“Google”un köməyi ilə oxunacaq roman

Enrike Vila-Matas, İspaniya yazıçısı

Enrike Vila-Matas, İspaniya yazıçısı

19 fevral 2022
# 16:00

Kulis.az Mirmehdi Ağaoğlunun “Diblinesk” haqqında yazısını təqdim edir.

Enrike Vila-Matas yaşayan ən tanınmış İspaniya yazıçılarındandır. Təqdirəlayiq haldır ki, onun “Bartlbi və çevrəsi” romanı təxminən beş-altı il əvvəl dilimizə çevrilərək nəşr olunub. Elə mən də çoxları kimi Vila-Matas ilə “Bartlbi və çevrəsi” adlı həmin kitabdan tanışam.

Müəllifdən bir dost tövsiyəsi ilə bu dəfə oxuduğum isə “Diblinesk” romanı oldu.

Vila-Matasın əksər əsərlərinin mövzusu uzaqda deyil, məhz ədəbiyyatın içindədir. Necə ki, “Bartlbi və çevrəsi”ndə yazmağın daşını atmaq kimi bir sindromdan və ona yoluxan qələm adamlarından bəhs edilir, eləcə “Dublinesk”də də – arif oxucu dərhal adından duyuq düşdü – mövzu üçün yazıçı yenə uzağa getməyib.

Hacienda cree que la declaración de Enrique Vila-Matas es su mejor obra de  ficción | El Mundo Today | Cadena SER

Dünyada elə şəhərlər var ki, onların adını çəkəndə məhz ədəbiyyat yada düşür. Məhz ədəbiyyat sayəsində yerləşdikləri ölkələrin, kontinentlərin siyasi xəritələrindən sıyrılaraq ədəbiyyatın coğrafi xəritəsində özlərini inşa ediblər.

Dostoyevski deyiləndə Sankt-Peterburq, Praqa deyiləndə Kafka, Pol Oster deyiləndə Nyu-York, Nəcib Məhfuz deyiləndə Qahirə, Orhan Pamuk deyiləndə İstanbul xatırlanır…

Siyahını daha da uzatmaq, adları çəkilən yazıçıların yanına daha neçə müəllif qoşmaq mümkün.

Bu baxımdan, Parisi həmin bu xəyali ədəbiyyat ölkəsinin paytaxtı da adlandırmaq olar.

Bəlkə də mövzudan kənara çıxıram… Bir dəfə rəhmətlik Zəlimxan Yaqubla müsahibə edirdim, o mənə demişdi ki, Parisə ilk səfərində nümayəndə heyətindən ayrılıb Viktor Hüqonun “Səfillər” romanından tanıdığı şəhərin eyniadlı küçələrini gəzib-dolaşıbmış, görsün yaddaşındakı Parislə reallıqdakı Paris nə qədər oxşardır. Maraqlıdır ki, Zəlimxan müəllim gedib o küçələri tapıbmış, özü də dil bilməyə-bilməyə. Bu, həm də şəhərin səbatlılığının göstəricisidir, illər, qərinələr, əsrlər keçir, amma şəhər ilkin simasını itirmir. Təəssüf, Bakı ilə bağlı eyni şeyi deyə bilməyəcəyik. Adam dünən keçdiyi küçəni bu gün tanımır, o ki, qaldı turist ola. Mən hələ mövzunu dəyişib demirəm ki, çox uzaqda deyil, Türkiyənin özündə belə, məsələn, Tanpınarın əsərlərində keçən məkanlar, bir zamanlar Orhan Veli, Cemal Sürəya, Edip Cansevər və başqa şairlərin oturduqları kafelər vurğulanır, bununla bağlı müvafiq yerlərdə lövhələr asılır. Əlbəttə, bu, şəhərə turist axınının artmasında da təsirsiz ötüşmür. Bizdə təəssüf ki, bir zamanlar qələm adamlarının yığışdığı, İstiqlal küçəsində yerləşən “Monolit” kafesi bağlandı, onun böyründəki, neçə-neçə nəsillərə layiqincə xidmət etmiş “Akademiya” kitabxanası köçürüldü. Mən hələ “Tarqovı”da yerləşən məşhur “Şirzadın kafesi”ni demirəm ki, çoxdan tarixin yaddaşına qovuşub.

