Kulis.az Mirmehdi Ağaoğlunun Ahmet Hamdi Tanpınarın “Saatları Ayarlama İnstitutu” romanı haqqında essesini təqdim edir.
1951-ci ildə Amerika Birləşmiş Ştatlarında bir kitab çap olunur. Kitab belə adlanırdı: “Əsl inamlı: Kütlə hərəkatlarının anatomiyası.” Sosioloq Erik Hofferin müəllifi olduğu əsər adından da göründüyü kimi kütlə hərəkatları və onların yaranması, inkişafı, tənəzüllü barədə idi. “Əsl inamlı” bir müddət sonra bütün dünyada məşhurlaşdı. Əsərdə yəhudilərin Qədim Misirdən çıxmasından, xristianlığın, İslamın yaranmasından tutmuş, Türkiyədə Atatürkün hakimiyyətə gəlməsi və modernləşmə dövründə aparılan inqilabi islahatlara, Rusiyada kommunizmin, Almaniyada nasizmin yaranmasına qədər bir çox hərəkatın xarakteri analiz olunur, ortaq xüsusiyyətləri araşdırılırdı. Bu təhsilsiz, ömrü boyu tərsanədə fəhlə işləyən sosioloqun kitabı kütlə hərəkatlarının öyrənilməsi üçün əvəzsiz elmi vəaitə çevrildi.
Bundan on il sonra, 1961-ci ildə Türkiyədə Ahmet Hamdi Tanpınarın “Saatları Ayarlama İnstitutu” adlı romanı çap olundu. Roman saat-insan-zaman münasibətləri barədə idi və qəhrəman Hayri İrdalın həyatından bəhs olunurdu. Amma təkcə bununla bitmirdi. Halit Ayarıcının qurduğu Saatları Ayarlama İnstitutunun timsalında kütlə hərəkatlarının yaranmasından və sonrakı inkişaf tempindən bəhs edirdi. Bəlkə də Tanpınar o illərdə təzə-təzə məşhur olmağa başlayan “Əsl inamlı” əsərindən xəbərsiz idi. Bununla belə bədii dillə, ironik, qrotesk üslubla kütlə hərəkatlarının anatomiyasını yaratmışdı.
***
Hayri İrdal Halit Ayarcıya rast gələnə qədər həyatı yoxsulluq içində keçən sadə bir adamdır. Əsərin ilk cümləsində özünün də dediyi kimi uşaq vaxtından elmə, təhsilə, kitaba həvəsi olmayıb: “Məni tanıyanlar oxuma-yazma işləriylə o qədər də böyük bir əlaqəm olmadığını bilirlər. Hətta bütün mütaliəm uşaqlığımda oxuduğum Jül Vern və Nik Karter hekayələrini ortadan çıxarsanız ərəbcə və farsca kəlmələrini ötürə-ötürə gözdən keçirdiyim bir neçə tarix kitabıyla, “Tutinamə”, “Min bir gecə”, Əbu Əli Sina hekayələri kimi əsərlərdən ibarətdir.” Təhsili olmasa da sünnətində dayısının bağışladığı bir qol saatı ilə bütün gələcək həyatı dəyişir. O, şəyirdi olduğu müvakkit Nuri Əfəndi ilə, Abdussəlam bəylə, Artisti Əfəndi ilə, Seyit Lütfullahla, sonralar isə doktor Ramizlə, Halit Ayarcı ilə tanış olur. Bütün bunlar, üstəlik, müharibədən qayıtdıqdan sonra işlədiyi Psixonaliz, Spiritizm Cəmiyyətləri, Şəhzadəbaşı kafesi onun bir insan kimi formalaşmasında xüsusi rol oynayırlar və gələcəkdə Saatları Ayarlama İnstitutunda müdir köməkçisi işlədiyi zaman keçmişdə qazandığı təcrübələr ona fayda vermiş olur.
Hayri İrdal özü əhəmiyyət verməsə də olduqca vacib bir elmə sahibdir. O, saatların dilini bilir. Hayri İrdalın əsas üstünlüyü odur ki, saatlara təkcə saat kimi, adi bir mexanizm kimi deyil, xüsusi gücə malik varlıq kimi yanaşır. Bunlar onun ustası Nuri Əfəndidən öyrəndikləridir. Nuri Əfəndi Avropadan gəlsə də Şərq insanının həyatının ayrılmaz parçasına çevrilmiş saat qavramının ən son daşıyıcılarındandır. Saatlara fəlsəfi məna yükləyən Nuri Əfəndi onlara həkim həssasiyyəti ilə yanaşır: “Xarab olmuş saata bir xəstəyə baxarmış kimi bax” deyir.
