“Heyvanların söhbəti”
Səhər-səhər oyanıb həyatdan xoş bir şey umarkən kimsə xətrinə dəyən bir söz söyləyəndə həmin gün axşama kimi dilxor olursan. Bax, Çəyirtkənin də başına belə bir iş gəlmişdi. Əslində, elə günah da Çəyirtkənin özündə oldu.
Çəyirtkə səhər tezdən oyanıb ağacda gərnəşən Meymuna baxıb gülmüşdü. Özü də onun çiyinlərini atıb tullana-tullana gülməyi çox axmaq olurmuş. Hə, Çəyirtkə ağacın dibindən:
- Hi-hi-hi, sən meymunsan? Meymun ki, meymun, siz belə gərnəşirsiniz? Bəs ağzını niyə o boyda ayırırsan? Heç gərnəşəndə güzgüyə baxmısan? Ağzın lap o qıllı qulaqlarının dibinə gedir! Hi-hi-hi! – deyib söhbətə siftə elədi.
Meymun başını əyib aşağı, səs gələn tərəfə boylandı. Gördü ki, Çəyirtkə ora-bura tullanaraq qarnını tutub ucadan gülür. Onun çiyinlərini ataraq gülməyi Meymunu lap dəli elədi.
-Eeey! – Meymun qışqırdı, - sən mənə gülürsən? Mənim gərnəşməyimi bəyənmirsən? Deməli, sən bizə əcdadlarımızdan yadigar qalmış gərnəşmə əməliyyatımızı lağa qoyursan? Sən mənim gərnəşməyimə gülməyinlə bütün bəşəriyyəti lağa qoymuş olursan, bu işindən xəbərin varmı, ey sarsaq? Ey beyinsiz məxluq, bilmirsənmi, biz bütün insanların əcdadıyıq? Bil ki, sənin bu hərəkətini insan oğlu eşitsə, oturub düşünərək laboratoriyada güclü bir zəhər hazırlayar və o dərmanla yer üzündən nəslinizi kəsər! Bir məsəl var ee, deyir, çəyirtkə kimi hər yana yayılıblar, siz bax osuz, di get!
Çəyirtkə baxdı ki, Meymun onun zarafatından möhkəm cırnayıb, davam eləməyə həvəsləndi. Onsuz da iş-güc yoxdu, bekarçılıqdı. Tullana-tullana Meymunun oturduğu budağın bir yarpağına qonub yenidən başladı:
- Aha, inkişaf var! Deməli, sən bizim haqqımızda məsəl də bilirsən! Bəs özünüz haqda olanları eşitmisən?
- Hansıları? Bircəciyini de görüm! - Meymun sağ əlini Çəyirtkə tərəfə uzadaraq, qarşıdakından pul istəyən adamlar kimi, baş barmağını şəhadət barmağına sürtüşdürdü.
- Məsələn, “meymun kimi nə tullanırsan ora-bura?” Məsələn, “meymun baxar güzgüyə, adını qoyar Məşədi İbada!” Sonra, canım sənə desin, “Martışka i oçki”!
Çəyirtkənin dediklərinə maraqla qulaq asan Meymun gözlərini yumuşduraraq:
- Yaxşı, əvvəlkiləri başa düşdük, o axırda dediyin nə idi, mən ölüm? – deyə soruşdu.
- Axırdakımı? Uuuu-ha-ha-ha! Yəni, deyir, günlərin bir günü sənin kimisinin biri yoldan eynək tapır. O üz-bu üzünə baxır, görəsən bu nədi, ancaq bir şey anlamır. Axırda tapdığını ağsaqqala göstərəsi olur. Ağsaqqalın guya ağlı vardı, o da eynəyi götürüb gah quyruğuna taxır gah da qulağına, ha-ha-ha!
- Onu eşitmişəm, burda gülməli bir şey yoxdu.
- Uuu-ha-ha-ha! Hardan eşitmisən, olmaya, məndən əvvəl də buradan çəyirtkə keçib?
- Niyə ki, bunu bizə babam danışıb, o da hardansa oxuyubmuş. Bəs nə? Sovet vaxtı yaxşı təhsil verirlərmiş. İndi bildin? Belə-belə işlər, qırılsın çəyirtkələr! Oppa, opppaaa!
Çəyirtkə gülməkdən yumarlanıb yarpaqdan yerə yıxıldı və altdan yuxarı qışqırdı:
- Ayə, bəsdi, gülməkdən qarnım cırıldı, uuuu-hu-hu-hu!!!
Meymun aşağı boylanaraq:
- Sənin cırılası qarnın var? Qarın bax belə olar! – deyib, yumruqlarını qarnına döşədi.
Çəyirtkə:
- Hə də, qarnın var, boğazına da bir qalstuk keçirt, qoy hər şeyin tamamlansın, uuuuu-ha-ha-ha-ha!!!- deyə uğunub getdi.
- Əə, get özünü dola! Guya mən bilmirəm qalstuku kimlər taxır? – Meymun sadəlövhcəsinə öz bilgisini nümayiş elətdirmək istədi.
Çəyirtkə onun bu halını göydə tutaraq məzələnməyini davam elədi:
- De görüm, qalstuku kimlər taxır? Tapsan sənə bir dənə taxta peçeniye verəcəm, uuuu-hu-hu-hu!!!
Meymun baxdı ki, Çəyirtkə onu lap savadsız sayır, quyruğunu yuxarı qaldırıb əyərək dilləndi:
- Ay hərif, bə bilmirsənmi, qalstuku vəzifədə olanlar taxır? Guya mənim belə şeylərdən başım çıxmır? Taxta peçeniye gəlsin, oppa-opppa-ha-ha-ha!!!
Meymunun cavabı Çəyirtkəyə ləzzət elədi, ancaq yenə zarafata keçdi:
- Yoox, cavabını özün tapmadın, konspektdə baxdın, uuuu-ha-ha-ha! Quyruğunu antena eləyib radio dalğalarına girəndə gördüm. Radiodan öyrəndin, radiodan öyrəndin, hiiii-ha-ha-ha!!! Ayə, bəsdi, gülməkdən ayağımın dirsəkləri ağrıdı.
Meymun etiraz elədi:
- Aəə, bəhanə eləmə, nə radio dalğası?! Guya, radiolarda belə şeyləri bilən var? Özü də bizim quyruğumuz müasir radio tezlikləri ilə uyğunlaşa bilmir. Əvvəlcədən bilirdim, səndə peçeniye yoxdu. Yazı-yayı avaralanıb qışda da Qarışqadan sələm götürəndə peçeniye nə gəzir?
Meymunun bu nitqindən Çəyirtkə bərk dilxor oldu:
- Tfu, tfu, tfu!!! Mən bayaqdan səninlə elə o sələmi müvəqqəti unutmaq üçün zarafatlaşırdım. Sən də səhər-səhər bunu yadıma saldın, tfuuuu!!! Sən necə canlısan, necə varlıqsan, necə cəmdəksən, tfu-tfu-tfu!!! Mən getdim, mən getdim, tfu-tfu-tfu, nəqarətində də bir dənə uzun tfuuuuu!!!
Tullana-tullana ağacın dibindən uzaqlaşan Çəyirtkənin arxasınca Meymun gülə-gülə qışqırdı:
- Yeees, yeees, yessssss!!!