İnsafən bu “xəritə”də Dublin də özünə balaca mövqe qazanmayıb, Paris ədəbiyyat şəhərlərindən yığılma həmin xəyali ölkənin Bakısıdırsa, Dublinə də Sumqayıtı demək olar.

Dublinin bu dərəcədə ədəbiləşməsində onlarla irland yazıçı-şairlə yanaşı ən böyük rol məhz Ceyms Coysun boynuna düşür. Onun “Uliss” romanının baş qəhrəmanı yəhudi Leopold Blumun başına gələnlər məhz 16 iyun 1904-cü ildə, Dublin şəhərində gerçəkləşir. Düzdür, irlandlar “Diblinlilər” romanında öz həmşəhərlilərini alçaltdığına görə Coysa isti yanaşmasalar da, ədəbiyyat aləminə verdiyi töhfə üçün onun təhqirlərini gözardı etməyə məcburdurlar. Hətta bir az da qabağa gedərək, hər il 16 iyunu Blumsdey kimi qeyd edirlər ki, bunun nəticəsində dünyanın müxtəlif ölkələrindən ədəbiyyat və Coyssevərlər (təbii ki, imkanlıları) Diblinə axın edir və Leopold Blumun 16 iyun 1904-cü ildə, bir gün boyu şəhərdə hərəkət elədiyi trayektoriya ilə gəzir, onun oturduğu kafelərdə oturur, içdiyindən içir, yediyindən yeyir, necə deyərlər, bundan həzz alırlar. Dublinlilər isə həmvətənləri onları təhqir etdiyinə görə bir tərəfdən acıqlansalar da, gələn turistlər sayəsində cibləri dolduqca da şükür edirlər.

Bu ənənənin yaranma tarixi isə ötən əsrin ortalarına dayanır. “Uliss”dəki hadisələrin 50 illiyi münasibətilə dublinli rəssam Con Rayan və yazıçı Flann O’Brayen bir növ ziyarət təşkil etmək qərarına gəlirlər. Ziyarət çərçivəsində Leopold Blumun marşrutunu izləmək şərtilə romanda adı çəkilən məkanlara gediləcəkdi. Şairlər Patrik Kavana, Entoni Kronin (yeri gəlmişkən, “Dublinesk”də adları çəkilir), Ceyms Coysun kuzeni, həkim Tom Coys və Triniti kollecinin əməkdaşı Levantel də bu ədəbi zəvvarlara qoşulur. Rayan əsərin qəhrəmanlarının Peddi Diqnamın dəfnində iştirak etmək üçün istifadə etdikləri arabaların eynisindən tapır və mərasim iştirakçıları əsərin personajlarının rollarını öz aralarında bölüşürlər. Təşkilatçılar gün ərzində romanda adı çəkilən bütün məkanları ziyarət etmək istəsələr də, həmin məkanlardan birində - pabda içib sərxoş olduqlarından səfər yarımçıq qalır.

Lakin bununla belə, əsası qoyulan Blumsdey ənənəsi 1982-ci ildə Dublində rəsmiləşdirilir və hər il qeyd olunmağa başlayır.

Yeri gəlmişkən, Vila-Matas özü də hər il Dublində toplanan “Finneqan Ordeni”nin (Coysun “Finneqanın yası” romanından təsirlənərək) yaradıcı cəngavəridir. Əsərdə bundan da bəhs edilir.

Qayıdaq Vila-Matasın məlum romanına. Yuxarıda vurğulandığı kimi ispan müəllifin əsərləri ədəbiyyat mövzusundadır. Onun üçün də Vila-Matas bir qədər hazırlıqlı oxucuların yazıçısıdır desək, kobud səslənməz. “Dublinesk” də digər romanları kimi bu xüsusiyyətdən xali deyil.