Yeni dövrdən başlayaraq Avropada manifakturaların yaranması, sənayenin inkişafı burjuaziya sinfinin zaman haqqında təsəvvürlərini də dəyişdi. Yeni insanlar artıq zamanın da kapital kimi qədrini bilməyə başladılar, çünki fabriklərin müəyyən saatlarda işə başlaması, fəhlələrin müəyyən saatlarda fabrikə gəlib, fabrikdən getmələri vacib idi. Həyatın başqa sahələrindəki işlər də buna görə qurulurdu. Saat artıq yeni iş həyatının vacib ünsürünə, inkişafın simvoluna çevrildi, şəhər meydanlarına dikilən saat qüllələri yeni sənaye çağını Qərbdə möhkəmlədən sancaqlar idilər. Adi bir fakt: XIX əsrin ortalarına kimi Qərbdə vahid saat sistemi yox idi. İngiltərənin ən yaxın şəhər və qəsəbələrinin belə öz yerli saatları vardı və London saatıyla aralarındakı fərq yarım saatdan çox idi. Telefon, radio, televiziya, sürətli qatarlar, təyyarə olmadığından bu fərqi bilən yox idi. Qatarlar başqa nəqliyyat vasitələrindən daha sürətli olduğu üçün bu fərqi ilk dəfə onlar müəyyənləşdirdilər. Vahid saat sisteminə keçidi ilk dəfə tətbiq edən isə nə hər hansı bir dövlət, nə elmi mərkəz oldu. Bunu ilk dəfə 1847-ci ildə İngiltərədəki qatar şirkətləri həyata keçirdilər və saatı Qrinviçə görə müəyyənləşdirdilər. Gedərək daha çox qurum qatar şirkətlərinin qərarını tətbiq etməyə başladılar. İngiltərə dövləti yalnız 1880-ci ildə dünya tarixində ilk dəfə ölkə daxilində vahid saat sisteminə keçilməsi haqqında qərar verdi.
Şərqdə isə saat öz maddi qavramını itirərək ruhani mahiyyət qazandı. Necə ki, Nuri Əfəndi tez-tez deyir: “Cənabi-haq insanı öz surətində yaratdı, insan da saatı özünə bənzər icad etdi.” Şərq insanı saata ruhani məna verdi, onun əqrəblərindən modern dünya ilə ayaqlaşmaq üçün deyil, namazın vaxtını dəqiqləşdirmək üçün istifadə etdi. Avropadan yenilikləri öyrənən Şərq insanı, Avropalılar kimi vaxtdan istifadə etməyi öyrənə bilmədi. Sələfi Tanpınar kimi “Yeni Həyat” romanında saat-zaman qavramını işləyən Orxan Pamuk doktor Narinin dilindən belə deyir: “Müvəqqitlərimiz və saatlarımız Qərbdə olduğu kimi dünyaya yetişməyin deyil, Allaha sarı qaçmağın vasitələridirlər. Heç bir millət bizlər qədər saata düşkün olmadı... Bizlər üçün Allaha yanaşmanın ik yolu var. Cihadın aracı silahla, namazın aracı saatla.” Qərbdən gələn hər cür yeniliyi qəbul etməyən, onlara qarşı çıxan doktor Narin bircə saat markalarını sevir, hətta tutduğu detektivlərə saat markalarının adını verir.
Bəli, modern dövrə qədəm qoyan türk insanının saat qavramı da dəyişməlidir. Saatlar artıq təkcə namazın vaxtını müəyyənləşdirmək üçün deyil, sürətlə modernləşən bir ölkənin iş həyatında da aktiv rol almalıdır. Bunları duyan insan isə Halit Ayarcı olur. Hər bir kütlə hərəkatında olduğumu kimi əgər Nuri Əfəndi və Hayri İrdal nəzəriyyəçilərdirlərsə Halit Ayarcı fəaliyyət adamı, fanatikdir. O, gah irəli, gah geri işləyən saatları tənzimləyəcək, onlara ayar verəcək bir institut qurmaqla insanları modern həyata adaptə etmək niyyətindədir. Halit Ayarcı ilk baxışdan fırıldaqçı, işbaz kimi görünsə də, hətta əsərdə zaman-zaman biz onun “neqativ” işlərinə şahid olsaq da, sonradan onun yaratdığı quruma ürəkdən bağlı olduğunun şahidi oluruq.
