Xəbər verdiyimiz kimi, “Xalqın şairi” layihəsi yekunlaşdı və qaliblər mükafatlandırıldı. Pul və diplom mükafatından əlavə “TEAS Press” nəşriyyat evi finala çıxmış iştirakçıların şeirlərindən ibarət almanax da dərc edib. Kulis.az müsabiqənin münsiflərindən biri, tanınmış tənqidçi-ədəbiyyatşünas Məti Osmanoğlunun həmin kitaba daxil olan şeirlərlə bağlı yazdığı “Sözün zamanla dialoqu: deyilənlər və deyilməyənlər” yazısını təqdim edir.
Müasir ədəbi prosesin maraqlı və geniş ictimai əks-səda doğuran hadisələrindən biri, heç şübhəsiz, ARB televiziya kanalı ilə yayımlanmış və artıq başa çatmış “Xalqın şairi” şeir müsabiqəsi oldu.
Müsabiqəyə minə yaxın iddiaçı qatılmışdı və bununla da ədəbi-bədii jurnalların, eləcə də şeir kitablarının 300-500 nüsxədə nəşr edildiyi bugünkü Azərbaycan ədəbi gerçəkliyində “Xalqın şairi” layihəsi bədii sözə münasibətin canlandırılması, diqqətin poeziyaya yönəldilməsi və fəallaşdırılması baxımından öz missiyasını, bəlkə də gözləniləndən artıq yerinə yetirmiş oldu.
Başlanğıcda xalq arasında səssiz-səmirsiz yaşayıb-yaradan, geniş oxucu kütlələrinin yaxşı tanımadığı, “papaq altında yatan” söz adamlarını soraqlayıb üzə çıxarmaq məramı ilə yola çıxan layihə sona yaxınlaşdıqca yeni və sürpriz imzalarla yanaşı, peşəkarlıq iddiasında olan və əksəriyyətinin imzasını ictimaiyyətin tanıdığı şairlərin yarışına çevrildi.
Bir şeyi mütləq nəzərə almaq lazımdır ki, hər hansı müəllifin öz əsərlərini ekrandan tamaşaçıya “şou dilində” təqdim etməsi yazılı mətnin oxucuya təqdim edilməsindən əsaslı şəkildə fərqlənən estetik hadisədir. Televiziya təqdimatında mətnlə tamaşaçı arasında ədəbiyyatın qanunauyğunluqlarını “tanımayan” fərqli amillər (məsələn, müəllifin mətni səsləndirmək, səsinin, jestlərinin, mimikasının imkanlarından faydalanmaq qabiliyyəti, televiziya estetikasının, rejissor təqdimatının özəllikləri, fon musiqisi, eləcə də müxtəlif sahələri təmsil edən münsiflər heyətinin üzvləri tərəfindən qiymətləndirmələr və s.) öz işini görür. Televiziya yarışması müəllif-ifaçı və münsiflər heyəti ilə tamaşaçı kütləsi arasında dialoqdur. Müxtəlif zövqə və estetik tələbata malik tamaşaçı kütləsinin münasibətini isə sözün bədii dəyərindən, mətnin məzmun və sənətkarlıq keyfiyyətlərindən daha çox, ekran estetikasının özəllikləri, şounun görüntü effektləri və dramatizmi idarə edir.
Mərhələdən-mərhələyə ələnərək finala çıxan, rəqiblərindən seçilən müsabiqə iştirakçılarının əsərlərinin bir araya gətirildiyi “Xalqın şairi” kitabının fərqli cəhəti isə mətnlə oxucu arasında dialoq qurmasıdır. Çağdaş filoloji anlayışla desək, bu mərhələdən sonra artıq mətnin “yaradıcısı” oxucudur...
Məsələyə bu mövqedən yanaşaraq kitabda toplanmış şeirlərin oxucusu kimi bəzi fikir və mülahizələrimi bölüşməyi zəruri hesab edirəm. Bu qeydlər, əslində, Azərbaycan poeziyasının bugünkü səviyyəsi barədə mülahizələr kimi də qəbul edilə bilər: ədəbi zövq baxımından əhatə dairəsi kifayət qədər geniş olan bu kitab ümumilikdə Azərbaycan şeirinin çağdaş təmayülləri üzərində müşahidə aparmağa, şeirmizin obyektiv mənzərəsinə nəzər salmağa imkan yaradan hadisə kimi maraq doğurur. Müsabiqənin başlıca əhəmiyyəti də elə bunda oldu: Azərbaycan şeirinin real mənzərəsini, axtarışlarını, üz tutduğu mövzuları, eləcə də çətinliklərini, donub qaldığı, zamanla ayaqlaşa bilmədiyi məqamları ortaya qoydu...
Poeziyanın bütün zamanların fövqündə olan əbədi vəzifələrindən biri gerçəkliyi, gördüklərimizi, duyduqlarımızı, məntiqin hesabı ilə qiymət verdiklərimizi öz təbiətindən ayırıb, onları fərqli bir dildə - “şeir dilində” təqdim etməsidir. Bu fikri kitabın müəlliflərindən biri, məncə, yaxşı ifadə edə bilmişdir:
Deyirsən şeirdən nə tapmısan sən?
- Mən şeir yazmasam, sən adi qızsan... (Qismət Məsim)
Şeirin əsrlərdən gələn möcüzəsi də, yəqin ki, elə bundadır: öz obyektini, hamının gördüyü gerçəkliyi adilikdən, əzbərlənmiş ölçülərdən çıxardır, ona yeni estetik məna və təyinat verir. Bu baxımdan, kitabdakı şeirlərdə ölçülərə yerləşməyən, qəliblərə sığmayan, poeziya adlandıra biləcəyimiz maraqlı obrazlarla, gözlənilməz bədii ifadələrlə rastlaşırıq. Sənətkar işi olan bu ifadələr bizə gerçəkliyi şeir dilində tanıdır. Şeir dilində isə:
təklik – hamının çıxıb getməsi deyil
heç kəsin qayıtmamasıdı... (Şəhriyar del Gerani)
İşıqları söndürüb qaranlığı yandırarsan… (Günay Ümid)
Küçəyə boylanmaqdan
Gözünə qırış düşüb... (Həsən Kür)
Görürəm başında payız qocalıb,
Bu ağac bahara açıb əlini... (Allahşükür Ağa)
Sıxılırıq barmaqlar arasında,
Silkələyib külümüzü tökürlər.
Hamımızı bu dünyaya gələndən,
Bu dünyadan gedənəcən çəkirlər... (Vasif Zöhraboğlu)
İndi mən də ölməkdən yox,
Yaşamamaqdan qorxuram... (Ulucay Akif)
Yaddaşın dərinliyindən, çox vaxt şüurun alt qatından süzülüb gələn şeirin daha bir fərqli cəhəti də yarandığı, araya-ərsəyə gəldiyi zamana reaksiyası, sözün, poetik düşüncə sisteminin zamanla dialoqudur. Nəsrdən fərqli olaraq şeir zamanı təhlil etmir, hiss edir və sözə çevirir, obrazlarla hərəkətə gətirir, canlandırır, əyaniləşdirir...
Tariximizin ayrı-ayrı dövrlərində yaranmış bədii əsərlərə nəzər salanda hər zaman üçün aparıcı motivlərin üstün olduğunu görürük. Bu kitabda toplanmış mətnləri nəzərdən keçirdikdə isə ən çox rastımıza çıxan ölüm motividir. Şeirlərdəki ölüm motivi (eləcə də ölümün kəfən, qəbir, ehsan, başdaşı... kimi aksessuarları) ayrı-ayrı şairlərin sözlə davrana bilmək səviyyəsindən asılı olaraq müxtəlif səviyyələrdə təzahür edir:
Ehsanından bir tikə
Yeyib çıxıb gedirlər
Ölənlə ölmək olmur
Deyib çıxıb gedirlər... (Cəlil Əliyev)
Bu yaz da ölərəm o qışın üstə,
sürüyüb bahara aparan olmaz... (Firəngiz Sabirqızı)
Mənimçün ölərək düşdü tarixə
O boyda ömrünün tək bircə anı… (Gülnar Səma)
Tüpürüb dabanına
Bir gün ölüb gedəsən... (Mehman Rəsulov)
Bu dünyada tüstü-tüstü ölürük,
Bulud-bulud doğuluruq təzədən... (Vasif Zöhraboğlu)
Bezdim belə yaşamaqdan,
Yığış, dərdim, çıxaq gedək... (Gəray Göyyurd)
İndiyə ölmüş olar
Bu binanı tikənlər... (Firdovsi Rəsul)
Tökülüb ölümün dişi.
Qıçı tutulub zamanın.
Tanrı olacaq başdaşı,
sonuncu ölən adamın... (Tural Turan)
Əslində həyat bir qadın ölümü,
Əslində həyat Paris Notrdam Kilsəsi… (Fuad Cəfərli)
Tökülər məzara ömrün axını,
Durar məzar daşın bir nida kimi!.. (Şəfaqət Ələsgərova)
Mənə elə gəlir ki, burada “eyni mənbədən” təsirlənmə faktorundan daha çox, sözün hiss etdiyi, bölüşmək istədiyi zəmanə həqiqəti, ictimai gerçəklik rol oynayır. Bu, sadəcə estetik hadisə deyil. Bunun arxasında ciddi sosial və psixoloji amillər dayanır. Şeirin hiss etdiyi sərt həqiqət budur ki, yaşadığımız son dərəcə mürəkkəb zəmanə, xüsusən də indiki gənc nəsil üçün dərk və qəbul edilməsi çətin olan yeni münasibətlər sistemi - qloballaşan dünya, tanıdığımız ölçüləri və dəyərləri qarışıq salan, bizi dünyanın, dünyanı bizim ayağımıza gətirən “informasiya cəmiyyəti” və özümüzün bir toplum olaraq dünyanı və dünyada baş verən prosesləri dərk etmək “tutumumuz”, intellektual səviyyəmiz bədii sözü ciddi dilemmalar qarşısında qoyur. Dünyada ədəbiyyatın ən çox üz tutduğu qədim dilemmalardan biri isə “ölüm, yoxsa qalım?” sualıdır. Şekspirin məşhur qəhrəmanı Hamletin ifadəsi ilə desək: “To be, or not to be, that is the question!”
Bu dilemmanın ədəbiyyatda fəallaşmasını heç də sadəcə şairlərin istəyindən asılı bir hadisə kimi izah etmək çətindir: bunun əsas hərəkətverici qüvvəsini ictimai psixologiyanın formalaşmasına təsir edən amillər arasında axtarmaq lazım gəlir. Şeir ictimai düşüncənin lakmusudur, onun içindəkiləri həssaslıqla üzə çıxardır...
İctimai düşüncədəki bulanıqlıq, vaxtsız ölümlər, intihar hadisələri öz əks-sədasını ictimai proseslərin ən həssas güzgüsü olan şeirdə tapır. Ona görə də bu kitabda toplanmış şeirlərdə ən çox işlədilən sözlərdən birinin “intihar” olması əsassız görünmür...
Mərhum rejissor Hüseynağa Atakişiyevin rəhbərlik etdiyi Gənclər Teatrı 1995-ci ildə Vaqif Səmədoğlunun “İntihar” pyesini tamaşaya qoymuşdu. Həmin pyesdə intihar motivindən ictimai həyatda gedən proseslərə lağ və istehza etmək üçün ironik bir vasitə kimi istifadə edilmişdi: abırsız fahişəsindən tutmuş ciddi siyasətçisinə qədər cəmiyyətdə hamı istəyirdi ki, şair son məktubunda onun uğrunda intihar etdiyini bildirsin, şair isə yeməyə kolbasa tapa bilmədiyinə görə özünü öldürmək istədiyini deyirdi...
Sonradan intihar sənətdəki ironiya rolundan çıxıb, həyatın amansız, sərt bir müşayiətçisinə çevrildi. Həyatda və ədəbiyyatda populyarlaşan intihar cəmiyyətin, eləcə də ayrı-ayrı fərdlərin yaddaşına dərin tragizm gətirdi. İntihar motivi Oğuz Ayvazın və Taleh Mansurun yazılarının içindən – sözün daxili düzülüşündən, obrazların qanından-canından, şeirin ruhundan keçir. Burada fərdi amilin həlledici rolu var. Oğuzun şeirlərində doğma anasının, Talehin şeirlərində (eləcə də bu kitaba daxil edilməmiş hekayələrində) isə öz yaşıdı, dostu Mövlud Mövludun intiharı sadəcə psixoloji travma kimi özünü göstərmir, düşüncənin tərzini müəyyənləşdirir:
mən səni, mən səni...
boş qalmış yelləncək kimi, yelləncək kimi...
ayaqqabıları qucaqlayıb
yatan uşaqların
sevinci kimi xatırlayıram... (Oğuz Ayvaz)
Onda yəqin, yer üzünə ədaləti gətirənlər,
Bizi ölmüş,
Səni diri tapacaqlar
Son nəfəsin dəyən yerdə
Boğazına keçirdiyin
O kəndiri tapacaqlar. (Taleh Mansur)
Bu kitabdakı şeirlərin quruluş bütövlüyü, struktur mükəmməlliyi haqqında müzakirə aparmaq mümkündür.
Əsərlərindən nümunələr verilmiş gənc şairlər mətnin dili üzərində daha ciddi işləməlidirlər: heç bir poetik tələb (qafiyə, heca, bölgü, ritm, intonasiya və s.) dil normalarının pozulmasına bəraət verə bilməz. Əksinə, zamanın diktəsindən yaranan yeni üslubi səviyyə dilimizin müasirləşməsinə və zənginləşməsinə, poetik tutumunun genişlənməsinə xidmət etməlidir.
Və nəhayət... Müsabiqə zamanı iştirakçılara verdiyim, müsabiqədən kənardakı müzakirələrdə tez-tez təkrar etməli olduğum bir suala yenidən qayıtmaq istəyirəm: bu kitabdakı şeirlər XXI əsrin ikinci onilliyinin fərqli estetik sistemini, poeziyamızın yeni üslubi səviyyəsini ortaya qoya bilirmi?
Sualı açıq qoyuram və cavabı kitabın oxucularının öhdəsinə buraxıram.