Zibillikdə yatıb-duran zəvvarlar - Məkkədən reportaj - VII HİSSƏ

Zibillikdə yatıb-duran zəvvarlar - Məkkədən reportaj - VII HİSSƏ
2 sentyabr 2024
# 15:00


Kulis.az Mirmehdi Ağaoğlunun Həcc ziyarətindən reportajının VII hissəsini təqdim edir.


Əvvəli burada

Çadır düşərgəsində günümüz adi qaydada keçir: yatmaq istəyən yatır, ibadətlə məşğul olmaq istəyən bir divarı bizim otaqla ortaq olan məscidə gedib namaz qılır, şeyxin moizələrini dinləyir. Moizə zamanı şeyxin dedikləri, əsasən, ingilis dilinə çevrilsə də məscidin ayrı-ayrı nöqtələrində dayanmış tərcüməçilər vasitəsilə sinxron şəkildə müxtəlif dillərə də çevrilir. Bunun üçün tərcüməçinin yanına yaxınlaşmaq kifayətdir. Mən Qazaxıstan heyətinin tərkibində Türk Dövlətləri Təşkilatının sabiq Baş katibi Bağdad Əmreyevlə yanaşı qazax yazıçısı Smaqul Elubayevin də olduğunu öyrənirəm və bunu fürsət bilib elə otağımızdaca ondan müsahibə götürürəm. Bizimkilərdən heç kəs, xüsusən, günorta vaxtı bu od dəryasının ortasındakı nicat gəmisini tərk edib istiyə çıxmaq istəmir. Lakin digər zəvvarlar sel kimi Camarata üz tutublar.

Gələndən sonra eşidəcəyik ki, Həcc ziyarəti zamanı rekord dərəcədə istilik – 56 dərəcə - qeydə alınıb.

Camaratı ziyarət edənlərin bir hissəsi geri qayıdır. Bizim düşərgə yolun ortasında yerləşdiyindən gedənləri də, qayıdanları da görürük. Axın nə gündüz dayanır, nə də gecə. Arada telefonun yaddaşına bir-iki video köçürmək niyyətilə düşərgəni tərk edib onlara qarışıram. Nimdaş geyimli yaşlı bir qadın ayağını çəkə-çəkə yeriyir. Onun axsaq ayağındakı qətiyyət çox imanlının qəlbində yoxdur. Bu qadın həqiqi inam nümunəsidir. Yaxud başqa bir qadın yaşlı kişinin arabasını itələyə-itələyə Camarata üz tutur. Boyunlarına bizim köhnə pioner qalstuklarına oxşayan qırmızı qalstuklar taxmış qrup dua oxuya-oxuya gəlib yanımızdan ötüb gedir. Çox keçmir, onları yaşıl qalstuklular əvəz edir. Qalstuk burda müxtəlif ölkələrin fərqlənmə nişanı rolunda çıxış edir.

Belə əmin yazmağıma baxmayın, orada olan zaman Həcc əməllərinin bir çoxu mənə, eləcə də yoldaşlara qaranlıq idi. Odur ki, axşama yaxın daha neçə gün Minada qalacağımızı dəqiqləşdirmək üçün tərcüməçi vasitəsilə müraciət etdiyimiz şeyx ehramı çıxarmadığımızı görüb narahat olur. Ona izah edirik ki, təvaf zamanı Kəbəyə ehramsız buraxılmayacağımızdan ehtiyat edirik, çünki ümrə ziyarəti zamanı belə halla qarşılaşmışdıq. Lakin şeyx təkidlə atıq ehramı tərk edə biləcəyimizi söyləyir.