Roman təqaüdə çıxmış Samuel Riba adlı kiçik bir nəşriyyat sahibindən bəhs edir. Müəllif onu bu cür təqdim edir: “Gedərək daha az rastlanan intellektual redaktorlardandır o. Bu əsrin əvvəlindən bəri hər gün bu işi görən əsilzadə azlığın – ədəbiyyata hər zaman maraq göstərən, hələ də oxuyan redaktorların – tükənməyə üz tutduğunu çarəsizcə müşahidə eləmişdi. İki il əvvəl problemlər yaşamış, ancaq nəşriyyatını vaxtında bağlaya bilmişdi; bir zamanlar diqqətə dəyər bir hörmət əldə etsə də əmin addımlarla iflasa doğru gedirdi ən nəhayət. Otuz illik bu müstəqil nəşriyyatçılıq dövründə hər şeyi görmüş, böyük uğurlar da, uğursuzluqlar da yaşamışdı. Sonunu hazırlayanın moda halına gələn qotik vampir hekayələri və bənzər səfsətəni çap etməyə qarşı dirənməsi olduğunu düşünmüş, beləcə həqiqəti qismən unutmuşdu: pulun idarə edilməsi məsələsində əsla bacarıqlı deyildi və hətta ədəbiyyata olan ölçüsüz tutqusu da çox güman zərər verici idi”.

Yəqin ki, bu kiçik giriş Ribanın obrazının yaranması üçün kafidir. Onu da əlavə edim ki, Riba bizim tanıdığımız və tanımadığımız, indi dünyada olan və olmayan bir çox yazarın ilk kitablarının müəllifi olub və bu “onları kəşf edən” səyyah qabiliyyəti ilə lazım gəldikcə qürurlanmağı xoşlayır.

Nəşriyyatını bağlayan Riba üstəlik həkimlərin təkidi, həyat yoldaşı Celianın təhdidi ilə (dilinə bir də içki dəysə, onu tərk edəcək) içkinin daşını atıb, bütün gününü evdə, kompüterin qarşısında keçirir, həftədə bir gün isə yaşlı ata-anasına baş çəkməyə gedir.

İçkini atandan və nəşriyyatı bağlayandan sonra həyatı yeknəsəkləşən Riba istər-istəməz ədəbi mühitdən uzaq düşüb. Daha onu müxtəlif ölkələrdə gerçəkləşən konfranslara, tədbirlərə çağırmırlar. Halbuki əvvəllər hər dəfə bu cür səfərlərdən sonra ata-anasına baş çəkib təəssüratlarını bölüşərdi. Riba bir gün anlayır ki, onlara danışmağa mövzusu tükənib. Nəşriyyatının bağlandığını valideynlərindən gizləyən Riba yaxın dostlarını da götürüb Dublinə getməyi, ənənəvi Blumsdeyi qeyd etməyi planlaşdırır. Nəticədə valideynlərinə danışmağa mövzusu yaranacaq.

Nəşriyyatı bağlanandan sonra bütün gününü evdə keçirən Riba özünü kompüterə verib, demək olar ki, qarşısından durmur, buna termin də tapıb: hikikomori. Hikikomori yaponlarda çöldəki təzyiqlərə dözə bilməyib bütün gününü evdə, kompüterin arxasında keçirən gənclərə deyirlər. Riba da özünü yapon gənclərə bənzədir.

Vaxtilə ən qüdsi ədəbiyyat amalı uğrunda mübarizə aparan Riba artıq kitab dövrünün elektron nəşrlərə uduzduğunu dərk edir, buna görə rəmzi də olsa Blumsdey ərəfəsində fürsətkən Quttenberq erasının dəfn mərasimini keçirməyi düşünür.