Hər bir kütlə hərəkatı özünün inkişaf mərhələsində təkcə gələcək barədə ümidlər verməklə qalmır, o, keçmiş barədə də şişirdilmiş əfsanələr uydurur, özünün qədimliyini, əzəmətli keçmişini sübut etməyə çalışır. Millətçi hərəkatlar bunun üçün adətən əcdadların rəşadətli tarixindən, qəhrəmanlıqlarından bəhs edən əfsanələr uydururlar. Almaniyada nasistlər hakimiyyətə gəldikdən sonra onların ari irqi ilə əlaqə yaratmaq cəhdlərini, alman tarixçilərin bu yöndə gərgin fəaliyyətini xatırlayaq. Və ya iyirminci illərin sonlarından başlayaraq SSRİ-də ittifaqı yaradan xalqların möhtəşəm keçmişlərini göstərmək üçün aparılan cəhdləri, müttəfiq ölkələrdə uydurulan qəhrəmanları xatırlayaq. Nümunəni bir az da dərinləşdirə bilərik. Ötən əsrin otuzuncu illərdən başlayaraq Azərbaycanda Babəkin yenidən canlandırılması prosesi başladı, onunla bağlı tarixi araşdırmalar, bədii əsərlər yazıldı. Otuzuncu illərə qədər İslamın düşməni hesab olunan Babək, artıq yeni bir sima qazandı, o, sosial bərabərlik arzulayan, onu quran qəhrəmana çevrildi, kommunistlərin sələfi oldu.
Bu cür fəaliyyətlər hər bir kütlə hərəkatının öz qədimliyini sübut etmək istəyindən doğur. Saatları Ayarlama İnstitutunun da belə bir tarixi keçmişə ehtiyacı var. Halit Ayarcı lazımi tarixi şəxsiyyəti tapır. Bu, Əhməd Zamani Əfəndidir. Bələdiyyə rəisi ilə görüş zamanı anidən Halit Ayarcının beyninə gələn fikirlə yaranan bu tarixi şəxsiyyət haqqında kitab yazılır. Tezliklə Əhməd Zamani Əfəndiyə olan marağı nəzərə alaraq onun qəbrini də tapıb üzə çıxarırlar. Əlbəttə nə tarixdə Əhməd Zamani Əfəndi adlı şəxs olub, nə də qəbir onundur. Üstəlik mətbuatda Halit Ayarcı və Hayri İrdalın tarixi saxtalaşdırmaqları barədə yazılar da çıxır və bu yazılar əks effekt verərək instituta marağı artırır.
Erix Hoffer “Əsl inamlı” əsərində kütlə hərəkatına qoşulanları analiz edərək, onların ən çox orta təbəqədən çıxdıqlarını deyir. Yoxsul insanlar, kölələr heç zaman üsyan etməzlər. XIX əsrdə Rusiyada dekabrisit, petraşeviç hərəkatlarının üzvləri də əsasən oxumuş orta təbəqənin nümayəndələri idilər. Hitlerin tərəfdarları içində macəra axtaran, boş həyatlarından bezmiş və artıq sevginin ləzzətini duya bilməyən yüksək cəmiyyət qadınları çoxluq təşkil edirdi. Eyni şeyi Fransa Burjua İnqilabı zamanı aktivlik göstərmiş fransız yüksək cəmiyyət qadınları barədə də demək olar. Saatları Ayarlama İnstitutunda da bu cür qadınlar az deyil. Özü də onların çoxunu biz hələ Spiritizm cəmiyyətindən tanıyırıq. Bu cür xəyal qırıqlığı içində dolaşan, sürəkli nələrdənsə narazı olan insanlar hər bir yeni kütlə hərəkatlarının ilk tərəfdarları arasında yer alırlar. Hayri bəy Spiritizm cəmiyyətindən tanıdığı qadınları instituta dəvət etdikdə onlar buna sevinirlər. Hayrinin bibisi Zarifə xanım, məşuqəsi Selma xanım, Sabriyə xanım, Nevzat xanım da belələrindəndirlər. Həyat yoldaşı Pakizə və baldızları isə tipik xəyalpərəstlərdirlər (Pakizə Hollivud filmlərinə baxandan sonra özünü o aktrisalara bənzədir, Hayrinin böyük baldızı bərbad səsinə rəğmən müğənni olmaq istəyir, olur da) kütlə hərəkatında isə bu cür adamlara hər zaman əşhədü-ehtiyac yaranır.