Tərcüməçi (o həm də bizim orada əlaqələndirici şəxsimizdir) ilə şeyxin arasında keçən dialoqdan öyrənirik ki, bizim üçün paltar təşkil etmək istəyirlər, təbii, biz razılaşmırıq. Hotelə gedib geyim-keçim gətirə bilərik. Sadəcə, məsələ orasındadır ki, əvvəlcə gərək Camaratı keçərək, təxminən, 5 kilometr piyada gedək ki, şəhərin ayağına çıxaq, oradan da taksi tutub hotelə yollanaq. Yollar tıxac olduğundan, həm də Həcc vaxtıdır deyə qiymətlər on dəfəyə qədər qalxdığından bu fikirdən daşınırıq. Yaxınlıqda mağaza olub-olmadığını soruşduqca isə Camaratdan keçib gedən yolun qurtaracağında böyük market olduğunu öyrənirik. Qərara gəlirik ki, taksiyə bir ətək pul verib hotelə getməkdən və tıxaclarda can çəkişməkdənsə, o pula özümüzə əyin-baş alaq. Belə də edirik, gecədən keçmiş Əflatun müəllimlə qoşalaşıb deyilən ünvana üz tuturuq.

Bu təfərrüatı ona geri yazıram ki, yolda gördüyüm mənzərələri dəyərli oxucumla da bölüşüm. Yuxarıda dediyim kimi, hələ iki gün Minada qalmalı və şeytana daş atmalıyıq. Görünür bəzi zəvvarların məntəqələri uzaqda yerləşdiyindən, yaxud ümumiyyətlə, Minada qalmağa yerləri olmadığından Camarata gəlib şeytana daş atdıqdan sonra geri qayıtmaq yerinə o civarda düşərgə salırlar.

Polislər, Ərəbistan ordusunun əsgərləri (yeri gəlmişkən, hər il Həcc ziyarəti vaxtı Ərəbistan ordusu səfərbər olur) ora topalaşan zəvvarları qovmağa çalışsalar da, onlar panda ərincəkliyi ilə bir yerdən durub gedib başqa yerdə düşərgə salırlar. Ona görə də Camaratın ətrafında və ondan sonra şəhərə düşən yolda qrup halında uzanan, oturan, yatan zəvvarları görmək mümkündür. Gecə vaxtı burada qalmaq o qədər çətin deyil, gündüzün istiləri ilə müqayisədə gecə xeyli sərindir, bəs gündüz vaxtı al günün altında nə edəcəklər?
Xoşbəxtlikdən yaxında KFC kimi beynəlxalq markalardan tutmuş yerli brendlərə qədər xeyli restoran, fəstfud yeri var, yemək-içmək sarıdan korluq çəkmirlər. Bizsə yolumuza davam edirik, lakin gördüyümüz mənzərə ürəkaçan deyil. Zibil qutuları aşıb-daşır, hər yer yemək qalıqları, boş plastik butulkalarla doludur. Bir sözlə, natəmizlik baş alıb gedir. Heyf ki, bəzi zəvvarlar buna fikir vermir, elə zibilin içindəcə yatıb-dururlar. Görünür, yüz minlərlə insanın eyni vaxtda tökdüyü zibili yığışdırmaq mümkün deyil, halbuki bu ərazidə də təmizlik işçiləri az deyil, hər addım başı gözə dəyirlər.

Biz bu yolu bir də səhəri gün axşamüstü qət edəcəyik. Günortadan sonra anidən hava dəyişəcək, bir neçə dəqiqənin içində güclü yağış Minanı leysana qərq edəcək.

Məkkəyə yağıntı adətən dekabr-yanvar aylarında düşdüyündən, ərəblər hər il həcc vaxtı heç olmasa bir dəfə belə yağışın yağdığını deyir və bunu ilahi möcüzə adlandırırlar. Qızmar günəş altında hərəkət edən zəvvar üçün də bundan böyük mükafat olmaz. Odur ki, hamımız çölə çıxıb sevinən zəvvarlara qoşuluruq. Əsas qorxumuz odur ki, hotelimizə geri qayıdandan sonra yenidən Kəbəni təvaf etmək üçün vaxtımız yetməsin, çünki biri gün tezdən Mədinə şəhərinə yola düşəsiyik. Onun üçün də yağış kəsəndən sonra 4 yoldaş şəhərə düşüb Məscidül-harama üz tuturuq. Burada yenidən təvaf edir, təvaf namazı qalır, sonra Səfa-Mərva arasında səy edib gecəyə doğru təzədən Minaya qayıdırıq.