ASHBERY SIGHTING: VILA-MATAS, ASHBERY, AND THE GREAT PART OF A BOOK (LETRA  GLOBAL) — THE FLOW CHART FOUNDATION

Vila-Mata deyir: “Ribanın həyatı ədəbi mətn kimi oxuma, dünyanı bir tor və ya yun yumağı kimi görmək xüsusiyyəti vardı”. Buna görə də əsər boyu müxtəlif bədii nümunələrə göndərmə, onlardan sitatlar, müxtəlif qələm adamları ilə bağlı Ribanın xatirələrini oxuyuruq. Riba nəşriyyat işini tərk etsə də düşüncələri onu tərk etmir, daim ədəbiyyatla qaynayıb-qarışır, tez-tez müxtəlif qələm adamları ilə xatirələrini yada salıb, müxtəlif əsərlərdən passajlar düşünüb bununla təskinlik tapır.

“Dublinesk” çətin oxunan əsərdir. Əvvəla dediyim kimi, XX əsrin Avropa mühitində tanınan onlarla yazıçının, şairin adı çəkilir, əsərlərindən sitatlar gətirilir, həyat və yaradıcılıqlarından bəhs olunur. Bütün bunlardan başqa “Dublinesk”i dərindən anlamaq üçün əvvəlcə “Uliss” əsərini oxumaq gərəkdir (təəssüflə etiraf edim ki, yüksək dəyərləndirdiyi bir əsəri başdansovdu mütaliə etmək qorxusundan onu oxumağı daim ləngidən adamlar kimi hələ də “Uliss”ə vaxt tapa bilməmişəm, içimdə bu cür əsərlərə qarşı daim “gərək imam da istəsin” tipində bir duyğu mövcuddur və bəzən sadəlövhcəsinə oturub imamın istəyəcəyi həmin xüsusi günü gözləyirəm). Çünki əsərdə Coysun romanına, xüsusən Riba dostları ilə Dublinə səfər etdikdən sonra saysız göndərmələr yer alır. Bundan başqa əsərdə başqa dublinlilərin – Samuel Bekketin həyat və yaradıcılığına, o cümlədən Brem Stokerin “Drakula”sına göndərmələr yer alır.

Qısacası, “Dublinesk”i daha yaxşı anlamaq üçün İrlandiyadan (Dublindən!) çıxmış qələm adamlarının həyatına müəyyən qədər vafiq olmaq gərək.

Amma ən çox göndərmə, dediyim kimi, “Uliss”ədir. Həyatı ədəbiyyatla yoğurulan Riba tədricən Leopold Blumun kimliyinə bürünməyə başlayır. Təkcə onun getdiyi ünvanlara baş çəkmir, həm də onun yaşantılarını yaşayır, arvadının ona xəyanət etdiyini düşünərək bütün günü Dublini dolaşan Blumun taleyi ilə doğmalaşır.

“Dublinesk” Vila-Matasın kitab sahəsinin, xüsusən, kitab sənayesinin uğradığı böhrana görə yaşadığı narahatlıqdan doğub. Xüsusən, son dövrlər ədəbiyyat adına təqdim olunan və böyük pullar qazandırmaqla yanaşı oxucuların zövqünü korlayan, ali ədəbi meyarlara deyil, marketinq qanunlarına hesablanan, üzərində artıq müəlliflərin deyil, naşirlərin söz sahibi olduğu kitç əsərlər, bu müəlliflərin yazıçı kimi təqdim olunmağı və bunların fonunda kitab sənayesinin get-gedə dijitallaşması və bununla yanaşı, ilk baxışdan zərərsiz görünsə də kağız kitabla yanaşı, oxu ənənəsinin də tamamilə sıradan çıxarması həqiqi bir ədəbiyyat sevdalısı kimi Vila-Matası narahat etməyə bilməz. Əlbəttə biz sürətlə dijitallaşan, hər şeyin əl boyda cihazların ekranına yerləşdiyi bir dövrdə yaşayırıq ki, ənənəvi kitabın və oxu vərdişlərinin də yox olduğunu qəbul etmək zorundayıq. Lakin bu, rəqəmsallaşma ümumilikdə kitab zövqünə də zərbə endirir. Bu mövzuda başqa bir ispandilli yazıçı, Nobel mükafatı laureatı Mario Varas Llosanın “Ədəbiyyatsız dünya necə olardı?” adlı essesi də var. Həmin essedə Llosa deyir: “Kompüter ekranı doğrudanmı bütün tərəfləri ilə kitabın yerini tuta bilər? Düzü, o qədər də əmin deyiləm. İnternet kimi yeni texnologiyaların ünsiyyət və informasiyanı bölüşmək sahəsində həyata keçirdiyi böyük inqilabın fərqindəyəm, internetin işimdə mənə sonsuz fayda verdiyini deməkdən çəkinmirəm, amma yaratdığı bu fövqəladə rahatlıq üçün minnətdarlıq hissilə tez-bazar monitorun kağızı əvəz edə biləcəyinə inanmaq fikrim yoxdur. Kitab oxumağın məhrəmliyində, intellektual gərginliyində və ruhi sağlığında xəyallardan və sözlərdən aldığımız həzz var; bu həzzi kompüter ekranından da ala biləcəyimizi qəbul etmirəm.