Zərifə xanım bu yeni hərəkat-institutu o qədər bəyənir ki, qardaşı oğlu ilə münasibətlərinin soyuq olmasına baxmayaraq bu təşkilata üzv olur, yeni təsis olunan Saatları Sevənlər Cəmiyyətinə rəhbər təyin edilir. Zərifə xanım da öz növbəsində institut binasının tikilməsi üçün torpaq sahəsi hədiyyə edir.
Hər bir kütlə hərəkatında olduğu kimi, Saatları Ayarlama İnstitutunun özünün də müqəddəs bildiyi əşyası-Mübarəki var. Mübarək ayaqlı, qədim saatdır. Əsərdə onun haqqında canlı obraz kimi bəhs olunur, təşkil olunan ziyafətlərin ən ümdə “qonağıdır”, onunla ilgilənirlər, diqqət göstərirlər. Hətta institutun binasının quruluşu da Mübarəkə bənzəyir.
Halit Ayarcı Linkoln, Qandi, Çörçil kimi həm nəzəriyyəçi, həm də fəaliyyət adamıdır. O, Hayridən fərqli olaraq elədiklərinə inanır. Buna görə institutun üzvləri bir gün onun sözünü dinləməyəndə xəyal qırıqlığına uğrayır. Əli işdən soyuyur. Oxşar hadisə istənilən kütlə hərəkatı ilə baş verir.
1927-ci ildə Trotskinin Kommunist Partiyasından çıxarılaraq ən sıravi kommunistdən belə əhəmiyyətsiz birinə çevrilməsi artıq partiyanın möhkəmlənməsindən xəbər verirdi. Kommunist partiyası bundan sonra dünyada kommunizm qurmaq kimi “böyük ümidlər”dən (Diqqətli oxucu yəqin romanda bu adda fəslin yer aldığını görməmiş deyil) bəhs etməyəcək, onun hədəfləri praktik və lokal olacaqdı. Və əgər bir kütlə hərəkatı artıq böyük ümidlərindən imtina edib indiki zamana fokuslanırsa, deməli o özünün inkişaf fazasını tamamlamışdır.
Halit Ayarcı işçilər üçün tikiləcək kooperativ evlərinin formasının saat şəklində olacağını dedikdə ilk dəfə olaraq müxalif fikirlərlə qarşılaşır. İnstitutun içindən olan bu insanlar artıq yenilik istəmirlər, onlara əllərində olanlar kifayətdir. Buna görə də şiddətlə etiraz edirlər. Elə bu zaman xəyal qırıqlığına uğrayan Halit Ayarcı institutun işinin yekunlaşdığını anlayır. O deyir: “Bu müəssisə artıq mənim deyil! Bundan sonra mən də hər kəs kimiyəm burda!” Təsadüfi deyil ki, Halit Ayarcının bu qərarı ilə eyni vaxtda Saat Sevənlər Cəmiyyətinin qurulması təklifinə yox deyən ölkələrin cavabları da gəlib çıxır: “Sənaye həyatı kafi dərəcədə inkişaf etdiyi üçün belə bir müəsissəyə ehtiyacımız yoxdur.”
Belə çıxır ki, saat həm də inkişafın simvoludur. Sənayesi inkişaf etmiş modern toplumlarda saat yalnız iş fəaliyyətinin yaxşılaşmasına xidmət edən alətdir, sənayenin inkişaf etmədiyi, modernizmin gəlmədiyi ölkələrdə isə sitayiş obyekti, sakral varlıqdır. Buna görə onun adına institut açmaq zərurəti doğulur.
Erik Hoffer deyir ki, xalqına və insanlığa yararlı olan kütlə hərəkatı liderləri təkcə kütlə hərəkatının necə başladılacağını deyil, Qandi kimi onun aktiv dövrünün nə zaman bitirəcəklərini də bilirlər. Halit Ayarcı da Saatları Ayarlama İnstitutunun aktiv dövrünün bitdiyini anlayır (çünki sənayeləşmə başlayıb!) və könüllü surətdə ondan uzaqlaşır.
Gəlin biz də Qandi kimi, Halit Ayarcı kimi davranaraq yazımızın həcmi çox da böyüməmiş burdaca dayanaq.