Otağa keçib eləmədi. Onsuz da bir neçə saat əvvəl divarın küncünə bitişik kimi görünən kresloya çevrilmişdi. Nəzərə çarpmır, əzabkeş qəhqəhəsini kimsə eşitmirdi. Təkdi. Əynində boztəhər, qısaqol bir boşluq vardı. Hava işıqdan gizlənmiş milyonlarla tarakanın zülməti kimiydi. Otağı bürümüş tənhalıq iliklərinə işləyirdi. Yorğun və süstdü, amma acmamışdı.
Səhər 2 yumurta yediyini xatırlayırdı. Ağlına dolmuş minlərlə xəyal kimi hədəfləri də gözünün önündə dayanır, gülümsəyib yoxluğa qarışırdı. Nəhayət bezib ayaqlarını götürdü. Heç kim bunun fərqinə varmadı. Bezgin addımlarla qapıya tərəf süründü. Əynini dəyişmək üçün yanaşı otağın yarıaçıq qapısını itələdi, əlinə yapışmış cəftənin zamanı qırılıb yerə düşdü. Götürmədi. Həzin və həvəssiz nəfəsini udduqca doyduğunu hiss etdi.
Bura niyə gəldiyini unutdu. Qəfil güzgü qarşısına keçib özünə baxmaq istədi, fəqət kimsəni görmədi. Əllərini götürüb, gözlərinin üstünə qoymağa çalışdı. Lakin nə hənirti, nə də toxunulacaq şey vardı. Qorxudan boğazı qurudu, təlaşla qışqırmağa başladı: "Mən yoxam!"
Köksündən çıxan səs güzgüdə əks olundu. Varlığının nişanəsini tapdığı üçün Tanrıya şükür etdi. Əks edilən səsləri tələsik ovcuna doldurub gözlərinə təpdi. Fikri gicişdi, pişik tövrü ilə beynini qaşıyıb neyronlarına ilişən mənasız cümləni bir kənara tulladı: "Bəşərin ilk sualı səs, ilk cavabı baxışdır".
Gözlərinə çevrilmiş səsləri ovuşdurdu. Önündəki bir cüt gözə zillənməkdən zövq aldıqca sakitləşirdi. Evdə ruh kimi dolaşmaqdan bezdiyi üçün qaçmağa səy göstərdi. Qaçdı və az sonra da öz hərəkətlərinə gülməyə başladı. Deyəsən, xəbərsizcə güzgünün içinə keçmişdi. Ətrafında bir anlıq peyda olan mənzərəyə tuş gəldi; "mən yoxam" görünüşlü bədənlər güzgü boyu ruh tək süzürdü. Hər kəs bir-birinə baxaraq beynini qaşıyırdı.
Hər kəs qaçır, dodaqsız olmalarına rəğmən hamı gülürdü. Sonra milyonlarla göz güzgüyə tərəf gəlir, beləcə sonsuz silsilənin yorucu səs dalğaları bir-birini "yox"laşdırırdı. İzlədiklərindən şok keçirmişcəsinə qəfil əlini beynindən çəkdi. Titrəkliyinin fərqinə varıb susdu. Xəyali dodaq künclərindəki təbəssümü təmizlədi (dodağı yoxdu).
Gicişən düşüncələrini qaşımadı, qoparıb atmadı. Dalğalaşmış insanları seyr etməyə davam etdi: Onlar bir ucdan peyda olur, digərində buxarlanırdılar. Onlar güzgü boyda mənliklərini axtarır, səslərindən baxışlar yaradır, gicişən fikirlərini ətrafa tullayaraq otaqlarını zibilləyirdilər. O, bütün bu hərəkətlərin davamçısı olmaq istəmirdi.
Olmayacaqdı da. Kreslosuna geri qayıtdı. Başını ovucları arasına alıb möhkəmcə sıxdı. Sıxıldıqca kəlləsinin tən ortasından buğ kimi havaya qalxan səslər eşidirdi. Bu səslər onun özünə aiddir.
Hamısını bir kənara atırdı. Başını o qədər möhkəm sıxırdı ki, nəhayət, gözlərinə çevrilmiş səslərdən başqa, geriyə heç bir mövcud qalmamışdı. Təkrarən, ona tərəf sürünərək getdiyi güzgünün önündə dikəldi. Onu seyr etmək arzusu ilə gözlərinə zilləndi. Fərqli birini gördü. Udqundu, özünü güclə qamarlayıb bilərəkdən güzgüyə daxil oldu.
Bayaqkı yoxluqların yerinə, indi də qəribə bir kölgəliklə üz-üzə dayandı. Təkdi. Əynində qısaqol, boztəhər bir boşluq vardı. Onu görər-görməz baxışlarına sarıldı. Bozumtul boşluğun içində mavi işıq şüası gözlərini dövrələdi, onlar qucaqlaşdıqca (bu birtərəfli qucaqlaşma mərasimiydi) işıq daha da gurlaşdı.
Son anda parlaqlıq o həddə çatdı ki, güzgü buz qayası kimi yavaş-yavaş əriyib yox oldu. O isə bozumtul boşluq içində diz çökmüşdü, ovuclarındakı bir cür gözlə baxışaraq ağlayırdı.
Özündən geriyə dönüş yoxdu artıq. Güzgü qeyb olmuşdu. O, tərk edilmişdi.