Kulis.az Mirçingiz Ağazadənin “Biz niyə bu cahana sığmırıq?” və ya təbiətdən gizlənən yeganə canlı növü..." adlı yazısını təqdim edir.
Əgər insanın təkamülü təbii prosesdirsə və nəticədə dünya məhv olacaqsa, çox ironik vəziyyətə düşəcəyik. Çünki təbii zənciri pozduğumuzu iddia edənlər xislətimizi təbiətdən ayırır. Məgər insan dünyanı məhvetmə potensialını təbiətdən almayıbmı? Cavabımız "hə"dirsə, deməli, təbiət "intihar edir?" O zaman, bütün baş verənləri necə təkamül adlandıra bilərik? Axı təkamül, ən uyğun olanların həyatda qalmaq uğrunda apardığı mübarizədir. Bir halda ki, təkamülün məqsədi planetin məhvindən ibarətdir, iki dilemma yaranır. Birincisi, dünya əslində təkamül etmir. Və həyatda qalmaq naminə başlayan savaş absurd, mənasızdır. Mənasız prosesin davam etməsindən ötrü heç bir səbəb yoxdur (bu iddia canlılığın davam etməsindən dolayı sübutsuzdur). İkincisi, dünyanın özünəqəsdi çox romantik və iddialı səslənir. Çünki Yer canlı deyil. Ən azı, elmi araşdırmalar (konspirasiyaları nəzərə almasaq) bunu deməyə əsas vermir.
Hər iki ziddiyyəti kənara atıb bayaqkı sualı "yox" deyə cavabladıqda isə daha dərin sorğu-sual girdabına batırıq. İnsan təbii halqadan ayrılırsa, nəyin parçasıdır? Hətta biraz da irəli gedib soruşa bilərik: Adəm övladının təbiətdən olduğunu necə müəyyənləşdirək? Axı o, bütün varlığı ilə yaşamaq istəyir. Digər canlıların həyatı ölüm divarına dəyib yerə düşdüyü halda insan ölümü seçmir. Dolayısıyla, ölümü seçimə çevirən (əcəlini gözləməyə səbri çatmayanlar bunun bariz nümunəsidir) ilk və hələlik son varlıq bizik. İntiharı tanımağımıza rəğmən hələ də ölümsüzlüyü tərcih etməyimizsə bizi təbii zəncirdən ayıran ən vacib faktdır. Və insan, ölümsüzlüyə aşiqdir. O, hətta cənnət və cəhənnəm kimi anlayışlarda belə dünyadan ola bildiyincə fərqlənməyə, sonsuzluğa can atır.
Yaradılış belə sadədirsə, bəşər öz sonunu rahatlıqla qəbul etməli, tanrıya iman gətirməməli, sorğulamamalı və digər canlılar kimi dövriyyəyə təslim olmalıydı. O isə təslimat yerinə, məhv etməyə üstünlük verir. Resursları tükədir, digərləri kimi balansı qorumur, dağıdır. Deyə bilərik ki, insanlıq xərçəng hüceyrə kimi bütün potensialını normal hüceyrədən alıb yekunda onunla birgə öləcək. Ancaq xərçəng hüceyrə nizamsızdır. İnsan isə öz mexanizmini yaradır. O, təbiətə yaltaqlanır. Bir yandan meşələri yandırır, digər yandan da plantasiyalar salır, ağacəkmə aksiyalarına başlayır. Düzən qurmağa çalışır. Qorxudur. Hər şeyi nüsxələyir. Hətta tanrını təqlid üçün rəhbər vəzifəsinə gərək duyur. İnsanın təbiətlə bənzərliyi ana-oğul analogiyasından daha artıqdır. O, valideynindən daha çox valideynlik edən övlad kimidir. Təbiətin parçası olduğunu deyirik. Fəqət təbiətdən qaçıb öz "təbiət"ini formalaşdırır. Dünyanı sevir. Amma onu öldürür. Zərrəlikdən boyun qaçırıb kainatı araşdırır. Nəhayət xislətini də götürüb başqa dünyaların axtarışına çıxır, mümkün deyilsə belə, yenisinin əsasını qoyur.
