Niyə hamı bizimlə maraqlanır?

Niyə hamı bizimlə maraqlanır?
24 aprel 2014
# 11:45

Murad Köhnəqala

Bildiyimə görə, insanların nə üçün yuxu gördüyünü elm hələ də izah edə bilmir. Tarix boyu yuxuyozanlar da az olmayıb, lakin şəxsən mən yuxulara ciddi sistematik bir nəsnə kimi baxmamışam. Dəfələrlə sübut olunub ki, bəzən insana yuxu vasitəsi ilə hansısa mesaj çatdırılır. Bu fikrin doğruluğuna inansaq, belə çıxır ki, insanların taleyi əvvəlcədən hazırlanır. Şəxsən mən gördüyüm yuxularda real həyatımda baş verən bəzi hadisələrin mesajlarını dəqiqliyi ilə almışam, amma bütün bunları təsadüflərə və simvolik aldanışlara yozmuşam. Adətən yuxularım ayılandan sonra yadımdan çıxır. Lakin elə yuxular da var ki, hansısa əlamətdar elementinə, qeyri-adi süjetinə görə yadda qalır. Bu silsilə yazımda gördüyüm maraqlı, absurd yuxularımın yaddaşımda ilişib qalan yerlərini yuxu söyləyən adamın təhkiyəsi ilə qələmə almaq istəyirəm.

BİRİNCİ YUXU:

Gördüm, ikimiz də yol gedirik. Ətrafımızda uzun, zərif budaqlarını aşağı sallamış söyüd ağacları var. Yolun iki tərəfində təzəcə yarpaqlamış söyüd ağacları cərgələnib. Gördüm, sallanan söyüd budaqları yasəmən rəngli xırdaca çiçəklərə bürünüb. Hər tərəfdən bal arılarının vızıltısı eşidilir. Hərdən bu vızıltı səsləri insan danışığına çevrilir. Bu anlaşılmaz səslər sevdiyi işlə məşğul olan adamların şən danışıqlarını xatırladır. Gördüm, sənin belində məktəbli çantası var. Həm də sən boyda məndən xeyli balaca görünürsən. Gördüm, birdən haradansa dəniz daşdı və getdiyimiz yola su qalxdı. Gördüm, su söyüdləri udur, özü də bu su yalnız bizim getdiyimiz yoldadı, kənara axmır. Biz söyüdlərin arasında mülayim axan dəniz suyunda üzürük. Söyüdlərin sallanan budaqları su altında dalğalanır. Biz budaqlardan tutub yellənərək üzə-üzə harasa irəli gedirik.

Gördüm ki, sənin belindəki məktəbli çantası yox, oksigen balonudu. Gördüm, o balondan mənim də belimdə var. Hərdən sənin saçların söyüdlərin nazik budaqlarına dolaşır, mən üzə-üzə gəlib saçlarını oradan ayırıram.


Bir də gördüm, biz iri dişləri olan açıq bir əjdaha ağzına doğru gedirik. Mən səni tutub dayandırmaq istəyirəm, ancaq gücüm çatmır. Sular arxamızdan itələyərək ikimizi də həmin o nəhəng ağızın içinə itələdi. Sulara gücüm çatmadığına görə dəhşətə gəlmişdim. Suyun dalğası taleyin zərbəsi kimi bizə ağuşuna alıb əjdahanın ağzına tulladı. Mənim gücüm təkcə sənin əlini buraxmamağa çatırdı. Biz suda fırlana-fırlana əjdahanın ağzına, oradan da bətninə doğru üzdük. Baxdım ki, burada çoxlu sayda dəniz heyvanları var. Müxtəlif bəzəkli balıqlardan tutmuş iynəli, qalxanlı canlılara qədər. Həm də əjdahanın qarnının hər iki tərəfində rahat oturacaqlar vardı. Biz oturacaqlarda yanaşı oturaraq düşünürdük ki, görəsən, bu işin axırı necə olacaq. Sən mənə sığınaraq ətrafda üzüşən canlıları göstərib belə deyirdin: “Bunlar xoxulardı. Xoxu, mən onlardan qoxu!” Mən də səni sakitləşdirirdim. Ancaq hiss edirdim ki, getdikcə bu ziyansız dəniz heyvanlarına öyrəşirik, artıq sən də qorxmursan. Hərdən barmağını ətrafımızda üzüşən meduzalara vuraraq “mən bunlardan qoxu!” deyib gülümsəyirdin.

Bu zaman dalğaların içəri atdığı nəhəng bir kitab ortalıqda göründü. Sən dedin, bu hansısa batmış gəminin jurnalıdı. Bizdən başqa bu kitabla heç kim maraqlanmırdı. Çünki orada oxuya bilən canlı yalnız biz idik. Biz üzən kitabı tutub dizimizin üstünə qoyduq və birlikdə vərəqlədik. Orada cərgə ilə əcnəbi adlar yazılmışdı. Sən dedin, bu, ingilis gəmisindəki sərnişinlərin adlarıdı. Sonra kitabın şəkilli kulinariya səhifələrini gördük. Sən orada yazılanları ingiliscədən tərcümə edirdin. Gördüm, deyirsən, burada bizim haqda da yazılıb. Mən soruşdum ki, axı biz bu gəmidə üzməmişik. Sən dedin, mən də başa düşmürəm, niyə son vaxtlar hamı bizimlə maraqlanır.

Bir də baxdıq ki, dalğalar yanımıza içində yazılı kağız olan bir butulka gətirdi. Biz qalxıb suda üzən butulkanı tutduq. Mən butulkanın tıxacını dartıb məktubu içərisindən çıxartdım. Düşündüm ki, bu da ingiliscə ola bilər, ona görə məktubu oxumaq üçün sənə verdim. Sən məktubu oxuyub dedin ki, bunu sən mənə yazmısan. Dedim, bax gör nə yazmışam. Dedin, sən batan gəmidə olmusan, son anda mənə məktub yazmısan. Dedim, oxu görüm nə yazmışam. Dedin, qulaq as və oxudun: “Caım, (“canım” sözünü biz qəsdən təhrif edirik axı) biz bir yerdə olanda həmişə xoşbəxt və güclü olmuşuq. Mən həmişə səni xoşbəxt eləmək istəmişəm, lakin bilmirəm buna nail ola bilirəmmi. Yadındamı, həmişə deyirdin, mən yalnız səninlə bir yerdə olanda xoşbəxt oluram. Bil ki, mən də yalnız səninlə olanda xoşbəxt olmuşam. Caam, ola bilər səni bir də görə bilmədim. Yosunlarla göndərdiyim bu məktubda demək istəyirəm ki, səni çox sevirəm!”

Sən məktubu oxuduqdan sonra baxdım ki, biz əjdahanın qarnında yox, metrodayıq. İkimiz də ayaqüstə yol gedirik. Gördüm ki, sənin sol ayağındakı ayaqqabının bağı açılıb. Mən sənə işarə eləyib açılmış ayaqqabı bağını göstərdim. Sən gülümsəyərək yuxarıdan aşağı sol ayağına baxdın və baxışlarınla ayaqqabının bağını gül şəklində bağladın. Bunu məndən başqa vaqonda heç kim görmədi. Gördüm ki, mən gah sənin gözəl üzünə, gah da gül kimi bağlanmış ayaqqabına baxıram.

# 4433 dəfə oxunub

Müəllifin son yazıları

# # #