Artıq Minada keçirdiyimiz üçüncü gündür. Nəriman deyir ki, şeytanlara daşı günorta azanı verilən zaman atmaq daha böyük savabdır. Biz də onun sözünü dinləyib istiyə fikir vermədən Camarata doğru hərəkət edənlərə qoşuluruq. Camaratın girişində böyük izdiham yaşanır. Allah eləməmiş, ani çaxnaşma böyük fəlakətə - minlərlə insanın tələf olmasına yol açar. Addım-adım irəliləyirik. Burada növbə ilə əvvəl Kiçik Şeytana, sonra Orta Şeytana, daha sonra Böyük Şeytana daş atasıyıq. Lakin yolda pərən-pərən düşüb bir-birimizi itiririk.

Daha heç kəsi gözləmədən Minadakı sonuncu ayini də yerinə yetirib tövşüyə-tövşüyə düşərgəmizə qayıdıram, çünki bir azdan şəhərə gedəcəyik, hazırlaşmaq gərəkdir.

Göydən od tökülür. 42 illik ömrümdə belə isti görməmişəm, “Cəhənnəm istisi necə olur?” soruşsalar ogünkü istini nişan verərəm.

***

Axşamdır. Yenə Əflatun müəllimlə ikimiz Harama son təvafımızı yerinə yetirməyə gedirik. Nə yalan deyim, artıq gücümüz tükənib. Mənim səsim tamam kallaşıb, Əflatun müəllimin ayaqlarının altı suluq bağlayıb. Nərimanla Məmmədağa yenə bizdən qabağa düşüblər, gedib son təvaflarını da yerinə yetiriblər, biz isə hotelə qayıdandan sonra bir neçə saat dincəlmişik.

Son təvafa Nisə təvafı da deyilir. Onun əvvəlki təvafdan fərqi ondadır ki, bu dəfə Səfa-Mərva arasında səy edilmir, yalnız Kəbənin təvafı və İbrahim məqamında namaz qılmaq əməlləri icra olunur, bununla da həcc ziyarəti yekunlaşır.

Əvvəlki təvaflarımızın heç birində Məscidül-haramı bu qədər qələbəlik görməmişəm. Haramın içinə girəndən sonra addım-addım irəliləyirik, polislərin yönləndirməsi ilə eskalatorlara üz tutub qalxırıq, qalxırıq və budur, sonuncu mərtəbədəyik. Halbuki ötən səfər Məscidül-harama gəldiyimiz zaman nə qədər çalışsaq da, ən üst mərtəbəyə çıxa bilməmişdik, polislər buraxmamışdılar.
Görünür, bu dəfə aşağı mərtəbələr dolub ki, ən yuxarı qata çıxmağa icazə verilib.

Burda da minlərlə insan təvaf edir. Xatırladım ki, Kəbənin yanında təvaf etməkdən fərqli olaraq, burada dövrə uzundur, bir dövrə 15-20 dəqiqə çəkir. Üstəlik, Əflatun müəllim yeriməyə çətinlik çəkir, mən özüm də ayaq üstə güclə dayanıram. Qoluna girib astadan soruşuram: “Müəllim, bəlkə aşağı düşüb orada təvaf edək?” “Yox, - qətiyyətlə cavab verir, - bəxtimizə bura düşüb, deməli, burada təvaf edəcəyik”. “Tay deyin göylərdə təvaf edəcəyik ki, mələklərlə birgə”, - zarafata salsam da, İslam inancına görə, mələklər də Kəbə ətrafında təvaf edirlər.


Bircə qorxum var, əgər dördüncü təvafa qədər namaz başlasa, gərək namazı qılıb, sonra yenidən sıfırdan təvaf edək, yox, dördüncü təvafı bitirsək, namazdan sonra ardını gətirmək olar. Beləcə, qulağım həmişə azandan saniyələr öncə eşidilən mikrofon xışıltısındadır; hər dəfə təvaf yerinin başlanğıcını göstərən yaşıl işığın yanına çatanda sayıram: bu bir, bu iki, bu üç... Gözüm arabir kənardakı xüsusi cığırda hərəkət edən elektrokarlara sataşır. Kimin imkanı varsa, elektrokarla da təvaf edə bilər, ödənişlidir.

