Mətanət İsgəndərlinin Qarabağda döyüşmüş əri

Mətanət İsgəndərlinin Qarabağda döyüşmüş əri
2 avqust 2013
# 07:45

Mirmehdi Ağaoğlu yazır...

90-ların ortaları idi. Mətanət İsgəndərlinin bir mahnısı çıxmışdı. Mahnı “Gecədən sübhədək yolunu gözlədim” adlanırdı. Mahnı qısa müddətdə ölkənin hər yerinə yayıldı, hər yerdə səsləndirildi. Mahnının klipi teleekrandan düşmədi. Bu şlyqer Mətanət İsgəndərlini bir xeyli məşhur elədi.

Mahnının klipinin mövzusu belə idi. Qadın Qarabağ müharibəsinə yollanmış əsgər sevgilisinin yolunu gözləyir. O vaxtlar üçün olduqca həssas və aktual mövzu idi. Nə qədər qızlarımız o taleyi yaşayırdı. Nə qədər adaxlı qızların nişanlıları Qarabağa gedib qayıtmamışdı. Klipin mövzusu da Mətanətin məşhurlaşmasında az rol oynamadı.

Bir yandan da belə bir şayiə dolaşmağa başladı. Nə qədər sadəlövh, kinematoqrafiyadan uzaq bir fikir olsa da, camaat elə beləcə də deyirdilər: “O klipdəki oğlan Mətanətin öz əridir. Müharibəyə gedib qayıtmayıb”.

Bəli, o illərdə belə bir şayiə dolaşırdı. Bu şayiə isə Mətanətin məşhurlaşmasında az rol oynamadı. Sadə dinləyicinin gözündə Mətanət müharibəyə getmiş ərini sədaqətlə gözləyən mətin el qızına çevrildi.

Köhnə tənqidçilərimiz kimi biz də yazımızda iqtibas etsək, məncə qəbahət olmaz. Axı niyə 6 əsr o yandan Füzulinin “Aldanma ki, şair sözü əlbəttə yalandır” deməsinə baxmayaraq insanlar ciddi-cəhdlə hər bir incəsənət nümunəsinin arxasında gerçək bir həyat hekayəsi axtarırlar?

Adından bəlli-bədii əsər. Türklər demiş kurgu. Yəni əgər bir yazının növünü təyin edəndə əvvəldən onu bədii əsər kimi adlandırırıqsa deməli, orda gerçək həyat hadisəsi axtarmaq sadəcə olaraq özünü aldatmaqdır, kobud desək axmaqlıqdır. Təsəvvür edin, alovun səni yandıracağını bilə-bilə, əlini ocağa uzadırsan.

Bu sadə faktı bilə-bilə insanlarda bədii əsərləri oxuma vərdişi yaranmağa başlayandan bu hiss də onu hər kitab boyu izləyib. “Madam Bovari”ni oxuyanda mütləq bilmək istəmişik ki, həyatda doğurdan da belə bir hadisə olubmu? Əlimizdəki əsərin heç də bir cinayət işi olmadığından əmin ola-ola, bunun bir yazıçının təxəyyülündən süzülüb gəldiyini bilə-bilə yenə də bədii əsərlərin həyatla bağlılığını axtarmağa çalışmışıq. Pamuk bu barədə yaxşı deyir: “İnsan romanı oxuyarkən onun bir xəyal məhsulu olduğunu bilə-bilə ağlının bir yeri ilə onun gerçək olduğuna inanmaq istəyir”.

Bəlkə buna görə də biz “Quqark”ı oxuyanda aptekdən “Qırmızı kamikadze” prezervativi alan oğlanın Seymur olmasını istəmişik. Və ya Mustafanın keçirdiyi ağrıları Turalın da yaşadığını düşünmüşük. “Haramı”nın Rüstəmi elə Şərif özüdürmü deyə fikir eləmişik.

Deyirlər guya, “Robinzon Kruzono”nun müəllifi Daniel Defo hər yerdə car çəkirmiş ki, Robinzon elə mən özüməm.

Nabokov isə “Lolita”dakı Qumbert Qumbertin özü olmadığını dad eləsə də heç kəs ona inanmırmış.

Bəzi yazarlar isə əsərləri sonradan min bir cəhdlə həyatla bağlamağa çalışarlar. Məsələn, Markes öz fantasmoqorik dünyasına reallıq qatmaq cəhdilə deyir: “Otaqda yazırdım, birdən gördüm ki, rəngli bir pişik soxuldu otağa. Dəhşətə gəldim”. Bir qədər susub sonra əlavə edir: “Sən demə uşaqlar o biri otaqda mənim evi rəngləmək üçün aldığım boyalarla pişiyi rəngləyibmişlər”.

Bax belə. Bir tərəfdən oxuduğumuz əsərlərin xəyal məhsulu olduğunu bilirik, digər tərəfdən bu gözəl qurğuların, xəyal dünyalarının təkcə ədəbiyyat, əsər, uydurma olaraq qalmasını istəmirik, onları bir vasitə ilə həyata, gerçəyə bağlamağa çalışırıq.

Sanki əsərlərə xərclədiyimiz vaxtın, zamanın boşa getmədiyini özümüzə sübut etməyə çalışır, içimizdəki gizli bir adama isbatlamaq istəyirik ki, bax bu oxuduğum heç də xəyal-məyal deyil, gerçəkdir, gerçəyin özüdür.

Bizi qalın-qalın bədii əsərləri oxumağa vadar edən də içimizdəki bu ziddiyyətdir.

# 6634 dəfə oxunub

Müəllifin son yazıları

# # #