Bütün bu məqamlardan sonra insan və təbiət ana-oğul örnəyindən daha çox əkiz qardaşlara bənzəmirmi? Bəlkə, hadisələri əkizliklə uzlaşdırmağa çalışsaq, düyünlər açılacaq, sular durulacaq? Və insanın ilahi missiyasıyla şeytani normativlərini daha aşkar görəcəyik? Bəlkə, biz təbiətin son halqası deyilik? Bəlkə, biz təbiət və tanrı arasındakı yeganə halqayıq, hə? Ekzistensiya, transsendent kimi qavramlar ölümlə qane olmuş varlığın icad edə biləcəyi anlayışlar deyil. Varlığı sorğulamaq hələlik bizdən qeyri kimsənin ağlına gəlməyib. Az-çox beynimizin inkişafına sığınmağa çalışsaq, gərək ki, daha dəhşətli nəticəylə rastlaşacağıq. An etibarilə şimpanze, makaka və digər meymunlar arasında müşahidə olunan təkamül prosesi uzaq gələcəkdə onları da bənzər sual bataqlığına sürükləyəcək. Və bizim bugünədək təbiətin övladları saydığımız bütün heyvanlar “inkişaf etdikcə” təbii zəncirləri qırıb daha yüksək instansiyaya meyllənəcək. Ki, bu instansiyanı inanclardan başqa nə iləsə açıqlaya bilmirik.
Bəlkə, psixoanalizin kələfindən yapışıb mövzuları təbiətlə əlaqələndirmək olar. Misal üçün, canımızı qurtaraq deyə Froyd kimi bütün meylləri seksə bağlayanlar var. Di gəl, seksə yüklədiyimiz mənalar da zaman keçdikcə ilahiləşir. İnsanlığın bir missiyadan ötrü yaradıldığını düşünənlər seksin özlüyündə yaşatma gücünü inkar edir. Beləliklə, “intihar edənlərin neçə nəfəri həyatı boyu ən azı, bircə dəfə sevişməyib?” sualını cavablandırmanızı rica edəcəyəm. Hətta ailəsindən iznsiz görüşdüyü oğlan tərəfindən tərk edilən qadınların özünə qıyması da qorxu və inancın yaşatmağı daha yaxşı bacardığını (tərsdən) göstərir. İnancın yoxdursa, səni heç kim xilas etməyəcək. Seks - hər şey deyil. O, sadəcə yaratdığı asılılıqdan dolayı insanlığın əl çəkə bilmədiyi siqaretə bənzəyir. Bəs yaxşı, bizdən başqa neçə canlı sevişərkən həzz alır? Məsələn, buğa və inək cütləşərkən bunu “sevişmə” adlandırır, yoxsa proqramlaşdırılmış şəkildə nəsil artırır? Axı onlar heç prezervativləri də kəşf etməyə qadir deyil. Və deməli, insan sevişmək, qidalanmaq, qorxmaq kimi müxtəlif hiss və hərəkətləri öz iradəsinə tabe edən tək canlıdır. İlk baxışdan sevişmək üçün yaşasaq da, zamanla seksin özünü də nəzarət altına almağa nail olmuşuq.
Son bir neçə ildə qadın və kişisiz nəsilartırmanın mümkünlüyü naminə aparılan araşdırmalar nəticə verir. Çox yəqin, 2030-cu ildə övlad sahibi olmaqdan ötrü partnyora gərək qalmayacaq. Froydsayağı düşünənlər üçün bundan kritik məqam varmı? Onların insanlığı təbiətə bağlama arzusunun axırıncı qalası seks deyildimi? Artıq deyil. Geriyə qalır sadəcə travmalar. Travma nədir? - öz nəzərimi paylaşım - Həyatımız boyu aldığımız zərbələr sayəsində yeri doldurulmayacaq qədər dərin açılmış izlər. Kimliyimizə vurulan dirək. Körpəlikdən ahıl yaşlarımızadək travmalar alırıq. Sözsüz, bu travmalar əsasən neqativ hadisələrdən qaynaqlanır. Valideyn itkisi, kasıblıq, sosial-ictimai basqı, tərk edilmək, inancını itirmək, uğursuzluq və bənzəri travmalar sayəsində formalaşırıq. Gerçəklik tərəfindən döyülə-döyülə tərbiyə olunuruq, şəxsiyyətləşirik. Təbiətin bizə aşıladığı acı həqiqəti mənimsəyir, qəbul etmək yerinə ailə tərbiyəsini icad edir, daha sağlam psixologiyalı fərdlər yetişdirməyə can atırıq. Bu, təbiətə üsyan deyilmi? Şiddətlə yetişmiş varlıq dinclik istəyirsə, insanı nifrətdən uzaqlaşdıran qüvvə nədir? Xurcunumda daha əcaib sual da var: İnsan dinclik axtarırsa, onun hüzur arzusuna qarşı müharibəni örnək verənlərə niyə nifrət qusur? Hara getdi bayaqkı sülhpərvərlik? Bilirəm, suallarım yoruculaşır. Növbəti sətirlərdə həmin xətamı düzəltməyə çalışacağam. Birincisi, o məqamdan başlayaq ki, bəşəriyyəti təbiətdən ayıran üç əsas məqam var:
- Təbiət özünü yeniləyir. Tarazlığı itirmir. Dünən solmuş güllər sabah yenidən çiçək açır. Dünən quruyan çaylar sabah təkrarən aşıb-daşır. Dünən ölmüş quşların ətcə balaları sabah cikkiltiylə hər yana səs salır.
1.2 İnsan da özünü yeniləyir. Əvvəlcə təbiətə baxıb iynəcədən helikopter ideyasını oğurlayır. Sonra onu icad edir və minib uçurmağa başlayır. Təbiətdən fərqli olaraq yenilənmək insanın təqlidlə öyrəndiyi davranışdır, mahiyyətindən qaynaqlanmır. Onun özünəxas yeganə bacarığı bənzəməkdir. Yəni insan varlığını təbiətə oxşadır. Və deməli, həqiqətdə təbiətdən fərqlənir. Kimliyi sorğulamaq, haradan gəldiyini öyrənmək arzusu, tanrını axtarmaq onun təbiətdən qaynaqlanmadığının sadəcə bəzi dəlilləridir.
2.1 Təbiət yeniləndikcə qocalır, ölür və dirilir. Başqalaşmır. Eyni resurslarla yeni vücudlara çevrilir.
2.2 İnsan yeniləndikcə qocalır, ölür və dirilmə anında təbiəti rədd edib daha yüksək instansiyanı seçir. Eyni resurslardan bezir. Eyni vücudlardan iyrənir. Yeri gəlmişkən, iyrənmək də intihar kimi ancaq bizə - az-çox düşünənlərə məxsus davranışdır (səhv xatırlamıramsa).
3.1. Təbiət seçimləri zərurət əsasında formalaşır. Dəyişməz nizam mövcuddur. Milçək və qarışqalar ölən kaftarın ətindən kabab çəkir ki, ekosistem qorunsun. O canlıların bütün seçimləri özlərindən qeyri-iradi təyin edilib. Və tabe olmağa məcburdurlar. Hətta tabe edilənin iradi etirazı olmadığını nəzərə alsaq, baş verənləri normativ də adlandıra bilərik.
3.2 İnsan nəyi yeyib-yeməyəcəyinə özü qərar verir. Təbiri uyğundursa, azadlıq deyilən absurdluğu insan yaradıb və müstəqilliyə can atdıqca xoşbəxtliyimizi itirməyimizin səbəbi də budur. İnsanın, onu bədbəxtləşdirən qavrama gərək duymasını yalnız fundamental fərqlərlə açıqlamaq olar. Biz bura aid deyilik. Uzun illərdən bəri qəfəsdəki bülbülün xiffətdən öldüyünü düşünənlər yanılıb. Çünki gerçək qəfəs təbiətin özüdür və insan, qəfəsdə yaşamağı şəxsən seçib. Gah mağara, gah qalalar, gah evlər, gah birliklər, gah komandalar, gah ailələr, gah da dövlətlər şəklində qəfəsin ya real, ya da mücərrəd porototiplərini hazırlayıb, dövlət və tanrıya sığınarkən təbiətdən qorunub... O, buqələmundan qurtulmaq üçün kamuflyaj olmuş kəpənəyi xatırladır. Və siz deyirsiniz ki, kəpənək buqələmunun törəməsidir? Əgər kəpənək buqələmun kimi ovçulardan qorunmaq naminə ətraf-mühitin rənginə bürünürsə, bəşəriyyət də təbiətdən gizlənmək naminə onun özünə “çevrilir”. Beləcə, təbiəti peşəkarcasına təqlidin sonunda qaçıb canını qurtarmağa nail olur... Nəhayət, pərvazlanıb uzaqlara, çox uzaqlara köç edərkən qəlbindən qopan nida bütün təbiəti lərzəyə gətirir: “Məndə sığar ikən cahan, mən bu cahana sığmazam!” Bu nidanın sahibi təbiətdən üstün deyilmi? Yenə sual verdim. Üzr istəyirəm...
Zəruri qeyd: Təbiət deyərkən istər planetimizi, istərsə də digər yaşayış məskənləri, təbii peykləri, supernovaları, ulduzları və s. nəzərdə tuturam.
2023.07.09