Elektrokarlardan danışdıq, gərək əlil arabalarına da toxunaq. Məscidül-haramda əlil arabası istifadə edən zəvvarlar çoxdur. Təkcə fiziki məhdudiyyəti olanlar deyil, istinin əldən saldığı qocalar, taqəti qalmayanlar da bu xidmətdən yararlana bilirlər. Əlil arabasından istifadəni pullu olub-olmadığını öyrənə bilməsəm də, həmin xidməti təqdim edən işçilərin qırımlarından bəxşiş umduqlarını duymaq çətin deyildi. Araba sürənlər, eləcə də Məscidül-haramın təmizliyini həyata keçirən xidmətçilər, əsasən, Pakistandan, Banqladeşdən və digər müsəlman ölkələrindən olan miqrantlardır. Ərəblər belə işlərdə çalışmırlar. Xidmətçilər zəvvar görəndə gözlərilə dilə gəlib sədəqə dilənirlər. Sədəqə vermək isə Həcc ziyarətinin bəyənilən əməllərindən sayıldığı üçün zəvvarlar da səxavətlə onlara sədəqə paylayırlar. Əlini cibinə aparmağa məəttəlsən, təmizlik işçiləri o dəqiqə Nil çayında sakitcə gözləyən, şikarı gördüyü anda üstünə hücuma keçən timsahlar kimi başının üstünü alırlar.

Məscidül-haramda əlil arabalarında hərəkət üçün lazım olan bütün şərait yaradılıb, yəni əlil arabasında olan zəvvar kiminsə yardımından faydalanmadan da Məscidül-harama gedib ayinləri yerinə yetirə bilər. Hər yerdə panduslar qoyulub. Hətta Haramın ən yüksək mərtəbəsinə də əlil arabaları ayaq açıb, bəzən zəvvarların hərəkətlərinə mane olsalar belə.

Məscidül-haram ərazisində bir də tez-tez tibbi personalla rastlaşmaq mümkündür, ələlxüsus da, Səfa-Mərva arasında səy eləyən zaman. Əgər Kəbənin ətrafındakı var-gəl edən tibbi personallar daha çox istinin əldən saldığı adamlara yardım edirlərsə, Səfa-Mərva arasında ayağı döyənək bağlamış, aşağı ətrafları ağrıyan zəvvarlara köməklik göstərirlər.

7 dəfə təvaf edəndən sonra İbrahim məqamını göstərən yerdə də namazımızı qılıb, həcc ziyarətimizi yekunlaşdırırıq.

“İndi olduq əsl hacı, təbrik edirəm, Hacı Əflatun”, – deyirəm, Əflatun müəllim də məmnunluqla gülümsəyib məni təbrik edir.

Birdən-birə canıma qurğuşun ağırlığında yorğunluq çökür, oynaqlarım ağrımağa başlayır, hərəkətim çətinləşir. Qüvvəmin tükəndiyini hiss edirəm. Lap “Energizer” batareyalarının məşhur reklamındakı şarjı bitmiş çəhrayı dovşanı xatırladıram. Öz-özümə təəccüb edirəm ki, necə olub, bütün qüvvəmin tükənməyini indiyə saxlamışam? Axı həcc ziyarətinin ortasında da xəstələnə, halsızlaşa bilərdim. Görünür, hansısa bir qüvvə buna imkan verməyib.

Artıq Məscidül-haramdan ayrılmaq vaxtıdır. Hotelimizə qayıda bilərik. Aşağı düşməyin yolunu axtarırıq. Lakin bu vaxtı İşa namazının azanı verilir. Əflatun müəllimə baxıram. O da sanki gözlərimdən "Necə edək? Qılaqmı?” sualını oxuyub, cavab verir: “Qılaq da. Bir də nə vaxt nəsib olacaq?”

ardı var...

Növbəti hissədə:


- Taliban nazirinin məni qorxutmağı;

- Məhəmməd peyğəmbərin yanında hansı səhabələr dəfn edilib?

- Bizi Bəqi qəbiristanlığına niyə buraxmırdılar?

- Cənnətdə namaz qılmaq üçün qeydiyyata düşənlər;

# 1407 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #