərək ağız-ağıza verib bərkdən gülüşdülər. Mən yenə quşun nəğməsini xatırladım: “Səni ölüm hərləyir, səni ölüm hərləyir!”

Yuxudan oyananda gördüm, xanımım otaqdakı güzgünün qarşısında bir neçə ətri qarışdırıb, yeni ətir kəşf eləməyə çalışır...

# 3257 dəfə oxunub

Müəllifin son yazıları

# # #