Enrique Vila-Matas, volver (y revolver) sobre los propios pasos

Bu, bəlkə də təcrübəsizlikdən və ədəbiyyatı çox uzun müddətdir ki, kitablarla, kağızlarla eyniləşdirməkdən yaranmış bir önyarğıdır. Amma dünyada nə baş verdiyini öyrənmək üçün internetdə gəzişməyi xoşlasam da, Qonqoranın bir şerini, Onettinin və ya Kalvinonun bir romanını, ya da Oktavio Pasın bir essesini monitordan oxumaram, çünki əminəm ki, bu cür mütaliənin effekti fərqli olacaq. Düzdür, isbat etməkdə çətinlik çəkə bilərəm, amma kitabın yoxa çıxması ilə birgə ədəbiyyatın çox ağır, ölümcül bir zərbə alacağını düşünürəm. Şübhəsiz ki, “ədəbiyyat” sözü yoxa çıxmayacaq, amma bayağı televiziya serialları Sofokl və Şekspirin tragediyalarından nə qədər uzaqdırsa, yüz faizdir ki, “ədəbiyyat” sözü də bu gün ədəbiyyat dediyimiz şeyə o qədər uzaq olan bir şeyi ifadə etmək üçün istifadə ediləcək ” (“Ədəbiyyatsız dünya” kitabı, Qismət Rüstəmovun tərcüməsində, səhifə 18-19).

Llosanın essesindən bu sitatı təqdim etməkdə məqsədim ispandilli ölkələrdə elektron ədəbiyyata münasibətin necə olduğunu təxmini göstərməkdir. Qənaətimcə, ən azı Llosanın yaşıdı olan qələm adamları bu cür düşünürlər. Təəssüf ki, əlimizdə Vila-Matasın bununla bağlı mövqeyini əks etdirən yazı yoxdur, lakin “Dublinesk” romanı onun nə düşündüyünü təxmin etməyə əsas verir.

Kitabda ölüb getmiş yazıçılarla yanaşı Pol Osterin simasında yaşayan yazarlardan da bəhs edilir. Ümumiyyətlə, məncə, “Dublinesk” sıradan mütaliə qaydası ilə deyil, nə qədər yeni dövrə qarşı üsyankarlıqla dolu olsa da sürəkli “Google”dan kömək istəyərək oxunmalıdır, necə ki, bunu əsərdə Riba özü təkrarlayır. Çünki başqa cür romanda hallanan yazar, şair, rejissor, film, əsər ansamblının içində baş çıxarmaq müşkül olar.

“Dublinesk” barəsində daha geniş danışmaq mümkündür. Lakin düşünürəm ki, kitaba maraq yaratmaq və stalkervari tövsiyələr üçün bu qədəri yetər. Bundan sonrası oxucuya qalıb, Vila-Matasın “Dublinesk” adlı əsrarəngiz dünyasına baş çəksin, ya çəkməsin.

# 3476 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #