Mirmehdi Ağaoğlunun hekayəsi
Bakının küçə itlərinin son sığınacaq yeri olan İşıqlı dərənin fosfor tərkibli sənaye tullantıları ilə zəngin olduğuna görə gecələr işıq saçmasından itlərin xəbəri yox idi. Bütün günü zibilxanalarda eşələnən, şəhərin adamlarının daha az göründüyü küçələrində dolaşıb yemək axtaran bu kimsəsiz, sərgərdan itlər hər axşam buraya, İşıqlı dərəyə toplaşır, ulduzlu səma kimi qaranlıqlar arasından süzülən işartıların yaratdığı əsrarəngiz mənzərədə - sanki göylərin əlindən ulduzları alıb İşıqlı dərəyə səpələmişdin - Xalitin alovlu çıxışlarını dinləyirdilər.
Bu gecə Xalit yenə kürsüyə çıxıb dərəyə toplanmış sahibsiz itlərə yüz illərdir Qoca Şərqin qalın qaşlarını düyünləyərək itlərin üstünə çəmkirməsindən, qovmasından, döyməsindən, “murdar” damğası vuraraq lənətləməsindən, öldürməsindən, ölkədə sahibsiz itlər müntəzəm güllələndikləri, qətlə yetirildikləri halda, Avropada haqlarının qorunmasından, göstərilən qayğıdan, yaradılmış şəraitdən, Şərq insanının itlərini də özləri kimi bədbəxt etməsindən, itlərin min illərdir əsarət dənizində boğulmalarından, edilən zülmlərdən, insanın evini oğrudan, mal - qarasını vəhşi heyvanlardan qoruyan, ovçusuna, yolçusuna, çobanına kömək olan, dar gündə dayaq duran itlərə etdiyi nankorluqdan, insanın tarix boyu itlərin sayəsində evinə yaxınlaşan yaddan, oğrudan, namərddən xəbər tutmasından, itlərin sayəsində qarlı – buzlu, soyuq Şimal ölkələrində məskən salmasından, itlərin sayəsində ucsuz – bucaqsız çöllü - biyabanlarda sürülərini rahatlıqla otarmasından, insanların ilk ev heyvanı kimi itləri əhilləşdirməsinin lütf deyil, itlərin xeyirxahlıqlarından, üzüyolalıqlarından, mülayimliklərindən qaynaqlanan istismarçılıq olmasından, insanın dostu, sirdaşı, dar gündə dayağı olmuş itlərin indi üfunət, kəsif qoxuyan qosqoca bir zibilxanaya sıxışdırılmalarından, hər yerdə kobud surətdə təqib olunmalarından, döyülmələrindən, söyülmələrindən, vurulmalarından, bəzən tumançaq bir uşağın belə aciz, cansız bir itin başına kəndir bağlayıb tozlu – torpaqlı yollarda sağa - sola sürütdəməsindən, bütün bu çəkilənlər azmış kimi qardaşları zibilliklərdə aclıqla, xəstəliklə, ölümlə çarpışdığı, çirkab, zəlalət, yoxsulluq içində boğulduğu zaman istismarçı insanların himayəsinə sığınıb onlara yalaqlıq eləyən, onların rahat mənzillərində, bahalı villalarında firavan həyat sürüb xüsusi it yeməkləri ilə qidalanıb, bahalı şampunlarla yuyunan, bitə, gənəyə qarşı vasitələrədən istifadə edən, mütəmadi baytara gedən, heyvan bərbərlərinin xidmətlərindən yararlanan, bahalı parçalardan müxtəlif qiyafətlər geyən var - dövlət, eyş - işrət, dəbdəbə düşkünü olan meşşan təbiətli itlərdən, nitqinin sonunu daha da alovlandıran son günlərdə qəzet səhifələrində getmiş bir informasiyadan – müğənni Jozefinanın satqın, alçaq xislətli Prinsesasının beş min dollarlıq qarderobu ilə öyünməsindən, bu modabaz itin azğınlığından, nəslinə qarşı laqeydliyindən, hər gün şəhər küçələrində itlərin güllələnməsinə, canlarına qəsd edilməsinə, itlərə qarşı törədilən bu soyqırıma susqunluqla tamaşa etməsinin kökündə Prinsesa və Bakı şəhərində yaşayan onun kimi minlərlə meşşanın bu qətliamları həyata keçirən istismarçı zümrəyə qahmar çıxmasının dayandığından, dolayısı ilə bu cür meşşan tiplərin həmən qətliamlarda əli olmasından bəhs edən kəsərli nitqini söylədi.
Xalit çıxışına ara verdikdə İşıqlı dərəyə toplanmış bütün itlər hau – hau - hau deyə bir ağızdan hürüşdülər. Xalit başını qaldırıb ulduzlu səmaya baxdı, bir də İşıqlı dərədə bərq vuran “ulduz”lara. Siqaret yandırıb bir tüstüylə bütün dərdlərə əlac edəcəkmiş kimi dərindən bir qullab aldı. Sürü hürüşməni dayandırdıqdan sonra çıxışına davam edib Prinsesa kimi meşşanlardan alacağı qisasdan, hazırladığı intiqam planından danışıb bir azdan döyüşə yollanacaqlarını və ilk hədəf kimi Prinsesanın seçildiyini, onun girov götürülərək əvəzində sahibsiz itlər üçün Avropa standartlarına cavab verən sığınacağın tikilməsi üçün gərək olan vəsaitin bir hissəsini tələb edəcəklərini, əməliyyata Canavarbasanın başçılıq edəcəyini söylədi. Yaşlı, tükləri tökülmüş Canavarbasan bozarmış sinəsini qabağa verib Xalitin yanına, kürsüyə gəldi. Onun duruşunda əskimiş çoban iti məğrurluğu his olunurdu. İtlərin dəstəsinə lazımı hərbi – taktiki göstərişlərini verdi. Sonra itlər bir bir sürünün yeganə dişi iti Ağcaitlə vidalaşıb dəstədə öz yerlərini aldılar.
Ağcait boğaz olduğu üçün Xalitlə Canavarbasan onun bu savaşa getməsinə razı olmadılar. Son vaxtlar şəhərdə vəziyyət həddən artıq gərginləşmişdi. Merin əmri əsasında boz rəngli butka maşınlarda dolaşan itvuranlar rastlarına çıxan sahibsiz itləri yerindəcə güllələyirdilər.
Ağcaitlə vidalaşan itlər dəstədə öz yerlərini aldıqdan sonra vida sırası Xalitə gəldi. Əməliyyatın ağırlığını bilən Xalit sevgisinin boynuna sarılmış vəziyyətdə özünü son dərəcə soyuqqanlı göstərməyə çalışsa da indi hər şeydən çox bax beləcə, sevgilisinin boğazına sarılı vəziyyətdə dayanmaq, onu qoxlamaq istəyirdi. Nəhayət qollarını Ağcaitin boynundan ayırarkən səssiz dayanıb kədərli səhnəni izləyən yoldaşları eşitməsinlər deyə lap astadan Ağcaitin qulağına pıçıldadı: “Sevişdikcə inqilab etmək, inqilab etdikcə sevişmək istəyirəm”.
Dəstə səhərə yaxın Xalitlə Canavarbasanın başçılığı altında İşıqlı dərədən ayrıldı. Bütün gününü şəhərdəki it sığınacaqlarında təbliğatla keçirən Xalit şəhərin bütün gizlin və kimsəsiz küçələrini tanıdığından qabaqda gedir, kəşfiyyat xarakterli araşdırmalar apardıqdan sonra dəstənin ardınca gəlməsi üçün işarə verirdi. Səhər sükutunu avtomobillərin boğuq səsləri pozurdu. Küçələrdə tək-tük yarıyuxulu adamlar görünürdü. Onlar da yanlarından sivişib keçən dəstəyə fikir vermədən gözlərini ovuşdura - ovuşdura işə tələsirdilər.
Xalis ingilis doqu cinsindən olan Xaliti indiki görkəmi ilə əsl itçilər belə öz cinsinə bənzətməkdə çətinlik çəkərdilər. Sərgərdən həyat onun cəngavər irsindən bir əlamət saxlamamışdı. Tüklərini gənə basmış, saysız boğuşmalarda dişləri sınmış, qulaqları cırılmış, arıqlayıb çöpə dönmüşdü.
Xalit zəngin ailədən çıxmışdı. Anası küçüklərinin içində ən çox onu sevirdi. Sahibi onu digər küçüklərdən ayırıb təkcə saxlayır, xüsusi yeməklərlə yemləyir, mütəmadi baytara göstərib peyvəndlərini vurdurur, təlim keçərək azarkeşi olduğu it boğuşmalarına hazırlayırdı. Bir gün səhər təlimlərindən sonra baxçada dolaşan Xalit küçədən keçən axsaq, qoca bir it gördü. O ömründə birinci dəfə bu cür çirkli, arıq, çəlimsiz it görürdü. Bir anlıq onda qoca itə qarşı ikrah hissi oyansa da aralarındakı ünsiyyət Xalitin qoca itə olan münasibətlərini dəyişdi. Xalit eşitdiklərinə inanmırdı. O elə bilirdi ki, dünyanın bütün itləri onun kimi xüsusi it yeməkləri ilə bəslənilir, baytara göstərilir, hər həftə şampunla çimizdirilirlər. Qocanın söylədiklərini görmək üçün evdən ayrıldı. Qoca ilə sığınacağa gəlib onun söylədiklərini öz gözləri ilə gördükdən sonra isə bir daha evlərinə qayıtmadı.
Xalit o gündən sahibsiz küçə itlərinin arasında dolaşır, onlarla birlikdə zibilliklərdə eşələnir, soyuq qış gecələrində, isti yay günlərində açıq havada yatır, onların haqları uğrunda mübarizə aparırdı. Xaliti dəfələrlə itvuranlar yaralamış, küçəboyu arxasıyca qoyma - qışqırıq salan dəcəl uşaqlar tutub kəndirləmək istəmiş, lakin o hər dəfə bu mübarizələrdən salamat qurtarmışdı. Onun bədənində 50 - yə qədər güllə mərmisi özünə yuva qurmuşdu.
Əməliyyatın həyata keçiriləcəyi yerə az qalmış hava tamam işıqlandı. Bir neçə küçə irəlidə müğənni Jozefinanın yaşadığı bina yerləşirdi. İndi daha diqqətli olmaq lazım gəlirdi. Hər an qabaqlarına qəfil itvuran maşınları çıxa bilərdi. Yolboyu küçələrdə düzülmüş zibil qutularına boylanmaq istəyən cavan itlərə təpinir, dəstədən ayrılmamağı əmr edirdi. Cüzi bir səhv bütün dəstəni təhlükəyə ata bilərdi. Tez – tez dayanıb dəstəni qabağa buraxan, qoyun sürüsünü qoruyurmuş kimi başını dikəldib sağa – sola boylanan Canavarbasan da ona az kömək etmirdi.
İtlər gəlib binanın tarazında dayandılar. Xalit binanın həyətinin hündür daş hasarı boyu bir - iki dövrə vurduqdan sonra Canavarbasana tapşırdığı dəstənin yanına gəlib itləri beş qrupa böldü. İki qrup binanın arxasından, tinlərdə dayanıb keşik çəkəcəkdilər. Digər iki qrup isə binanın qabağında tinlərdə dayanacaqdılar. Xalit, Canavarbasan və digər iki itdən ibarət olan əsas qrup isə bütün diqqətini binanın girişinə yönəlməli idi. Xalit bu planı hazırlamamışdan əvvəl bir neçə dəfə bura gəlmiş və bütün günü pusquda dayanıb Jozefina ilə Prinsesanın binaya giriş – çıxış vaxtlarını müəyyənləşdirmişdi. Adətən müğənni hər səhər doqquz–on radələrində həyətə düşüb Prinsesanı çəmənlikdə gəzdirirdi.
Xalitin planına görə Prinsesa sahibəsinin qucağından enib çəmənlikdə oynaşdığı zaman Xalit, Canavarbasan və digər iki it də həyət darvazasının qabağında dayanmış mühafizəçinin yanından sivişərək keçib həyətə daxil olmalı, çəmənlikdə tiş eləyən Prinsesaya hücum edib ələ keçirməli və dərhal da hadisə yerindən uzaqlaşmalı idilər.
Artıq Jozefinanın Prinsesanı həyətə düşürüb gəzintiyə çıxarmaq vaxtı çatırdı. Xalit bütün diqqətini binanın girişinə cəmləmişdi. Lakin qəfildən hardansa peyda olan boz rəngdə VAZ markalı itvuran maşınları onun diqqətini artıq binanın giriş qapısında hazır dayanıb qucağında tutduğu sevimli itini tumarlayan, yuxusuzluqdan gözlərinin altı tuluq bağlamış müğənnidən ayırdı. Maşınlar darvaza yanında dayanan kimi içindən əli tüfəngli bələdiyyə işçiləri tökülüşməyə başladılar. Artıq binanın arxa tərəfində it qışqırıqları ilə güllə səsləri bir birinə qarışmışdı. Xalit o tərəfə bu tərəf qaçıb güllələrdən yayınırdı. Bir an sağ qalan itləri də səsləyib qaçmaq fikrində oldusa da dişlərini qıcayıb itvuranın üstünə hücum edərkən sinəsindən vurulub asfalta düşən Canavarbasanı görəndən sonra fikrindən daşındı. Xalitin gözləri qarşısında yoldaşları bir-bir güllələnirdilər. İtvuranlarla itlər arasında amansız mübarizə gedirdi. İtlər heç cürə təslim olmaq istəmirdilər. Canavarbasanın ölümü hər kəsə stimul vermişdi. Onun rəşadətli ölümündən sonra düşmənin güclü olmasını bəhanə gətirib döyüş meydanından qaçmaq heç bir döyüşçü itin şəninə yaraşmırdı. Təkcə Xalit deyil, dəstədəki bütün itlər bu cür düşünürdülər deyə dostlarını darda qoyub qaçan olmadı. İtlər itvuranlara ağır zərbələr vursalar da artıq dəstənin yarıdan çoxu qırılmışdı. Bu bir göz qırpımlıq zaman kəsiyində baş verən hadisələr zamanı Xalit diqqətini müğənnidən və onun gözəlçəsindən kəsməmişdi.
Müğənni həyətin ortasında dayanıb əyninə qırmızı yun parçadan toxunma jilet geyinmiş Prinsesanı bağrına basıb sifətini əliylə qapamışdı ki, bəzən izdihamlı məclislərə belə aparmaqdan çəkindiyi kövrək qəlbli Prinsesası itlərin öldürülmə səhnəsini görüb stress keçirməsin.
Xalit nəyin bahasına olursa olsun əməliyyatın yerinə yetirilməsinin vacib olması düşüncəsiylə qundağının rəngi getmiş tüfəngini ona tuşlamış itvuranın üstünə sıçrayıb çiynindən yapışaraq yerə yıxdı və cəld binanın həyətinə doğru götürüldü.
O bütün əzələlərini gərib var qüvvəsi ilə ibadət üçün təbilləri döyəcləyən buddist rahibləri kimi pəncələrini yerə çırpırdı. Hədəfə az qalmışdı, lap az. Növbəti sıçrayışdan sonra arxasına dönüb tələsik binaya daxil olmaq istəyən müğənninin üstünə atılıb, Prinsesanı onun yarıçılpaq sinəsindən qopardıqdan sonra sağ qalanlarla birlikdə qaçıb uzaqlaşacaqdı.
Pəncələrini bir daha yerə vurub sıçramaq istəyən zaman müğənninin cangüdəninin əlində tutduğu “Makar”dan açılan güllə düz kəlləsinə saplandı. Gubbultuyla yerə sərilən Xalitin nifrətlə dolu açıq gözləri binanın giriş qapısına zillənmişdi.
Dəstə yola düşdükdən sonra Ağcait yatıb dincəlmək istəsə də gözünə yuxu getmədi. Qalxıb bir müddət dərədə gəzişdi, tullantılar içindən xeyli əşya tapdı, onları gətirib yuvasına yığdı. Boşqab qırığını, bir qolu qopmuş oyuncaq iti, rəngi bozarmış əski parçasını, gövdəsi pas atmış mikrofonu, qırmızı rəngli qələmi – bunların hamısını yuvada səliqə ilə yerləşdirdikdən sonra yenə yemək dalınca zibilliyə yollandı. Sevimlisi Xalitin döyüş bacarığına güvənsə də dəstədən sarı yaman narahat idi. İştahası olmasa da yeni doğulacaq küçüklərinin xətrinə yedi. Sonra da dərənin sakit bir guşəsində özünü günə verib dincəlməyə başladı.
Dəstənin başına gələn müsibətdən üfunət iyi verən zibil maşınları tullantılarla birgə oxunmuş qəzetləri də gətirib zibilxanaya boşaltdıqdan sonra xəbər tutacaqdı. Hələlik isə Ağcait yalnız xoşbəxt gələcək və bətnində daşıdığı küçükləri haqda düşünürdü. Onlar sağlam doğulmalı idilər. Axı onlar da ataları kimi inqilabçı olacaqdılar.
2009
Müğənni itindən intiqam alındı
16 noyabr 2012
08:15
3826 dəfə oxunub