Dünyanı fəth edən türk oğlu Cod Həsən

Dünyanı fəth edən türk oğlu Cod Həsən
26 avqust 2013
# 10:12

Bəzən elə yalanlar olur ki, biz on illər boyu onu həqiqət sanırıq.

Məsələn Co Dassen kimi.

Mən onu Code Sen kimi tanıyırdım.

Əgər şənbə günü İctimai Radioda əfsanəvi müğənni Co Dassen haqqında musiqili-bioqrafik verilişi dinləməsəydim, kim bilir, bu yalan nə qədər çəkəcəkdi.

Hələ üstəlik onun əslən Cənubi Azərbaycandan olduğunu, şah dövründə İrandan qaçdığını sanırdım. Uşaq vaxtı kimsə demişdi bunu mənə. Əsl adı da guya belə imiş: Cod Həsən. Avropaya gələndən adını, soyadını dəyişib Code Sen eləyib.

Amma sən demə o, əslən yəhudi imiş. Özü də babası İrandan yox, Odessadan qaçıbmış Amerikaya nə vaxtsa.

Co Dassenin bioqrafiyasına geniş yer ayırmadan sadəcə bir-iki ştrixlə kifayətlənərik.

Keçən gün "Azadlıq" radiosunun "Pen Klub" verilişində “Köşə yazarlığı yazıçını məhv edir, ya yox” mövzusu müzakirə edildi. Verilişdə də düşüncələrimi dedim. Bəli, həqiqətən Azərbaycan kimi ölkələrdə yazar olmaq olduqca çətindi.

Camaatın kitaba marağı azmış kimi, bazar da yox dərəcəsindədi. Bu problemləri çoxdan bilirik. Ucundan tutub ucuzluğa getməyin də mənası yoxdu.

Çıxış yolu nədi? Kim bizə yardım edəcək? Ümumiyyətlə biz bu məhrumiyyətləri görüb nə etməliyik? Bir Hamlet dilemması; yazmalımı, yazmamalımı?

Bu cür çarpışmaqla üfüqdə nə görünür? Perspektivli gələcək vəd edirmi?

Bilmirəm. Bu suala qoy hər kəs özlüyündə cavab tapsın. Amma mənim bildiyim bir həqiqət var: ZƏHMƏT.

Mən yalnız insanın zəhmət bahasına uğur qazanacağına inanıram.

Zəhmətin bəhrəsi mütləq olacaq.

Bəşər tarixində zəhməti ilə uğur qazanmış, ölümlərindən sonra belə əsərləri yaşayan insanları gördükcə də inamımın yanlış olmadığına bir daha əmin oluram.

Mənim uzun illər Code San, Cod Həsən kimi tanıdığım Co Dassen kimi.

İmkanlı ailənin övladı, hətta Avropanın ən bahalı kollecində oxumuş Dassen Amerikada tələbə olduğu illərdə zibilyığan, qabyuyan, barmen, yük maşını sürücüsü vəzifələrində çalışmışdı. Həftəsonu isə barlarda gitara ilə mahnı oxuyar, bununla dolanışığını təmin edirdi.

Conun buna ehtiyacı vardımı? Qətiyyən. İstəsəydi, atasının hesabına kef edərdi. Hər ay məşhur rejissor olan atasına zəng vurub “Papa, filan qədər yolla” desəydi, atası zənbil-zənbil pul yollayardı. Lap əziyyətsiz filansız əlavə musiqi təhsili də alardı.

Amma Co buna razı olmur. Ailəsindən asılı olmaq istəmirdi.

Öz zəhməti bahasına uğur qazanmaq, musiqiçi olmaq istəyirdi.

Bax belə.

Varlı bir ailənin övladı olan Co Dassen çalışdı, çalışdı, çalışdı... Və ötən əsrin ən böyük musiqiçilərindən biri oldu.

İndi onun “Salut” mahnısını nə qədər gənc dinləyib romantik hisslərə qapılır. Kaş onlar biləydilər bu mahnı necə böyük zəhmət bahasına başa gəlib.

# 3891 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #